Göyçə dərdi – göyüm-göyüm göynəyən,Sızım-sızım sızıldayan yaramdı.İnnən belə kirpik çalmaz gözlərim,Bundan sonra yuxu mənə haramdı!

Göyçə dərdi döndü coşqun sellərə,Bilən bilir kim axıtdı, kim axdı.Hey fikirləş, sonu yoxdu bu dərdin,Zaman-zaman çözələnən yumaqdı!

Göyçə dərdi – talan olan varımız,İlxı yoxdu, sürü yoxdu, naxır yox!Bu torpağın yaddaşında, yadında,Bizdən ötrü əvvəl vardı, axır yox!

Göyçə dərdi aşıq Abbas dərdidi,“Yaylaq yeri çəmən olmuş, ay olmuş.İnnən belə mən sağlığı neylərəm,Yar ləbini əmən olmuş, ay olmuş!”

Göyçə dərdi – köç-köç olan bir elin,Yerə-göyə sığışmayan harayı.Neçə qəlbin daşa dəyən arzusu,Neçə ömrün dağıdılan sarayı!

Göyçə dərdi – dilimizin ağısı,Ölən aşıq, sınan pərdə, susan saz.Göyçə desəm, göz yaşımın önündəDağlar belə bənd almağı bacarmaz!

Göyçə dərdi – bu dərdlərin yanında,Qalan dərdlər yalan oldu, ay haray!“Göyçə gülü” havasına od düşüb,Xallar, güllər talan oldu, ay haray!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq