Ürəyin sazdırsa, sazı gözləmə,Telsiz, təzənəsiz dil açmaq olar.Qəlbində yaz varsa, yazı gözləmə,Qışın ortasında gül açmaq olar.

Anlasan dilini odun-ocağın,Duysan nəfəsini doğma torpağın,Elə genişlənər qoynun, qucağın,Gəl deyib dağlara qol açmaq olar.

Ona arxalandın ər oğlu, ərsən,Əllərin sevinər barını dərsən.Nə qədər torpağı yaxşı becərsən,O qədər süfrəni bol açmaq olar.

Dağılmaz, pozulmaz nizamın olsa,Özüllü, mayalı ilhamın olsa,Daşı mum eyləyən inamın olsa,Daşın da qəlbinə yol açmaq olar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən