Qars ayaz,Bura gündü, Qars ayaz.Qələm, qurbanın olum,Qismətimi Qarsa yaz.Nənəm belə deyərdi

Qars ayazdı,Bura gündü, Qars ayazdı.Qələmə qurban olum,Qisməti Qarsa yazdı.Mən belə deyirəm

Məni bu yerlərə qismət gətirdi,Yazdılar yazımı Qarsın düzündə.Yığıldı başıma yadlar, doğmalar,Çəkdilər nazımı Qarsın düzündə.

Qara saçlarımdan küləklər öpdü,Ucaldım, alnımdan mələklər öpdü,Güllər naxışladı, çiçəklər öpdü,Gül açan yazımı Qarsın düzündə.

Qayalar dinlədi, daşlar dinlədi,Gözlərdən tökülən yaşlar dinlədi,Lal oldu, dayandı, quşlar dinlədi,Şirin avazımı Qarsın düzündə.

Qaldırdı səsini ney yana-yana,Yeri qarsaladı göy yana-yana,Həsrətlər görüşdü hey yana-yana,Ağlatdım sazımı Qarsın düzündə.

Ömrümə yar bildim taleyi, baxtı,Sinəmdən dumduru çeşmələr axdı.Aşıq Qərib kimi günorta vaxtı,Qıldım namazımı Qarsın düzündə.

Yaralı keçmişi mən duya-duya,Qaynadım torpağa, qarışdım suya.İlahi! Hamını çatdır arzuya,Tapdım murazımı Qarsın düzündə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar