Bir ruhdan, bir qandan, bir kökdən gələn,O dəmlər, o vaxtlar, o çağlar hanı?Niyə yeddi yerdən sındı, qırıldı,O tellər, o bəndlər, o bağlar hanı?

Qara yellər kimi əsən kim oldu,Yad olan, inciyən, küsən kim oldu.Kəsdirən kim oldu, kəsən kim oldu,Kökündən üzülən o tağlar hanı?

Bilirik bu xalqın düşməni kimdi,Batan hər xatirə itən izimdi.“Fərman pağşahındı, dağlar bizimdi”,Bu gün bizim olan o dağlar hanı?

Bu günü dünəndən qoparmaq olmaz,Dünəni bu günə bağlamaq gərək.Bütün könüllərin arzularını,Bir ruhun kökünə bağlamaq gərək.

Yalanlar tarixin başını qatdı,Keçi qiymətinə bir xalqı satdı.Kim harda doğuldu, harda boy atdı,Onu öz mülkünə bağlamaq gərək.

Çox uzun sürməyib dünya üzündə,Nə fitnə tarixi, nə şər tarixi.

Hələ də insaflı tarixçilərdən,Halallıq gözləyir bəşər tarixi.

Qarşımda Krımla bağlı kitablar,Qəlbimdə nisgil var, gözümdə yaş var.Ruhumu göynədən ağrı-acılar,İçimi yandıran ah var, təlaş var.

Allah unudulub, haq, yaddan çıxıb,Nə varsa hər şeyi saxta yazıblar.Bizim qəhrəmanlıq tariximizi,Axta tarixçilər axta yazıblar.

İrtışdan Dunaya, Krıma qədər,Avardan Xəzərə, Bulqara qədər,Qıpçaq deyildimi atını çapan.Sahibi kim idi Dəşti-qıpçağın,Köhlən oynadanda, nərə çəkəndə,Kim idi od kimi yerindən qopan?

Romanı, Bizansı dizə çökdürən,Bir xalqın gücünü görmədinizmi?Məğrur qalasını, uca dağını,Yüksələn bürcünü görmədinizmi?

Bir-bir dillənəcək daş abidələr,Dili açılacaq o qızıl çağın.Hələ sinəsində çox sirlər yatır,Böyük çöl deyilən “Dəşti-Qıpçağın”.

Qayıdar Krıma o ulu türklər,Yeriyər, Allahın altıyla gələr.Kəssə qarşısını dağlar, dərələr,Göylərin yeddinci qatıyla gələr.

Batmış bir sədanı, ünü qaldırar,İmanı oyadar, dini qaldırar.Göytürkü, Sakanı, Hunu qaldırar,Oğuzun, Qıpçağın zatıyla gələr.

Buludu kişnəyər, yağışı yağar,Həqiqət nahaqqı xırpalar, boğar.Tarix Ərtonqanı təzədən doğar,Atilla qılıncı, atıyla gələr.

Olsa da çiynində dağ boyda yüklər,Daşın içində də eşqi çiçəklər.Qayıdar Krıma o ulu türklər,Qol-qola doğuyla, batıyla gələr.

2010, may-avqustYalta-Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri