Hələ səhər açılmamış, günəşdən qabaq,Yatağından tezcə qalxan uşağa bir bax,Qıvrım, qara tellərinə çəkdikcə daraq,O fərəhli gül çöhrəsi necə gözəldir,Otaq dolu qəhqəhəsi necə gözəldir!

Onun böyük sevincinə ürəyi dardır,Bu şad günü gözlədiyi yeddi bahardır.Baxın, baxın, necə şaddır, nə bəxtiyardır,Kitabları, dəftərləri necə gözəldir,Məktəblinin ilk səhəri necə gözəldir!

İlk səhəri dedim, bəli, olsun mübarək,Ürəklərdə xoş arzular açsın gül-çiçək,Daha xoşbəxt, daha gözəl günlər gələcək,Kiçik qəlbdə böyük vüqar necə gözəldir,Məktəblərə gedən yollar necə gözəldir!

Bu yollarla addımladım mən də bir zaman,O günlərim min yaşasın, çıxmaz yadımdan,Doğma atam, anam kimi əziz mehriban,Çox sevdiyim müəllimlər necə gözəldir.Dərs ilində bu ilk səhər necə gözəldir!

Odur, məktəb qapısında durmuş uşaqlar,Üzlərində böyük sevincə, böyük fərəh var.Açılmışdır, bax, laybalay geniş qapılar,Zəng vurulur, onun səsi necə gözəldir,Müəllimin dərs deməsi necə gözəldir!

Gedin, gedin məktəblərə, gedin durmadan,Elm, hünər dövranıdır bizim bu dövran!Yurdumuzda seyr etdikcə sizi hər insan,Deyir: xoşbəxt məktəblilər necə gözəldir,Dərs ilində bu ilk səhər necə gözəldir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar