Enlightenment
Məktublarınızı, həmçinin göndərdiyiniz yağı aldıq. Sənə və Müzəffərlə Münəvvərə ona görə gec-gec kağız yazıram ki, uzun məktublar yaza bilmirəm. Naxoşluğum hələ keçib getməyib.Xəstəliyimə görə MİK-dən də, jurnaldan da getmişəm. Günümü uşaqlarla keçirir və dincəlirəm. Midhət və Ənvər yaxşı oxuyurlar və ümumiyyətlə, xoşbəxtlikdən, onların heç birini oxumağa məcbur eləmək lazım gəlmir, çünki bu barədə onlar ağıllıdırlar.
Əzizim Kərbəlayı Cabbar!15 aprel (1931), Bakı*Mənim böyük oğlum Midhəti Leninqrada dərsə göndərirlər. Ümidvaram ki, sən ona hörmət elərsən ki, qürbətdə korluq çəkməsin. Xərcliyi və hər bir şeyi var, ancaq dost-aşnası oralarda yoxdur, səndən və Babadan başqa.
Əzizim Baba! (15 aprel 1931)Çoxdandır səndən xəbərim yoxdur. Qışda mən naxoş olmuşdum, amma indi yaxşıyam.Sən necəsən, uşaqlar necədirlər? Dərslərin necədir?
Həmidə! (Şuşa, 7 iyul 1931)Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Həmidə! (12 yanvar)Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil
Həmidə! (2 fevral)Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.
Həmidə! (Bakı, 17 sentyabr)Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.
Münəvvər! (20 iyun)Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm.
Əzizim Midhət! (4 iyul)Sən və o biri uşaqlar necəsiniz? Anan necədir? Nə üçün mənə heç kağız yazmırsan?Bu kağızla sənin diqqətini bir məsələyə cəlb eləmək istəyirəm: kənddən Şuşaya yola düşəndə və Ağdamda sən bütün yolu faytonun qozlasında üst-başı kirli sürücünün yanında oturmusan. Halbuki gərək öz ananın yanında oturaydın, çünki daha sən kiçik oğlan deyilsən axı. Ananın yanında təzə xanımı oturtduğunuza görə Müzəffər Ağdamda bazarda sizin yanınızda ola bilməyib və utandığından çalışıb aradan çıxsın. Bu səbəbdən o, sizi Şuşaya da yola salmaq istəməyib (bir də axı, heç onun üçün oturmağa yer də yox imiş). Amma bu onun işidir və ananın işidir, səndən – oğlumdan – xahişim budur ki, bundan sonra həmişə ananın yanında olasan, qozlada yox (əgər səni buna vadar eləyən səbəb olmasa).
Əzizim Məmmədəli! (9 oktyabr)Povestkaları göndərdim, 55 manat puldur. Mümkün olsa, ev kirayəsini ver (45 manat), söz vermirəm ki, bu yavıqlarda sənə pul göndərəm. Mən Səmədovlara tel vurmuşdum ki, sənə 50 manat versin, bilmirəm niyə 25 manat verib. Vera Akimovnanın getməyi yaxşı oldu, hətta Manyaya da de ki, onunla əlaqəsini kəssin. Mən məhz o səbəbə Manyanın buraya gəlməyini istəmişdim ki, o dəli övrət onu bəhanə edib, buralara gəlməsin. Əgər Manya istəsə, həmişə gələ bilər.Səy elə jurnalı çıxart. Evdən çox nigaranam. Eşidirəm ki, evimizdə, bir növ, biqaydalıq və nizamsızlıq var. Sən bunu bil ki, orada sən mənim vəkilimsən və yaxşı işlərlədə, pis işlərlə də insafının yanında sən cavabdeh olacaqsan.
Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Əzizim Məmmədəli!Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.
Əzizim Məmmədəli!Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar ŞurasınaFevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri
İrəvan müxbirimizdənDəlmə – İrəvan şəhərinin kənarında, şəhərin cənubi-qərbində, Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə, Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar salmışlar; həmin bağları salmaq üçün onlar vaxtilə, əllərində bel, əkdikləri meyvə ağaclarının və üzüm tənəklərinin üstə çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər. Zəhmətsevər insanların işi, öz gözəl bəhrəsini verdi: bir zamanlar daşlı-kəsəkli, bomboş yer olan Dəlmənin hər yerində hazırda şəhərin bəzəyi olan qəşəng bağlar əmələ gəldi. Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız adamlar həmin bağları öz qabarlı, kobud əllərində saxlaya bilmirlər.Bizim bələdiyyə idarəsinin hələ çoxdan Dəlmə bağlarında gözü vardı; lakin bu barədə qəti bir tədbir görmək ona heç çür müyəssər olmurdu; axı, doğrudan da olmaz ki, əldə heç bir əsas olmadan gəlib bağ sahiblərini öz bağlarından qovub çıxarasan; “ürəyim yanır, amma əlimdən bir iş gəlmir”. Məhkəmə yolu ilə iddiaya başlamaq da mənasız idi: əldə heç bir sübut və sənəd olmadığına görə, bu işi udmaq ağlabatan deyildi. Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbiristanlığını da bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerlərə oxşamır.
İrəvandan (xəbər)Şəhər dumamızın son növbəti iclasında başqa məsələlər cümləsində su kəməri məsələsinə də baxıldı. Görəsən, bədbəxt şəhərimizə su kəmərini görmək qismət olacaqmı? Cənab Babova verilən konsessiyanın təsdiqi işi güc-bəla başa çatmaqda idi ki, ortaya təzə bir maneə çıxdı. Səhər dumasına tacir İsay Canpoladovun bu məzmunda bir ərizəsi yetişdi ki, o, su kəmərini şəhər üçün daha əlverişli şərtlərlə çəkməyə hazırdır. Şəhərin bu iki ağadan hansını seçəcəyini qabaqcadan demək çətindir; amma bir şey şəksizdir ki, hələlik bu məsələ dedikcə ləng həll olunur. İndilik belə bir sual ortaya çıxır: C. Babovla bağlanıb, artıq müvafiq başçılar tərəfindən bəyənilmiş müqaviləni ləğv etməyə dumanın haqqı varmı? Hazırda duma məmurları bu hüquqi sualın cavabı üzərində baş çatladırlar.Bu iclasda irəvanlı Məşədi Abbas Xararatovun boş qalmış şəhər torpağının ona icarəyə verilməsi barədə ərizəsinə də baxıldı. Duma bu ərizəni yekdilliklə rədd etdi. Yerli tatarlardan bir başqasının eyni məzmunda ərizəsinin də başına o işi gətirdilər. Lakin bu cür məsələləri həll etmə üsulu olduqca maraqlıdır. Sədr məlumat verir: “Məşədi Abbas ərizə vermişdir ki,...”, sədr sözünü qurtarmamış duma üzvlərinin səsi eşidilir: “olmaz”; yaxud da belə olur: sədr məlumat verir: “İrəvan şəhərinin sakini kərbəlayı Cəfər Əli oğlu uprava idarəsinə ərizəsində xahiş edir ki,... “ Qlasnılar içərisindən “olmaz”, “olmaz” sözləri eşidilir. Bu surətlə duma məzmunu ilə tanış olmadığı ərizələr haqqında qərar çıxarır.
Getdi cahandan həzrəti-SidqiƏz cahan rəft həzrəti-Sidqi,Səd həzaran driğ, səd əfsus!
ƏdəbiyyatYanvarın 30-da Tiflisdə müsəlman dilində teatr məclisi təşkil olmuş. Həmən məclisdə mərhum Mirzə Fətəlinin “Mərdi-xəsis Hacı Qara” adlı təmsili oynanıldı.Müsəlman qardaşlarımız mədəniyyətə ələl-ümum və əsrimizə müvafiq mətləblərə rağib deyillər. Habelə teatr məclislərinin də qədrini bilməyib, bu növ işlərə məhəl qoymurlar. Hələ indiyə kimi müsəlmanların cümləsi teatr məclisini “oyunbaz məclisi, hoqqabaz yığıncağı” hesab edib, bu tövr yerlərə getməyi şənlərinə şikəst bilirlər.
4 iyun, TiflisDünən bir məclisdə bir gürcü qızı ilə tanış oldum. Qızın danışığından və simasından görünürdü ki, bu qız elm və tərbiyə sahibidir. Söhbət arasında qızın yaxın rəfiqələrindən bir arvad ayın beşində “Vetsel” teatrında əcib tamaşa məclisi vaqe olacağını xəbər verib, əhli-məclisə təklif elədi ki, onunla bərabər getsinlər teatra. Söylədiyimiz qız razılıq edib, cavab verdi ki, mən bu təklifi qəbul edə bilməm. O səbəbə ki, bu günlərdə kəndimizdə bir arvad doğasıdır və mən əlbəttə, üç gündən sonra kəndimizdə olam. Çünki orada mamaça yoxdur.Qızın bu söhbətini eşidəndən sonra mən dəxi güman elədim ki, bunun mamalıq elmində səriştəsi var. Bu mətləbi mən qızdan soruşdum. O, mənə cavab verdi ki, Tiflisdə mamalıq məktəbxanasında təhsil edib, bir neçə il bundan əqdəm mamalıq şəhadətnaməsi almışam.
Diqqət etməliTiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim; çünki doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar.Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar?
Tags are assigned automatically from keywords and refined by editors.