Page 2 of 14 · 7%

Məlik pulu heç cür götürmək istəmirdi.

– Param var – deyirdi.

Ərxan: – O parayla siz heç hava alanından çıxa bilməzsiniz, ondakı olsun şəhərə çatmaq. Özünüz bilin, bu paranı götürməsəz, getməyə dəyməz.

Məlik istər-istəməz pulları aldı: – Bilmirəm, sənin xəcalətindən necə çıxacam – dedi.

Ərxan: – Mən ömrüm boyu sizin xəcalətinizdən çıxa bilməyəcəm. Siz mənim balamı xilas etmisiniz.

Birdən Məliyin yadına düşdü ki, çox illər qabaq, hələ O həyatda və O vətəndə Ərxanın çox gənc yaşlarında iki oğlu olmuş və dünyaya gələndən bir ay sonra hər ikisi ürək çatışmamazlığından ölmüşdü.

Üçüncü oğlu da eyni ürək şikəstliyiylə doğulanda o vaxtlın çox populyar jurnalisti Məlik Bakının ən mahir mütəxəssis həkimlərini ayağa qaldırdı və uşaq xilas olundu. Bilmirdi uşaq indi həyatdadırmı, amma hər halda soruşdu: – Oğlun necədir? – Adını unutmuşdu.

Ərxan: – Top kimi – dedi və əlavə etdi: – sizin sayənizdə.

Məlik bir daha təşəkkür etdi, pulları cibinə qoyanda: – imkanım olan kimi borcumu qaytaracam – dedi.

Ərxan: – Siz mənə yox, mən sizə borcluyam – dedi – Yadınızdamı, o vaxt, mətbəədə yığıcı köməkçisi işləyirdim, siz də hələ məşhur jurnalist yox, adicə müxbir idiniz. Yenə də donluqlarımızı yubatmışdılar, cibimdə çörək almağa bir qəpik pulum yoxdu. Siz bunu bildiniz və cibinizdən iki manat çıxardınız: – mənim də indi olanım budur – dediniz – bir manatını, tən yarısını mənə uzatdınız.

– Bir manat hara, sənin mənə verdiyin bu paralar hara?

– O bir manat bu paralardan artıqdır. Çünki mən indi paramın ancaq kiçik bir hissəsini sizə verdim, siz isə o vaxt olanınızın yarısını qıydınız mənə.

Vidalaşarkən Ərxan: – Orda hər nə görsəniz, bədbinləşməyin – dedi – çox qəribəliklərlə rastlaşacaqsınız.

Doğrudan da qəribəliklər elə uçaqdaykən başladı.

Cenevrədən qalxmalarından üç saat yarım keçmiş təyyarə bələdçiləri üç dildə – ingilis, rus və fars dillərində – elan etdilər ki, uçaq enir, sərnişinlər qoruyucu kəmərləri bağlamalıdır.

Məlik pəncərədən yerə baxırdı. Neçə ildir ancaq hərdən-birdən yuxularında gördüyü şəhəri göyün ucalığından seyr edirdi. Şəhərin çox hissəsi ya tamam qaranlıqdı, ya da adda-budda zəif işıqlar görünürdü. Bir hissəsi isə gur çil-çırağa qərq olmuşdu.

Bələdçi bir-bir sıraları gəzib qadın sərnişinlərə çadralar paylayırdı. İndiyə qədər üzü açıq, hətta mini-tumanlarda və dekolteli paltarlarda oturmuş qadınlar bir-bir çadralara bürünməyə başladılar. Qadın bələdçilər diqqət edirdilər ki, saçlarının bircə tükü də görünməsin. Məlik buna hazır idi, bilirdi ki, birinci olaraq Behişti Badi-kubənin sərhəd məntəqəsindən keçəcəklər, odur ki, ilk olaraq bu Zonanın hicab qanuna tabe olunmalıdır. Amma saqqallı bələdçi ona yanaşıb qalsutukunu açmağı təklif edəndə, təəccübünü gizlədə bilmədi. – Mənim bu qalstukumun kimə nə zərəri dəyə bilər?

Bələdçi başını buladı: – Vaqiən ağa düz buyurur, amma qəvaid belədir – dedi.

Məlik fikir verdi ki, digər sərnişinlər də dinməz-sölyməz qalstuklarını çıxarıb bələdçiyə verir və bələdçi hər qalstukun üstündə sancaqla sərnişinin bilet nömrəsini qeyd edir. Sərnişinləri arxayınlaşdırdı ki, geri dönərkən qalstukları qaytarılacaq.

Təyyarədən enəndən sonra ərəb əlifbasıyla BEHİŞTİ BADİ-KUBƏ sözləri yazılmış iri lövhənin altında yerləşən sərhəd məntəqəsinə yanaşdılar. Məntəqənin üstündə hilallı yaşıl bayraq dalğalanırdı.

Sərhədçilər hər sərnişinin sənədlərini azı yarım saat yoxlayırdılar, dönə-dönə pasportlardakı şəkillərə və pasport sahiblərinin sifətlərinə diqqətlə baxır, bəzən harasa gedib nə barədəsə məsləhətləşir, sonra geri qayıdıb sənədləri bir daha yoxlayırdılar. Bir neçə sərnişini kənara çağırıb harasa apardılar.

Məliyin ürəyi şiddətlə döyünürdü, indi bir şey tapacaqlar, bir qəmbərqulu çıxacaq və bu qədər arzu etdiyi, bu qədər vaxt gözlədiyi istəyinə çata bilməyəcək. Sərhədçinin səsi onu fikirlərindən ayırdı. Növbə Məliyə çatmışdı. Sərhədçi: – Ağa, hüviyyət kağızını göstər – dedi.

Məlik pasportunu və ona verilən sənədi uzatdı. Sərhədçi aldıqlarını xeyli müddət o yan bu yana çevirəndən sonra, möhür basıb qaytardı. Məlik ürəyində “Allaha çox şükür” deyib sərhədi adladı.

Gömrükdə yoxlamalar daha uzun çəkdi və növbə Məliyə düz iki saatdan sonra çatdı. Saqqallı gömrükçü çantasını açmağı tələb etdi, çantaya yığdığı şeyləri, üç dəst köynəyi, alt və ev paltarını, sabunu, diş fırçası və diş məcununu, ülgücünü, bir blok siqareti və kasetçalarla iki kaseti ələk-vələk elədi, nəhayət ikinci qalstuku əlinə götürüb, soruşdu ki, bəs təyyarədə qalstukunu almayıblar?

Məlik: – aldılar – dedi.

Gömrükçü: – Bəs onda bu nəmənədi? – deyə çantadakı qalsutuku havada fırlatdı. Məlik bilmirdi nə desin: – Bu da... be... belə – ikinci qalstuk... ehti... ehtiyat üçün – deyə kəkələdi. Elə bil sərhədçilərin də, gömrükçülərin də zəhmi onu basmışdı, heç bir günahı olmadan özünü müqəssir hiss edirdi.

Gömrükçü: – Şeytan xaltasının biri bəs eləmir? – dedi – bəlkə bunu kiməsə bəxşiş vermək ya satmaq istəyirsən?

Məlik: – Əstafurullah – dedi – mən alverçi deyiləm, bu köhnə qalstuku da kimə bağışlaya bilərəm?

Gömrükçü onu dinləmədən qalstuku kənara, müsadirə olunmuş əşyalar qutusuna atdı. Bu qalstukla müəyyən xatirələr bağlıydı və Məlik onu itirmək istəmirdi. Ərxanın tövsiyyəsi yadına düşdü: bu əlbəttə risq idi, hər şeyi korlaya bilərdi, amma tərs damarı tutmuşdu və ətrafa döyüküb cibindən ehmallıca əlli dollar çıxardı, gömrükçüyə tərəf tutdu, – bu qalstuk qardaşım rəhmətlikdən yadigardı – dedi.

Gömrükçü cəld bir hərəkətdə əlli dolları ovcunda gizlədib:

– Xub, bu başqa məsələ – dedi – madam ki, rəhmətlik bəradərindən yadigardır, nə söz ola bilər – qalstuku qutudan çıxarıb Məliyə uzatdı. Bütün bu hərəkətləri – qalstuku qutuya atmağı və qutudan çıxarmağı, pulu qamarlamağı elə becid və məharətlə icra edirdi ki, bu işin peşəkarı olduğu aydınlaşırdı.

Məlik bu sərhədi və bu kömrüyü keçib ikinci sərhəd məntəqəsinin qabağına çıxdı. Məntəqənin üstündə qırmızı rəngli oraq-çəkicli bayraq dalğalanırdı, kiril əlifbasıyla azərbaycanca və rusca BAKI KOMMUNASI “BAKINSKAYA KOMMUNA” sözləri yazılmışdı.

Divarda çox iri portret vardı. Zəhmli kişinin sifətinin xeyli hissəsini zil qara eynək şüşələri tuturdu. Portretin üstündə böyük hərflərlə:

KOMMUNİZMİN QƏLƏBƏSİ LABÜDDÜR, ÇÜNKİ MÜTLƏQDİR. MARAT.

Portretin altında isə BAŞ KOMİSSAR MARAT YOLDAŞIN RƏHBƏRLİYİ ALTINDA BÜTÜN DÜNYADA KOMMUNİZMİN TAM QƏLƏBƏSİNƏ DOĞRU İRƏLİ – sözləri yazılmışdı.

Sərhəd məntəqəsinə növbədə dayanarkən Məlik Ərxanın dediklərini xatırladı: Baş komissar Marat Qaragözovun gözlərini görən olmayıb. Deyilənə görə gözləri çaşdı, odur ki, heç vaxt tünd qara eynəyi çıxarmır.

Xeyli müddətdən sonra növbə Məliyə çatanda sərhədçi sənədlərinə gözucu nəzər salıb:

– Anketi bizim əlifbayla doldurun – dedi – Azərbaycan və rus dillərində.

Məlik cərgədən çıxdı, piştaxtaya yanaşıb cavabları kiril əlifbasıyla yazdı və geri dönəndə təzədən növbəyə durmalı oldu.

Nəhayət, sərhədi keçdi, amma Gömrükdə yenə ilişdi. Gömrükçü kasetçaları və kasetləri əlində fırladıb: – Bunlar nədi? – dedi.

Məlik: – Musiqidir – dedi – Azərbaycan bəstəkarlarının mahnıları. Türkiyədə anonim Azeri şarkıları adıyla çıxıb.

Gömrükçü:

– Türkiyədə? – dedi – bura pantürkist kasetləri gətirmək olmaz.

Məlik, ürəyində: – Ya bəxt – deyib əlli dolların ucunu gömrükçüyə göstərdi:

– Keçən əsrdə yaşamış sovet bəstəkarlarının mahnılarıdır.

Gömrükçü eyni cəld hərəkətlə pulu aldı – hə, sovet bəstəkarları – dedi – onda mojna.

Gömrükçü indi də kasetçaları əlində o yan bu yana çevirirdi.

– Bəs bu nədi?

– Bu da kasetçaldıran.

Gömrükçü kasetçaların düyməsini basdı, radiodan səslər gəldi.

– Bu ki radiodur – dedi.

– Həm radiodur, həm kasetçalar.

– Bizdə yad radiolara qulaq asmaq zapreşeno.

Məlik əlli dollar da tərləməli oldu. İndi bu işi daha arxayın edirdi.

Üçüncü sərhəd məntəqəsinə çatdı.

Burda da göy bayraq dalğalanırdı. Məlik acı-acı düşündü: üç sərhəd – üç bayraq – yaşıl, qırmızı, göy. Üçü bir yerdə olsaydı keçmiş Azərabycanın bayrağı olardı.

Sərhədçi sənədlərə göz ucu baxıb təklif etdi ki, Məlik baş barmağını kiçik disketə bassın, sonra onun barmaq izləri olan disketi bilgisayara saldı, hansısa düymələri basıb ekrana baxdı və: – Keçə bilərsiniz – dedi.

Bu gömrükçü də əşyaları bir-bir yoxladı, soruşdu:

– Narkotik?

Məlik: – Yox canım, məndə narkotik nə gəzir?

Gömrükçü çantadakı bir blok türk siqaretini götürdü:

– Bu nədir?

– Siqaret. Türk siqareti.

Gömrükçü: – Bura Amerika siqaretlərindən başqa ayrı siqaret gətirmək olmaz – dedi – müsadirə edilir – sonra nədənsə əlavə etdi – Heç türk siqareti çəkməmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets