Page 3 of 14 · 14%

Məlik: – Mən yaman çəkənəm – dedi – Bu siqaretlərə də alışmışam. Yarsı sənin, yarsı mənim.

Gömrükçü: – Okey – dedi və cəld bloku açıb altı qutu çıxardı, dördünü Məliyə qaytardı.

Gömrükdən keçən kimi Məlik çox iri reklamlar gördü. Birində təyyarənin içində xoş bir təbəssümlə sərnişinlərə (onların da sifətlərində təbəssüm vardı) “Koka-kola” paylayan stüardessanın şəkli və altında latın hərfləriylə yazı verilmişdi:

ÇIXANDA YOLA – İÇ “KOKA-KOLA”.

İkinci reklamda kovboy qiyafəli, iri şlyapalı, böyründə yekə tapancalı gənc oğlan – (gülüşü bu qulağından o qulağınadək) təyyarə trapından düşən sərnişinlərə açıq Malboro qutusunu uzadırdı. Altında latın hərfləriylə GƏLMİSƏN BURA, AL, ÇƏK “MALBORO” – sözləri yazılmışdı.

Məlik aeroport binasından açıq havaya çıxanda saatına baxdı: gecə üçün yarısı. Təyyarə yerə enəndə gündüz dördün yarısı idi. Sərhədlərdən və gömrüklərdən on bir saata keçmişdilər. Cenevrədən burasa üç saat yarıma gəldik – deyə düşündü.

Taksi dayanacağına yanaşıb ən qabaqda dayanan maşına yanaşdı, əlini uzadıb qapını açmaq istədi, qapı içəridən bağlıydı, bu zaman arxa sıralardan çıxıb gələn taksi onun qarşısında dayandı. Sürücü qapını açıb onu içəri dəvət etdi.

Məlik arxa tərəfdə əyləşdi, elə bu vaxt kimsə maşının qabaq qapısını açdı. Saqqallı cavan oğlan Məliyə müraciət edərək: – Ağa, yorulmuyasız – dedi – bəndəniz də şəhərə gedir, qailsə mən də sizlə gedim.

Məlik: – Buyurun – dedi.

Taksi hər iki tərəfinə məftilli çəpərlər çəkilmiş yolla irəliləyirdi. Yol sağ tərəfdə, məftilli çəpərin dalında yanan gur çil-çıraqla işıqlanırdı.

Sol çəpərin arxası qaranlıq idi.

Məlik fikir verdi ki, məftil çəpərlərin dibində xeyli it ölüsü sərələnib.

– Bu leşlər niyə bura düşüb?

Şofer: – Əhməq məxluqdur da – dedi – özlərini çəpərə çırpır, çəpərə də bərq buraxıblar.

– Niyə elektrik buraxıblar ki?

Saqqallı oğlan:

– Kafərlər buraxıb – dedi – Qorxurlar ki, o tayın adamları qaçıb bizim tərəfə keçər.

Sürücü:

– Ac itlərdi də – dedi – gecə hamısının leşin yığışdırıb yandıracaqlar.

Məlik ətraflara baxır, amma heç yeri tanımırdı. Məftil çəpərlərin arxasında şumlanmış neytral sahə, sahədən o yana sağda rəngbərəng reklamların latın həfrlriylə yazılmış mətnlərinə görə buranın Baku siti olduğunu müəyyənləşdirmək olardı.

Sol tərəf zülmət qaranlıq idi:

– Bu tərəf Badi-Kubədir?

Saqqallı oğlan:

– Xeyr ağa, xeyr. Bu tərəf də kafərlərin şeytan yuvasıdır. Özləri Bəkinski qəmuna deyirlər. Bizim Behişti Badi-Kubəmiz irəlidədir.

Birdən Məlik Suraxanı yolunu tanıdı – Bu Suraxanı yoludur – dedi – eləmi?

Şofer: – Bəli ağa, ora Surə xanədir.

Məlik köksünü ötürdü: – Uşaqlıqda burda yaşamışam – dedi Evimiz Atəşgahın yanında idi.

Sürücü: – Harda? – deyə xəbər aldı

Saqqallı oğlan: – Atəşpərəstlərin bir yeri vardı – deyə izah etdi.

Məlik: – İndi durmur Atəşgah?

Oğlan: – Yox, söküldü – dedi – müsəlman kişvərində kafər bütxanəsinə nə hacət?

Taksi bağlı şlaqbaumun qarşısında dayandı, polis xidmətçisi onlara yanaşdı, hər üçü sənədlərini göstərdi, polis: – Xeyli xub. Xeyri şəb – deyə şlaqbaumu qaldırdı.

Saqqallı oğlan:

– Ağa, Behişti Bad-Kubəyə xoş gəldiniz, səfa gətirdiniz – dedi.

Qarşılarında böyük bir qafilə irəliləyirdi – arabalar, arabaların ardından piyada gedən xeyli adam.

– Bunlar kimdi, hara gedirlər gecənin bu vaxtında?.

Sürücü: – Yanardağa – dedi.

Məlik maşının qabaq güzgüsündə gördü ki, saqqallı oğlan sürücüyə məzəmmətlə baxır.

Saqqallı oğlan: – Xeyr ağa – dedi – şofer bəradərimiz düz buyurmadı, bunlar Nardaran pirinə ziyarətə gedirlər. Gecəykən yola çıxıblar ki, sübh namazına ora çatsınlar.

Məlik Nardaranın buralardan xeyli uzaq olduğunu xatırladı:

– Bu qədər yolu piyada gedəcəklər?

– Ağa bilir ki, ziyarətə piyadə getməyin savabı daha əfzəldi.

Taksi qafiləni ötüb keçdikcə faraların işığında Məlik arabalara yüklənmiş qazanlara diqqət elədi.

Saqqallı oğlan sürücüyə: – “İrşad” mehmanxanasına sür – dedi

Məlik dünyagörmüş adam idi. Elə birinci addımdan duymuşdu ki, bu saqqallı oğlanı onu güdmək üçün göndəriblər, amma görünür çox naşıymış, özünü çox tez faş etdi, yoxsa “İrşad” otelinə düşəcəyimi bilirsə də dilindən qaçırmazdı.

– Nə bildiniz ki, mənə “İrşad” otelində yer ayırıblar – deyə soruşmaqdan özünü saxlaya bilmədi.

Şofer: – Tək bir mehmanxana var da – dedi.

Saqqallı oğlan yenə şoferə məzəmmətlə baxdı: – Yox – dedi – başqa yerlər də var, amma fikir elədim ki, sizin kimi alicənaba yaraşan “İrşad” olar. Yoxsa bir qələtim var?

– Yox, düz deyirsiz, “İrşad”da yer ayırıblar mənimçün. Bağışlayın, tanış olmadıq, mənim adım Məlikdir, Məlik Məhmədoğlu, jurnalistəm – qoy yazıq pis vəziyyətdə qalmasın – deyə düşündü, güya özüm haqqında bu məlumatları mən özüm verirəm ona, hərçənd ki, yəqin hamısını bilir.

Saqqallı oğlan: – Çox xoşhaləm – dedi – sizin kimi məruf və namdar insanla tanış olmağa. Mənim ismim İmamquludur. İmamqulu Bəhbəhani.

Taksi artıq şəhərin yarıqaranlıq küçələriylə irəliləyirdi, birdən Məlik diksindi – taksilərinin faralarıyla işıqlandırılmış yanıq-uçuq binanı tanımışdı – bu keçmiş İsmailiyyə – Akademiya binası idi. Binanın yalnız divarları qalmışdı, çərçivələri yanıb kösöy olmuş pəncərələri skeletin, ölü kəllesinin oyuq göz çuxurlarını andırırdı.

– Bura niyə bu gündədi?

İmamqulu: – O məlum məğşuşat günlərində kafərlər xakisar eləyib buranı – dedi.

Məlik: – Dur, dur – deyə həyəcanla səsləndi – İsmailiyyə binasının yanındakı yer bom boş çöllük idi – axı burda bir bina da vardı – əlyazmaları olan bina.

İmamqulu: – Ağa, səd heyf, şuriş zamanı o bina da, bu xiyabandakı çox bina da yandı – dağıldı.

– Necə yandı, bəs əlyazmaları?

– Ağa, səd heyf, bina yananda əlyazmaları salim qalarmı?

Məlik başını tutdu: – Aman Tanrım, bütün tariximiz, keçmişimiz o yazılarda idi.

– Ağa, siz bərgüzidə fərhəng adamısız, ehsasatınızı başa düşürəm. Amma çi faidə? Qəzavü-qədər beləymiş. Leyk mürur zaman xeyli yeni kitab nəşr olunub. Elə bu günlərdə ağayi Kəsrəvinin bütün kitabları çıxdı. – Birdən nə isə yadına düşmüş kimi dedi: – Söz yerinə çəkər, heç bilirsiz bu hansı xiyabandır?

– Təxmin edirəm, bir vaxt bura Nikolayevski, sonra Kommunist, sonra da İstiqlaliyyət küçəsi adlanıb.

İmamqulu məmnun gülümsədi:

– İndi Əhməd Kəsrəvi xiyabanıdır. Bizim həqiqi mənşəimizi təyin edən alimi-büzürgün naminə.

Taksi adı neçə dəfə dəyişən, binaları dönə-dönə yanıb dağılan bu talesiz küçəylə irəliləyirdi. Məlik xatırladı ki, burada gözəl bir bağ vardı. İndi tamamilə bom boş, ağacsız bu sahəni yalnız yanındakı Filarmoniya binasına görə tanıya bildi. Şükür, deyəsən Filarmoniya salamat qalıb. Amma buranın indi məhz Filarmoniya olmasından şübhəliydi.

Filarmoniyanı göstərib: – Ora nədir? – soruşdu.

İmamqulu və sürücü eyni vaxtda: – Cümə məscidi – dedilər. İmamqulu əlavə etdi: – Behişti Bad-Kubənin ən böyük məscididir. Sübh əzanını onun minarələrindən çəkəndə eşidəcəksiz, “İrşad” mehmanxanası bura lap yaxındır.

Mehmanxananın qabağına gəlib çatdılar. Sürücü Məliyin çantasını götürdü. İmamqulu da maşından düşdü: – Ağayi Məlik – dedi – icazə verin xidmətinizdə olum.

Məlik cibindən dollar çıxarıb sürücüyə vermək istəyəndə İmamqulu: Ağa, o şeytan pulunu qəbul etməz – dedi – heç narahat olmayın, verdim – dedi.

Mehmanxananın inzibatçısı – saqqallı ağarmış kişi yuxulu gözlərini ovuşdura-ovuşdura Məliyin pasportunu aldı, ərəb əlifbasıyla anketi uzatdı ona.

Məlik adını yazmağa başlamışdı ki, çiyninin arxasından ona baxan İmamqulu: – Ağa, şeytan əlifbasıyla yazmaq qəvaidə ziddir – dedi.

– Ərəb əlifbasıyla doldurmaq lazımdır?

– İslami əlifbayla

Məlik: – Mən ərəb... e... islami əlifbayla oxuya bilirəm, amma heyf ki, yaza bilmirəm – dedi.

– Siz heç rəncidə olmayın, mən yazaram.

Adı, soyadı, doğum ili, doğum yeri – Məlik bir-bir bunları İmamquluya diktə etdikcə duyurdu ki, bütün bu məlumatları İmamqulu elə onun özü qədər bilir.

Nəhayət, formal işlər bitdi. İnzibatçı açarı Məliyə uzadıb: – şumarə 12-dedi.

İmamqulu Məliyin çantasını götürüb onu ta ikinci mərtəbəyə, otağının qapısına qədər ötürdü, içəri girib bir nəzər də atdı, sonra:

– Şəb – xeyir – dedi – Allahın inayətiylə inşallah yenə görüşərik.

Məlik saatına baxdı. Dördə on beş dəqiqə işləyirdi. Yerli vaxtla altıya. Yerli vaxt!.. – acı-acı düşündü – doğma şəhərimin vaxtına yerli vaxt deyirəm. Əlbəttə belə erkən saatda Aypəriyə telefon edə bilməzdi. – Bıy – otağa göz gəzdirdi – heç telefon da yoxmuş ki...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets