Page 6 of 14 · 36%

Pərt olmuşdu. Yenidən əlini cibinə atdı, bir dollar çıxarıb qıza uzatdı. Qızın gözləri işıldadı, elə həmin andaca, sanki hardansa yerin altından çıxıb bir dəstə dilənçi onu dövrəyə aldılar. İmamqulunun sözləri yalan deyilmiş.

Qəribədir, çoxusu eyni cütlük şəklində idilər – on-on iki yaşlı, cındırından cin ürkən qızlar və qucaqlarında dörd-beş yaşlı, güman ki, qardaşları. Hamısı da eyni ədayla balacanın ağzını göstərirdilər, yəni ki, acdır.

Məlik yenə əlini cibinə atdı, iki beş dollarlıq, bir on dollarlıq çıxartdı, pulları havada qapdılar və ələ keçirə bilməyənlər bir-birini didməyə başladı. Daha xırda pulu yoxdu, amma indi azı üç-beş dəfə çoxalmış dilənçi dəstəsi onu heç cür aradan çıxmağa qoymurdu. Nəhayət milis fiti eşidildi və milis onlara tərəf gəldikdə hamısı elə bil kül kimi sovrulub yox oldular. Yalnız bir ayağı şikəst olan qızcığaz axsaya-axsaya geri qaldığından milis onu yaxaladı, əlini paltarının yaxasından içəri salıb on dolları çıxartdı, cibinə qoydu və qıza bir topik vurub qovdu.

Məlik Komissarlıq binasının üstündə Maratın iri şəkli olan qapısından içəri girdi. Qapıda da milislər dayanmışdı. Məlik:

– Mənə Beyrək Məmmədli lazımdır – dedi – Burada işləyir.

Milis yandakı pəncərəni göstərdi:

– Tuda.

Üstündə Maratın boz kitelli şəkli olan pəncərənin ardında boz kitelli, döşü dairəvi qırmızı nişanlı, qara eynəkli kişi oturmuşdu.

Məlik:

– Beyrək Məmmədlini görmək istəyirəm – dedi və əlavə etdi – atasıyam.

Kişi:

– Burda takoy adam yox – dedi.

Məlik: – Ola bilməz – dedi – Məmmədli Beyrək. Nəqliyyat mühəndisidir. İnjener-elektrik.

Kişi telefonu götürüb harasa zəng elədi, Məlik eşitməsin deyə xısın-xısın danışdı, sonra Məliyə anket uzatdı: – Zapolnyayte – dedi – Azərbaycan və rus dillərində.

Məlik anketi doldurub kişiyə uzatdı.

– Dokument!

Məlik sənədlərini də verdi. Kişi uzun zaman sənədlərə və anketdəki cavablara baxdı, onları tutuşdurdu, sonra anketi Məliyə qaytardı:

– Nepravilna – dedi.

– Nə düz deyil?

– Data nepravilna

Məlik anketin altında qoyduğu tarixə bir də nəzər saldı: 22 mart. – Məgər bu gün mart ayının 22-si deyil?

Kişi:

– Net – dedi – Mart ayının yox, Marat ayının.

– Marat ayının?

– Uje iki ildir bu ay belə adlanır, xəbər yoxdur?

– Yox.

Məlik anketi yenidən doldurdu və altında 22 marat tarixini qoyub qaytardı.

– İkinci etaj. 5-ci otaq. Yoldaş Telman Qaraxanovun yanına.

Məlik pilləkənlərlə qalxmağa başladı. Pilləkən boyu Maratın müxtəlif şəkilləri vurulmuşdu: Marat at belində, Marat piano arxasında.

Beşinci otağa çatdı, qara meşin qapını açıb içəri girdi. Boz kitelli, döşü qırmızı nişanlı qız:

– Kto vı, kim lazımdır? – dedi

– Yoldaş Qaraxanov – Məlik sənədlərini və anketi qıza uzatdı.

Qız diqqətlə yoxladıqdan sonra: – Minutu – deyə sənədləri, anketi götürüb qarşıdakı meşin qapılardan içəri keçdi.

Məlik qəbul otağına nəzər saldı. Dörd divarın dördündə də Maratın eyni, boz kitelli şəkilləri asılmışdı.

Divarlarda:

Bütün dünya proletarları birləşin!

Yaşasın Şanlı Bakı Kommunasının varisi şanlı Bakı Kommunası!

Bütün dünyada Kommunizmin tam qələbəsi mütləqdir, çünki labüddür. Marat – sözləri yazılmışdı.

Kiçik masada bir qalın kitab, bir də cib dəftərçəsi boyda qırmızı cildli kitabça və “Bakinskaya İskra” qəzeti qoyulmuşdu.

YOLDAŞ MARATIN ŞƏRƏFLİ HƏYAT YOLU adlı kitabın üstündə Maratın şəkli vardı. Şəkli balaca qırmızı kitabın üstündə də gördü. Balaca kitabı götürdü. Maratın ayrı-ayrı kəlamları yazılmışdı. Bir-ikisini oxudu:

Xalqın arzusu – Partiyanın arzusudur.

Bizim işimiz haqdır, çünki biz haqlıyıq.

Gələcək ayrı-ayrı millətlərə deyil – proletariata məxsusdur.

Məlik kitabçanı qapayıb Bakinskaya İskra qəzetini götürdü.

Tarixinə baxdı: 22 marat. Bugünküydü. Qəzet iki dildə – Azərbaycanca və ruscaydı. Başında yenə dünya proletarlarının birləşməsi haqqında şüar və Maratın kommunizmin tam qələbəsi haqqında kəlamı verilmişdi.

Birinci səhifədə Maratın qara gözlüklü, kitelli şəkli dərc olunmuş və altında iki dildə bu sözlər yazılmışdı:

Baş Komissar Marat Qaragözov bəşəriyyətin min illər boyu həsrətlə yolunu gözlədiyi mətin və müdrik Kommunistdir.

Qız qapıdan çıxdı.

– Keçin – dedi.

Məlik Qaraxanovun kabinetinə daxil oldu. Qaraxanov çox iri masanın arxasında oturmuşdu. Məliyi görəndə ayağa durdu. Amma qəribədir, oturduğu vəziyyətdə durduğu vəziyyətdən daha uca görünürdü. Masanın arxasından qalxanda sanki balacalaşdı. Ümumiyyətlə çox qısaboy idi. Əynində döşü qırmızı nişanlı boz kitel, gözlərində qara eynək vardı.

Əlini uzatdı, əli çiy ət şəntiri kimi süst və soyuq idi. Qarşısına Məliyin sənədləri və anketini qoyduğuna baxmayaraq soruşdu:

– Kto vı, bura otkuda, kak, nə üçün gəlmisiz?

Məlik adını, soyadını, haradan və necə gəldiyini söylədi.

Qaraxanov mənalı:

– Aa... Turtsiya – dedi – ponyatno.

Məlik gəlməyinin məqsədini söylədi: Bakı Kommunası haqqında Türkiyə mətbuatında obyektiv yazılar yazmaq istəyirəm.

Telman Qaraxanov:

– Mən burjua pressasının obyektivliyinə inanmıram – dedi – amma mənim ponimaniyamda sizin zadaçanız oğlunuzu görməkdir.

– Bəli, bunu gizlətmirəm. Eşitdiyimə görə oğlum burada işləyir. Beyrək Məmmədli.

Qaraxanov ağızucu gülümsündü:

– Yəqin siz Boris Mamedovu imeyete v vidu – dedi – Bəli svedeniyamız var ki, o na samom dele sizin oğlunuzdur.

– Necə Boris, axı onun adı Beyrəkdi... e... Beyrək idi.

– Çoxdan dəyişib. Kstati Beyrək nə deməkdir?

– Beyrək Dədə Qorqud dastanının qəhrəmanlarındandır.

Qaraxanov fikrə getdi:

– Dədə Qorqud, Dədə Qorqud – deyə bir neçə dəfə təkrar etdi – a vspomnil, eto zapreşennaya antinarrodnaya panturkistskaya skazka.

Mübahisə etməyin mənası yoxdu – nə yer o yerdi, nə zaman o zamandı. Məlik sadəcə: – Oğlumu görə bilərəm? – deyə soruşdu.

– Koneçno – Qaraxanov telefonun dəstəyini qaldırdı.

– Borya – dedi – zaydi ko mne, tut tvoy otes prişol – qulaq asıb güldü: – da net, ne s toqo sveta, iz Turtsiyi – sonra əlavə etdi – vproçem eto odno i to je...

– Məlik otağa göz gəzdirdi. Sənayenin, təhsilin, maarifin inkişafı haqqında diaqramalar, cədvəllər, yenə artıq tanış olduğu şüarlar və hər divarda boz kitelli, qara eynəkli adamın eyni şəkli. Amma bir divarda başqa şəkillər də vardı: Üçü məlum – Engels, Lenin, Stalin... Dördüncünü – keçi saqqal kişini tanımadı. Deyəsən elə Nizami muzeyinin fasadındakı heykəllərdən biri də onun idi.

Qaraxanovdan:

– Bu kimdir? – deyə soruşdu.

Qaraxanov təntənəli bir səslə: Yoldaş Stepan Şaumyan – dedi – Birinci şanlı Bakı Kommunasının rəhbəri. Biz ikinci şanlı Bakı kommunası o şanlı Kommunanın prodoljateliyik.

Məlik: – Axı bu erməni Şaumyan – deyə sözə başlamaq istəyirdi ki, Qaraxanaov kəskin bir tərzdə onun sözünü kəsib: – Yoldaş Şaumyan erməni deyil, kommunistdir – dedi.

Məlik özünü nə qədər təhlükəyə atdığını aydın dərk etsə də dözə bilmədi:

– Bilirsiz bu kommunist-daşnak 18-ci ildə elə bu mart... bağışlayın... marat ayında nə qədər azərbaycanlı qırıb?

Qaraxanov daha da qəzəbli görkəm alaraq: – O Azərbaycanlıları yox, müsavatçıları nakazat eləyib – dedi – Azərbaycan, rus və erməni proletariatının qəddar düşməni müsavatçıları...

Ağzı köpüklənirdi, sonra bir stəkan su içib bir qədər sakitləşdi: – Əlbəttə – dedi – siz Türkiyəlisiniz, soznaniyanız burjua propoqandasıyla zəhərlənib. Elə bizim öz millətçilərimiz də vaxtilə Şaumyan yoldaşa, Bakı kommunasına çox böhtanlar atıb. Pozor. İndi biz istoriçeski pravdanı vosstanovit elədik. Biz, baş komissar Marat yoldaşın rəhbərlik etdiyi Bakı bolşevikləri. Bəli, biz qordimsya ki, Qafqazda Proletariat diktaturasanın znamyasını yenə də Bakı proletariatı qaldırdı.

Bakı həmişə inqilabın kolıbeli... e... e...

Məlik qeyri-ixtiyari: – Beşiyi – dedi

– Verno, beşiyi olub. İndi Rusiyada da kommunistlər vlasta gələndən sonra, bütün mir bildi ki, bu düz yola birinci biz... başladıq.

– Rusiyada kommunistlər demokratik seçkilərlə hakimiyyətə gəldi, amma gələn kimi Dumanı qovdular.

– İ pravilno sdelali. Bu boşboğaz boltunlar sobraniyası proletariata lazım deyil. Skoro SSSR-i vosstanovit edəcəyik, və bu işin də pioneri Bakı kommunistləri olacaq.

Məlik hiss elədi ki, ürəyi sıxılır, söhbəti dəyişmək üçün:

– Bəs o muzeyin... qabağındakı o biri heykəllər kimindir? – dedi.

– Hansı muzeyin?

– Bağışlayın... Unutdum ki, indi bura kommissarlıqdır. Vaxtilə burda Nizami muzeyi yerləşirdi.

– Nizami? Nizami. Ax da – eto poet.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets