Page 7 of 14 · 43%

– O da yasaq edilib? – Qaraxanovun yasaq sözünü anlamadığını görüb – zapreşennudur? – dedi.

– Net, poçemü je... Prosto belə kitabları çap eləmirik, feodolizm şairləri proletariata lazım deyil. Kstati, bax – masasının üstündəki qalın kitabı göstərdi – Marat yoldaşın yeni bioqrafiyası çıxıb. Sovetuyu, oxuyun, çox interesnı kitabdır.

– Kim yazıb?

– Kitabları otdelni adamlar yazmır. Eto kollektivnıy trud qruppı proletarskix pisateley. Onlar bütün proletar sinfinin ürək sözlərini vıracat eləyən belə kitablarda öz adlarını yazmağa ne nucnı sayırlar – Məliyin bayaqkı sualını xatırlayıb: Hə, orda Komissarlığın qabağındakı heykəlləri spraşivat elədiniz. Bu ən veliki kommunistlərin heykəlləridir: Yoldaş Engels, yoldaş Vladimir İliç Lenin, yoldaş İosif Vissarionoviç Stalin, yoldaş Stepan Şaumyan, yoldaş Kirov və yoldaş Orconikizde...

– Alman, rus, gürcü, erməni... Bəs heç azərbaycanlı kommunist olmayıb?

Qaraxanov başını tutdu:

– O nesçatnıy çelovek, obolvanennıy burjuazno – nasionalistiçeskimi predrasudkami – dedi – priçem burda rus, erməni. Onlar kommunistdirlər, kommunistin milləti olmur. Onun milləti... proletariatdır. Budur bax, yoldaş Marat nə deyir – ayağa durdu, balaca qırmızı kitabçanı açıb oxudu: Gələcək ayrı-ayrı millətlərə deyil, proletariata məxsusdur. Ponyatno? Yox, əgər siz hələ kimin hansı nasiyadan olmasına vnimaniyə obraşat eləyirsiz onda bəs yoldaş Maratın o boyda böyük heykəlini görmədiz? O ki sizin ponimaniyanızla desək, azərbaycanlıdır.

– Bəli, əlbəttə.

Məlik bayaq binanın qarşında heykəllərə, indi otaqda şəkillərə baxanda da nəyinsə, daha doğrusu kiminsə burda çatmadığını düşünmüşdü, amma heç cür anlaya bilmirdi ki, bu çatmayan, olmayan nədir, kimdir, indi birdən-birə xatırladı: Marks, əlbəttə Karl Marks.

– Bəs yoldaş Marks niyə yoxdur? – dedi – nə orda, nə – divarı göstərdi – burda.

Qaraxanov bir an susduqdan sonra:

– Da, – dedi – bu slojnı voprosdu. Məsələ ondadır ki, biz yoldaş Marksı elmi kommunizmin osnovateli kimi tsenim. Amma o evrey idi. Bizim isə əsas düşmənimiz... dünya imperializmi və sionizmdir. Marksın pamyatnikin qoysaq, şəklini azsaq eto moqut nepravilno ponyat.

Elə bu vaxt qapı açıldı və döşü qırmızı nişanlı, boz kitelli, qara eynəkli bir adam içəri girdi, gözucu Məliyə tərəf baxdı.

Məlik də ona baxdı. Qaraxanov əyri bir təbəssümlə:

– Oğlunuzu tanımadınız – dedi – Borya, snimi oçki.

Gələn adam qara eynəklərini çıxartdı. Beyrək idi. Amma Məliyə elə soyuq nəzərlərlə baxırdı ki... Məlik oğlunun boynunu qucaqlamaq istədi, amma durdu: bəlkə kommunistlər oğulla-atanın qucaqlaşmasını da qadağan ediblər. Sadəcə əlini uzatdı və Beyrək də ona əl verdi. Elə bu vaxt qara telefon səsləndi. Qaraxanov cəld dəstəyi götürdü, dərhal ayağa durub: Sluşayu tovariş Marat – dedi, ayağa duranda yenə boyu kiçildi – Siyu minutu budu. – Məni yoldaş Marat çağırır, Borya idite sənin otağına.

Qapıdan çıxarkən Qaraxanov:

– Prosveti otsa – dedi – yoldaş Şaumyanın tarixi zasluqası haqqında çox oşiboçnı fikirdədir. Bir az deyəsən, nasionalist və pantürkist uklonu da var.

Qapıdan çıxdılar. Beyrək dəhlizdə duran döşü qırmızı nişanlı, boz kitelli, qara eynəkli adamlardan birini çağırdı. Cibindən pul çıxartdı: – Al bu yüz rublu – dedi: bufetdən bir vodka al, bir də pirojkidən, selyotkadan, nə tapsan.

Məlik fikir verdi ki, pulun üstündə də Maratın şəkli var. Bilmirdi nədən başlasın: – Yüz rubl neçə dollardır? – deyə soruşdu.

Beyrək: – Yüz rubl elə yüz dollardır – dedi

Məlik: – Yüz dollara alırsan arağı? Nə baha?

– Rəsmi kursla bir rubl bir manatdır – istehzayla güldü – əslində yüz rubl bir dollardır.

– Onda da çox ucuzluqdur ki, bir dollara araq, pirojki...

– Ancaq bizim binada, komissarlığın bufetində belədir, şəhərdə hər şey on qat bahadır.

Maratın şəkilləri və cürbəcür şüarlar, diaqramlar asılmış dəhlizlə liftə çatdılar. Beyrək: – Burda işləməyin də öz üstünlükləri var – dedi.

Liftə girdilər. Liftin içində də Maratın şəkilləri asılmışdı. Boz kitel, qara eynəklər. Bircə döşündə qırmızı nişan yoxdu. Məlik Beyrəyin döşündəki qırmızı nişana baxdı – Maratın şəkli vardı nişanın üstündə.

Liftdən çıxıb meşin qapılı otağa yanaşdılar, Beyrək açarla qapını açdı, içəri keçdilər. Yenə həmin şəkillər, həmin şüarlar. Amma bu otaqda çoxlu texniki cihazlar və bir neçə televizor da qoyulmuşdu. Hər yerdə Maratın şəkilləri vardı, amma bir şəkil Məliyin diqqətini çəkdi. Uyuyan uşaq – 5-6 yaşlı qızcığaz. – Bu kimdir – deyə soruşdu. Düşündü ki, bəlkə Beyrəyin qızıdır, yəni nəvəm.

– Qızındır?

– Yox, biz rəssamın çəkdiyi şəkildir. Altındakı yazını oxu. Məlik eynəyini taxıb yazını oxudu. “Yuxuda Marat yoldaşı görür”.

Beyrək: – Yoldaş Qaraxanova Şaumyan haqqında nə demisən ki? – deyə soruşdu.

Məlik: – Heç nə, dedim ki, Şaumyan daşnak idi.

– Söz tapmısan danışmağa. Özü də kimə? Qaraxanovun anası ermənidir.

Susdular. Bu üzücü sükutu pozmaq üçün Məlik necə, hardan və nə məqsədlə gəldiyindən danışmağa başladı, amma deyəsən bütün bunlar Beyrəyi... e... Borisi qətiyyən maraqlandırmırdı.

Məlik:

– O zonada... ananla görüşdüm – dedi – Onunla əlaqə saxlayırsan?

Beyrək laqeyd bir tonla:

– Yox – dedi – eşitmişəm ki, mollalıq eləyir. Mənim mollalarla aram yoxdur – sonra əlavə etdi – elə bizi bu günə bir az da mollalar qoymadılar?

– Molla, ya qeyri molla, axı o sənin anandır...

Beyrək üzündə istehzalı bir ifadə göründü – Ana, ata – dedi – keçmiş əsrlərin puç olmuş xülyaları – sonra əlavə etdi – bu dünyada insanın özündən başqa heç kəsi yoxdur.

Məliyi dəhşət bürüdü: – Belə yaşamaq olar?

Beyrək: – Görürsən ki, yaşayıram – dedi

– Burlayla necə, onunla da əlaqən yoxdur?

– Xeyr, o da rəqqasəlik eləyir, Baku sitidə göbək atıb kapitalistləri əyləndirir.

Məlik: Göbək rəqsi? – deyə soruşdu, sonra öz-özünə: – Deyəsən mən bura yalnız sarsıntılar keçirmək üçün gəlmişəm – deyə düşündü.

Beyrək cavab vermədi. Araya yenə sükut çökdü. Sonra Məlik:

– Dolanışığın necədir? – deyə soruşdu.

– Mənimki pis deyil. Bu binada işləyənlərin çoxu kimi.

– Bu binada? Bəs bu binadan kənarda?

– Özün görmədin? Dilənçilər qabağını kəsmədi?

– Gördüm. Dilənçi çoxdur?

Beyrək:

– Əhalinin yarıdan çoxu. – dedi, sonra istehzayla əlavə etdi: – proletar balaları.

– Bu uşaqlar bir yerdə işləmir, oxumur?

– Ha, ha... İş var ki, işləsinlər? Oxumaq... – qəhqəhə çəkdi – cəmisi iki məktəb var, orda da komissarlıqda işləyənlərin balaları oxuyur.

Məlik siqaret çıxarıb odladı – çəkirsən?

– Yox – sonra qutuya baxıb – türk siqaretidir? – dedi

– Bəli.

– Ver birin çəkim.

Beyrək siqaretini alışdırdlı, bir qullab alıb: – Bilirsən, məktəblərdə bütün siniflərdə dərslər necə başlayır?

– Yox, hardan bilim.

– Əvvəlcə Marat yoldaşın şəninə şüarlar deyirlər, sonra da qarğış etməyə başlayırlar.

– Qarğış?

– Bəli. Marat yoldaşın, proletariatın və Bakı kommunasının düşmənlərinin gözləri çıxsın, vərəm olsunlar, infarkt olsunlar, rak olsunlar, SPİD olsunlar. Marata əl qaldıranın əli qurusun, onun haqqında pis danışanın dili qurusun.

Məlik: – Yadımdadır, uşaqlıqda bizim kənddə bir qoca qarı vardı. Elə hey hamıya bax eynən beləcə qarğış edərdi.

– SPİD-dən də xəbəri vardı?

– Yox, amma o da deyərdi ki, nə bilim filankəsin gözü çıxsın, ciyəri yansın, dili tutulsun, qan qussun. Allah ona qotur versin, dırnaq verməsin.

Beyrək güldü: – Bax bu nə isə təzə sözdü – dedi – gərək yazaq, Marat yoldaşa verək, mətnə əlavə etsin.

Yenə siqaretdən dərin bir qullab aldı.

– Qara eynək niyə taxırsan, gözlərin pis görür? Fikir verdim, Qaraxanov da bu cür qara eynək taxır, o biri adamlar da... Hamısı da boz kitelli. Niyə?

– Ayrı geyim məsləhət görülmür.

– Qara eynəklər də məcburidir?

– Yox, bu yalnız yoldaş Maratla həmrəylik nişanəsidir. Könüllüdür, amma bu binada işləyənlərin hamısı buna riayət edir.

– Deyirlər ki, bu yoldaş Marat çaşdır, ona görə də qara eynək taxır. Sənə nə düşüb, ceyran kimi gözlərin var – oğluna xoş söz dedi ki, bəlkə aralarındakı buz bir az əriyə. Beyrək buna məhəl qoymadı:

– Çaş-zad deyil yoldaş Marat – dedi – sonra gözlənilməz bir hiddətlə əlavə etdi – intəhası gözlərini qan tutub, o qədər adam qırıb ki, heç kəsin gözünə dik baxa bilmir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets