Beşinci fəsil
Page 2 of 3 · 33%
– Keçən il Londondan qayıdanda Varşava qəbul eləmədi, Praqaya uçmalı olduq, mən idim, professor Speranski idi. – Bəhram Zeynallı deyirdi bunu...
– Apardı məni sklada, mama, dedi, seç hansın bəyənirsən, vallah, Rüxsarə xanım, nə gizlədim, gözüm dörd oldu, day könlün nə istəyir – nə rəng, nə fason, nə biçimdə – hamısı var. – Alya deyirdi bunu. Həmişəki kimi oğlu Spartakın şücaətindən basıb-kəsirdi. Spartak haçansa onu cürbəcür qıt mallarla ağzınacan dolu olan qeyri-adi anbara aparıbmış, – bu əhvalatı Alya xanım azı bir on dəfə danışıb Zivər xanıma və Zivər xanım da azı bir yeddi dəfə Zaura. Spartak Alya xanımın sevimli mövzusu idi, amma yeganə mövzusu deyildi. Spartak mövzusundan başqa iki daimi mövzusu da var idi – əri Murtuzun xidməti və qızı Firəngizin isməti...
– Lazım gəlsə mən elmi katiblə də danışa bilərəm, mənim xətrimi çox istəyir, təşkil edərik sizi də müdafiəyə buraxarlar. – Bunu Cabbar deyirdi və Zaur da:
– Bəli, bəli, əlbəttə, – deyirdi ona.
Zivər xanım mətbəxdən otağa gəldi:
– Ay Zaur, – dedi, – qonaqlarımız darıxmır ki, bəlkə televizoru qurasan...
Zaur televizoru qurdu və bir azdan sonra qonaqların canlı səslərinə televizorun səsi də əlavə olundu. İdman şərhçisi:
– Voleybolçu qızlarımız inadla mübarizə aparıb layiqli qələbə qazandılar, – deyirdi...
Bəhram Zeynallı:
– Praqada da mühazirə oxumalı oldum, – deyirdi.
Murtuz Murtuzov:
– O gün axır yaxaladım küçədə, – deyirdi.
Alya xanım anbardakı dublyonkalardan, Rüxsarə xanım komisyondakı servizdən, Tahirə yayda dincəldikləri kurortdan danışırdı. Cabbar:
– İstəyirsiz, lap rektorun özüylə danışaram, – deyirdi. – Məncə etiraz eləməz...
– Praqadan daha qatarla gələsi oldum. Speranskiylə bir kupeyə düşmüşdük...
– Yapışdım yaxasından, adə, qırışmal, məni tanımırsan sən?
– Day bir şey götürmədim, bax, bu paltarı, Firoçkayçün fransızski sapojki, iki dənə yorğan örtüyü – Firoçkanın cehizliyi, bir də bir-iki xırda-xuruş. Spartak deyir, mama, dünyanın axırı ha deyil, haçan kefin istəsə yenə gətirərəm səni bura...
– İstəyirəm alım o servizi, bizim bir dostumuz var – Şamxal, müstəntiqdir, onun arvadı Tamaranın ad günüdür, ona hədiyyə aparmaq istəyirəm...
– Mən Krımda da olmuşam, Soçidə də... amma bura başqa aləmdir... Qum mirvari kimi, dəniz tərtəmiz, korpuslar elə rahat, elə səliqəlidir ki...
– Kişi voleybolçular isə bu mövsümdə hələ ki, müvəffəqiyyət qazana bilməyiblər...
– Rektor nə deyəcək ki?.. Bizim institutda, hətta, Tiflisdən, Yerevandan gəlib müdafiə edirlər...
– Buyurun, stolun başına keçin!
– Şahin, zəhmət olmasa, badələri doldur.
– Bəs, Spartak niyə gəlməyib?
– Allah bilir haradadır indi...
– Yaxşı, tamadamız kim olacaq?
– Murtuz Balayeviç, polkovnik Murtuzov...
– Xeyr, heç elə söhbət yoxdur, professor, professor yaxşıdır...
– Hansı professor, professor burda ikidi.
– Zeynallı...
– Zeynallı da ikidir.
– Yox, əlbəttə, professor Bəhram Zeynallı, Məcid day ev yiyəsidir, ev yiyəsindən tamada olmaz ki...
– Çox sağ olun, Zivər bacı, deməli, mən ev yiyəsi deyiləm, mən özgəyəm?
– Yox, ay Bəhram qardaş, siz də ev yiyəsisiniz, əlbəttə, öz evinizdir bura, elə ona görə də xahiş edirik ki, Zaurçikin məclisini siz aparasınız da.
– Yox, Murtuz yaxşıdır, – dedi Bəhram.
– Heç elə söhbət yoxdur, əsil tamada Bəhram müəllimdir, – dedi Murtuz.
– Onda içək Bəhramın sağlığına, – dedi Məcid.
– Yox, madam ki, mənim boynuma qoyduz tamadalığı, sözümə qulaq asın. Zaurun sağlığına içək, – dedi Bəhram.
– Sağ ol, Zaur, – dedi Şahin.
– Sağ ol, bala, – dedi Zivər.
– Sağ ol, – dedi Məcid.
– Sağ olun, Zaur, – dedilər. Rüxsarə xanım, Alya xanım, Tahirə xanım... Firəngiz heç nə demədi...
– Sizin sağlığınıza, Zaur, – dedi Cabbar.
– Dobrıy veçer, doroqie telezriteli, – dedi Təhminə.
Zaur diksinib televizora tərəf çevrildi... Hamı qədəhlərini Zaura tərəf uzatmışdı, hamı qədəhlərini bir-birinə vururdu “sağ olun, sağ olun” deyib içirdi. Zaur isə elə bil bütün məclisi duman içində görürdü və bu dumanın içində bircə sifət durulub aydın seçilirdi – Təhminənin sifəti, bu hay-küydə bircə səs aydın eşidilirdi – Təhminənin səsi:
– Mı naçinaem proqrammu azerbaydcanskoqo televideniya. Mı privezli vam iz naşeqo solneçnoqo Baku...
Zaur artıq sözlərin də fərqinə varmırdı. Təhminənin nə danışdığını da əməlli-başlı qavramırdı, yalnız səsinin ahəngini dinləyir və dodaqlarına qonmuş xəfif təbəssümü görürdü... Təhminə otaqdakıların da diqqətini çəkmişdi:
– Buna baxın, Moskvadan verirlər, bizim Bakı verilişidir.
– Hə qəzetdə yazmışdılar da...
– Bu kimdir, təzə diktordur?
– Hə də, nədi onun adı?
Alya xanım quru bir tərzdə:
Təhminə, – dedi, – indi də diktor olub...
Murtuz:
– Bu ki, həmin o arvaddır, bizim...
– Hə, hə, – deyə Alya ərinin sözünü kəsdi və Zaur bilirdi ki, kəsməsəydi Murtuz Balayeviç Spartakın adını çəkəcəkdi.
Təhminə danışırdı, gülümsünürdü, milyon-milyon tamaşaçıya gülümsünürdü, tək bircə Zaura gülümsündüyü kimi, plyajda, maşının içində, Murtuzovların bağlarında gülümsündüyü kimi...
Otaqda isə hamı bir ağızdan Təhminənin geyimini, sir-sifətini, durub-oturmasını, bütün həyatını müzakirə edirdi. Kişilər dodaqaltı qımışırdılar, qadınlar paltarına, saçının burumuna ağız büzürdülər, bir-birilərinin qulaqlarına əyilib nə isə pıçıldaşırdılar və yeni məlumat almış hər adam “vay, vay, vay” deyə məzəmmətlə başını bulayırdı... Kimsə dedi ki, Təhminənin əri Manafı tanıyır, əməlli-başlı abırlı adamdır yazıq, indi başına nə kül töksün ki, bütün şəhərdə biabır olub. Kimsə cavab verdi ki, qadam onun ağzına, o da adını kişi qoyub, başına papaq geyir... Kimsə dedi ki, Təhminə elə bəzənib-düzənib, elə bil bayram xonçasıdır... Kimsə dedi ki, bəs görəsən adamı televizornan milyon adamın qabağına çıxardanda bir maraqlanmırlar tərcümeyi-halıynan, kimdir, nəçidir, nə yuvanın quşudur... Bu vaxt qapılarının zəngi çalındı. Şahin gedib açdı, Spartak içəri girdi, salamsız-kalamsız anasına:
– Qapını bağlayıb getmisiz, mənim açarım səndədir axı, – dedi. Alya xanımın tənbehindən sonra ("Zaurun yaşıdır, niyə təbrik eləmirsən") çevrilib Zaura baxdı, Zaurun əlindəki “Ronson”a xüsusi bir diqqətlə nəzər saldı, mənalı-mənalı gülümsündü və hamının televizora tamaşa elədiyini görüb Spartak da ekrana tərəf çevrildi:
– Oho, – dedi, – əhsən, Taxmuşa...
Sonra Spartak çıxıb getdi, Təhminə də ekranda yerini ifaçılara verdi, mahnılar səsləndi və qonaqlar konserti dinləyə-dinləyə oxuyanlar, çalanlar barədə danışmağa başladılar... Filan xanəndə Parisdən nə gətirib, filan bəstəkar ayda nə qədər qazanır, filan rəqqasənin neçə yaşı olar...
Tahirə deyirdi ki, Emin Sabitoğlunun mahnılarını sevir, Caboş deyirdi ki, Zaur mütləq onların institutunda müdafiə eləməlidir. Murtuz deyirdi ki, bütün bu xanəndələr, oxuyanlar müftəxordurlar, ortada yeyib qıraqda gəzməyi sevirlər, dava vaxtı çoxusu ön cəbhəyə getməkdən canını qurtarırdı, amma ad almaq-filan gələndə özlərini birinci qabağa dürtürdülər... Bəhram deyirdi ki, indiki oxuyanlar dava vaxtı çoxusu heç anadan olmamışdı, olanları da südəmər uşaqlar idi.
Tahirə dedi ki, Polad Bülbüloğlunun mahnılarından da çox xoşu gəlir. Rüxsarə xanım dedi ki, paxlavaya söz ola bilməz, bilmirəm niyə gizlədir Zivər xanım bunun sirrini bizdən. Alya dedi ki, gərək bir xəlvət gəlib göz qoyam, öyrənəm Zivər xanımın sirrini. Zivər xanım da güldü, dedi peşkəşdir sizə bütün reseptlər. Murtuz Balayeviç də dedi ki, hə, nədi bu oxuyan gədə, bir belə saçın uzadıb qız kimi, bu moddu, nədi yəni belə?! Cabbar dedi ki, yüz faiz arxayın olun, mən bu müdafiə məsələsini boynuma götürürəm və Təhminə dedi:
– Naşa peredaça okonçena. Do novıx vstreç. – Bir an duruxdu və əlavə etdi: – Mne xoçetsya pozdravit tex telezriteley, u kotorıx seqodnya den rojdeniya.
Zaur bir an donub qaldı və nədənsə dərhal anasına baxdı. Anası da cəld ona baxdı və Zaur başa düşdü ki, anasıyla Zaurdan başqa bu otaqda heç kəs Təhminənin son cümləsinin fərqinə varmamışdı. Bircə anası bunun kimə aid olduğunu başa düşmüşdü və Zaur bir buna görə anasını bağrına basıb öpmək istəyirdi...
...Üç-dörd qədəh içmişdi Zaur, beyni dumanlanmışdı, ya nəydi, amma birdən ona elə gəldi ki, Təhminəni sevir, heç kəsi heç vaxt sevmədiyi və sevməyəcəyi kimi sevir.
Cabbar:
– Günü sabah elmi katiblə danışaram, – dedi...
Kitabxana.az · https://kitabxana.az/en/works/anar-besmertebeli-evin-altinci-mertebesi-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*
Onuncu fəsilEy, məh, mənimlə dustlarım düşmən eylədin,*Düşmən həm eyləməz bu işi kim, sən eylədin.*
Poems by other poets
Bahar oldu düşdü ahu-fəryada,Həsrətsən lalətək yüzə sən, bülbül.
SamburƏsriyib-əsriyib, kükrəyib axan,Ağzı ağ köpüklü divanə Sambur!
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,