Həzrət-əşrəf və əfxəm, Valanəsəb, şahzadə Etizadüssəltənənin xidmətinə ərz edirəm Allah onun səadətini daimi etsin!

Valahəzrətin məktubu yetişdi və başımı ucaltdı və cənabınızın əsərlərindən ibarət beş cild kitab, o cümlədən üç cild “Əfqanıstan tarixi” və iki cild “Fələküssəadə” gəlib çatdı. Bir cild “Əfqanıstan tarixi” və bir cild “Fələküssəadə”ni Şeyxülislam cənablarına verdim. “Əfqanıstan tarixi”nin bir nüsxəsini Mirzə Mustafaya təqdim edib, iki nüsxəsini isə özüm götürdüm. Bu gün ikinci gündür ki, hər gecə Şeyxülislamın mənzilində “Fələküssəadə” kitabını oxumaqla məşğuluq. Onu bitirdikdən sonra “Əfqanıstan tarixi”ni oxumağa başlayacağıq.

Şeyxülislam həzrət-əşrəfinizin iltifatı və qayğıkeşliyindən o qədər fəxr edir ki, vəsfini qələmə almaqdan acizəm. “Fələküssəadə”də bəhs olunan məsələlərdən, habelə “Əfqanıstan tarixi”nin mündəricəsindən aydın olur ki, həzrət-əşrəfiniz bir sıra elmlərdə, o cümlədən nücum elmində, hesab, həndəsə, coğrafiya elmlərində fəzilət sahiblərinin hədis və rəvayətləri, habelə ədəbiyyat və dünya xalqlarının tarixi sahədə dərin biliyə maliksiniz.

Şeyxülislam deyir ki: “Mən İranı görməmişəm, amma Qafqazın hər yerinə bələdəm. Bütün Qafqaz vilayətlərində istər şiələr və istərsə də sünnilər içərisində şahzadə qədər məlumat, bəsirət və hikmət sahibi, islam xalqları dillərində bu qədər savadlı, fazil və alim adam yoxdur”.

Yüksək nəsəbin elmi şərafətlə bir vücudda birləşməsi ən böyük səadət və xoşbəxtlikdir. Xüsusilə də ki, əsər yazmaq istedadına malik olmaq, doğrudan da ümumiyyətlə və islam xalqları arasında xüsusilə nadir hadisələrdən sayılır.

Şahzadə!

Əvvəllərdə də oxumuş olduğum “Fələküssüəadə”nin əhatə etdiyi məsələlərə görə, həzrət-əşrəfinizə olan ixlasım artmışdır. İndi həzrətəşrəf şahzadə ilə öz fikirlərim arasında artıq ixtilaf görmürəm. İstəyirəm ki, mündərəcəsi hələ indiyə qədər islam aləmində qələmə alınmamış qəribə bir əsərin bir nüsxəsini həzrət-əşrəfinizin xidmətinə göndərim. Lakin onu, həzrət-əşrəfinizin mənə nişan verəcəyi inanılmış bir adam olmazsa, heç kəsə verə bilmərəm ki, sizə çatdırsın. Əsərin müəllifi isə hələlik gizli qalmaqda davam edir.

Şahzadə! Həzrət-əşrəfinizdən bir sual etmək istəyirəm:

– Nə məqsədlə zəhmət çəkib “Fələküssəadə”ni yazmışsınız? Məgər sizin məqsədiniz bu deyilmi ki, xalq bu kitabın məzmunu ilə tanış olaraq, bundan sonra ulduzların hökmünə inanmasın, münəccimlərin və kahinlərin sözlərinə bel bağlamasın və bu vasitə ilə də cahillərin zümrəsindən xaric olaraq, ariflərin sırasına daxil olsun?!

Hazırda bütün Yer kürəsində yaşayan müsəlman xalqlarının sayı iki yüz milyona yaxındır. Zahirən onlardan 14 milyona yaxını İran məmləkətində yaşayır. Başqa ölkələrin əhalisini bir yana qoyaq, bütün İran ölkəsində neçə nəfər “Fələküssəadə”ni oxumaq iqtidarına malikdir?

Fərz edək ki, on min nəfər! Lakin həqiqətdə on min deyil, bəlkə min nəfər də buna qadir deyildir.

Məgər xalq bu min nəfər, ya on min nəfər adamdan ibarətdir?

Gərək bütün İran əhalisi, kişili-qadınlı, “Fələküssəadə”ni və onun məzmununu anlamağa qadir olsun ki, sizin də məqsədiniz yerinə yetsin və zəhmətiniz hədərə getməsin!

Avropa camaatı, qadınlı-kişili, beş-altı ilin ərzində hamısı savadlı ola bilərlər. Lakin bizim uşaqlarımız beş-altı il ərzində “Gülüstan”dan və “Bustan”dan hələ baş çıxara bilmirlər. Əlbəttə, belə olacaqdır! Çünki Avropa camaatı elə bir vasitə tapmışdır ki, onun yardımı ilə az bir müddət ərzində savadlanmağı bacarırlar. Bəs nə üçün biz haman vasitəni onlardan öyrənmirik? Bir halda ki, biz onların bütün tərəqqilərini etiraf edirik və onların bütün tənzimatını mənimsəmək arzusundayıq.

Az bir müddət ərzində savadlanmağın birinci vasitəsi əlifbanın asanlığıdır. Bizim əlifbamız isə cürbəcür nöqsanlara malikdir. Siz bir məclis düzəldin və bütün dünyada yaşayan xalqların əlifbasını qabağınıza qoyun! Onlardan ən gözəl və ən yaxşı hərflərin şəkillərini seçin, bizim üçün yeni bir əlifba düzəldin və xalqımızı qaranlıqdan işıqlığa çıxarın. Bu işdə beş şərtə riayət edin:

Birincisi, hər bir hərf ancaq bir şəklə malik olub, müxtəlif şəkilləri qəbul etməmiş olsun.

İkincisi, sait hərflər, yəni erab və hərəkələrin hər birinin xüsusi şəkli olsun və hamısı samit hərflərin yanında yazılsın.

Üçüncüsü, nöqtələr bütünlüklə hərflərdən atılsın.

Dördüncüsü, kəlmələrin tərkibində hərflər bir-birinə yapışmasın, yəni sözlər ayrı-ayrı hərflərdən əmələ gətirilsin.

Beşincisi, yazı işinin sürəti xatirinə əlifbamız avropalıların əlifbası kimi soldan-sağa yazılsın.

Köhnə əlifbamız da, dini işlər üçün təkcə din alimləri və ruhanilərin əlində qalsın. Yeni əlifba isə ancaq Avropa elmlərini yaymaqda mülki və dövləti işlərdə tətbiq edilsin. Necə ki, Böyük Pyotr rusların köhnə əlifbasını keşişlərin ixtiyarında qoyaraq, Avropa əlifbaları əsasında yeni bir əlifba icad etmişdir.

Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir. Bəli, bunu mən özüm də başa düşürəm. Lakin yenə də yazıram və nə qədər ki sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun.

Məlumdur ki, 15 ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm. Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir.

Bir də ki, həzrət-əşrəf şahzadə, böyük filosof və məşhur ustad Əbu- Reyhan Biruninin “Əl-asarül-baqiyə ənil-qurunül-xaliyə” (“Xali əsrlərdən qalmış əsərlər”) kitabının izahı və tərcüməsini bitirdikdən sonra mənə və Şeyxülislama iki nüsxə göndərsəniz, yenidən başımızı ucaltmış olarsınız. Mən isə hələlik yüksəkşənli Manukci Sahibdən “Mütənəbbein” və “Əncümənaraye-huşəng” kitablarının göndərməsini gözləyirəm.

Şahzadə! Əfsus, min əfsus ki, sizinlə həmsöhbət olmaq şərəfindən məhrumam. Həqiqətən, çox qiymətli bir vücudsunuz. Hər halda, uzaqdan da olsa, sizi tərif və dua etməklə məşğulam.

Mən və Şeyxülislam imkanımız olduqca “Fələküssəadə”nin fikirlərini əhalinin bütün təbəqələri arasında yayacağıq.

1874-cü il, yanvarın 20-də Tiflisdə,
sizə riyasız ixlası olan kolonel Mirzə
Fətəli Axundzadə tərəfindən yazıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets