1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti

Əzəmətli ağam!

O biri məktubda Ünküt kəlməsini yazarkən, başqa bir mətləb yadıma düşdü.

Ünküt elində yaşadığımız zamanlar, biz hər il yayda Əlipəncəsi adlanan yaylağa gedərdik. Əmim Axund Molla Ələsgərin arvadının Şahsevən tayfasında qohumları var idi. Onların yaylağı Savalan dağının ətəyində idi. Bir il qohumlarımızı görməyə getmək istədik. Köç-külfətli Əlipəncəsi yaylağında düşərək, Meşkin yolu ilə Savalan dağının ətəklərinə doğru yollandıq. Yolda müxtəlif isti sular gördük ki, vəsfə gəlməz. O cümlədən bir hovuz var idi ki, onu “Qotur suyu” adlandırırdılar. Oradan çıxan su təxminən bir dəyirmanı işlədə bilərdi.

Siz bu gün İranda çox nadir görünmüş işlərə əl qatdığınıza görə, nə olardı ki, dövləti-əliyyeyi-İrana bir layihə təqdim edəydiniz ki, 2-3 nəfər avropalı həkimi Savalan dağı ətəyində olan bu isti su mənbələrini yoxlamağa və onların əhəmiyyətini təyin etməyə göndərəydi, sonra isə o, isti və kükürdlü suların yanında binalar tikiləydi və xəstələr müalicə olunaydı!

Xəstələrin oraya getməsi üçün yollar təmir olunarsa, demək olar ki, hər il bu isti sulardan ağlagəlməyən miqdarda mədaxil əldə edilə bilər. Hətta avropalı səyyahlar və xəstələr də müalicə və tamaşa üçün Savalana gələrlər. Az bir zamanda o isti suların sayəsində o tərəflər vəsfəgəlməz dərəcədə abadlaşar və gözəlləşər. Ehtimal etmək olar ki, xüsusi bir şirkət tapılıb, bu suları icarəyə götürər.

Eyvay, mənim əzəmətli ağam!

Bu yerdə yenə də Ruhül-qüdsün bir sözü yadıma düşdü:

“Məclisin sədri: – Xarici dövlətlər istəyirlər ki, İran torpaqlarına təcavüz əlini uzatsınlar, nə etmək lazımdır?

Məclisin üzvləri: – Azərbaycan yollarını qayırmamaq lazımdır!”

Qorxuram ki, mənim məsləhətimi eşidən məclis üzvləri də desinlər ki: “Necə ola bilər ki, biz Savalan yollarını düzəldib, düşmənlərimiz üçün öz əlimizlə yol açaq? Bu nə xəyaldır?”.

Vallah-billah, tallah, siz nəzərdə tutduğunuz xarici dövlətlərin min səbəbə görə hələlik İran torpağında tamahı yoxdur. Əgər tamahı olsa, istər siz yol düzəldəsiniz, istərsə də düzəltməyəsiniz, bu torpaqları tutacaqlar. Nə üçün boş təsəvvürlərlə öz isti sularınızı və mədənlərinizi bəhrəsiz qoyaraq işə salmırsınız?

Mirzə Fətəli

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets