Page 2 of 2 · 50%

S u a l – Belə isə, Mirzə Fətəli, sənin induksiya və deduksiyana görə biz yeni əlifbanın tətbiqi nəticəsində tələf olan köhnə kitablarımızın yüz kürur tümənə yaxın qiymətindən əl çəkib, zərərə düşməliyikmi?

Cavab – Əli xan, sən istəyirsənmi ki, yüz kürur tümən xatirinə biz və bizim gələcək nəsillər bu gündən qiyamətə qədər min kürur il müddətində əbədi bədbəxtlik və cəhalət içində qalaq?

Bir də belə deyirlər ki, sədr-əzəm cənabları əlahəzrət padşahı Avropa səfərinə aparır. Bu xüsusda da bir neçə kəlmə yazmaq istəyirəm.

Şah əlahəzrətləri Peterburqu, Berlini, Venanı, Parisi, Londonu və İstanbulu görüb başa düşəcəklər ki, dünya başqa dünyadır, vəziyyət isə başqa cürədir. Ona görə də şübhəsiz, hər bir məsələdə avropalıların təcrübəsini tətbiq etməyi xahiş edəcəkdir. Avropalıların təcrübəsi isə cürbəcür və müxtəlif elmlərin və sənətlərin yayılmasının nəticəsidir.

S u a l – Avropalıların təcrübəsi hansı adamların, hansı elm sahiblərinin, hansı sənətkarların və hansı sərvət sahiblərinin köməyi ilə tətbiq olunacaqdır? Məgər İstanbul sultanı və Misir xədivi avropalıların üslubundan xəbərsizdirlər? Məgər onu öyrənmək istəmirlər? Bu müddət ərzində onlar nə etmişlər? Hey çalışıb-çapalayırlar, hey yaxalarını yırtırlar, lakin ortalıqda heç bir nəticə yoxdur. Bu gün onların məmləkətində müşahidə olunan az-çox mədəniyyət əsəri yenə də islam şahlarının xidmətində olan avropalıların köməyi ilə yaranmışdır. Osmanlı xalqının özünə gəlincə, iraq olsun, bütün islam xalqları kimi, o da hər cür elm, maarif və tərbiyədən məhrumdur.

S u a l – Bəlkə islam xalqlarının fitri qabiliyyəti yoxdur?

C a v a b – Xeyr! İslam xalqları fitri qabiliyyət nöqteyi-nəzərindən bütün Avropa xalqlarından üstün olmasalar da, əskik deyildirlər. Onların mədəniyyət aləmində geridə qalmasının səbəbi ancaq elmləri və sənətləri öyrənmək vasitəsinin yoxluğudur. Məsələn, islam əlifbası ilə yerlərin və ölkələrin adını düzgün yazmaq və oxumaq mümkün deyildirsə, coğrafiya elmini nə cür öyrənmək olar? “Cami-Cəm” kitabını oxuyub filan yerin adını düzgün söyləyə bilən bir adam harada tapa bilərsiniz? Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri necə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məmul olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birində olan kitablarda bu elmi istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair necə əsərlər yaza bilərik? Bütün bizim gəncliyimiz ancaq savad öyrənməyə sərf olunur. Bir halda ki, biz ərəb dilini iyirmi ildə və fars dilini on ildə mükəmməl öyrənə bilmirik, ərəb dilini öyrənmək işində tələbələrimiz nə qədər əziyyət çəkirlər və cavanlıq illərini təhsil işində sonsuz zəhmətlərə qatlaşaraq keçirirlər, təhsildən qayıtdıqdan sonra isə qocalıb ruhdan düşür və heç bir şey bilmədən, ömürləri hədərə gedir. Bir halda ki, onların öyrəndikləri elmin ancaq dini əməllərə və məsələlərə az-çox dəxli vardır, bizim dünya işlərində zərrə qədər mənfəəti yoxdur. Onların biliyi isə təkcə axirət işləri üçün yarayır. Lakin bütün bu sözlərdən sonra insafı itirməmək lazımdır. Şah əlahəzrətlərinin Avropaya getməsi yaxşı bir fikirdir. Əgər o, öz vəliəhdini də apararsa, daha yaxşı iş görmüş olar.

Avropa səfəri sizin sədr-əzəm cənablarının çox gözəl təşəbbüsüdür:

“Şərabın bütün eyiblərini dedin, hünərini də de!”

Sizin sədr-əzəm cənablarından qəlbən nə qədər uzaq olduğumu bilirsiniz. Lakin şəxsiqərəzlik üzündən haqqı inkar etmək kişilikdən deyildir.

Həqiqətdə, biliyi, tədbiri, fikirlərinin sağlamlığı, zehninin itiliyi, görüşlərinin incəliyi, uzaqgörənliyi, xalqsevərliyi, dövlətə pərəstişi, işgüzarlığı və çalışqanlığı ilə bərabər, dünya və zəmanənin vəziyyətinə dair geniş məlumatı nöqteyi-nəzərindən İran ölkəsində hicrətdən indiyə qədər sizin sədr-əzəm kimi bir nazir hələ iş başına gəlməmişdir. Onun paxıllığını çəkənlər heç birisi, insafla desək, onun tayı və bərabəri ola bilməzlər. Onun gördüyü tədbirlərin hamısının faydasız olduğunu söyləmək olmaz. Onun aclara ianə toplayan cəmiyyəti yaratmaq, rüşvətxorluğu aradan qaldırmaq və başqa bu kimi işlərinin və fikirlərinin faydasını necə inkar etmək olar? Bizim sözümüz orasındadır ki, onun çəkdiyi bütün bu zəhmətlərin nəticəsi müvəqqətidir və özündən sonra unudulub gedəcəkdir. Lakin əgər o, bütün bu tədbirlərlə yanaşı, maarifin yayılmasına da çalışaraq elm və tərbiyə işlərini asanlaşdırarsa, öz ardınca gedən bir çox liberal adamlar hazırlayacaqdır ki, onlar onun İran torpağında saldığı toxumları göyərdəcək və onun fikirlərini əbədiləşdirəcəklər. Bu o deməkdir ki, onun gördüyü işlər mədəniyyətin başlanğıcıdır. Onların davamı və sona çatdırılması üçün liberallar yetişdirmək lazım gəlir ki, böyük işlərin əsasını qoyanlar kimi, onun da adı dünya yaşadıqca yaşasın.

Sizə ixlası olan Mirzə Fətəli 1288-ci il
hicri, 1872-ci il miladi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets