Doğulduğun, böyüdüyün VətənindəHaqq tapdanıb, şər udulsa, vay halına!Səxavətin unudulsa, qəm eləmə,Ləyaqətin unudulsa, vay halına!

İmzası var yasda toyun, toyda yasın,Bu qütblər bir-birindən ayrılmasın.Sənə şorun bahalığı dərd olmasın,Yağın şorla bir tutulsa, vay halına!

Hər söhbətin hər məclisdə yeri deyil,Unutma ki, qocalırsan sən ilbəil.Yaşıdların sənə gülsə, zarafat bil,Balan yaşlı cavan gülsə, vay halına!

Həyatından gileylənib çox ağlama,Ötənləri yana-yana varaqlama.Arzuların ölməsinə yas saxlama,İnam ölsə, iman ölsə, vay halına!

Nöqsanını üzə deyən namərd deyil,Kirayədə yaşadığın ev, yurd deyil.Anan sənə ögey olsa, bir dərd deyil,Zaman sənə ögey olsa, vay halına!

Yanvar, 1989

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets