Page 1 of 3

O, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı.

Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim.

Firuzə son kursda idi. Amma bu dörd ildə onun kim olduğunu öyrənə bilməmişdim. Bir gün məni qalereyada saxlayaraq, rəngdənrəngə girən üzü, xəfif-xəfif əsən incə dodaqları və şirin dili ilə:

– Bağışlayın, doktor, sizdən bir ricam var, – deyərkən, mən çox təəccüb etdim. – Mən bütün bu praktiki işlərə davam edirəm, qızdırma ilə mübarizə aparmaq üçün rayonda olmuşam. Mən sizdən rica etmək istəyirəm, əgər mümkünsə...

O öz fikrini ifadə edə bilmədi, dili dolaşdı, qızardı.

Mən bilaixtiyar gülümsədim.

– De görüm, Firuzə, utanma, de görüm nə istəyirsən? – deyə soruşdum.

O yenə gözünü açdı, diqqətlə mənə baxdı və yavaşca:

– Doktor, mən sizinlə bir yerdə işləmək istəyirəm. Xəstələrə baxarkən, yanınızda olmaq istəyirəm, sizdən öyrənmək istəyirəm, vaxt taparam, vaxt taparam, – dedi.

Ertəsi gün müəyyən saatda ağ xalatda gəldi:

Qəbuldan sonra Firuzə kabineti nizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı.

Qapının zəngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl əsgər şinelli bir kişi dururdu. Çox həyəcanlı və rahatsız görünürdü. O içəri girdi. Diqqətlə baxdım, çox çətinliklə tanıdım. Gələn neft işçisi idi. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim, hətta xəstələri qəbul saatlarından kənar qəbul etmədiyim üçün, haqqımda qəzetə məktub da yazmışdı.

Çox səliqə ilə görüşdü və təklif üzrə oturduqdan sonra, xəfifcə gülümsəyərək:

– Məni tanımırsınız, doktor? – dedi, – vaxtilə mən sizi qəzetə vurmuşdum,

– sonra xoş bir təbəssümlə: – Sizdən yardım almağa gəlmişəm,

– deyə əlavə etdi.

– Siz yenə xəstəsinizmi? – deyə soruşdum.

– Yox, doktor, mən azmışam.

– Necə yəni azmışam?

– Evimizi itirmişəm.

Mən diqqətlə ona baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Onu müayinəyə cəsarət etmirdim, çünki özü bunu təklif etmirdi. Üzündə bir həyəcan vardı.

– Çox qəribədir, doktor, evimizi itirmişəm.

“Bəlkə beyninin bir hissəsi zədələnmişdir?” – deyə düşündüm və eyni zamanda:

– Evinizin yerini unutmuşsunuz? – deyə soruşdum.

– Yox, – deyə Məmməd tez cavab verdi. – Mən 20 il, yəni anadan olandan Bakıda yaşamışam. Bakının hər bir küçəsinə, hər bir döngəsinə hər bir dalanına bələdəm. Çox yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir otaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dolu olardı. Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. – O, həyəcanla danışırdı, getdikcə daha da coşur və uşaqlıq xatirələrinə dalırdı. – Mən o zaman uşaqdım. Yaxşı yadımdadır, bir suçumuz vardı. Bir eşşəkdə, dörd səhənglə bizə su daşıyırdı. Yaxşıca yadımdadır ki, bir gün, anam yüklərin hesabına saxlamaq üçün ona pətə verdikdə, o anamın əlini tutdu, anam o vaxt hələ gəncdi, suçu anamın əlini xeyli saxladı; anam nədənsə gözlərini qaldırıb ona baxdı və məni göstərdi. Yadımdadır, böyük, köhnə qəbiristanın o biri tərəfi boş bir çöl idi, orada Şah Abbasın ovdanı vardı. Yağış suyu bu ovdana axırdı. Pillə ilə oraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular. Atam isə bir neçə pud arpa məhsulu almaq üçün, qoca yabı ilə xışın ucundan yapışıb yer sürürdü. O, kənkan idi, amma acından ölməmək üçün arpa əkirdi.

Laboratoriyadan Firuzənin səsi eşidildi. O, xoş bir səslə, adəti üzrə, qədim bir Azərbaycan mahnısı oxuyurdu:

Qızıl toplayardı yerin qatından,

Əzizim qazmaçı, böyük qəhrəman.

Qara qan çəkərdi yerin qatından

Torpağın bağrını burub dələrdi;

Çılğın təbiətə qalib gələrdi.

– Oxuyan kimdir? – deyə o birdən soruşdu və gözlərini mənə dikdi.

Fikrini dağıtmaq üçün laqeyd bir halda:

– Qızımdır, – deyə cavab verdim.

– Yaxşı səsi var, – deyə müsahibim azacıq qalxdı, papiros çıxartdı və dərindən köksünü ötürərək, öz-özünə danışırmış kimi:

– O da tez-tez belə oxuyardı, – dedi. – Gözləri daha da dumanlandı, daha dərin bir xəyalata daldı. Mən dinməzcə ona diqqət edirdim. – Bəli, doktor, hamısı yadımdadır. Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında oturdum, o isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. O sapsarı saralmışdı. Xozeyin qaş-qabağını tökərək:

– Nə üçün çıxdın? – deyə soruşdu.

– Olmur, ağa, qaz adamı boğur, quyunun dibində bir şey guruldayır.

Sonra fantan vurar, öldürər.

Ağa əllərini ölçərək acıqlandı:

– Bir ildir işləyirsən, bir aləm pul qoymuşam. Indi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər?

Ağa atama yanaşıb, üzünə şart bir şillə vurdu...

– Ağa, qorxuludur, mənim uşaqlarım var...

O mənə tərəf baxdı. Gözlərimiz bir-birinə sataşdı. O, sanki gözlərimə baxmağa utanırdı, mənim yanımda vurulduğu üçün utanırdı. Mən onu həmişə hamıdan qüvvətli və qoçaq hesab edirdim. O tez gözlərini məndən çəkdi. Mən artıq ağlamırdım. Məndə bu zalım adama qarşı bir nifrət qaynayırdı. Ağa mənə yanaşdı və atamı vurduğu əli ilə başımı

tumarladı, cibindən kağız pullar çıxarıb mənə uzatdı. Sonra bildim ki, bunların hərəsi on manatlıqdır.

Sonra o, atama dedi:

– Məşəd Əli, gir quyuya! Qorxma, gör yaxınlıqda nə qədər quyu var, Allah qoysa neft çıxar, sənin üçün papaqlıq, arvadın üçün tumanlıq, oğlun üçün də, – yalın ayaqlarımı göstərərək, – başmaq və köynək alaram.

Atam sanki tərəddüd edirdi. Ağa onu yavaş-yavaş tovladı və mənə iki kağız pul da uzatdı. Atam gülümsədi. Könülsüz halda mənə yaxınlaşdı.

Pulları əlimdən alıb köhnə arxalığımın balaca cibinə qoydu, gözlərimin yaşını sildi, köhnə dəsmaldakı bağlamanı açıb mənə bir parça çörək verdi, gözlərimdən öpdü, əlini çal saqqalına çəkib dua oxudu və çarxın kəndirini açıb, yenə də quyuya düşdü. Mən acdım, amma yeyə bilmirdim...

Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.

Müsahibim yenə yerindən sıçradı və:

– Oxuyan kimdir? Hə, dediniz, qızınızdır, – deyə yenə dərindən köksünü ötürdü.

Firuzə oxuyurdu:

Əzizim, bir Qorxmaz adlı qəhrəman

Qara qan çəkərdi yerin qatından;

Torpağın bağrını vurub dələrdi,

Çılğın təbiətə qalib gələrdi.

Mən ona yanaşdım və xəstəliyinə şübhə etdiyimi sezdirməmək üçün gülümsəyərək:

– Hə atanız sonra necə oldu? O indi sağdırmı? – deyə soruşdum.

– Yox... O... Onu hissiz bir halda çəkib çıxartdılar. Mən ona tərəf yüyürdüm. Gözləri açıqdı, amma üzü, xüsusən dodaqları gömgöy, dəniz kimi idi. Ağa kədərli bir əda ilə: – Öldü, – dedi. Birdən quyu guruldadı, qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sovurdu.

– Ay can! – deyə ağa sevinərək, meyitdən uzaqlaşdı. Məni işçilər kənara çəkdilər. Tez qoyun kəsdilər. Ağa əmrlər verməyə başladı. Mən isə neft selləri altında yatan atamın yanına can atırdım. Işçilər mane olurdular. Nəhayət, ağanın əmri ilə işçilər atamın ayaqlarındın yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qoyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evimizə gətirdilər. Nəbzini yoxlarkən, məqsədimi anlayan Məmməd birdən sözünü kəsərək:

– Doktor, əbəs yerə zəhmət çəkirsiniz. Mən qətiyyən xəstə deyiləm,

– dedi, – mən xəstə deyiləm, ağlım da özümdədir. Görürsünüz ki, hər şey yadımdadır, qapımızdan bir rus qadını keçirdi, əlində bir dəstə çiçək vardı. O bu çiçəkləri qəbiristana aparırdı. Onun qarşısına yüyürdüm.

– Çiçəyin birini mənə ver, – dedim. Qadın mənə baxdı və iki çiçək verdi. O çiçəkləri alıb qəbiristana yüyürdüm və atamın qəbri üstünə qoydum. Sonra yaş torpaq üzərində uzanaraq, kiçik üzümü qəbirə dayadım. Soyuq torpağı isti göz yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının küləyi sümüklərimə işləyirdi. Bütün bədənim titrəyirdi. Bundan sonra xəstələndim və üç ay yatdım. Doktor, bəlkə mən sizə mane oluram! – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qəzetimizin ədəbiyyat dərnəyində

Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.

2 min
“İblis”in son quruluşu

Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:

3 min
V.A.Uğryumi

Dünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.

2 min
Türk teatr məktəbi

1Məktəbin açılışı və onu doğuran səbəblər

16 min

Poems by other poets