Nə evdə dözürəm yalqız,Nə çölə çıxa bilirəm…Nə də xəcalətdən xalqın,Üzünə baxa bilirəm…

Başım köksümdə gəzirəm,Özüm özümü danıram.Nə düşmən qırıb əzirəm,Nə şəhid olub yanıram…

Əlim kəsir öz əlimi,Gör nə nankoram, düşüyəm…Say-hesabsız qız-gəlini,Yad əldə qalan kişiyəm…

Sökürlər harınlar məni,Bütün aləm baxa-baxa…Güclə aparırlar məni,Öz özümü qorumağa…

Ocağı keçən kösövəm,Cəsədi yanan bədənəm…Nə millət kimi bütövəm,Nə vətən kimi vətənəm…

Ayırın, ətdən ətimi,Bəlkə bu yurda yarıyam…Xalqın bu fəlakətinin,Məndə bir günahkarıyam…

Tez silah verin? Götürün,Yatan baxtım oyan görək…Bu qeyrətsizlik kirini,Qanım ilə yuyam gərək…

1993.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland