Söz satıram,alan yox…
Çox deyirlər talan olub, uçulub,Sökür, yeyir kim nə qədər bacarır…Şairlərin heykəlləri uçulur,Dəllalların kabusları ucalır…
Dahi sözü indi olub gülməli,Tacir sözü əsir edib çoxunu…Nəyə gərək Nizaminin heykəli,Amma boldur satmaq üçün çuqunu…
Baş əyərəm bir təmiz kəs tapılsa,İndi bizi natəmizlər tanıdır.Kim bu xalqı daha artıq çapırsa,O, elinin şərəfidir, şanıdır…
Zirzəmilər zırpıların səngəri,Hər nə desən satır orda qor-qoduq…Atom belə kap eləməz onlara,Basılmazdır alverçilər ordusu…
Belələri vətən, millət tanımaz,Onun bircə pul sözü var dilində.Xirtdəyimiz, nəfəsimiz, canımız,Kartof, çörək, ət satanın əlində…
Çox dişilər dişi olub qorxudan,Çox dişilər kişi kimi çarpışır…Qardaş vurub qardaşını arxadan,Dönüb olur erməninin qardaşı…
Üzdən hamı millət dərdi çəkəndi,Bəs, nə üçün qanı axdı millətin?..İtdi, batdı,tərac oldu tükəndi,
Ta adı var, özü yoxdur millətin…
Öz qarnına yem güdənlər az deyil,Vətən gərək yerləşməyə gödəndə…Sözdə vətən göyərdənlər az deyil,O göyərə gərək qanda, bədəndə…
Hanı igid Koroğlumuz, hardadır,Nə zamandır eşidilmir nərəsi.Gəlsin, görsün qeyrət satır, ar satır,Torpaq satır onun nankor nəvəsi…
Xəbər verin Vaqifə, Vidadiyə,Ta onlar tək dost qeydinə qalan yox…Allah, həsəd aparıram Hadiyə,Söz satıram, indi onu alan yox…
Meydanlarda qışqırırdıq biz nərik,Cəbhələrdə itdi, batdı səsimiz.Çox deyirik Qarabağı vermərik,Yarı olub daha məmləkətimiz…
Bu yarı da yarılara bölünüb,Yarıcandır yarıların özü də.Allah, mənə ta yarımçıq görünür,Azərbaycan kəlməsi də, sözü də…
1993.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabir-novruz-soz-satiram-alan-yox
Use ← → keys to move, R for a random poem