Biz kimik və istədiyimiz nədir
Contents
Page 3 of 4 · 50%
V. rəncbərlərə istədiyimiz
Azərbaycan xalqının çoxu kəndlərdə və qəsəbələrdə olurlar. Bunların güzəran və diriliyi torpağa və onun məhsuluna bağlıdır. Biri buğda əkir, o biri pambıq becərir, bir ayrısı bağçılıq eliyor. Bəzi yerlərdə də əkinçiliyə heç həvəsi olmayan bir bəy, mülkədar və ya tacir hədsiz torpağa malikdir. Görürsən buğda əkmək meylində olan rəncbər gedir bəyin və ya tacirin qapısına diyor:
– İstiyorum uşaqlarıma qış ruzisi üçün buğda əkəm. Toxumluq buğdam da var: amma torpağım yoxdur. Gəl torpaq səndən, zəhmət məndən buğda əkək.
Torpaq sahibi razı olur. Amma bu şərtlə ki, biçin zamanı buğdanın yarısı torpaq haqqı verilsin. Rəncbərin əlacı nədir? Yer yiyəsi qeyri şərtlər də qoya, gənə qəbul edəsidir. Çünki torpaq olmasa, buğda əkilməsə, qışda rəncbərin külfəti acından öləsidir. Biçarə rəncbər başlıyor yeri əkməyə, suvarır, biçir, xırmana toplayıb döyür. Buğda çuvallara dolduqda bəy gəlir bölüşməyə. Zəhmət çəkən rəncbər buğdanın tən yarısını kənarda oturub əlini-əlinə vurmayan bəyə verir.
Bu misaldan məlum olur ki, bir şəxs zəhmət çəkir, o biri çəkmir və zəhmət çəkməyən zəhmət çəkənin alın təriylə əmələ gələn malına şərik çıxır.
Bizim nəzərimizcə hər kəs öz zəhmətinin məhsulunu almalıdır.
Biri çox zəhmət çəkdi gərək əvəzini alsın.
Zəhmət çəkməyən də cəzasına çatsın, yəni tənbəlliyin meyvəsini yesin.
Torpaq işlərini ədalətli bir qaydaya salmaq üçün firqəmiz məsələni böylə həll ediyor. Azərbaycandakı cəmi torpaq məmləkətimiz ixtiyarında olur. Azərbaycandakı cəmi torpaq (istər sabiq padşahın xəzinəsinin, istər qeyri mülkədarların ola) pulsuz olaraq zəhmətkeşlərə paylanacaq. Əlbəttə, paylanandan qabaq gərək torpağın miqdarı və rəncbərlərin sayı məlum olsun. Sonra hər zəhmətkeşə bir parça yer veriləcək. Bu yerin böyüklüyü qanun ilə təyin olunacaq. Hər halda verilən torpaq rəncbəri və külfətini dolandıracaq. Verilən yerə rəncbər malik olur və öz yeri olduğunu və heç vədə əlindən alınmamağını bildikdə o yerin üstündə cani-dildən işliyor.
Rəncbərə dövlətimiz tərəfindən yer bağışlandıqda o yerin altındakı xəzinələr, mədənlər və sair verilmir. Məsələn, kəndçi Mustafaya bir parça yer verilir. Sonra məlum olur ki, bu yerin altında qızıl mədəni var. Onda milli idarə mədənin işlənməsini öz ixtiyarına alır. Hərgah mədən işlədikdə kəndçi Mustafanın əkininə zərər yetişirsə və ya əkin mümkün olmursa, Mustafaya yeni torpaq verilir. Deməli, məmləkətin fikri bu olmalı ki, zəhmətkeş zəhmətini qoymaq üçün yer tapsın. Ta ki, özünü və külfətini rahat dolandıra bilsin.
Torpaq tamam alınıb rəncbərlərə paylandıqda, mülkədarlar böyük zərərlər çəkirlər. Öylə adamlar var ki, bilmərrə müflis olurlar. Dünən bəylik və ağalıq edən adam bu günkü ruzisini qazana bilmir, malına ümid bağlayıb, yaxşı ömür sürənlər birdən yoxsulluq bəlasına giriftar olub, naçar qalırlar. Millətin bu sinfinin də dərdini nəzərə alıb firqəmiz qərar qoyar ki, torpaq əlindən alınan mülkədarlara da zərər və xəsarətlərinin əvəzi verilsin. Əlbəttə, bu pulları millət xəzinəsi öz öhdəsinə götürür və borcludur ki, dövlətlilərdən alınan vergilərdən versin.
Meşələr, göl və göləvat yerlərə və axar sulara gəldikdə bunlar hamının malı hesab olunacaq. Ümumin mənfəəsini nəzərə alaraq öylə qanunlar qoyulacaq ki, təmi artırıldıqdan xalqa xətər toxunmasın. Məsələn, meşə başına qalsa, hər yetən onu qırar. Axırda xalq odunsuz qalar. Meşə də tez əmələ gələn şeylərdən deyil. Buna görə odun qırmaq qanuna və nizama tabe olacaq.
Göl, göləvat yerlər və axar sular da habelə.
Vı. işçilərə və fəhlələrə istədiyimiz
Mədəniyyət vətənimizdə artdıqca, fabrik və zavodlar da artır. Fəhlə xalqı gün-gündən çoxlaşır. Məlumdur ki, insan (kəndli insan) ağ günlükdən fəhləliyə getmir. Hər kəsin pulu yoxdur və ya əkməyə torpağı yoxdur, baş götürüb gedir şəhərə və zəhmətini satmağa yer axtarır. Yiyəsiz fəhlə çox əziyyətlər çəkir: çox əllərə keçib bir qarın çörəyə qul olur. Çoxları fəhləni ac və çörəksiz gördükdə, onu bacardıqca artıq işlədir. Çox vaxtı körpə uşaqlar dövlətlilərin toruna düşüb, fabrika künclərində ömürlərini çürüdürlər...
Bu zülmləri nəzərə alaraq firqəmiz “Müsavat” fəhlənin rahatlığa çıxmağını istiyor. Böylə ki, fəhlənin iş günü səkkiz saatdan artıq olmamalıdır. Gecə-gündüz iyirmi dörd saat olduqda insan bunun səkkizini yuxuya, səkkizini işə və səkkizini də xüsusi işlərinə sərf eyləməlidir.
Fəhlə həftədə altı gün işləməli, yeddinci gün isə dincəlməlidir. Gecə qulluğu qadağan olunmalıdır. Ancaq bəzi işlərdə gecə işləməyi vacib olduğundan gecə işləməlidir. Işin vacibliyi fəhlə cəmiyyətləri tərəfindən təsdiq olmalıdır ki, bəhanə ilə fəhlələri aldadıb işlətməsinlər.
On altı yaşına çatmamış uşaqların fəhləliyi qadağan olunmalıdır. Çünki bunların bədəni o qədər kövrəkdir ki, işə tab gətirməzlər. Bir də balalar on altı sinlərinədək məktəbdə oxumalıdırlar. On altıdan 18 yaşına qədər olanlar gündə altı saat işləməlidirlər. Çünki artıq iş onların bədənlərinə zərərlidir. O ki, qaldı arvadlara, bunlara da bədənlərinə zərər gətirən iş vermək qadağandır. Muzdur və işçi arvadlar hamilə olduqda doğana bir ay qalmışdan işdən azad olmalıdırlar və doğduqdan ay yarım sonra işə başlamalıdırlar.
Bu iki ay yarım vaxtın məvacibi tamam-kamal muzdur arvada çatmalıdır.
Hamilə və doğan arvadı işdən azad eyləməkdə məqsəd budur ki, arvadın qarnındakı balanın vücudlarına zərər toxunmasın. Bir çox əli uşaqlı arvadları fəqirlik fabrikalarda işləməyə məcbur ediyor. Bizim istədiyimiz budur ki, böylə arvadların balaları üçün fabrikin yanında tərbiyəxanalar açılsın. Ta ki, həm analar balalarından arxayın olsunlar, həm də balaların salamatlığı və tərbiyəsilə çalışılsın.
Südəmər uşaqlar olduqda işçi analar hər üç saatdan bir yarım saatlığa balalarının yanına buraxılmalıdır.
Çox fəhlələr iş zamanında şikəst olurlar. Kimi qoldan və qıçdan olur, kimi gözlərini itirir. Böylə fəhlələr hökumət xərcinə olaraq sığorta olunmalıdır. Yəni şikəst olub, işə gedə bilməsələr məmləkət xərcinə saxlansınlar.
Uzun müddət bir yerdə işləyən fəhlə muzdunu hər həftə başı alır.
Muzd pul ilə olur. Pul əvəzinə şey vermək qadağan olunacaq. Çünki şey verdikdə fəhləni tovluyurlar. Bəzi adamlar fəhləni cəriməliyor və muzdundan çıxır. Bu, qadağandır. Fəhlə işlədikdə bir şeyi xarab eyləsə və ya xoşa gələn sayaq qayırmasa, onların qiymətlərini fəhlənin məvacibindən çıxmamalı. Fabrika və zavod kimi cəmi fəhlə işləyən yerlərə müfəttiş təyin olunmalıdır. Bu müfəttişlər fəhlələrə dair verilən qanunların dürüst yerinə yetirilməsinə baxacaqlar. Fəhlənin mənfəətini gözləmək uçün fəhlə vəkilləri də müfəttiş ilə işə baxırlar. Bu fəhlə vəkillərinə dövlət məvacib verməlidir. Ev qulluqçuları və nökərlər də bu müfəttişə tabe edilir. Fəhlələr çox vəqti narahat mənzillərdə yatıb-dururlar. Bu mənzillərdə insanın səlamətliyi üçün vacib olan işıq, quruluq və istilik olmur.
Fəhlə mənzillərinə baş çəkmək ixtiyarı və onları nizama salmaq məsələsi idarəyə məhvəl (həvalə) olunur. Əlbəttə, gənə fəhlə vəkilləri iştirak edir ki, doğruluq ortaya çıxsın.
Hər bir fəhlə işləyən fabrikalarda əmələlər üçün həkimlər saxlanmalıdır ki, azarlılara vaxtında baxıb, işdən azad eyləsin və müalicə başlansın. Dərman və həkim gərək iş sahiblərinin xərcinə olsun.
Azarlı fəhlə azarladığı zamanda məvacibini almalıdır.
Hansı iş sahibi qanunu pozub, fəhləyə zülm eyləsə, məhkəməyə verilib, tərbiyə olunmalıdır, hərgah fəhlə və fabrikaçı arasında qeylü qal baş versə, işə baxmaq üçün məsalhə heyəti qayırmalıdır. Bu heyətin yarısı fəhlə vəkillərindən, yarısı iş sahiblərinin adamlarından təşkil edib, bir yerdə işə baxıb, haqqı ortaya çıxarırlar: Yad şəhərə iş axtarmağa gələn fəhlələrə kömək etmək üçün zəhmət birjası qayırılır.
Qayıran da məhəlli idarələr olur. Zəhmət birjasının borcu budur ki, fəhlələrə tezlik ilə iş tapsın. Burada da yenə fəhlə vəkilləri iştirakedirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-biz-kimik-ve-istediyimiz-nedir
Use ← → keys to move, R for a random poem
More by this author
O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,
İkinci kitab, bir neçə söz“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Poems by other poets
Könül çıxart başdanBu xam sevdanı
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,