Birinci hissə
Page 13 of 20 · 60%
– Allah qonağı istərsənmi? – dedi.
– Allaha da qurban olum, qonağına da! – deyə Səfəri qonaq qəbul etdilər.
Adət üzrə qaravaş gəlib, qonağın ayaqlarını yudu, alaçığın qarşısında altına döşək saldı, qatıq-çörək gəldi. Miraxur da onun yanında oturub söhbətə başladı. Toran yavaş-yavaş qovuşur, qürubun sumağı boyaları tutqun pəlmələrə bürünürdü. Ətrafa çökən sükutu yalnız çayın xülyapərvər şırıltısı pozurdu. Yuxu da qaranlıq kimi seçilməz bir hərəkətlə gözlərə çökür, onların işığını söndürməyə çalışırdı. Yataqlar düzüldü, hər kəs başını yastığa, mütəkkəyə söykəyib yatdı. Miraxur da alaçığa, arvadının yanına çəkildi. Gecə qaranlığa doğru qoşur, göydən sallanan minlərcə qəndillər sanki ona yol göstərirdi. Hər kəs yatmış, yalnız Səfərin gözlərinə yuxu getmirdi: Qəmər ilə Şahbazın fikri ona rahatlıq vermirdi. Arxası üstə uzanıb, ulduzlara baxır, ona elə gəlirdi ki, oradan Qəmərlə Şahbazın gözləri parlayırdı. Bəzən bu gözlər arasında Tellinin də üzüm giləsi kimi qara gözləri utancaq bir halda ona baxır, həsrətində olduğunu duydurmaq istəyirdi. Səfər yerində qurcuxur, sonra yenə gözlərini ulduzlara dikərək, qəlbinin nalələrini, fəryadlarını dinləməyə başlayırdı.
Bu əsnada ehmal ayaq səsi gəldi. Xəyala dalmış Səfər bu səsə əhəmiyyət vermədi – bayğın gözləri sayrışan ulduzlar arasında dolaşırdı.
Lakin yaxınlaşan tappıltı onun qulaqlarını ayıltdı – kim isə alaçığa yaxınlaşırdı. Səfər gözünün ucu ilə qaranlığı seyr etdi. Bir adam gəlib, alaçığın yanında dayandı, ətrafa diqqətlə baxıb əyildi, yerdə nə isə axtarıb, özünə tərəf çəkməyə başladı. İçəridən boğunuq bir səs gəldi, acı bir fəryad duyuldu. Səfər cəld əlini mütəkkənin altına uzadıb, xəncərini götürdü və yatağından qaplan kimi sıçradı, onun bağırtısı
ildırım kimi şaqqıldadı. Alaçığın yanındakı adam toz kimi sovrularaq qaranlıqda itdi. Səfər onu təqib eləmədi, qulağını alaçığın çətənlərinə söykəyib dinlədi. Içəridən hirsli səslər eşidilirdi. Miraxurun boğunuq səsi yavaş-yavaş aydınlaşırdı: o, arvadını hədələyir, məzəmmət edirdi. Incə, qumrov kimi cingildəyən qadın səsi isə ona hücum edir, töhmətləndirirdi...
Səfər gəlib yatağına uzandı. Bir-iki dəqiqədən sonra Miraxur içəridən çıxıb gəldi, mütəkkəsinə söykənmiş Səfərə tərəf əyilərək yavaşca:
– Qonaq, gördün? – dedi. – Tikəm osanata düşdü. Yuxuda boğazıma kəmsik salıb, məni boğmaq istəyirdilər. Yaxşı ki, sən oyaq imişsən.
Miraxur hirsindən sözünə davam edə bilmədi, Səfərin qolundan yapışıb, onu alaçıqdan kənar bir təpəyə apardı. Oturdular. Miraxur çubuğunu yandırıb, dərdini açdı. Onun gənc arvadının oynaşı varmış.
Duyurmuş, tuta bilmirmiş. Bir dəfə arvadını öldürmək istəmiş, arvad and-aman eləyib, onu şübhədən daşındırmışdı. Nəhayət, Miraxuru öldürmək xəyalına düşürlər.
– Qonaq! – Miraxur dedi. – Tanrı səni arvadın məkrindən uzaq eləsin! “Əyri dostdan, dost olmaz – əyridir bir damarı”... Arvadın bir damarı həmişə əyridir!..
Miraxur özünü toxdatmaq üçün çubuğa bir qullab vurdu. Üfüqə toplanan qara buludlara baxdı, köksünü ötürdü. Səfər donub qalmışdı.
Miraxur sözünə davam etdi:
– Sən mənim canımı qurtardın, ay qonaq, indi de görüm, sən kimsən, nəkarəsən? Biz beş qardaşdıq, dördümüz davalarda tələf olduq.
İndi bircə mən qalmışam, sən mənim dünya-axirət qardaşım ol. De görüm, sənin dərdin nədir? Varımı, canımı səndən əsirgəməyəcəyəm!
Səfər Miraxurun səsində bir səmimiyyət və mərdlik duyub, dərdini açdı. Başına gələnləri bir-bir söyləyib, axır məqsədini də gizlətmədi.
Miraxur bir müddət susdu, sonra heyfsilənən bir səslə:
– Bunların hamısı yaxşıdır, – dedi. – Ancaq... Heyf ki, sən də arvad felinə düşübsən... Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Atları səndən əsirgəmirəm, minək gedək... Arazı o taya keçək, Kərbəla torpağına dəxil düşək, ömrümüzü duaniyazla keçirib, cifeyi-dünyaya aldanmayaq...
Səfər dinmədi. Üfüqdə kənarları qızaran qara buludlara tamaşa edərək orada məsum baxışlı Tellinin al yanağını, dağınıq qara tellərini gördü. Ürəyi kədərlə doldu.
Miraxur bir az hiddətli, bir az da mehriban və minnətdar bir səslə:
– Qonaq, – dedi, – ürəyinə pis fikir gəlməsin: atlar da, canım da sənin kimi mərd oğlana qurbandır. Ancaq sənə yazığım gəlir, cavansan, elə olmasın ki, mənim kimi ağsaqqal vaxtında boynuna araclıq gəlsin.
Səfər dinməyirdi. Tellinin yanaqları dan yerinin qızartısından parlaq idi. Onun gözləri sönməkdə olan ulduzlara işıq verirdi.
Miraxur hirsli bir hərəkətlə qalxıb getdi. Çox çəkmədi, Qəmərlə Şahbaz yəhərəsvablanıb gətirildi.
– Qonaq, – dedi, – durmaq vaxtı deyil, min gedək!
Cəld minib yola düşdülər. Yaxındakı çayı keçib bir söyüdlükdə dayandılar. Miraxur dedi:
– Tüfəngim yadımdan çıxdı. Sən burada dur, bu saat gedim, gətirim.
Miraxur öz atını da Səfərin yedəyinə verib getdi. Onun dönməsi təqribən on dəqiqə çəkdi. Səfər Qəmərin dalğalı yalını tumarlayaraq, atın alaqaranlıqda Dəməşq qılıncı kimi yarımdairə təşkil edən boynuna, qürurla dönən başına tamaşa edərək, heyran qalmışdı. O indi özünü yeri zəlzələyə gətirən Qızıl öküz belində hiss edirdi: Qəmər ona nəşəli və yenilməz bir qüdrət vermişdi.
Yüyürən ayaqların tappıltısı onun nəzərini cəlb etdi: Miraxur böyürdən çıxıb, qeyzlə yerə bir şey yuvarlatdı:
– Vəfasız arvadın aqibəti belə olar! – dedi, atın belinə atıldı. – Sür!
Qəmər yerə atılan şeyə baxıb ürkür, fınxırırdı. Səfər də diqqətlə ora baxdı: otun arasına pərakəndə saçlı bir qadın başı düşmüşdü.
16
Səfərlə Miraxur Kürün qırağına qədər bir yerdə getdilər, orada halallaşıb ayrıldılar: Səfər Şişəyə tərəf, Miraxur isə Araza doğru getdi.
Yolda Səfər təsadüfən Gəncədən zəfərlə dönən İbrahim xan qoşununa rast gəldi. Gözləri çıxarılmış Məmməd xanı üzüqoylu eşşəyə sarınmış bir halda gətirirdilər: ailəsi və qardaşı Rəhim bəy də burada idi.
Yüklü ulaqlar, qatırlar, atlar ağır-ağır yürüyürdü. Gəncəni və bütün kəndlərini talayıb gətirirdilər.
Səfərin altındakı at hamının nəzərini cəlb etdi. Hələ qoşun gedən yola çatmamış pişxidmətlər göndərilib, atın kimin olduğunu soruşdular.
Bir dəqiqədə Səfərin adı ağızlarda dolaşdı, minlərcə göz ona dikildi.
Səfəri xanın yanına gətirdilər. O, atdan düşüb baş endirdi:
– Mən buyurulanı elədim, indi ixtiyar xanındır! – dedi və başını qaldırmadı.
Vaqif əndişəli bir nəzərlə xana baxırdı; xanın qəzəb dolaşan üzündə mərhəmət görünməsi Vaqifi sevindirdi.
Xan amiranə bir səslə:
– Olmuşları igidliyinə bağışladım! – dedi, gülümsünərək Vaqifin üzünə baxdı. Orada təsvib ifadəsi görərək, daha da mərhəmətli bir səslə: – Qəməri min, muğayat ol, onu sənə tapşırıram.
Səfər atın yedəyindən tutub xan və məiyyətindən uzaqlaşdı; sərkərdələri də irəli buraxıb, sonra ata mindi. İndi o, özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi: bağışlanmışdı, özü də Qəmərin belində Şişəyə, Tellinin yanına gedirdi. Yenə sevgi dalğası onu qapladı – onun yalnız qanadı yox idi. Lakin tükənməz yol bitməyirdi, dəqiqələr illər kimi uzanıb gedir, həsrət atəşi aranın yay günəşindən də dəhşətli idi, lakin həsrət sərab kimi aldadıcı da olsa, intəhasız deyil, – saatlar ağır da olsa, yenə gəlib keçirdi.
Yandırıcı günəş qüruba doğru gedirdi. Nəhayət, dağların sərin küləyi əsməyə başladı, artıq şəhərə bir-iki dolama qalırdı.
Çaparlar əvvəlcədən xanın gəlməsini şəhərə xəbər vermişdilər.
Camaat – arvadlı-kişili, qala qapısının girəcəyindəki yamacları tutmuşdu. Bizim dostlarımız Kazım, Allahqulu, Gülnaz və Telli də orada idi. Şuşu dərəsindən toz qopdu, bir-iki çapar da at çatladaraq xəbərə gəldi. Xalq dalğalandı, yerləri çökək olanlar ayaq üstə qalxmaq istədilər.
Həyəcanlı səslər: “Otursanız!” – deyə onları oturmağa məcbur etdi.
Gülnaz cəld:
– Ay qız, – dedi, – Telli, başını belə tutsan, mən heç bir şey görə bilməyəcəyəm.
Telli gülə-gülə:
– Zarafat eləmirsən ki? – dedi, Gülnazın çənəsini əllədi.
Zarafata başlayan Telli başını əyib Gülnazın ağzını yamsılayırdı.
Gülnaz isə onun başının üstündən aşağıya, qəbiristanlığa tərəf baxırdı.
Birdən ansızın bir qışqırtı ilə:
– Gəlirlər, vallah gəlirlər! – dedi.
Telli cəld çevrildi. Xan məiyyəti ilə yamacı çıxırdı. Sükut ətrafı qapladı. Hamının diqqəti oraya cəlb olundu. Qoşun da görünməyə başladı.
Artıq xan məiyyəti ilə bizim qızların qarşısından keçirdi: üz-gözlərinə toz qonmuşdu, günəşdən sifətləri qaralmışdı. Vaqif çevrilib, qadınlar oturan yamaca nəzər saldı, onun gözü Telliyə sataşıb dayandı.
Telli qızararaq başını aşağı saldı. Xanla məiyyəti qala qapısından içəri girib yox olduqdan sonra Telli təkrar tamaşaya daldı.
Bir də onun gözləri bir nöqtəyə dikilib qaldı; qan üzünə vurdu. Taqətsiz qolu ilə Gülnaza toxunub:
– Ay qız! Ay qız! – dedi. – Bax o bizə gələn oğlan da buradadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,