Page 11 of 20 · 50%

Xanın rəsmi qəbul kallayısının bir tərəfi cehizlə dolmuşdu. Baba lələ bunları bir-bir götürür, kallayıya toplanmış əyan, əşrəf və əsnafa göstərir, məhəllə mollası da mütəkkə kimi lülələnmiş, ətrafı zərli nəqşlərlə təzyin olunmuş bir neçə arşınlıq tirmə kağızına qeyd edirdi. Şeylərin siyahıya alınması bir neçə saat çəkdi; burada ev mükəlləfatına dair heç bir şey unudulmamışdı; saat qabından, daban daşından tutmuş xalı, gəbə, qab-qacaq, cins Qarabağ atları, əlvan çamaşır, qiymətli paltarlar və xəzlərə qədər, hər şey vardı. Daş-qaş, cəvahirat, altun, qadın ziynətləri, sədəflə işlənmiş bir mücrüdə idi. Ziynətlərin çoxusu Şişə zərgərləri tərəfindən qayrılmışdı. Cehizin bir qismi toy payı olaraq, kəndlərdən göndərilmişdi: top-top ləmbəran qumaşı, Ağcabədi ipəyi, Gülablı cecimləri bu cümlədən idi. Ömər xan Avarıstandan gözəl silahlar: xəncər, qılınc və gümüşə tutulmuş yəhər-əsvab göndərmişdi. Cehiz kağızı bitdikdən sonra bir çox şahid möhürlərini kağızın aşağısına və ətrafına basdı.

Kişilər məsələnin rəsmi tərəfini yoluna qoyarkən, qadınlar da toya hazırlanırdılar. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaşalma və xınaqoyma oldu. Nəhayət, xoş bir saatda toy başlandı. Toy, təbii idi ki, yalnız qadınlar üçün idi; Kişi toyu Tehranda, bəy olan yerdə olmalı idi.

Axşamçağı Gülablı və Abdal zurnaçıları sarayın artırmasında çalmağa başladılar. Sarayın həyəti adamla dolu idi. Bunların əksəri ya saraya mənsub, ya da toya gəlmiş xanımların nökərləri idi. Bir tərəfdə əlliyə qədər quşçu durub, qollarında gözləri tikili qızıl quşlar tutmuşdular: xam quşları səs-küyə alışdırdılar.

Nökərlər əl-ələ tutuşub yallı getdilər. Yallının başçısı Baba lələ idi. Get-gedə zurnanın səsinə kənardan da adam toplanmağa başladı.

Yallı bitər-bitməz artırmadan bir-iki ovuc pul atdılar. Həyətdəkilər bir-birini əzişdirərək pulu qarpışdırdılar.

Günəş batana qədər bu əyləncələr davam etdi. Bundan sonra əsl toy məclisi qəbul kallayısında başladı. Yuxarı başda xanın öz ailəsinə mənsub əlliyə qədər xanım və qız əyləşmişdi, yan divarlar boyu isə əyan, əşrəf və əsnaf arvad və qızları oturmuşdular. Yüzlərcə şamlar yanırdı.

Sazəndələr tamam-dəstgah çalır, xanəndələr oxuyurdu. Həzin hava kimisini kədərləndirir, kimisini coşdururdu. Başdan-ayağa ağ geyinmiş Kiçikbəyim tay-tuş qızlarla oturub, dərin bir sükuta dalmışdı, ancaq bəzən xanəndənin həssas sözləri onu sarsıdırdı; o, köksünü ötürərək, incə dəsmalı ilə gözlərini silirdi. Yoldaşları ona təsəlli verirdisə də, bu təsəllilər onun kimsəyə bəlli olmayan dərdi qarşısında heç mənziləsində idi.

Sonra də aşıq məclisi başlandı. Gülablı və Abdal aşıqları sədəfə tutulmuş sazlarını dınqıldadaraq qoşa-qoşa kallayının bu başından o başına gedir: gah durub bayatı deyir, gah süzürdülər. Aşıqların el sinəsindən qopan sevgi, həsrət, ayrılıq kimi hissləri, oxşayan sözləri hər kəsi coşdurur, bütün varlığını sarsıdırdı. Kiçikbəyim daha da kədərlənirdi.

Onun qəlbində qəribə duyğular oyandı. Musiqi ona böyük olmaq, qəvi olmaq arzusu bağışlayırdı. Eyni zamanda başqa bir duyğu dalğalanaraq bu qəviliyi qırır, yerində acı, sönük bir kölgə qalırdı. Belə dəqiqələrdə Bəyim qalxıb oturduğu vəziyyəti dəyişir və köks ötürürdü.

Oyunlar Bəyimi qismən bu kədərli vəziyyətdən qurtardı; oynaq “Uzundərə”, “Rəng”, “Innabı”, “Tərəkəmə”, “Ağabala rizayisi” kimi havalar məclisə bir nəşə gətirdi. Qarabağ gözəlləri oyuna girişdilər.

Üstünə inci düzülmüş məxmər başmaqlar zərif xalıların üstündə quş kimi səkməyə başladı. Süzülən qara gözlər, incə hərəkətli ağ biləklər, nazlı barmaqlar hər kəsin nəzərini özünə cəlb etmədə idi. Bu nəfis rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hiss ifadələri vardı. Bir qız rəqsi bitirdikdə, o birisi onu əvəz edirdi, biri-birindən gözəl, biri-birindən cazibəli idi; hərəsinin də başqa bir əda, başqa bir oynayışı vardı.

Kiçikbəyim artıq yerində sakit dura bilməyirdi; nəşə onu qaplamış, məclisin ortasına çəkirdi. Birdən onun qəlbindən xəbər verən bir səs:

– Gəlin oynasın! Gəlin oynasın! – deyə eşidildi. Səsə başqa səslər də qoşuldu. Ortalıqda oynayan iki qız süzə-süzə Kiçikbəyimin qarşısına gəldi, incə əllərinin, yaraşıqlı başlarının xoş hərəkətləri ilə Kiçikbəyimi oyuna dəvət edirdilər. Bəyim durdu. Bütün məclis susdu. Hamının gözü gəlinə dikilib qaldı. Titrək əli ilə gərdəninə sığınmış tellərinə toxundu; buğdayı rəngi qızarmışdı; hər addımında həyəcanı duyulurdu.

Oyuna girdi: At belində çevik olan Bəyim, burada da eyni çevikliyi göstərdi; hər hərəkəti zərif və incə idi.

Gəlinin rəqsi ilə oyun məclisi bitdi, nədimlər məclisi başladı. Məclisin hər başında bir nədim oturub güvəng oyunu başladı. Bu adi və incə bir rəqs idi, yalnız ayaqlar iştirak etməyirdi, oturaraq qollar və çiyinlər hərəkətə gətirilirdi.

Güvəng bitər-bitməz, musiqi susdu, mənzum deyişmələr başladı.

Nədimlər bir-birini sındırmağa çalışırdılar. Bu deyişmələr hazırcavablığın, zərifliyin yüksək nümunələri idi. Sonra növbə abdallı Nəcəfə gəldi. Bunun özünə məxsus oyunları var idi. Nəcəf başına əmmamə qoyub, molla qiyafəsi geyinmişdi. Əsnaf paltarı geymiş şagirdi ona yanaşıb, baş əydi və ondan bir dini məsələ xəbər aldı:

– Axund, bir məsələ ariz olub: bir küp bal, bir küp də yağ yan-yana qoyulmuşdu; iki küpün arasında bir ölü siçan tapılıb. İndi iki küp arasında şəkk etmişik – bilmirik siçan yağa düşüb ölüb, ya bala düşüb ölüb. Çünki bala düşmüşsə, bal çölə tökülməlidir. Yağa düşmüşsə, yağ. Şərən nə etməliyik?

Nəcəf loğa-loğa öskürüb dedi:

– Mötəbər bir risalədə belə buyurmuşlar: iki küp arasında şəkk vaqe olsa, əsbabi-səbəb olan o xəbis kəsəyəni gərək götürüb, dodaqlarına tərəf çəkəsən və quyruğunun altını sümürəsən, bal dadı gəldi – bala düşüb, yağ dadı gəldi – demək yağa düşüb. Vəssalam, məsələ vazehdir.

Camaat güldü. Kiçikbəyim uğunub getdi.

Şagird Nəcəfə ikinci bir sual verdi:

– Axund, – dedi, – dara düşmüşdüm, nəzir elədim ki, dardan qurtarım, ac, lüt bir zənən xeylağına beş əşrəfi nəzir verim. Səndən etibarlı kim ola bilər ki, al bu əşrəfiləri bir lüt zənən xeylağına ver.

Nəcəf qızılları alıb, şagirdini buraxdı. Sonra əbasının altından bir dişi meymun çıxardı. Meymuna bir tuman, bir də gödəkcə geydirmişdi.

Nəcəf meymunun paltarını soyundurub dedi:

– Ey tanrının tumançaq heyvanı. Səhərdən yeməmisən, qarnın acdır, özün də zənən xeylağı, al bu əşrəfiləri, sənə nəzir deyiblər.

Yenə xalq qəhqəhə ilə gülür, Nəcəf isə yeni təqlidlər çıxarmağa hazırlaşırdı.

13

Divanxana meydanından tutmuş xan sarayına qədər uzanan geniş sahə camaatla dolu idi. Sarayın darvazası qarşısında nökərlər tərəfindən qorunan yarım dairədə əlvan çullu, başları rəngin qotazlar, göz muncuqları və balıqqulaqları ilə bəzənmiş, boynu zınqırovlu dəvələr durmuşdu. Dörd-beş dəvənin üstündə Kəşmir şalına tutulmuş kəcavə vardı. Arxadakı dəvələrə məfrəşə qablanmış cehizlər yüklənirdi. Hər dəvənin örkəni şişpapaq, beli qəməli bir sarbanın əlində idi. Ətrafa toplaşan camaat bir-birini basaraq, dəvələri, bilxassə yüklənən cehizləri daha yaxından görməyə can atırdı. Atlı dilavərlər, atlarını səyirdərək arabir saraya doğru axan camaatı qamçılayıb geri qaytarırdı. Ətraf evlərin damları, artırmaları, küçə qapıları qadın, qız və uşaqla dolmuşdu.

Saray divarının dibində başqa qadınlarla bir yerdə Telli ilə Gülnaz da durmuşdu. Bunların ikisi də çit çadra örtmüş və dodaqlarına qədər yaşmanmışdılar.

Telli dirsəyi ilə bacılığının qoluna toxunub dedi:

– Ay qız, Gülnaz, deyirəm, xoş halına Kiçikbəyim ağanın! Görəsən onun da dərdi var?!

Gülnaz çiynini atdı:

– Kim bilir, dərdsiz də adam olar?

Qadınların bir-birini itələyib, saray darvazasına tərəf irəliləməsi bunların sözlərini yarımçıq kəsdi. Qadın dalğası bunları da sürükləyib, sarayın həyətinə saldı. Yanları çocuqlu və çocuqsuz qadınlar daş pilləkəndən artırmaya çıxırdılar. Telli ilə Gülnaz da çıxdılar. Kallayının qapısına toplanmış qadınları güclə aralayıb içəri girdilər. Yuxarı başdakı xanımlar arasında ağ geyimli, ağ duvaqlı, incə vücudlu Kiçikbəyim gözə çarpırdı. Hər tərəfində ağ duvaqlı bir yengə durmuşdu.

Anası ona nə isə söyləyir, ikisi də ağlayırdı. Kiçikbəyimin gözləri büsbütün qızarmışdı, solğun çöhrəsi sınıxmış və dərin bir kədər saçırdı; alnının çapığı indi daha da çox gözə çarpırdı. Xanımlar bir-bir ona yanaşır, xeyir-dua verir, kimi əlindən, kimi üzündən öpürdü. Yetişmiş qızlar yanaşır: “Bəxtəvər olasan!” – deyib, əllərində tutduqları yaşıl saplı iynəni onun duvağına batırır, sonra yaxalarına sancırdılar: – “Mənim də baxtım açılsın “ – demək idi. Kiçikbəyim bu el adətinə riayət edərək bir söz demirdisə də, ürəyində: “Ərə getmək bəxtəvərlikdirmi?” – deyə düşünür və köksünü ötürürdü.

Nəhayət, sazəndələr çalmağa başladı. Xanəndə oynaq səsi ilə oxudu:

Sizdə də badam,
Bizdə də badam,
Yengəyə qadam,
Dursun, oynasın!
Sizdə də kürək,
Biz də kürək,
Yengəyə ürək,
Dursun, oynasın!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets