Page 10 of 20 · 45%

Bəyim hamıdan əvvəl meşədəki bulağın yanında atdan düşdü. Atın cilovunu qabaq ayağına bağlayıb, otlamağa buraxdı. Sonra çınqılların arasından qaynayan çeşmədə əl-üzünü yuyub, qafiləni qarşılamağa çıxdı. Hamı gəlib atdan töküldü.

Bəyim dərdli kimi görünürdü:

– Mən pirə gedirəm, – dedi, – siz məni gözləyin.

Ağacların arası ilə cığırla yuxarı dikləndi. Günəş xoş rütubətli meşəyə altun ləkələr yaymışdı. Kiçikbəyim fındıq və yemişan kollarını əyərək otlaq bir talaya çıxdı. Bir tərəfi quzulayıb, ot saçaqları sallanan bir təpədə iri, qol-qanadı qurumuş bir ağac vardı. Kovuşuna üst-üstə bir neçə daş qoyulmuşdu, budaqlarına cürbəcür cındırlar bağlanmışdı.

Bir şaxdan xırdaca beşik asılmış, o birisinə balaca yay-ox nəsb olunmuşdu.

Ətrafda ocaq yerləri görünürdü; ora-bura qoyun sümükləri tökülmüşdü. Bu – pir idi. Diləkləri olan bura gələr, diləyini pirə xatırlatmaq üçün ağacın budaqlarını əlvan cındırlar, rəngbərəng saplarla bəzərdilər; sonsuz arvadlar beşik asar, igid oğul anası olmaq istəyənlər budağa yay-ox bağlayıb gedərdilər; xəstələr bir həftəlik sursatları ilə bərabər buraya gətirilib, ağacın altında yatar, pirdən şəfa diləyərdilər...

Kiçikbəyim ağacı seyr edir, lakin heç bir şey diləmək istəmirdi. Nə diləyə bilərdi? Qismət qara qanadlarını gərib onun həyat yolunu kəsmişdi.

Pirə yanaşmadan dönüb getdi, yenə sızıltılı səsi meşələrə, dağlara düşdü:

Aşiq diyarbədiyar,
Xalın diyarbədiyar.
Qoydun kamana məni,
Atdın, diyarbədiyar...

Məmməd bəy Kiçikbəyimin səsini eşidən kimi kədərli, dadlı duyğu yenidən onun qəlbini doldurmağa başladı. Qalxdı, utanıb qızararaq səs gələn tərəfə getdi. Bəyim xırda bir bulağın yanında oturmuşdu.

Əlindəki budağın yarpaqlarını qırır, didik-didik edib suya atırdı. Kolların şaqqıltısını eşidib çöndü. Məmməd bəy göründü. Baxışları qarşıqarşıya gəldikdə, Məmməd bəy gözlərini aşağı dikib durdu, yanaqları qıpqırmızı oldu. Üzərində Kiçikbəyimin nəzərini duyaraq, xoşhallanır, eyni zamanda da, nədənsə, bir fənalıq hissi onu incidirdi.

– Məmməd, bura gəl! Sənə söz tapşıracağam, – Kiçikbəyim onu səslədi.

Məmməd bəy itaətkar bir halda gəlib Kiçikbəyimin yanında durdu; yenə əlini xəncərinin dəstəsinə qoyub, yerə baxırdı.

– Otur!

Məmməd bəy oturdu.

– Sən əmi qızını belə istəyirmişsən?

Məmməd bəy dinmədi, o özünü tamamilə itirmişdi. Bəyim ona sarıldı: ehtiraslı busələr gəncin dodaqlarını, yanaqlarını, gözlərini, alnını, saçını dolaşmağa başladı...

Məmməd bəy ayılarkən yanındakı Bəyimi göz yaşları axıdan gördü.

Şaşdı. Ona həm acıyır, həm də bu göz yaşlarına qarşı nə cür davranacağını bilməyirdi.

Kiçikbəyim doyunca ağlayıb kiridi. Incə, ipək dəsmalı ilə gözlərinin yaşını silib, yaş dəsmalı Məmməd bəyə uzatdı:

– Al, bunu saxla, mən yadına düşəndə onu bağrına basıb mənim iyimi alarsan... Indi dur get, mən də üzümü yuyub gəlirəm.

Məmməd bəy haman ayağa durdu və getmək istədikdə Bəyim onu dayandırdı:

– Bax, heç kəsə bir şey demə ha!

Kiçikbəyim onu bir də süzdü və yanağını ona göstərərək dedi:

– Gəl burdan öp, sonra get!

Məmməd bəy cəsarətsiz bir halda əyildi, Bəyim onun başını irəli çəkdi: cürətsiz bir busə Bəyimin yanağını oxşadı.

Məmməd bəy kolların arasında yox olar-olmaz Kiçikbəyim əlini qulağına qoyub, kədər saçan, incə qız səsi ilə oxudu:

Mən aşiqəm, bir əl gəz,
Doğra bağrım, bir əl gəz.
Könülsüz xan olunca,
Sevgilinlə dolan gəz!..

11

Kiçikbəyimin toyu münasibətilə Səfərin bağışlanılması xana ərz olundu. Xan düşündü. Səfəri bağışlamaq əfkarı-ümumiyyə qarşısında acizlik göstərmək demək idi, bağışlamamaq da Şahnisə xanımın və Kiçikbəyimin sözünü yerə salmaq idi. Bu iki yolun ikisi də əlverişli olmadığı üçün, xan üçüncü bir vasitəyə müraciət etdi. Bu vasitə də həm Səfəri bağışlamaq, həm də qorxulu bir səfərə göndərərək, ondan xilas olmaq ehtimalı vardı.

O zaman Quba xanı Fətəlinin bir cüt məşhur atı vardı: birinin adı Qəmər, o birininki Şahbaz idi. Fətəli xan bu atlarla fəxr edər və onları bütün Qarabağ atlarına dəyişməz deyə İbrahim xana sataşardı. İbrahim xan onsuz da Fətəli xanla düşmən idi, lakin bu at məsələsi İbrahim xana köhnə düşmənçilikdən daha böyük bir dağ olmuşdu. İndi İbrahim xanın əlinə girəvə düşdü: o Səfər vasitəsilə Qəmərlə Şahbazı oğurlatmaq istədi. Səfər bu təklifi müvəffəqiyyətlə yerinə yetirə bilsəydi, xan onu bağışlamağa və məaf etməyə belə hazır idi.

Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. Kazım kişi düşündü və özözünə: “Dəryada balıq sevdasıdır”, – deyə məyus oldu.

Lakin bu məyusluğunu kimsəyə bildirmədi. “Qismət necəsə, öylə də olacaq! “ – deyib, sakit oldu.

Cümə günü idi. Kazım kişi istirahət günündən istifadə edərək, həyətdəki göy və çiçək ləklərinin alağını edirdi. Birdən həyət qapısı açıldı, həmən qara dolaqlı cavan içəri girdi. Bu adam bu dəfə olduqca gözəl geyinmişdi, hələ xaşmaş şalvarının xışıltısı ətrafı bürümüşdü.

Görünür, dünəndən bu ziyarətə hazırlanırmış, çünki, xaşmaş şalvar bütün gecəni quyuya sallanmış olmasaydı, bu qədər xışıldamazdı.

Kazım kişi sevinərək onu qarşıladı. Tut ağacının altına palaz salındı, Səfərin elçisi oturdu. Qonaq gülərək:

– Hə, təzə, nə var? Eşitdim, xan zindanxanadan dustaqlar azad edib?!

Kazım məyusluğunu bildirmədi:

– Səfəri də bağışlayıb, xəbər verərsən.

Oğlanın üzü güldü.

– Ancaq... xanın Səfərə bir işi düşüb.

– Nə iş? – deyə oğlan ciddiləşdi.

– Quba xanının iki ayğırı var, onları gərək gətirsin.

Kazım məsələni ətraflı anladıb, susdu və oğrun-oğrun oğlana baxmağa başladı. Oğlan çox düşünmədən:

– O nədir ki! Kaş xanın belə qulluğu çox ola, – dedi. – Bu Səfərin əlində bir şey deyil. Gedər də, gətirər də.

Kazımın gözləri bir az böyüdü:

– Yəni gedər. Deyirsən?.. Gətirə bilər?

– Canın da alar.

Kazım qonağı ilə şirin danışarkən, qızı Telli şişə əvəzinə yağlı kağız yapışdırılmış pəncərəyə yanaşıb, qonağı seyr etdi. Qəlbinin dərinliyindən:

“Kaş bu mənim nişanlım olaydı!” – deyə gəlib qulağına çatan dəruni səsdən titrədi. Yanaqlarının od tutub yanmasını duyaraq çəkilib, pəncərənin divarına söykəndi. Bu əsnada bacılığı Gülnaz içəri girdi. Bu, qonşuluqda yaşayan erməni Allahqulunun qızı idi. Gülnaz

Tellini bu halda gördükdə heyrət etdi:

– Tellican, nə olub? – deyə təlaşla soruşdu. Onu çəkib, pəncərənin içində oturtdu. – Ay qız nə var?

Telli gülümsünərək Gülnazın qulağına nə isə pıçıldadı. Gülnaz şəhadət barmağını yumaraq dodağına qoydu:

– Belə de! – deyə, pəncərədən həyətə baxdı.

Qara dolaqlı oğlan ədəblə dizi üstə oturub, qəhvə içirdi. Əyri qoyulmuş çal papağının altından çıxan birçəkləri şəvə kimi işıldayırdı.

İncə bığlarının ucları bir az burulmuşdu.

Gülnaz üzünü Telliyə çevirdi:

– Ay qız, belə nişanlısı olanın dərdi olar? Vallah, məzhəb haqqı, qəşəng oğlandı.

Telli bu sözlərdən xoşhallanır, pəncərədən təkrar-təkrar oğlanı seyr edirdi. Bir az keçmiş oğlan nə danışdısa, Kazım kişi başı ilə təsdiq etdi. Yenə danışdılar, sonra oğlan ayağa durdu, xudahafizləşib getdi.

Həyət qapısı örtüləndə sanki günəş batdı. Tellinin sevinci yox olub getdi. Gülnaz məsələni anladı, Tellinin çənəsini əlləyərək:

– Ay qız, kefini xarab eləmə: yenə gələr, yenə görərsən, – dedi.

Telli gülümsündü, lakin bu gülümsəmədə bir həsrət kədəri duyulurdu.

Bu əsnada küçədən bir çığırışma səsi gəldi. Hamı küçə qapısına yüyürdü. Məhəllədə yaşayan kumuk qoşunu arasında dava olmuşdu.

Əlləri xəncərli və qılınclı kumuklar iki tirə olub, bir-birinə soxulmaq istəyirdilər. Bir adam da yerə yıxılıb, qan içində çabalayırdı. Telli bu kumuk davasını çox görmüşdü və bilirdi ki, dalaşanlar arasına bir qadın girib, yaylığını ortalığa atsa, kişilər qadın örtüsündən həya edib, adət və ənənəyə görə davamı kəsərdilər. Telli özünü itirməyib, cəld yüyürdü və əlliyə qədər bir-birinə hücuma hazır olan kumukların arasına soxulub, başının güllü yaylığını yerə atdı. Bir dəqiqədə bir-birinin qanına susamış iki tərəf də geri çəkildi; xəncərlər və qılınclar qınına qoyuldu.

12

Tehran bəylərbəyisi mirzə Məmməd xan Qarabağa vəkil olaraq öz doğma qardaşını göndərmişdi. Vəkilə tapşırılmışdı ki, xeyir iş Kiçikbəyimin könlü istədiyi kimi edilsin və heç bir şey ondan əsirgənməsin.

Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Əqd-nigah mərasimi olduqca təntənəli keçdi, bütün Şişə ruhanilərinə bol xələt verildi, on min əşrəfi və bir batman da pərvanə qanadı31kəbin kəsildi.

Pərvanə qanadını kəbin kağızına salmaq izdivacın möhkəm olması məqsədilə edildi. Çünki ərə gedib boşanmaq böyük qəbahət sayılardı.

Əqd-nigahın sabahı günü erkən gün çıxmadan, cehiz yazılma oldu. İbrahim xan da qızına verdiyi cehizlə Tehranın səxavətinə üstün gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets