Birinci hissə
Page 17 of 20 · 80%
Səfər bu acı mənzərəni görən kimi hirsləndi:
– Ay nainsaf uşağı! – deyə uşaqları daşla qovdu...
Qulam Səfəri pişxidmətlərin otağına gətirib özü getdi. 7-8 nökər yerə salınmış kilimin üstündə oturub, şirin söhbətdə idilər. Baba lələ də burada idi. Çubuğu damağında olaraq yuxarı başda bardaş qurub oturmuşdu. Nökərlərdən biri dünən bazarda gördüyü bir əhvalatı nağıl edirdi:
–...Mən nə bilim ki, bu köpək oğlu kişinin qatığını içmişmiş. Darğa soruşdu ki, a gədə, bu kişinin qatığını sən içdin? Dedi: “Yox!”” “
Dedi: “Düzünü de! Axı, kişi yalan deməz, kasası da boşdur. Qatıq yerə tökülməyib, yer udmayıb, göyə uçmayıb”. – Dedi. Toyuq bir ayaqlı idi ki, bir ayaqlı idi. Darğa bıçağını çıxarıb gədənin qarnına soxdu... qatıq pırtlayıb çıxdı. Darğa dedi: “Köpək oğlu, deyirsən qatığı içməmişəm?
Bəs bu nədir?! “
Nökərlər gülüşdülər. Baba lələ uğunub getdi. Bu əsnada qapı açılıb, içəri bir dağlı türk girdi; uca boylu, qara qıvrım saqqallı, ağ dişli adam idi. Üzünü yuxarı başa çevirərək soruşdu:
– Ay qardaş, burda xan deyilən hansınızsınız, şikayətim var.
Nökərlərdən biri istehza ilə Baba lələni göstərdi:
– Ay qardaş, bax, xan o başda oturandır, nə ərzin var?
Dağlı elə bunu gözləyirmiş kimi baş endirib dedi:
– Ay xan, bizi balalarının başına çevir, belə zülm olmaz: buyurmusan ildə bir ay oruc tutulsun, gündə beş vaxt da namaz qılınsın. Üç yüz evli Pecəniz kəndinə də bir ay oruc, beş vaxt namaz, otuz beş evli Vaqazinə də. Axır bu zülmü Allah götürməz!
Nökərlər yenə qəhqəhə ilə gülüşdülər. Səfər də özünü gülməkdən saxlaya bilmədi. Nökərlər yenidən dağlını lağa qoymağa başladıqda, bayaqkı qulam gəlib Səfəri çağırdı. Bir yerdə Mirzə Əliməmməd ağanın otağına getdilər. Pəncərəsi artırmaya açılan bu balaca otaq birinci mərtəbədə idi; xalçalarla döşənmiş, taxçalarında kitab və dəftərlər vardı. Mirzə Əliməmməd yuxarı başda oturub, nə isə dizinin üstə yazırdı.
Səfər salam verdikdə salamı alıb:
– Otur, – dedi və qələmi qələmdana qoyaraq, Səfəri düşüncəli nəzərlə süzdü.
Səfər oturmağa cəsarət etmədi. Mirzə Əliməmməd təkrar:
– Otursana! – dedi və Səfərə divarın yanında yer göstərdi.
Səfər dizi üstə oturdu. Mirzə Əliməmməd:
– Sən Qubaya bələdsən, getmişdin, – dedi. – İndi sənə xanın yenə buyruğu var... Fətəli xan Şamaxıya qoşun yığır. İstəyir yenə bir fitnə düzəltsin. Gedərsən, ordan, burdan xəbər yığarsan. Görək qoşun nə qədərdir, havaxt tərpənəcək, hara gedəcək... Bildinmi? Pul verərəm, bir az mal alarsan, ora çərçi sifəti ilə gedərsən, sata-sata camaata qarışıb, əhval tutarsan. Bildinmi? Qırğı kimi gedib, qırğı kimi də gələrsən, qoçağım. Vacib işdir.
Mirzə Əliməmməd ağa Səfərə təfsilatlı məlumat verib yola saldı.
Səfər üçün çərçi malı və at hazırlandı. O biri gün erkən yola düşdü.
Gözləri yaşlı Telli həyət qapısını açıb, onun arxasınca bir tas su atdı – salamat gedib gələsən – demək idi.
21
Məmməd bəy artıq bığ yeri tərləyən bir gənc olmuşdu. Xüsusi molladan aldığı dərs nəticəsində türkcəyə və farscaya malik olub, bununla iktifa etmişdi. O zamanın təhsili zatən bundan ibarət idi: çərəkədən sonra ərəbcə quran oxuyardılar, sonra fars klassikləri keçilərdi, türkcə məktəblərdə keçilməyirdisə də, Yaxın Şərqdə beynəlxalq bir danışıq dili olduğu üçün bunu hər kəs bilərdi. Türk dili zəngin xalq ədəbiyyatı, hazırcavab məsəl, misal, atalar sözləri, füsunkar nağılları, yaxıcı eşq mahnıları və şeirləri ilə rəsmi dairələrin farscasına üstün gələrdi. Savadlı gənclərin bəyazı olardı, bu bəyazlara türk şeirlərinin nəfis parçaları köçürülür, əzbərlənirdi. Vaqifin şeirləri birinci sırada durardı.
Məmməd bəy də vaxtını o zamanın şəhər gəncləri kimi, şerə, ova, igidliyə və idmana sərf edərdi. Vaqifin oğlu Qasım ağa da Məmməd bəyin cürlərindən biri idi.
Yaz düşmüşdü. Küçələrin buzu əriyib, sel olaraq şırıltı ilə axırdı.
Dağların başında bulud qaynaşmağına baxmayaraq, hava isti idi. Beşaltı ay davam edən darıxdırıcı qışdan sonra hər kəs bir sevinc hiss edərək, artırmalarda, küçələrdə özlərini günəşə verirdi. Arvadlar yun daraqlarını daxmalardan havaya çıxarmışdılar.
Miyandar* da adam göndərib gəncləri zorxanaya çağırmışdı: idman fəsli başlayırdı. Məmməd bəy Qasım ağa ilə gəldikdə, bir çox gəncləri orada gördü. Zorxana geniş bir dairə ətrafına taxta səkilər yapılmış, üstü taxtapuşla örtülü bir binadan ibarət idi. Idmançılar taxta səkilərdə paltarlarını soyunub, qısa meşin şalvar geyirdilər. Üç xınalı saqqal kişidən ibarət bir musiqi dəstəsi tar və kamançalarını kökləyirdi.
Uca boylu, şişkin əzələli, geniş kökslü miyandar hər kəsdən əvvəl aşağı dairəyə enib, əlində ucu qumrovlu bir ox tutaraq gəzinirdi. Yuxarıdan düşən işıq onun qırxıq başını işıldadırdı. Gənclər yavaş-yavaş səkilərdən enib gəlirdilər. Bir də miyandarın nərəsi eşidildi, qumrov cingildədi. O saat musiqi başladı. Miyandarın oxunun işarəsi ilə gənclər iki dəstə olub, iki-iki onun sağına və soluna düzüldülər. Ortalığa bir çox ağac millər düzülmüşdü. Miyandarın oxunun qumrovuna riayət edərək, gənclər bir-bir vərdənəyə bənzəyən, yalnız bir tərəfi nazik
olan millərdən yapışıb, oynatmağa başladılar. İlk məşq kiçik vəznli millərlə başlar, get-gedə mururla ağır vəznli millərə keçərdilər. Məmməd bəyə bu yüngül mil çocuq əyləncəsi kimi göründü. Bunu görən miyandar sərt sima ilə oxunu tərpətdi, qumrov cingildədi; Məmməd bəy o saat nizama tabe oldu.
Miyandar bu millərdən bir az ağırlarına keçilməsini əmr etdi. Millər dəyişildi, yenidən hərəkət başlandı. Qoşa-qoşa dairəni dolaşır, durur, dincəlir, təkrar mil oynadırdılar.
Mil oyunu bitdi. Güləşməyə hazırlandılar: gənclər bir-birinin bədənlərini piyləməyə başladı. Yenə qumrov səsi eşidildi. Gənclər dairə boyu düzüldü; musiqi oynaq bir hava çaldı.
Miyandarın işarəsi ilə Məmməd bəylə Qasım ağa dairənin ortasına küləşə çıxdılar. Əvvəl rəcəz oxuya-oxuya dairədə yavaş addımla bir-birinin arxasında dolaşır, səkiləri doldurmuş camaat qarşısında igidlik göstərmək eşqilə coşurdular. Musiqi də oynaq ritmlərlə onları qalibiyyətə çağırırdı. Məmməd bəy bir-iki dəfə dairəni dolaşdıqdan sonra nərə vuraraq ortaya gəldi, ona yanaşan Qasım ağanın yuxarı qaldırılmış sağ əlinin ovcuna ovcu ilə bərk vurub çəkildi. Yenə dolaşmağa başladılar, rəcəzdən və musiqidən bir az da coşdular. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb ayrıldılar. Rəcəz nərəsi daha da ucaldı. Sonra hoppana-hoppana bir-birinə yaxınlaşıb, qurşaq tutdular. Dartındılar, əllər piyli bellərdən sürüşdü. Başqa cür tutuşdular. Heç biri üstün gələ bilmədi. Qasım ağa fürsət tapıb, yan tərəfdən soxuldu. Məmməd bəyi qaldırıb arxası üstə yerə atdı. Atılanda dörd ayağı üstə düşən pişik kimi, Məmməd bəy də əlləri və ayaqlarını yerə dayaq verərək, havada yarımdairə təşkil etmiş bir halda qaldı. Qasım ağa nə qədər çalışdısa da, onun bu vəziyyətini Bdəyişə bilmədi. Nəhayət, belinin üstünə minmək istədi, bu əsnada Məmməd bəy çevik bir hərəkətlə çönüb, bir əli ilə ayağından, o biri ilə boğazından yapışıb onu yerə yıxdı. Çabalayan Qasım ağanı boğmaq istərkən, Miyandarın qumrov səsi eşidildi: tökülüb onları aralaşdırdılar.
Piyli bədənlərinə toz-torpaq yapışmış, tövşüyən bu iki gənc qarşıqarşıya durub, hələ də bir-birini kinli bir nəzərlə süzürdü. Miyandarın qumrovu bunları bu vəziyyətdən qurtardı: irəliləyib qucaqlaşdılar, öpüşdülər. Zorxananın bu adətindən sonra artıq ürəklərdə heç bir kin qala bilməzdi. Barışıb ayrıldılar, meydana başqa güləşənlər girdi.
Bir-iki saat zorxanada keçirdikdən sonra Məmməd bəy cürlərini başına toplayıb, küçəyə çıxdı:
– Uşaqlar, – dedi, – gəlin bu axşam çapqına gedək!
Gənclər:
– Gedək, gedək! – deyə bağırışdılar.
Biri etiraz etdi:
– Heç indi çapqın vaxtıdımı? – dedi. – Bu saat çaylar daşıb qan-qan deyir.
Məmməd bəy istehza ilə:
– Kiri! – dedi. – Igidə yaraşmayan söz danışırsan. İgid də daşqından qorxarmı? Mən bu axşam yola düşürəm, bir-iki də nökər götürəcəyəm.
Arvad deyiləm ki, evdə oturam.
– Mən də gedirəm!.. Mən də! – deyə səslər eşidildi.
Məmməd bəy uzun ağ papağını gözünün üstə itələyib, nəşə ilə:
– Bax ləng olmayın! – dedi. – Axşam azanından bir az keçmiş qala qapısından bir az aşağıda gözləyəcəyəm, qəbiristanlıqdan bir az yuxarıda...
Amma bax, hara getdiyimizi evdə heç kəsə deməyin...Gedərik, bizim Kəhrizli kəndinə, orada bir neçə gün qonaq qallıq; qoyun kəsdirib Pirsaqqız ağacının altında bir yaxşı kabab yeyərik, sonra Kürü keçib, gedərik Şirvan torpağına. Çalarıq, çaparıq, igidlik göstərrik...
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,