Page 18 of 20 · 85%

Qoy bilsinlər ki, analar necə oğullar doğub.

Məmməd bəyin sözləri gənclərin ürəyindən idi. Hər kəs qılınc oynatmaq, qoçaqlıq göstərmək istəyirdi.

Axşam buludlar arasında batıb-çıxan ay işığında on altı atlı Kəhrat*yolu ilə arana doğru enməyə başladı.

Səfərin Şirvana gedib-gəlməsi 15 gün çəkmişdi. Sürətin səbəbi onun çaparaq getməsi idi: atı yorulan yerdə türk kəndi isə yüzbaşı, erməni kəndi isə məlik onun atını dəyişir, təzəsini verib yola salırdı. Xanın buyruğu belə idi. Səfər Şişəyə gələr-gəlməz atını bir baş saraya sürüb, Mirzə Əliməmmədlə görüşdü. Əliməmməd ağa başqa işlərini kənara qoyub, Səfərlə danışığa başladı:

– Hə qoçağım, de görüm nə var?

– Nə olacaq, ağa. Şamaxı tərəfdə şirin qoşun yığılır. Atlı əlindən yollardan keçmək olmur. Da kənddə-kəsəkdə başı papaqlı qalmayıb, hamısını yığıblar. Mən Şamaxıya gələn günü Tarqi Şamxallı səkkiz

min ləzgi ora gəldi. Ağa, nə oğlanlar var, at belində Şahbaz kimi otururlar!

– Yaxşı, indi ki, bu qədər qoşun yığılıb, bəs niyə tərpənmirlər?

– Ağa, dedilər, sursatları təndürüst deyil. Şirvan xanını göndərmişdilər, kəndlərdən sursat cəmləyirdi. Camaat verməməzlik eləyirdi. Bir kənddə camaat ağlaşa-ağlaşa yüzbaşının ayağına yıxılıb: “Bəs toxumluğu aparırsınız biz başı daşı nə əkək? “ – deyirdi. Yüzbaşı on-on beş adamı divara hördürüb, başlarını kələ qoşdurub, dartıb bədənlərindən ayırtdırdı... Öz gözümlə gördüm!..

Səfərin görmüş olduğu dəhşəti xatırlayaraq əti çimçəşdi, özündən asılı olmayaraq dili dolaşıb, dayandı.

Mirzə Əliməmməd ağa heyrətlə:

– Sən də qorxdun? – dedi.

Səfər çəkinib, qızararaq:

– Yox, ağa, – dedi, – heç qorxarammı?.. Ancaq Allah bəndələrinə belə zülm olanda, nədənsə adamın ürəyi dözmür.

Mirzə Əliməmməd qalın qaşlarının altından Səfərə baxıb dedi:

– Fətəli xana rast gəlmədin ki?

– Dedilər, Dərbənddədir. Gəmi Əjdərxandan*top-topxana gətirmiş imiş, onu almağa gedib. Dedilər Salyan vətəgələrindən ruslara balıq satıb, əvəzində yaraq alıb.

Əliməmməd ağa dərin düşüncəyə daldı. Sonra ayılaraq yenə Səfərə bir neçə sual verib: – Mürəxxəssən! – dedi.

Mirzə Əliməmməd ağa yuxarıya, xanın yanına çıxdı. Vaqif və Məmmədhəsən ağa də orada idi. Əliməmməd ağa Səfərin gəlməsini və gətirdiyi xəbərləri bildirdi. Xan böyük bir qəzəblə dinləyib:

– Qancıq, qancıq! – deyərək dodaqları titrədi.

Vaqif onu sakit etmək üçün:

– İndi İrakli xanın qoşunu Gəncədən ötmüş olar, – dedi. – Bizim Kür qırağındakı qoşunun sayını gərək artıraq. Məmmədqulu ağanı da top-topxana ilə ora göndərək. On min biz qoyarıq, beş min də Açıqbaşdan gəlsə, Fətəlini Kürü keçməyə qoymarıq...

Xan bir az sakit:

– Qancıq on beş min qoşun çıxarda bilərmi? – dedi və sual nəzərilə əvvəl Vaqifə, sonra Əliməmməd ağaya baxdı.

Vaqif gülümsünərək:

– Qurbanın olum xan, – dedi. – Fətəlinin ümidinə qalsa, çıxara bilməz.

Onu yerindən oynadan var. Bu işlər hamısı rus işidir. Bu dilsizağızsız Hacı Məlikməhəmməd xanı bura kim göndərmişdi? Bu da rusların mərifəti ilə olmuşdu. Bizi oda soxmaq istəyirlər, istəyirlər ki, elimizə, ulusumuza Ağaməmməd xan od qoyub, odlasın!..

Xan diqqətlə Vaqifi dinləyib, qəlyanın neypuşunu saqqalına söykədi:

– Yaxşı, məsləhətimiz nə yerdə qalır?

Vaqif eyni sakitliklə:

– Məsləhətimiz elə əvvəlki məsləhətdi, – dedi. – Ancaq Hacı Məlikməhəmməd xanı zindana saldırdığımız Fətəliyə, görünür, ağır gəlib.

Elçiyə zaval yoxdur, – deyərlər.

Vaqif sözlərini bitirmədi. Ancaq xanın inadlığını qamçılamağa bu da kifayət idi.

İbrahim xan səhvini duydusa da, üzə vurmadı, öz-özünə: “İndi buraxdırsam, Fətəli qancıq deyəcək ki, İbrahim xan məndən qorxdu...

Bütün qoşunu yığıb, özüm getməliyəm. Xanın birdən dodaqlarında acı bir təbəssüm oynadı:

– Özüm gedəcəyəm! O köpəyin atasını qəbirdən çıxartdıraram, məni tanıyar!

O biri gün şəhərin hər məhəlləsində şeypur çalınıb, dəf vuruldu.

Qoşun tərpəndi. Bütün yüzbaşılara və məliklərə çaparlar vasitəsilə xəbər göndərildi, atlı çıxarmaları və sursat yığmaları əmr olundu. Araz ilə Kür arası dalğalanaraq Şirvan tərəfə axdı. İki xanın mənəmliyi üçün minlərlə adam əkindənbiçindən əl götürüb, ölüm səfərinə çıxdı.

İrakli xan oğlu Georginin sərkərdəliyində beş min əsgər göndərmişdi, bunun çoxu Qazax və Şəmsəddin türkləri idi. İbrahim xanın qoşunu ilə birləşib, sərhəd boyu yayılıb Fətəli xanın qoşununu gözlədilər.

Səfəri bələdçi aparmışdılar. Səfər axşam Kürü o taya keçib, səhər tezdən Şamxalın üç min ləzgi ilə irəliləməsini xəbər gətirdi. Qasidlər qoşuna xəbər verdi, hər kəs hazır oldu. Sazaqlı bir sabah idi, az-az qar yağır, yel adamı kəsirdi. Qamış və kolluqlar arasından qıllı papaqlar görünməyə başladı. İbrahim xanın qoşunu pusquda idi, tüfəng atmaq əmr olunmamışdı. Şamxal qoşunu ilə Kürün kənarına yaxınlaşdı. Ətrafı seyr edərək çayı keçməyə başladılar. Yenicə bəri tərəfə keçmişdilər, tüfənglər açıldı. Ləzgilər çaşıb qaldılar. Yıxılan atlar və adamlar bir-birinə qarışdı. Səsə o biri tərəfdən yeni qüvvələr gəlməyə başladı. Gürcüstan və Qarabağ qoşunu pusqudan sıçrayıb, hücuma keçdi.

Qılınclar havada ildırım kimi parlayıb, qaçan düşməni biçirdi. Toplar atəş açdı, tüstü duman kimi ətrafı bürüdü. İbrahim xan qılıncını tovlayaraq, Kürü keçdi. Minlərcə atlı onu izləyərək, o taya keçib, bir-birinə qarışıb qaçan müttəfiqləri qovmağa başladılar. Vaqif də İbrahim xanın dalınca atını çapır, orda-burda tökülüb, qanına bələnmiş İnsan meyitlərini seyr edərək, qəlbində sancı duyurdu.

22

Məmməd bəyin dəstəsi gəlib Kəhrizliyə çıxdı. Yazın gözəl çağı idi: yer yamyaşıl, bənövşə açmış, ağ və çəhrayı çiçəklər ağacları bəzəkli gəlinə döndərmişdi. Minlərcə arı sanki günəşin yıldızlı tellərinə toxunub, ecazkar ahənglər doğururdu. Yer şən, göy şən, yalnız o gözəlliklər içində yaşayan İnsanlar şad deyildi. Kişilər il uzunu davada; kimi ölmüş, kimi şikəst olmuş; arvadlar ağır işlərdə; yüzbaşı da qapını kəsib deyirdi: “Töycümü ver!”.

Odur ki, Məmməd bəyi kəndlilər zahiri şadlıqla qarşıladılar, ürəklərində isə: “Allaha pənah, hələ ki, bu şəhərdən gələnlərdən heç bir xeyir iş baş verməyib”, – deyib, qədərə bel bağlamağa başladılar.

Yüzbaşı Məmməd bəyin gəlməsini eşidib, sevinərək özünü ağalıq evə yetirdi və əlini piy basmış döşünə qoyub, zorla əyilərək təzim etdi:

– Ağa, qurbanın olum, – dedi, – sən çox xoş gəlmisən! Qonaqlarının da gözüm üstə yerləri var.

Bir dəqiqədə iki mərtəbə evin artırması döşəndi, ağalar bağdan axan kəhrizdə yuyunub, gəlib əyləşdilər. Atların hərəsi bir həyətə çəkili, yüzbaşı da kəndə adam salıb, toypayı yığdırmağa başladı.

Məmməd bəy ağ çiçəklərə bürünmüş bağları fəxrlə göstərib:

– Hə uşaqlar, – dedi, – mülkümüz xoşunuza gəlirmi?

Yoldaşları:

– Necə gəlməz! Necə gəlməz! Lap cənnətdir! – deyə səsləndilər.

Məmməd bəy ala gözlərini qıyaraq:

– Hələ durun, görün sizə nə keflər verəcəyəm! – dedi, ağzını marçıldatdı...

Nökərlər bağda ocaq qalayıb, təlaşla üfləyir, gözlərinin yaşını cırıq arxalıqlarının ətəyi ilə silirdilər. Bir tərəfdə kəsilmiş quzunun dərisi soyulur; kəhrizdə göy-göyərti yuyulurdu. Yaşmaqlı bir arvad gətirib süfrə saldı. Sac çörəyi və yuxa gətirdilər. Pendir, şor, qatıq gəldi.

Məmməd bəy:

– Uşaqlar, bismillah! – dedi, əlini süfrəyə uzatdı. Süfrənin başına çevrələnən qonaqlar yeməyə başladılar.

Artırmanın qabağında binagüzarlıq edən yüzbaşı hərdən ağasına dadlı bir təbəssümlə müraciət edir:

– Ağa, qurban olum, qarnınızı şor-çörəklə doldurmayın, saciçi bu saat hazır olar! – deyirdi.

Doğrudan da mis sac ocağın üstə qoyulmuşdu və nökərlər də quzunu doğrayıb, sacın içinə atırdılar. Cızıltı səsi, xoş ət qoxusu yoldan gəlmiş qonaqlara ləzzət verirdi. Çox çəkmədən saciçi hazır oldu, üstünə qatıq töküb qonaqlara göndərdilər. Bardağı da kəhrizdən doldurub gətirdilər.

Bir az sonra artırmanın qabağı cır-cındırlı kənd uşaqları ilə doldu: ağalara həsrətlə tamaşa edib dururdular. Yüzbaşı onlara acıqlanıb qovdu.

Məmməd bəy başını tərpətdi:

– Dəymə, qoy dursunlar! – dedi və onlara bir-iki sümük atdı.

Uşaqlar torpaqdan sümüyü qaldırmaqda bir-birinə aman vermir, süpürləşib yerə yıxılırdılar. Məmməd bəy bu mənzərədən həzz alaraq uğunur və təkrar-təkrar sümük atırdı.

Nahardan sonra yüzbaşı bir neçə çirkli mütəkkə tapıb gətirdi. Qonaqlar artırmada sərilib yatdılar.

Ağanın gəlməsi yüzbaşı üçün bir bəhanə oldu: onun adamları hələ də ev-ev gəzib, toypayı yığırdılar. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadların qarğışı və nifrini kəndlə bir olmuşdu.

Qonaqlar oyananda hələ günəş batmamışdı. Qalxıb yenə kəhrizin qırağında endilər, doyunca su içib, kəndi gəzmək istədilər.

Məmməd bəy göz vuraraq:

– Baxaq görək, gözə dəyən bir şey varmı? – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets