Page 19 of 20 · 90%

Getdilər. Qara damlar adda-budda salınmışdı, arxalarında təzək qalaqlanmışdı. Orda-burda solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Bir dəstə onların dalınca düşüb gedir, getdikcə sayları artırdı.

Bağlar arasında qulaqları və burunları kəsilmiş bir neçə adama rast gəldilər.

Kənddən çıxdılar. Bir dəstə uşaq çiyni səhəng qız kəhriz başına suya gedirdi. Bunların birisi çalmasını yan qoyaraq o biri qızlara nə isə nağıl edirdi. Söyləyə-söyləyə yan baxarkən gözləri bəyə sataşdı. Yanaqları od kimi qızardı. Bu əfi baxış Məmməd bəyi çaldı. O, qızların arxasınca asta-asta gedib, arxadan ucları gümüş pullu uzun saçlarına, incə belinə və günəşdən yanmış dolğun və çılpaq baldırlarına tamaşa edirdi. Qızlar izləndiklərini görüb kirimişdilər. Kəhriz başına çatdılar, qızlar əyilib, səhəng doldurdular. Məmməd bəy kənardan durub, qızı süzür. Birdən o, həyəcanlı səslə:

– Ay qız, adın nədir? – dedi.

Qız yerə baxıb dinmir, arabir gözlərini yuxarı qaldırıb, Məmməd bəyə baxır və gözlərinə rast gəldikdə, məğlub olub çəkinirdi.

– Adın nədir? – deyə bir də soruşdu.

Qız ürkmüş bir baxışla Məmməd bəyə baxıb:

– Ayişədir! – dedi və sanki səsi qırıldı, qazardı, boğulan kimi oldu.

– Kimin qızısan?

– Dəyirmançı Osmanın.

Məmməd bəy ansızın:

– Mənə gələrsənmi, səni alım? – dedi və vüqarla əlini xəncərinin qəbzəsiniə qoyub, cavab intizarında yanmağa başladı.

Qızlar bir-birinə dəydi. Ayişə isə qıpqırmızı kəsilib gülümsünərək, səhəngini çiyninə atıb kəhrizdən uzaqlaşdı.

Qızlar sürətli addımlarla kəndə doğru qoşur, Məmməd bəy də ağaca söykənib, həsrətlə onları süzür, köksünü ötürürdü.

– Uşaqlar, – dedi: – Zalım qızı imanımı qaçırtdı!

Yüzbaşı ixlaskar bir təzimlə:

– Ağa, – dedi, – imanını niyə qaçırır, qız nədir ki, ondan ötrü köksünü ötürürsən? – Ağ dolaqlım sağ olsun, qoy tapılmayan qız olsun!. O qızların hansını istəsən, qulluğunda hazırdır.

Məmməd bəy ağır addımlarla kəndə dönürdü. Yüzbaşı onun başına pərvanə tək dolanaraq:

– Ağa, – dedi, – istəyirsən gedim elçilik edim. Atası bir az tərs adamdır, verməsə, elə bu gecə götürüb qaçarıq.

Məmməd bəy dinmədi, düşüncə içində gəlib körpünün qulağında oturdu. Yoldaşları da dizlərini qucaqlayıb, suyun kənarında düzüldülər.

Kimsə danışmırdı, sanki Məmməd bəyin kədəri hər kəsi zəhərləmişdi.

Yalnız yüzbaşı bir xidmət göstərmək istəyir; əllərini tez-tez döşünə ataraq, üzündə yaltaq bir ifadə göstərirdi.

– Ağa, – dedi, – sən ildə-əyyamda bir dəfə bura təşrif gətirirsən, onda da burdan bikef qayıdırsan – bu olmaz. Izn ver, bu saat atası ilə danışım.

Məmməd bəy onun üzünə dolğun bir nəzərlə baxdı. Yüzbaşı bu nəzərdən nə duydusa, əlləri döşündə yanı-yanı çəkilib getdi.

Ayişənin atası evdə yox idi. Yüzbaşı iri addımlarla dəyirmana tərəf getdi. Dəyirmana gedən arxın qırağında, iri bir söyüd ağacının altında çalsaqqal bir kişi oturmuşdu, ayaqlarını yenicə yuyub dincəlirdi.

Yüzbaşı ona yanaşanda o vəziyyətini çox da dəyişməyib, bir balaca üzünün qırışığını açaraq salama cavab verdi, sonra:

– Buyur, otur, – dedi.

Yüzbaşı oturub, həmişəkindən daha mehriban bir rəftarla dilləndi:

– Dedim, görüm nə qayırırsan?..

– Nə olacaq ki... Eşitdim, ağa gəlib. Toy payına gəlmişdilər, yarım çuval un verdim. – Dəyirmançı yırtıq şalvarını yuxarı çəkib, dizini altına qatladı və yandan yüzbaşıya, onun dolğun, qırmızı üzünə, iri gövdəsinə tamaşa edərək: – Varımıyoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, – şahadla dolanıram; yeyənim də yeddi başdır, – dedi.

Yüzbaşı gülərək onun sözlərini kəsdi:

– Xeyir xəbər var – indi daha dərdin yoxdur!

Dəyirmançı yaxşılıq gözləməyən gözlərilə yüzbaşının üzünə baxdı:

– Xeyir xəbər nə ola bilər ki? – dedi, laqeyd bir halda cavab gözlədi.

– Ağa məni... sənin yanına elçiliyə göndərib: bir az əvvəl Ayişəni kəhriz başında görüb.

Dəyirmançı hirsini gizlədə bilmədi:

– Ay yüzbaşı, – dedi, – ağa mənim tayım, bərabərim ola bilməz!..

Yox, bu iş ürəyimə yatmadı. – Sonra diqqətlə yüzbaşının gözlərinə baxıb, qəti bir səslə: – Yox, bir-birimizə tay deyilik! – deyib, susdu.

Yüzbaşı şirin dilini işə saldı, Ayişənin xoşbəxt olacağını, ağalıq evə köçəcəyini söylədisə də, kişi razı olmadı. Yüzbaşı təkrar-təkrar onu inandırmağa çalışdı:

– Sən də məaf olarsan, – dedi. – Heç bir vergi verməzsən, külfətin də rahat yaşar.

Dəyirmançı onun sözlərini kəsdi və sağ əli ilə yüzbaşının çiyninə vurub, dedi:

– Bilirsən, qardaşoğlu, beş qızım var, tanrı mənə oğul züriyyəti məsləhət görməyib. Mən istəyirəm ki, Ayişəni bir oğlana verim, gəlib bu dəyirmana yiyəlik eləsin, mən də başımı yerə qoyanda arxayın olum, bilim ki, yerimdə oğul qoyub gedirəm, balalarımdan muğayat olacaq... Ağa mənə boyunduruq yoldaşı ola bilməz!.. Bildin? Sözün düzü yaxşı şeydir!..

Yüzbaşı nə qədər anlatdı, dəyirmançı yola gəlmədi ki, gəlmədi.

Yüzbaşı onun tərsliyini əvvəlcədən də bilirdi, indi də öz-özünə: “Sünnidir, tərs damarına düşdü, bitdi”, – deyib, işin ehmallıqla olacağından əl üzdü.

Dəyirmançı Osman Mehralı bəy zamanı Şirvana edilən bir çapqında əsir gətirilib, on-on beş daxmalı bu kənddə ilk bina qoyanlardan idi.

Təbiət etibarilə təqiyyə və hiyleyi-şəri ilə tərbiyələnmiş şiə qonşularına heç də bənzəmirdi: qəti, doğru, sözündə bir, hərəkətində sabit bir adam idi. Xalq arasında ona inad Osman deyərdilər. Yüzbaşı bunların hamısını bilirdi. Odur ki, ümidsiz bir halda gəlib, Məmməd bəyin dəstəsinə qoşuldu, lakin yenə ümid verərək, onu ovundurdu.

Məsələ üç gün uzandı. Yüzbaşı Məmməd bəyi təskin etmək üçün onu yaxındakı meşəyə ova apardı, əyləndirib, başını qarışdırmağa çalışdı və eyni zamanda da kəndin ağsaqqallarını Osmana minnətçi saldı.

Osman dediyindən dönmədi. Axırda Ayişəni kəhriz başından götürüb qaçmaqdan başqa çarə qalmadı.

23

Fətəli xan Kür qırağındakı məğlubiyyətdən sonra yenə osanmadı: Hacı Məlik Məmməd xanı İbrahim xandan tələb edir və yenidən qoşun toplayırdı. 1780-ci ilin avqust ayında Fətəli xan on bir min qoşunla yenə Kürə tərəf hərəkət etdi. Lakin ləzgilər maaşlarını vaxtında almadıqları üçün yolda dağılıb evlərinə getdilər.

Payızın son ayında yenə Qubadan əndişəli xəbərlər gəlmədə idi.

Mirzə Əliməmməd ağa Qubaya 7-8 min əsgər toplandığını Səfərin vasitəsilə öyrəndi. Məsələni Vaqif bilib İbrahim xana söylədi. Xan yenə inadında davam etmək istədikdə Vaqif mülayim səslə başladı: – Xan, – dedi, – mənim sənə olan sədaqətimi bilirsən. Bilirsən də ki, aciz məsləhətlərimlə həmişə xanlığın şən və şövkətinə çalışmışam. Dünya görmüş adamlar, məmləkət gərdişindən baxəbər şəxslər belə bir qayda qoymuşlar: “Ba dustan mürüvvət, ba dümənan müdara”*.

Cahandidə və karazümüxdə kəslərin məsləhətindən çıxan hökmdarlar

xeyir aparmamışlar. Biz Fətəli xanla müdara ilə dolana bilərdik. Bu qədər qoşunkəşlik həm xanın xəzinəsinə ziyandır, həm də el və ulusa.

Başqa cür rəftar etsək, yaxşı olmazmı?

Xan hiddətindən dodaqlarını gəmirir, hirsindən gözləri qan çanağına dönürdüsə də, Vaqifin dediklərinə qarşı bir söz tapa bilmirdi:

– Yaxşı nə edək? – deyə titrək səslə soruşdu.

Vaqif bir az da mülayim və mehriban səslə dedi:

– Əvvəlcə də qulluğuna ərz etmişdim. Hacı Məlik Məmməd xanı zindanda saxlamaqdan heç bir mənfəətimiz yoxdur. Buraxaq, amma şərt qoyaq.

– Nə şərt? – deyə xan onun sözlərini kəsdi.

– Deyək, Fətəli dinc durmasa, Ağaməmməd xanla birləşib, onun torpağını at torbasında daşıdacağıq.

– Fətəli inanarmı?

– İnandırrıq. Ortalığa bir qohumluq məsələsi də atarıq, nə eybi var, qoy Fətəli xanın bacılarından birisi xanın hərəm dairəsinə daxil olsun.

Xanı qəzəbi bir az yatan kimi oldu. O, düşündü və üzünün sərt cizgilərində bir ehtiras alovu da sezildi. Birdən xan qalın qaşlarını oynadaraq, nə isə düşündü və üzü yenə vahimə ifadəsilə doldu:

– Bəs Gəncə Məmmədə nə deyirsən? – deyə istehza ilə gözləri çıxarılmış

Məmməd xana işarə etdi.

Vaqif cəld:

– Məmməd cəzasına çatmışdır, – dedi. – Xanın üzünə ağ olan əcrini çəkməlidir. Ancaq... əhli-əyalı xanımıza qarşı heç bir qəbeh hərəkətdə olmamışdır. Əlsizayaqsız zənən xeylağı və səqirələrə xan həmişə imdad göstərmişdir. Odur ki, tanrı da həmişə xanın başından var-dövlət yağdırmış və qılıncını kəskin etmişdir. Əhliəyalı üsrət çəkir, gözləri hatəmtayı qədər səxi xanımızın əlindədir.

Xan büsbütün yumşaldı:

– Məsləhət necədir, Şahməmmədə buyur, eləsin! – dedi və birdən gülərək nə düşündüsə topa saqqalını tumarlamağa başladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets