İkinci hissə
Page 6 of 17 · 29%
Rəsmi qədəhlərdən sonra Vaqifə sözə verildi. Vaqif ayağa qalxdıqda, tərcüman Burnaşova tərəf əyilib, Vaqifin sözlərini ona tərcümə etməyə hazırlaşdı. Qarabağ vəziri özünəməxsus vüqar və soyuqqanlılıqla lülələnib şal qurşağına qoyulmuş tirmə kağızı çıxarıb açdı və gözəl bir səslə oxudu:
Vəh bu bağın nə əcəb sərv dilarələri var,
Hər tərəf tazə-açılmış güli-rənaləri var.
Açılıb tazə-tərü laleyi-hümraləri var,
Yəni Tiflisin əcəb dilbəri-zibaləri var,
Ey könül, seyr elə kim, türfə tamaşaləri var...
– deyə başlanan bu şeiri əksəri türkcə bilən gürcülər böyük bir həvəslə dinlədilər. Lakin şerin sonu cürbəcür tələqqilərə səbəb oldu:
Vaqifa, səndə ki, yoxdur bilirəm, zöhd-riya,
Şərt ixlas gərək eyliyəsən şimda əda,
Eylə bu valiyə, oğlanlarına xeyri-dua:
Saxlasın onları öz hifz pənahında xuda!
Hasil etsin nə qədər dildə təmənnaləri var!
Bu parçadakı “vali” sözü ən əvvəl İrakliyə xoş gəlmədi, çünki indi artıq İrakli Iranın dörd valisindən biri deyil, Rusiya himayəsinə girmiş müstəqil bir padşah idi. Burnaşov da məmnun qalmadı: Rusiya qoşununun dəbdəbə ilə Tiflisə girməsi, çariça Yekaterinanın dünyaya səs salmış əzəməti kiçik Qarabağ xanlığının rəsmi müməssilinin nəzərini belə cəlb etməmişdi. Burnaşov ilk dəfə olaraq şərq diplomatına, onun ehtiyatkarlığına rast gəlirdi. Təbii idi ki, Vaqif “vali” yerinə “padşah” desəydi, bu sözlə Irana qarşı olan əlaqəni pozmuş olardı: bu da ki, hələlik,
Qarabağ xanlığının faydasına toxunurdu.
O biri gün Vaqif kilsəyə gedib, İraklinin Rusiya ilə bağlanmış müahidəyə sadiq qalacağına dair içdiyi and mərasimində iştirak etdi.
Vaqif Tiflisdə iki həftəyədək qaldı. O, İrakli xanla bir daha görüşmədi, çünki müahidə mücəbincə Gürcüstan padşahı yalnız polkovnik Burnaşovun vasitəsilə rabitəyə girişə bilərdi və Rusiya müməssilinin məsləhəti olmadan heç bir addım ata bilməzdi. İraklinin bu vəziyyətindən məmnun qalmayan Vaqif rəsmi aləmi buraxıb, Tiflisin tamaşasına dalmışdı. O indi yalnız bir şair, bir həssas gözəllər aşiqi idi.
Kilsədəki and mərasimindən daha çox oradakı bir gürcü dilbərinə vurulub qalmışdı. Bu dilbərə qarşı bəslədiyi coşğunluğu o günü bəyazına qeyd elədi:
Şanə vəş seyqəl verib zülfi-bənövşə nisbətə,
Pərdə mütləq tutmayıb simavü-sədrü surətə,
Qıl tamaşa gərdənə! Seyr eylə qəddü-qamətə!
Qaş, göz, qəmzə, məazallah, dönübdür afətə!
Etməyə din mülkünü yəğma kəlisadən çıxar!
Vaqifəm, ta ki, gözüm onun sataşdı qaşına,
Istədi mehrabü-mənbərdən xəyalim daşına!
Indi bildim ki, nə gəlmiş Şeyx Sənan başına,
Ya budur ki, Tiflisi qərq eylərəm göz yaşına,
Ol sənəm vəsli mənimçün ya kəlisadən çıxar!..
Vaqif Tiflis gözəllərinin nəşəsilə odlanıb, şeir səmalarında süzərkən, mehmandar gətirdiyi xəbərlə onu yenə yerə kəşməkəş aləminə qaytardı. İrakli xan Qarabağ elçisininin polkovnik Burnaşovla görüşməsini tövsiyə edirdi. Vaqif İraklinin təklifini məmuniyyətlə qəbul etdi, gün və saat təyin olundu.
Vaqif Qarabağ xanlığının qüvvətini nümayiş etdirmək üçün ayrıca bir dəbdəbə ilə Buranşovun yanına getdi: gümüş yəhər-əsvablı atını mindi, iki cilovdar atın başını çəkir, iki zinpuşçu arxadan yürüyür, silahlı nökərlər də gözəl Qarabağ atlarını səyirdərək onları təşyi edirdi.
Səfər də atını qabaqca sürüb, yol verilmək üçün xəbərdarlıq edirdi. Vaqif bəylərin getməsini məsləhət görmədi, özü ilə yalnız heyətin katibi Mirzə Camalı götürdü.
Vaqif Burnaşov yaşayan evin artırmasında isti kürkünü soyundu, nökərlərdən birisi onun çiyninə zoğalı çuxasının üstündən bir samur xəzli ipək xirqə saldı, bu qiyafədə içəri girdi. Burnaşov masasının yanında ayaq üstə durmuşdu, onun dizinə qədər çəkilmiş corabları, incə ayaqqabıları, baftalı qaftanı, həmayili, döşündəki xaç və ildızlar, nəhayət, üstünə kirşan səpilmiş xırda saçlı parik və qırxıq üzü Vaqifə tanış da olsa, onu təkrar maraqlandırdı.
Masanın arxasına vurulmuş qiymətli xalçanın üstündən Yekaterinanın iri rəsmi asılmışdı. Vaqif rus çariçasının şəklini ilk dəfə görürdü, o bu şəklə ötəri olaraq baxdı və nəzərini Burnaşova çevirdikdə bu iki simanın arasında bir oxşayış duydu: girdəsifət, ala gözlü Burnaşov da qadına, xüsusilə Yekaterinaya bənzəyirdi.
Nədənsə Vaqif sezilməz bir təbəssümlə: “Mal yiyəsinə oxşamalıdır”, – türk məsəlini xatırladı.
Burnaşov ona yaxınlaşan Vaqifə nəzakətlə əl verib, masasının qabağındakı yumşaq sandalyada ona və katibinə yer göstərdi. Oturdular.
Tərcüman da gəlib oturdu. Nəzakət qəbilindən olaraq bir sıra rəsmi sözlərdən sonra, Burnaşov Yekaterinanın ədalət və mərhəmətindən, Tiflisə qoşun göndərməkdə heç bir istila fikrində olmadığından, yalnız əhalinin asayiş və bəxtiyarlığını güdməsindən bəhs edib, əsil məsələyə keçdi:
– Biz möhtərəm hökmdarınız İbrahim Xəlil xanla da dost olmaq niyyətindəyik. Mərhəmətli çariça sizə də himayəedici əlini uzatmaq istəyir. Xan yalnız bizim himayəmizdə öz taxtında baqi qala bilər.
Vaqif bu sözləri dinləyir və şərqlilərə məxsus şübhə ilə Burnaşovun incə dodaqlarına və ağ dişlərinə tamaşa edirdi. Burnaşov sözlərini bitirər-bitirməz Vaqif başladı: Qarabağ xanının Çingiz nəslinə və Ərğun sülaləsinə mənsubiyyətini, Şişə kimi Şərqin açarı sayılan möhkəm bir qalaya malik olduğunu, qüvvət və qüdrətini, Təbrizə qədər hökmü yeridiyini birər-birər söyləyib:
– Əlahəzrət çariça ilə də, – dedi, – dost keçinməyə müştaq və amadəyik. Lakin...
Burada Vaqif bir az dayanıb, ciddi bir baxışla Buranşovu süzdü və sonra İraklinin bağladığı müahidəyə işarə edərək, eyni şəraiti İbrahim Xəlil xanın da məqbul tutacağını sezdirdi.
Burnaşov gülümsədi. Bu gülümsəmədə çar nümayəndəsinin bu şəraitə razı olmadığı aşkar göründü. Vaqif məsələni anladı, lakin özünü ona qoymadı: Iran hadisələrinə keçdi. İbrahim xanın İran taxtını əlinə alması kimi edilən təklifləri söylədi.
Burnaşovun siması yavaş-yavaş sərtləşib, təkrar açıldı:
– Siz, – dedi, – əlahəzrət çariçanın alicənablığına, mərhəmətinə inanmalısınız. Sizin üçün bu mərhəmət böyük bir nemət ola bilər.
Vaqifin də üzü bir az sərtləşdi:
– Mərhəmət böyük nemətdir, – dedi, – doğru buyurursunuz, lakin məmləkətlər arasındakı rəftar və əlaqənin də qaydaları var.
Burnaşov yenə etimad və mərhəmət məsələsini meydana atdı, çariçanın Krım xanına qarşı göstərdiyi “ədaləti” dəlil gətirdisə də, Vaqifi qane edə bilmədi. Vaqif İrakli ilə bağlanan müahidəni nəzərdə tutaraq işarələr elədi, bu fikirlərin öz şəxsi fikirləri olub, İbrahim Xəlil xanın hələ guya nə rəydə olduğunu bilmədiyini irəli sürərək, Burnaşovun ağzını aradı. Axırda Burnaşovun xaçpərəst Gürcüstanına və müsəlman Qarabağına başqa bir nəzərlə baxdığını duyub, dilxor oldu.
İndi Vaqif bir daha eyni söhbətə qayıtmaq istəmir, Burnaşovun çariçanın mərhəmətinə həsr olunmuş söhbətini daxili bir kinlə dinləyib susurdu.
Nəhayət, Vaqif, Burnaşovun inadına cavab olaraq, tamamilə məsələyə dəxli olmayan söhbətlərə keçib, çar nümayəndəsini dilxor etdi.
7
Vaqif Şişəyə gələr-gəlməz İbrahim xanın yanına gedib, Tiflisdə gördüklərini və eşitdiklərini nağıl elədi. Rusların gürcülərə qarşı olan rəftarı və Qarabağın şərtsiz və müahidəsiz olaraq Rusiya təbəəliyinə girməsi təklifi xanı odladı. Onun həmişəki kimi yalnız çənəsi deyil, bütün vücudu qəzəbdən titrədi.
– Yaxşı, – dedi, – bəs sən mənim qüvvətimi, Qalanın möhkəmliyini demədin?
Vaqif sakit səslə cavab verdi:
– Xan, hamısını söylədim... Hamısını dedim, başa saldım...
– Bəs nə oldu?
– Elə öz dediyini dedi.
Xan dinmədi, lakin əsəbləri içərisini söküb dağıdırdı. Maşa ilə buxarını qurdalayır, düşünürdü. Vaqif xanı sakit eləmək üçün:
– Xan, – dedi, – it itin ayağını basmaz, deyərlər. İrakli xaçpərəst, urus xaçpərəst. Bizə qarşı kinləri var. Bir də ki, urusların ayaqları yer alıb: osmanlıları basdılar, Krımı aldılar. Bu qalibiyyət urusları qudurdub. Özlərinin də ki, nizamlı qoşunları, top-topxanaları, dəstgahları yerindədir.
Xan dinmir, yenə titrək əllərilə ocağı qarışdırırdı. Birdən ayılan kimi oldu:
– Əliməmmədin dalınca adam göndərmişəm, gəlsin görək məsləhətimiz nədir, – dedi.
Vaqif nikbin bir səslə:
– Xan, – dedi, – urusları yumşaltmaq üçün vasitə çoxdur: hələlik qalanı bərkitmək, təzə toplar almaq, cəbbəxanamızı, sursatımızı artırmaq lazımdır. Hazırlıq gördüyümüzü, şübhəsiz, ermənilər Tiflisə xəbər aparacaqlar. Görək nə olur. – Vaqif bir az susdu sonra ehtiyatla əlavə etdi: – Fətəli xan Allah deyəndən desə, nə var ki...
Xan Fətəli xan sözündən təkrar qəzəbləndi:
– O qancığın sözünü danışma! – dedi. – Onun ipinin üstünə odun yığılarmı? O kafirdən də pisdir!
Qapı açıldı, mirzə Əliməmməd ağa içəri girdi. Soyuqdan burnu qızarmışdı, kirpikləri qırov bağlanmışdı. Salam verib oturdu. Qızarmış əllərini bir-birinə çəkinərək sürtür və düşüncəli bir halda şişələri torlanmış rəngin pəncərəyə baxırdı.
Xan maşanı yerə qoyub, üzünü sağ tərəfində oturmuş Mirzə Əliməmməd ağaya çevirdi:
– Təzə nə var? – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!
HacıHəyətdə şirin dəstəməz almaqda idi. Məxrəcdən gəlmə «salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı, gəlib, ahista dəqqülbab oldu. Hacı buna əvvəl zərrəcə də e’tina etmiyib, dəstəməzi ikmala yetirdi və sonra «ayətəlkürsü» qiraət edə-edə darvazaya ravan oldu. Hacı darvazanı açan kibi iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar. Hacı acıqlı, lakin qayət yavaş səslə:– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı tahı, tövbə eləmişəm.
CavanCavan otağında gəzib öz özünə fikirləşirdi. Zehni dairəsi, cəmi kainata yayılmışdı: istərdi ağlını təbii məhdudiyyətdən qurtarıb hər şeyi bilsin; intihasız yerləri işıqlandırıb təbiətin dərin-dərin sirlərinə agah olsun. Cavan öz özünə fikir edirdi:– Bir şey bir şeyi xalq edər, bəs o bir şeyi kim yaradar?
Son baharSadə bir otaqda çarpayının üstə azarlı bir cavan yatmışdı. Çarpayının aşağı tərəfindən bətbənzi qaçmış ana durub yaşlı gözlərini ciyər parasının üzündən çəkmirdi. Xırdaca qız uşaqları, əlləri qoynunda, hərəsi otağın bir tərəfində oturub mat-məbhut qalmışdılar. Cavan yatmışdı, və hərdən köysünü ötürüb, ağır bir səs ilə inliyirdi. Bu inilti zavallı anaya belə tə’sir edirdi ki, biçarə arvad gözlərini yaşlardan xilas edib daha da zənn ilə balasına baxırdı. Güya bunun ilə onun cəmi dərunini nəzərdən keçirib nazik və cavan ciyərlərini dəlib, fövt edən xəstəliyə çarə arayırdı. Cavan bir iki dəfə şiddətli öysürüb, gözlərini yuxudan açdı. Anası əlini oğlunun alnına qoyub mehriban bir səslə halını xəbər aldı:– Bala yaxşı yatdınmı?
Poems by other poets
Guşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Zalim Şəcər dad əlindənZalım Şəcər dad əlindən,Sən ha nahaq qan eylədin.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bunca daş atma fələk, Seyyidi-divanəyə kimBunca daş atma fələk, Seyyidi-divanəyə kim,Atsa bir daş eləyər şişəni sədparə sənin.