Üçüncü hissə
Page 6 of 13 · 38%
Allahqulu ilə məni aparıb, xəndək qazdırırlar. Görürsən, darayı əvəzinə indi səngər toxuyuram.
Kazım sözünü bitirib, yenə qəhqəhə ilə güldü. Vaqifi və Ohanı da ürəkdən gülməyə vadar etdi.
Vaqifin gülməkdən gözləri yaşarmışdı, yastığın altından dəsmalını çıxarıb, gözlərini sildi. Bığ və saqqalını sığallayaraq məsələni Kazıma açdı. Kazım yerindən dik atıldı:
– Amandı! – dedi, – məni də Xanməmməd ağa yolu yollandırma!
Yazığam, balalarım var!
Vaqif onu yumşaltmağa çalışdı, camaatın ağır vəziyyətdə olduğunu, günahsız qan töküləcəyini söyləyib, qəti səslə:
– Qorxma, – dedi, – dalında durmuşam, balalarının, əyalıyın yanında mən zamın. Başından bir tük əskik olmağa qoymaram.
Kazım əlini sinəsinə söykəyib dərin-dərin düşüncədən sonra razı oldu:
– Axund, uşaqlarımın canı sənin amanatın! – deyib, köksünü ötürərək çıxıb getdi.
Kazım İbrahim xanın sarayını heç görməmişdi, saraylar onda bir qorxu doğurduğundan, həmişə oradan gen qaçardı. Bu dəfə məcburiyyət onu çəkib gətirmiş, qorxu artıq nəzərinə belə gəlməyirdi. “Hər nə olacaq-olacaq”, – deyə təvəkkülə bel bağlamışdı.
Kazım divan otağında dizi üstə oturmuş müqəvva kimi adamları gördükdə özünü itirdi. Yuxarı başdakı xan və yanındakı qırmızı paltarlı cəlladlar gözünə çarpar-çapmaz əti ürpəşdi, gözlərini səqfə, güzgü parçalarından yapılmış nəqşlərə çevirdi. Salam verib- verməməsindən heç özünün də xəbəri olmadı.
Xanın qəzəbli səsi otağı titrətdi:
– Salamı kimə verdin? – deyə xanın vahiməli gözləri Kazıma yamandı.
Kazım qorxu zəncirindən xilas olub, ayılan kimi oldu, gülümsünərək xanın üzünə baxıb dedi:
– Xan sağ olsun, izin ver, bir məsəl çəkim. Bir gün Bəhlul Danəndə qarğıdan özünə bir at qayırıb yolda çapırdı. O, üç mollaya rast gəlib, salam verdi, keçdi. Mollanın biri dedi, salam mənə idi, o biri dedi, mənə idi. Aralarında dava düşdü. Dedilər, davaya nə hacət, gəlin Bəhlulun özünü çağıraq, soruşaq görək salamı kimə verib. Bəhlulu çağırdılar.
Soruşdular. Bəhlul dedi ki, salamı ən axmağınıza verdim.
Mollalar yenə razı qalmadılar: bu dedi, mən axmağam, o dedi mən axmağam...
Yenə Bəhlulsuz keçmədi. Bəhlul dedi, siz axmaqlığınızı söyləyin, mən deyim salamı kimə vermişəm.
Mollanın biri başladı:
– Mən, – dedi, – məktəbdə dərs deyirdim. Tələbələr məni zara gətirib yormuşdular. Nə ölüb qurtarırdım, nə də azarlayırdım ki, bir az dincəlim. Bir gün evə gəldim, gördüm arvad taxçaya bir nimçə küftə qoyub. Küftənin birini orduma sığışdırıb, ah-zar eləməyə başladım.
Arvad gəldi ki, nə var, dedim, ordum şişib, ölürəm. İstədi baxsın, çığırıb qoymadım. Məni yorğan-döşəyə uzandırıb, cərrah çağırdılar.
Cərrah gəldi, neştəri çıxardıb, ordumu yardı, küftənin düyüsünü və ləpəsini bir-bir çıxardı. Dedi çirk eləmiş imiş, bir az da tez üstünə düşməsəydik, öləcəydin. Xülasə, bu əməliyyatdan sonra doğrudan xəstələnib, iki həftə yatdım.
Bəhlul üzünü ikinci mollaya çevirib dedi: “Bunun axmaqlığını bildik, indi sən özününkünü nağıl elə!”
ikinci molla başladı.
– Mən də məktəbdə dərs deyirdim. Məktəbin bir iri su küpü vardı.
Bir gün tələbələrdən birinə dedim, bir parç su gətir içim. Tələbə küpə yaxınlaşdı, başını içəri sallayanda, – “Ay molla küpdə bir adam var!” – deyə qışqırıb geri qaçdı. Uşaqların hərəsinə bir çubuq verdim, küpə yaxınlaşdıq. Yavaşca başımı salladım, gördüm küpdə, suyun içində bir molla var. Dedim: “Uşaqlar, bu molla burda düz iş üçün gizlənməyib, yəqin bir xatakünlüyü var. Mən küpə girib onu yuxarı qaldıracağam, başı çələ çıxan kimi siz çubuqdan döşəyin!” Girdim küpə, gördüm heç kəs yoxdu, demə öz əksim suya düşmüş imiş. Istədim çıxım elə başımı çölə çıxaran kimi tələbələr başıma çubuqdan döşədilər.
Axırda qonşular səsimə gəlib məni küpdən çıxardılar. Bu vəqədən azarlayıb iki həftə yatdım.
Bəhlul üçüncü mollaya yönəldi:
– Sən de görək! – dedi. Üçüncü Molla başladı:
– Mən də müdərris idim. Məktəbdə belə bir qayda qoymuşduq; biri asqıranda, hər kəsin əlində nə olsaydı, yerə salıb əl vurardı. Bir gün tələbələri yığıb, şəhərdən çölə seyrə aparmışdım. Hava çox isti idi.
Tələbələr susuzladı. Su axtardıq, tapmadıq. Axırda bir kor quyuya rast gəldik. Dedik, qurşaqlarımızı açaq, bir tələbənin belinə bağlayıb sallayaq, quyudan su çıxarsın. Tələbələr o qədər qorxaq idi ki, heç biri razı olmadı. Əlacım kəsildi: qurşağı öz belimə bağlayıb, ucunu tələbələrə verdim, məni quyuya salladılar. Yolun yarısında idim, burnumun içi gicişdi, bərk asqırdım, bunu eşidən tələbələr qurşağı o saat əllərindən boşladılar, gundurum-gup gedib düşdüm quyunun tərkinə. On gün ac-acına orada qaldım. Bir gün oradan keçən karvan quyuya dolça sallayanda dolçadan yapışıb çıxdım. Baş-gözüm elə əzilmişdi ki, iki ay yatdım.
Bəhlul dedi:
– Molla, salamı sənə vermişdim!
Kazım məsəli qurtaran kimi İbrahim xan şaqqıldayıb güldü. Məclisdəkilərin üzünə gün doğdu. Kazıma xələt-barat verib, saraydan yola saldılar. Dustaqlar da zindandan buraxıldı.
10
Ağaməmməd şahın Xudafərindən keçməsindən Məmməd bəyin xəbəri olmamışdı. O, üç min əsgərlə Arazın yuxarısında şahın yolunu gözləyirmiş. Çapar xəbər gətirdi ki, şah Qarabağ kəndlərini yandırır.
Məmməd bəy acıqlı:
– Necə yandırır? – dedi.
– Ağa, Tuğ yanır, ermənilərin başları nizələrdə gedib. Kəhrizlidə adam tapmayıb, evləri yandırmışlar. Sizin imarət də odlanıb.
Məmməd bəyin qan başına vurdu, hirsindən titrədi:
– Səfər! – deyə çağırdı.
Səfər hazır oldu.
– Ağa, qulluq?
– Bu saat üç yüz saz atlı götür gedək! Tez!
Düşərgəyə hay-küy düşdü. Atlar yəhərlənir, qılınclar qurşanırdı.
Yüyürən kim, qaçan kim, hər kəs hərəkətdə idi. Hamıdan da əvvəl Məmməd bəy hazır olub, Laçının belində yola çıxdı. Səfər çaparaq gəlib, atlıların bu saat hazır olacağını xəbər verdi.
Məmməd bəy:
– Səfər, – dedi, – atların tərkinə bir bağlı quru ot qoyun.
Səfər, məsələni başa düşməyərək, duruxdu:
– Nə üçün ki?
– Sənin işin yoxdur, bağlat, sonra bilərsən.
Yola çıxdılar. Axşama yaxın gəlib Hindarxın yanında toxtadılar.
Şahın düşərgəsi düzdə idi: çadır-çadıra söykənmişdi; orda-burda ocaq qalanıb, tüstü çıxırdı; atlar, eşşəklər, dəvələr düzə otlamağa buraxılmışdı, otlayırdı: qoşun əhli qarışqa kimi qaynaşırdı. Uzaq yollardan ot yüklü atlılar düşərgəyə doğru gəlirdilər.
Məmməd bəy gülümsünərək:
– Səfər, – dedi, – bilirsən nə var? Indi biz də saymazcasına düşərgəyə girərik, elə bilərlər ki, biz də onlardanıq, ot dalınca getmişdik.
Ortaya çatarıq, onatan da toran qovuşar, otları yerə atıb, birdən cumub sərbazları qırıb tökərik. Sən bizim atlıları başa sal, mənim səsim gələndə başlasınlar. Bax ona qədər özlərini o yerdə qoymasınlar ha!
Səfər:
– Baş üstə! – deyib getdi.
Saqlı yerdə duran atlılara göstəriş verildikdən sonra hərə dağılıb, başqa-başqa yollarla düşərgəyə endi. Getdikcə düşərgədən qopan uğultu artır, adamlar daha aydın görünürdü. Orada əlvan geyimli, əlvan sifətli, əlvan dilli xalqlar vardı. Türklər, farslar, kürdlər, lorilər, ərəblər... bir-birinə qarışmışdı. Yaşlılarla bərabər cavan uşaqlar da vardı. iran torpağında əli silah tutanların hamısını buraya toplamışdılar.
Məmməd bəy qotaz birçəkli, sallaq bığlı bir sərbazın yanından keçdikdə atı yavaşıtdı. Yerə qoyulmuş palana söykənmiş bu sərbaz sazı bağrına basıb, yanıqlı bayatı oxuyurdu. Ətrafına bir dəstə uzun arxalıqlı sərbaz yığılıb, dərdli-dərdli qulaq asırdı.
Günəş təpənin arxasında gizlənsə də, qızartısı hələ göydən çəkilməmişdi.
Üfüqlər tozanaq və bürkü içində idi. Düşərgəyə yad bir İnsan qoxusu çökmüşdü, kənardan bura gələnin ürəyi bulanırdı. Məmməd bəy atı saxladı, otu tərkindən salaraq, ətrafa bir göz gəzdirdi.
Atlıları düşərgəyə yayılıb, qulaqlarını şəkləmişdilər.
– Hey-hey!
Məmməd bəyin səsi eşidilər-eşidilməz qılınclar sıyrıldı. Duyuqsuz sərbazlar, hürküdülmüş sərçə sürbəsi kimi, qalxıb bir-birinə qarışdılar.
Qışqırıq qopdu, qoşunun içinə çaxnaşma düşdü, sərbazlar silah götürüb, bir-birinin canına düşdü. Məmməd bəy qıra-qıra geri dönür və iz itirmək üçün:
“Odur oradadır, qoyma vur”! – deyə sərbazları başqa yerə sövq edirdi.
Yarım saat davam edən bu vuruşmadan sonra Məmməd bəyin dəstəsi on-on beş yaralı və ölü buraxıb çəkildi. Onları iki yüzə qədər sərbaz izləyirdi. Məmməd bəy o yerlərə yaxşı bələd olduğu üçün sərbazların ağzını dərəyə çevirib, adamları ilə atdan düşdü, kolların arasına səpilərək, sərbazları gülləyə basdılar...
Arxadan iranlılara yeni qüvvə gələcəyindən ehtiyat edərək, sərbazları qırıb dağıtdıqdan sonra ata minib səyirtdilər.
Məmməd bəy qan-tər içində idi. Səfər də süst düşüb, onunla yanyana gedirdi. Vuruşma mənzərəsi hələ də gözlərinin qabağında idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iki-od-arasinda-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Qumarbazın arvadıYayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.