Page 7 of 13 · 46%

Gecə sərinləyir, dağlardan gələn meh onları sanki ayıldırdı. Məmməd bəy:

– A Səfər, – dedi, – su olsaydı, düşüb bir əl-üzümüzü yuyardıq: bir köpək oğlunun boynundan qan fışıldayıb, hər yerimi batırıbdır.

Səfər belə vuruşmalardan sonra həmişə pərt olardı:

– Qabaqda su olacaq, – dedi, yenə sükuta daldı.

Məmməd bəy maraqla:

– Səsin kal çıxır, – dedi, – nə var? Yaralanmamısan ki?

– Yaralanmamışam. Amma nədənsə adam öldürməkdən xoşlanmıram.

Onların da anası, bacısı, arvad-uşağı var... yağı olanda nə olar ki!

Məmməd bəy güldü:

– Əşi, mən səni ciyərli bilirdim!

– Ciyərliyəm. Ancaq adam öldürməyə qolum qalxmır.

– Bəs sən necə qaçaq idin?

– O da əlacsızlıqdan idi.

Məmməd bəy düşündü.

11

1795-ci ilin yayında Ağaməmməd şah Şişəyə tərəf hərəkət etdi. Öncə gedən Mustafa xan on minlik bir ordu ilə rast gələn kəndləri dağıdır, əhaliyə qarşı olmazın zülmünü edirdi. İranlılar türklə, erməniyə fərq qoymayaraq, iki xalqın ikisi ilə də eyni müamilədə bulunurdular.

Bu hərəkət türklərlə erməniləri birləşdirib, özlərini müttəhid bir halda müdafiə etməyə məcbur etdi. Onsuz da əsrlərdən bəri yana-yana yaşayan bu iki xalqın geniş kütləsi bir-biri ilə dost keçinərdi: lakin balıq başından iylənən kimi, fənalıq həmişə yuxarı sinifdən törərdi. Bu dəfə yuxarıdakılar da birləşib, əlbirliklə Ağaməmməd şaha qarşı çıxdılar.

Dızaq, Vərənd, Xaçın və Tuğ məlikləri, Məmməd bəy, qardaşı Əsəd bəy və Səfər Qarqar çayının sağ tərəfindəki dağ və dərələrdən Ağaməmməd şahın qoşununa hücuma başladılar.

Qala müntəzəm bir halda durub, düşməni gözləyirdi. On beş min əsgər şəhərin içində və qismən də qərb cəhətindəki dağlıqlarda yerləşmişdi.

Hamıda bir ruh yüksəkliyi duyulurdu, çünki şəhərin təbii mövqeyi o qədər əlverişli idi ki, onun alınacağı heç də nəzərə gətirilməyirdi.

Sübh pəlmə içində açılırdı, günəş qan ləkəsi kimi üfüqə yapışmışdı.

Kazım namazını qılıb qurtarmış və qatıqla bir az çörək yeyib, küçəyə çıxmışdı. Xalq bazara gedirdi. Çiyni səhəngli qadın və qızlar şirin quyulardan qayıdırdılar. Bir uşaq çəpərin dibində quzu otladırdı.

Sanki şəhərin altı-yeddi ağaclığında heç müharibə getmirmiş, həyat həmin köhnə adi həyat idi.

Qapının ağzında bir daş səki vardı. Kazım hər axşam Allahqulu ilə onun üstündə oturub, söhbət edərdi. Indi də oturub, dostunu gözlədi.

Çox çəkmədi Allahqulunun çal bığları qapıdan göründü:

– Usta, bu gün nə tez belə?

– Dedim, çıxaq görək təzə nə xəbər var.

– Onda tərpən!

Dostlar başmaqlarının nallarını taqqıldada-taqqıldada dar və tozlu küçələrlə meydana doğru yola düşdülər. Onlar işi olmayan və eyni yolu hər gün gedən adamlar kimi yavaş-yavaş yürüyür və çox az danışırdılar.

Bunlar qiyafə etibarı ilə bir-birindən seçilməyirdi: qırxıq başlarında araqçın, əyinlərində çit qurşaqlı uzun arxalıq, ağ tuman və dabanları başmaqdan kənarda qalmış corabsız ayaqları vardı. İkisinin də əlləri bellərinin arxa tərəfində düymələnib, təsbeh çevirirdi.

Meydana çatdılar. Adam əlindən iynə salsaydılar, yerə düşməzdi.

Camaat bir-birini basıb irəli soxulur, meydanın ortasında nəyə isə tamaşa edirdi.

Kazım ayaqlarının ucuna qalxıb, boylandısa da, heç bir şey görə bilmədi. Önündə duran şiş papaqlı bir qocaya yönələrək:

– Əmi, bu nə həngamədir?

Qoca gülümsündü, yeganə dişini zahirə çıxararaq dedi:

– Məmməd bəylə tuğlu məlik Abbas bir xurcun sərbaz qulağı göndəriblər.

Camaat kəsilmiş qulaqları görmək istəyir.

Qoca sözünü bitirib, qəhqəhə çəkdi, lakin öskürək onun qəhqəhəsini yarımçıq kəsdi.

Səs-küy bazarı ağzına almışdı, xalq iranlılara vurulan zərbə haqqında danışıb sevinirdi.

– Zalım oğlu igiddir ha!

– Atasına çəkib: Mehralı bəy igid deyildimi?

– O ayrı, bu ayrı!

– Yavaş, ayağımı əzdin!.. Ay həpənd, sənlə deyiləm?

– Həpənd özünsən...

İki adam bir-birilə vuruşurdu. Araya girdilər. Kazım Allahqulu ilə meydanı dolanıb, divanxana qabağına tərəf getdilər. Hər yer adamla dolu idi: kənd şəhərə qarışmışdı. Rastabazarda şirin alış-veriş vardı, alıcının əksəri tərəkəmə idi. Başları dingəli üzü açıq kənd qız-gəlinləri ağ çadralı şəhər qadınları içində qəribə bir mənzərə təşkil edirdilər.

Burada da müharibə duyulmayırdı: xalq arandan şəhərə köçüb, hərə yamanyaxşı bir yerdə yerləşib, sanki sakit olmuş, yandırılmış yurdunu unutmuşdu.

Divanxana qabağı da adi mənzərəsində deyildi. Bütün dar ağacları və işgəncə alətləri yığışılmış, cəlladlar xalqa qarışıb, orda-burda dəstə-dəstə oturaraq şirin söhbətdə idilər.

Bir də qala qapısı tərəfdə bir səs-küy qopdu. Hamı yerindən dik qalxıb, ora tərəf götürüldü. Kazım ilə Allahqulu sarayın önündəki dikə çıxıb, tamaşaya daldılar: yüzlərcə at, qatır və ulaq gətirilirdi. Ətrafa səpilən xalq bu ilxını şən bir bağırtı ilə qarşıladı. Bu heyvanlar iranlılardan qənimət alınmışdı.

12

Şişənin ətrafındakı vuruşmalar üç həftədən bəri davam edirdi. Ağamməd şah Qarqar çayının sol tərəfi ilə yavaş-yavaş Şişəyə doğru irəliləyirdi. Qarqarın sağ sahili isə Məmməd bəyin əlində olub, iranlılara çox tələfat verirdi. Yer dağlıq olduğu üçün meydan müharibəsi əlverişli deyildi. Qarabağlılar xırda dəstələrlə hücuma keçib, düşmən karvanlarını qarət edir, sursat və ələfin gətirilməsinə mane olurdular. Şah bunun önünü almaq üçün Dəvəli Mustafa xanı beş min qoşunla Əsgərana və Pirqulu xanı da Məmməd bəyin üstünə göndərdi.

Məmməd bəy məsələni öyrənib, adamlarını Pirqulu xanın gələcəyi yolun ətrafına topladı.

Avqustun ortası idi. Hava bulud da olsa, son dərəcə xoş idi. Məmməd bəy qaya başında durub, Qarqara doğru gedən yolu süzürdü. O, zirehdə Pəhləvana bənzəyirdi. Sərt baxışı bir də xəşin şəkil aldı, sanki qartal ov görmüşdü. Uzaqdan qalxan tozun arasından İran atlıları göründü.

Məmməd bəy:

– Səfər, sən dəstənə tapşır, sakit oturub, gözləsin, – dedi, – mən qəflətən üstlərinə yeriyəndə, siz də daldan yolları kəsin.

Səfər daldalıq yerlərlə atılıb, adamlarının yanına getdi. Məmməd bəy də qayadan enib, yan dərədəki qoşuna qovuşub atlandı. Yolun üstü iki yandan alınmışdı. Lakin iranlıların gecikməsi hər kəsi darıxdırır, hamıdan da çox hövsələsizlik göstərən Məmməd bəy idi. Nəhayət, o, Tərlanı səyirdərək yola endi, otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi, əsil Iran qoşunu hələ uzaqda idi. Atlılar Məmməd bəyi görcək özlərini itirdilər: biri geri dönmək istədi, lakin o biri yəhərdən asılmış qutudan bir mizraq çıxarıb Məmməd bəyin üstünə gəldi. Bu adamın ovşar olduğu qiyafəsindən görünürdü. Ovşarların mizraq atmaları məşhur olduğu üçün, Məmməd bəy cəld qılıncını sıyırdı və mizraqdan göz çəkməyərək ehtiyatla irəlilədi. Mizraq ovşarın əlindən qopan kimi Məmməd bəyin qılıncı onu havada iki böldü. İkinci zərbə ovşarı atdan devirdi. Indi artıq dərə və yol nərə səsi ilə dolmuşdu.

Atların ayağından qopan çınqıllar havada oynayır, toz ətrafı bürümüşdü.

Pirqulu xanın qoşunu hücumu gözləməyərək özünü itirib, orabura soxulurdu. Səfər də hücuma keçəndə artıq iranlılar sınıb, geriyə doğru can atırdılar. Məmməd bəy düşməni şahın düşərgəsinə qədər qovdu. Yolda dəhşətli bir mənzərəyə rast gəldilər. Iranlılar yüzə qədər Qarabağ əsirini, qol-qıçları bağlı olaraq yerə yıxıb, xırman döyən kimi üstlərində at sürürdülər. İnsan iniltisindən sanki ətraf fəğan edirdi. Məmməd bəy Pirqulu xanın izlənməsindən vaz keçib, işgəncə dəstəsinin üstünə düşdü. Qırx-əlli adam bir dəqiqədə qılıncdan keçirilib, qulaqları kəsildi, xurcunlara dolduruldu.

Məmməd bəy Qarqarın sağ tərəfində möhkəm səngərlər qurub, şah qoşununa böyük zərbələr vurmasına baxmayaraq, Ağaməmməd şah sol sahillə dağa doğru çıxıb, Topxanadan Şişəni topa basırdı. Daş və dəmir qumbaralar qalanın müxtəlif yerlərinə düşüb, xalqı həyəcana gətirirdi. Lakin bir neçə gündən sonra bu da adət olub, təsirdən düşmüşdü.

Şəhərlilər dəstə-dəstə cıdır düzünə toplanıb, oradan Topxananı başdan-başa tutmuş şah çadırlarına tamaşa edirdilər. Bəzən sakitlik olur, iki tərəf də dincəlməyə və ya yeməyə dalırdı. Bir də görürdün, top atışmaları başlandı, barıt tüstüsü ətrafı bürüdü. Bu atışmadan, təbii idi ki, heç bir nəticə çıxmayırdı Topxana ilə şəhərin arasında dərin bir uçurum var idi, bunun da dibindən Daşaltı çayı axırdı. Oranı keçmək qətiyyən mümkün deyildi. Keçilsəydi belə sıldırım qayaları, şəhər barı və bürclərini almaq mümkün olan şeylərdən deyildi: on beş min igid gecə-gündüz şəhərin keşiyini çəkirdi.

Qala ilə Topxananın arasındakı keçidin ən dar yeri Xəzinə qayasının önü idi. Ağaməmməd şah bura plan tökdürüb, keçmək niyyətinə düşdüsə də, bir nəticə çıxmayacağını anlayıb vaz keçdi. Nəhayət, o acığa düşüb, İbrahim xanın yanına qasid vasitəsilə bir məktub göndərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Toy

Toy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»

3 min
Üç

Tacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:

3 min
Sərhəd məsələsi

– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.

6 min
Qumarbazın arvadı

Yayın aydın gecələrindən idi. Söyütlər və akasyalar sakit və samit durub, qayınatın dərin bir yuxuya dalmağına tamaşa edirdilər. Cavan gəlin Süreyyə pəncərədən küçəyə zənn ilə baxıb, qulaq verdi və səs-səmir eşitmiyib, ehmal ayağının ucunda gəlib yatacağının üstə uzandı. «Gəlmədi – gəlin öz-özünə dedi: yəqin qumarxanalardan çıxıb, görəsən haraya getdi... Hər gecə belə, bilmirəm dərdimi açıb, kimə deyim. Evdə də bir söz danışa bilmirəm: qayın atam gedir bazarda abırısını tökür, o da gəlib məni döyüb, incidir ki, niyə mənim gəzdiyimi onlara xəbər verirsən. Demirəm də gecəyə kibi evə gəlmir. Bilmirəm məni avara qoyacaq idilər, niyə vətəndən diyar-bə-diyar saldılar... Qürbətə əvvəl qız verib, ələni görüm qəbri od ilə dolsun!...»Süreyyə bir də yatacağından qalxdı, və ərinin gəlməməyini həyətdə yatan qayın ana və qayın atasına bildirməmək üçün, yenə ayağının ucunda ehmal yeriyə-yeriyə pəncərəyə tərəf gəldi. Ay batmağa üz qoymuşdu. Küçədə söyütlərin və akasyaların uzun kölgəsindən başqa bir şey görünmürdü. Süreyyə pəncərəni açıb, başını dışqarı çıxartdı, və nə qədər diqqət ehmallıqda qayıdıb, yatacağında uzandı.

6 min

Poems by other poets