Page 10 of 10 · 90%

Fedr gülümsədi:

– Bu doğru, – dedi, – lakin eşq nədir? Eşq ruhun zəruri və təbii xəstəliyi deyilmi?..

Diotim onun sözlərini kəsdi:

– Yox, Fedr, eşqə xəstəlik demək doğru olmaz. Çünki eşq ölməz, daima canlı bir qüvvədir. Lakin eşq iki qisimdir: biri göylərdə Afrodit40qəlbində bəslənən, o biri isə yerdə avam arasında dolaşan eşqdir. Göy eşqi heç bir məqsəd təqib etməz, təmiz və yüksəkdir. Bu, bir cinsin eyni cinsə qarşı bəslədiyi hissdən ibarətdir: kişinin kişiyə, qadının qadına. Adi eşq, yəni avam eşqi, övlad törətməyin müqəddiməsidir.

Birincisi öz-özlüyündə məqsəd bulan kimi, ikincisi isə məqsəd vasitəsidir.

Şair Alse:

– Diotim, – deyə sözə başladı, – eşq Afroditin ürəklərə qonaq gəlib, buraxdığı atəşdir. Yanaraq iki qəlbin alovunu bir-birinə qarışdırar.

Eşq, iştə, ruh məbədlərində yanan daimi atəş!

Həkim Mimnern əlindəki piyaləni masanın üstünə qoyub dedi:

– Diotimin eşq nəzəriyyəsi ilə heç də razı ola bilmərəm. Eşq eyni cinslərin deyil, başqa-başqa cinslərin zürriyyət törətmək məqsədi ilə bir-birinə isnişməyindən ibarətdir. İstər İnsan, istərsə heyvan və bitkilər arasında erkəyin dişiyə, dişinin erkəyə qarşı bəslədiyi arzu əvvəllər xəstə bir hal törədir. Məqsəd uzaqlaşarsa, bu xəstəlik bir az da dərinləşir. Nəhayət, cismi ehtiyac dəf olunduqdan sonra xəstəlik də yox olur. Bir cinsin eyni cinsə qarşı bəslədiyi ehtiras təbiətə qarşı üsyan etməkdən başqa bir şey deyildir!..

Məclisdəkilər tamamilə məst bir halda idi. Çalğıçılar qucaqlardan qucaqlara keçir, onların mədhində nitqlər, şeirlər söylənirdi. Ev sahibi Nestor da gah qızın, gah oğlanın qarşısında diz çökərək məntiqsiz, mənasız sözlər söyləyirdi.

Bir də qapı açılıb, içəri cındır paltarlı, kirli simalı bir adam girdi.

Bunun gəlməsi kimsənin marağına mucib olmadı. Yalnız Nestor süst bir baxışla onu süzüb:

– Filip! – deyə bağırdı.

Filip yırtıcı kimi sıçradı. Yalnız sağ əlinin bir anda qalxıb enməsi göründü. Nestor yıxıldı. Ürəyindən fışıltı ilə axan qan ətrafını islatmağa başladı”.

Ərən hekayəsini bitirən kimi yenə neylər çalındı.

19

Yeddi Xoruz məbədinə girdik. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Yuxarı başda duran ağ geyimli yeddi qız əlvan rəngli işıqlar arasında hind əfsanələrini andırırdı.

Mehraba yanaşıb durduq. Yeddi ərən də qızların ətrafına toplanıb, ney çalmağa başladı. Qadın, kişi – bütün qəbilə xalqı buraya toplandı.

Ayinə hörmətən hər kəs susub, qızların oxumasına müntəzir idi. Qızlar gözəl bir səslə başladılar:

Eldən ayrı tutdum xoruz yolunu,
“Haqq bilib tutduğum yoldan ayrılmam!”
Xoruzların baqi etdim dölünü,
“Haqq bilib tutduğum yoldan ayrılmam!”
Yeddi ərən səsi haqqın səsidir,
Neylərin sədası aşiq dərsidir,
Məbədi güldürən gənc həvəsidir.
“Haqq bilib tutduğum yoldan ayrılmam!”

Alovlu atəşdən riza alayım.
Torpaq, hava əsrarına dalayım,
Su yolunda qönçə bir gül olayım,
“Haqq bilib tutduğum yoldan ayrılmam!”

Yurdumuz böyüyüb, çiçəklər açdı,
Əmək nurlarını aləmə saçdı,
Zalimlər əzilib, kənara qaçdı,
“Haqq bilib tutduğum yoldan ayrılmam!”

Biz yeddi qız haqqın şən çırağıyız.
Məbədlərə nur verən dildadəyiz.
Odlanıb, həzz duyan bir pərvanəyiz.
“Haqq bilib tutduğum yoldan ayrılmam”

Ayin bitər-bitməz əvvəl ərənlər, qızlar, müəllimlərimiz, sonra bütün qəbilə xalqı gənclərə yanaşıb, bizə səadətlər dilədilər. Bir çox çiçəklər, balaca xoruzlar da hədiyyə edənlər oldu. Ata və anamızın fərəhinin həddi yox idi.

Artıq bütün adət və ayinlər bitmişdi. Qəbilədəki son axşamımızı ailəmizdə keçirib, sabah tezdən “Qoç” qəbiləsinə yola düşməli idik.

Anam əlindən gələn xörəkləri hazırlayıb, hamımız şad bir halda süfrənin ətrafına toplanmışdıq. Atam dedi:

– Çopo, sən sabah bizdən ayrılırsan. Ata-ana üçün ən böyük səadət övladının salamat və xoşbəxt olmasıdır. Get xoşbəxt ol, salamat səsin gəlsin! Ancaq həyat tühaf bir şeydir, bunu bil! O, çalışanların və bacaranların malıdır. Çalışmayanlar, acizlər, tənbəllər və acı təbiətlilər həyatda müvəffəq olmazlar. Bunu bil! Ailə həyatına gəldikdə, bu da tühaf bir şeydir. Bu çox ölçüb-biçməyə gəlməz – çıxmaq ilədir.

Yaxşı zənn etdiyin fənaya dönə bilər; fəna görünən də yaxşı çıxa bilər.

Hər halda Qızlar bulağında özünə həyat yoldaşı seçərkən zahiri gözəlliyə çox da uyma. Zahir müvəqqəti bir şeydir; bu gün var, sabah yox ola bilər. Dəruni gözəllik isə sabit və dəyişilməz bir qüvvədir. Onu doğru təyin edib seçmək – səadət qapısını bulmaq deməkdir. Eşq qeyri-sabit bir amil və ələləksər coşmuş ehtiras uydurmasıdır. Eşqə bel bağlamaq ayıqlığa vida deməkdir. Eşq cazibəsinə çox da aldanma! Lakin var deyib, inansan, inamında davam et, şübhələrə meydan vermə.

Eşq sönmüş də olsa onu alovlandırmağa çalış. Çünki İnsanın xəyalı olmazsa, həyat məhsulsuz bir səhraya dönər.

İnsan, iradəsinə malik olmaq qüvvəsindən məhrum bir xilqətdir. Iradən mühit şəraitinə toxunub əzilərsə, məyus olma, cəmiyyətə sarıl da, şəraiti dəyişməyə çalış. Fərdi acizliyi yalnız cəmiyyət təsviyə edə bilər. Cəmiyyət faydasını həmişə öz fərdi faydandan üstün tut!..

Atamın bu məaldakı nəsihətlərini anam başını tərpətməklə təsdiq edirdi. Bacım isə yalnız gülümsəmə ilə iktifa edirdi.

Atam sözlərinə bir az fasilə verib, yenidən başladı:

– “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm.

Çünki nə mən, nə anan gənclərin xüsusi həyatına qarışmaq niyyətində olmayacağıq. Sənin “Qoç”da övlad olacağın evi hələ bilmirəm. Ancaq rəftar adama bağlıdır. Sən istəsən qayınatan və qayınananın çəmini taparsan. Köhnələrin də rəyi ilə bir az hesablaşmaq lazımdır. Yoxsa ömrünüzü zəhərlərlər. Hərə bir təbiətə malikdir. Təbiətin yolunu tapmalıdır.

İnsan coşar, daşar, bu zaman ağıl yolunu şaşar. O əsnada müəyyən məsələ haqqındakı qərarından çəkin. Salamat yolu yalnız sakit ağıl göstərə bilər!..

Atamın nəsihətlərini dinləyib, doğrusu, dərk edə bilmirdim. Ürəyimə qapılaraq, həp sabahı düşünürdüm. Bütün fikir və xəyalım Qızlar bulağı ətrafında cövlan edirdi... Ah, nə gözəl dəqiqələr idi!


1 Zərdüştilərdə işıq allahı.

2 Qadın deməkdir, din, pərəstiş doğruluq və pakizəlik mənalarında qollanır.

3 Pəridar-xoruz.

4 Əhrimən-qaranlıq allahıdır.

5 Muğ-cəmi Muğandır. Muğan səhrası bunların adı ilə bağlıdır.

6 Od keşikçisi; azərban.

7 Baş möbid-baş ruhani

8 Gəncənin qədim adı.

9 Midiyanın paytaxtı

10 “Avesta”nın şərhi.

11 İbadət zamanı üzün yarısını qapayan örtük...

12 Bitki

13 Məbəddə işlənən çörək

14 Aypara şəklində dayaq

15 Bağlı çubuq dəstəsi.

16 Qəbiristan deməkdir. Qədim zamanlar meyidi yerə qoyurdular, quşlar ətini diddikdən sonra sümükləri üst-üstə yığırdılar. Basdırmaq adət deyildi..

17 “Avesta”nın bir fəslidir.

18 Həmədan hökmdarlarından bir qadın

19 Surəti, əkizi.

20 Perserolis - Qədim Pars paytaxtı; Istəxr.

21 Podnos

22 Qara dənizin qədim adı.

23 Midiyanın son hökmdarı.

24 Pars səltənətini təsis edən.

25 Pars paytaxtı.

26 Göy allahı

27 Yer allahı.

28 Su allahı.

29 Eşq ilahəsi; Sürəyya ulduzuna müqabildir

30 Qızıl İrmaqın qədim adı.

31 Ruhani.

32 Atəş allahı

33 Fəza və yağış allahı.

34 Fəsil allahı.

35 İçgi.

36 Sabah yeli, nəsim

37 Hərəm dairəsi.

38 Musiqi aləti.

39 Eşq allahı.

40 Eşq ilahəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets