İkinci hissə
Page 9 of 13 · 62%
– Vuruşma var. Xaqanın müqəddəratı həll olunan bir vaxt durmağa haqlı deyiləm.
– Haqlısan! Ancaq müqəddəratı təyin edən müharibə deyil, eşqdir.
Xaqan sarayını, tacı, taxtı tərk etməyə hazıram da... eşqi yox.
Dərunimdə təbiət bütün çılpaqlığı ilə canlandı. Ərdicanın vücudundan nəşət edən rayihə məni kişnətdi. Bir dəqiqədə onu qucub, təbiətin köksünə atdım və əbədiyyətin səsinə qarışaraq qeyb oldum.
37
Şiddətli vuruşma davam edirdi. Quzatay ordusundan ələ keçən ilk əsiri xaqanın yanına gətirdilər. Xaqan onun köksünə bir qılınc vurdu.
Fışqıran qanın altına ovcunu tutub nəşə ilə içdi. Xaqanı təqibən sərkərdələr
də qandan içdilər. Sonra əsirin üzünün dərisini soyaraq xaqanın atının cilovundan asdılar.
Axşama doğru oxun qurtarmasını xaqana xəbər verdilər. Hiddətləndi.
Atılmış düşmən oxunun toplanıb yenidən qollanmasına əmr verildi. Bunun üçün ayrıca bir dəstə vücuda gətirildi. Eyni zamanda çevirmə hərəkəti yapılması əmr olundu.
Bu əsnada arxa tərəfdən oxların yağış kimi yağmasını duyduq. Xaqan bir hücum dəstəsini də arxaya göndərdi.
Ön tərəfdə hərəkət edən sərkərdələrdən ən mahiri Okabay idi.
Minlərlə əsir alması və düşmənə qüvvətli zərbə vurması xəbəri xaqana bildirildi, xaqanın qorxunc siması bir az parladı. Atının boynundan bir dəstə dəri qopararaq ona hədiyyə göndərdi.
Lakin arxamızdan bizə doğru irəliləyən düşmənin oxları xaqanın nəşəsini pozdu. Oxlar artıq xaqanın çadırlarını belə təhdid edirdi.
Nə edəcəyini kəsdirə bilməyən xaqan bizi məşvərətə çağırdı. Hərə bir fikir söylədi, mən isə şimala çəkilməmizi tövsiyə etdim.
Xaqan hər kəsi dinlədikdən sonra mənim rəyimi təsvib etdi.
Çəkilmədən əvvəl xaqana:
– Səninlə gizli bir söhbətim var, – dedim. Tənha bir çadıra çəkildik.
– Nə var? Qədərdə bir fənalıqmı var? – deyə iztirabla soruşdu.
– Yox, – deyə xaqanı sakit etdim.
– Söylə, – dedi.
– Axır başı, dedim, – qələbə sənin tərəfindədir. Lakin... bundan əvvəl bəzi çətinliklər görünür...
Xaqan qalxıb təkrar oturdu. Sözlərimə davam etdim:
– Quzatayın xəyanətini vaxtilə sənə xəbər verən kimi indi birini də xəbər verəcəyəm. – Xaqan heyrətlə üzümə baxdı. – Okabaydan da arxayın deyiləm, bunun bütün səyi sənin taxtını ələ keçirmək üçündür...
Xaqan bığlarını ağzına doldurdu, qəzəblə çeynəməyə başladı.
– Çarə?
– Hələlik ehtiyatla davranmaqdan başqa bir çarə yoxdur; qüvvətimiz də kafi deyil, zatən ox da yoxdur. Bu işlərin içindən müvəffəqiyyətlə çıxmaq üçün yeni bir orduya ehtiyac var.
– Yeni ordunu haradan ala bilərik ki?..
– Bu məsələni mənə həvalə et də, mən çarəsini arayım:
– Necə arayacaqsan?
– Cənubda cəngavər xalqlar var, məni göndər də, ordu toplayım.
Xaqan düşündü. Şübhə edər kimi üzümə diqqətlə baxdı. Bir cavab vermədi. Sonra birdən:
– Get! – dedi.
38
O gecə Okabayla görüşdüm. Qoluna dəyən bir oxdan müztərib olaraq yerə sərilmiş otun üstə uzanmışdı..
– Nə xəbər, qam? – deyə soruşdu.
– Qədər tərəfindədir, – deyə onu sevindirdim.
– Xaqandan yeni bir əmrmi var?
– Əmr yoxdur, – dedim, susdum.
Susmağım Okabayda şübhə doğurdu. Maraqla üzümə baxdı, mən yenə dinmədim və gülümsəyərək onu süzdüm.
– Qam! – dedi, – mənə ölüm xəbəri gətirdin?
– Yox, Okabay, ölüm hələ səndən uzaqdır.
– Bəs nə var, söylə! Sənin bu gəlməndə bir sirr var.
– Sirr yoxdur, qam sirr saxlamaz, bildiyini bəyan edər.
– Söylə! Bir şeylər duyuram.
– Sənin müvəffəqiyyətlərindən başqa bir şey yoxdur.
– Müvəffəqiyyətim baqidirmi?
– Baqi ola bilir. Lakin...
– Söylə.
–...Müvəffəqiyyətin başqalarının müvəffəqiyyətinə sədd kimi görünür.
– “Başqalar” kimə deyirsən, xaqanamı?
– Elə... işlər xaqanı bir az düşündürür. Ordu arasında artan nüfuzunu xaqan taxta qarşı bir təhlükə kimi tərəqqi edir... Bir çoxları indidən sənə xaqan ləqəbini belə vermiş.
Okabayı bu xəbərlər oxşadı, yarasının ağrısı belə unudulan kimi oldu. Bir az düşündükdən sonra:
– Başqa cəbhələrdən nələr eşidilir?
Xaqanın şimala çəkilmək məcburiyyətində bulunduğunu söylədim.
Okabay fikrə getdi. Sonra dedi:
– Qarşımda böyük bir qüvvə görmürəm; yəqin düşmən bütün qüvvələrini o tərəfə vermiş. Hər halda sabah açılmasa vəziyyət aydınlaşmayacaq.
Bu sözlərdən sonra Okabay təkrar fikrə getdi. Birdən üzündə bir ümid parladı:
– Xaqanın əndişəsi nə qədər əsaslıdır? – deyə maraqla sordu.
– Bütün ordunun sənə tapındığını görən adam əndişədə olmazmı?
– Mənə qarşı, deməli, yaxşı fikirlər bəsləmir.
– Təbii.
– Nə edə bilər?
– Hiylə ilə çağırtdırıb öldürər.
– Onu edə bilməzsə?
– Üzərinə ordu göndərər.
– Mənim ordum qədər qüvvətli ordusu varmı?
– Indi yoxsa da bir ay sonra olacaq.
– Haradan alacaq ki?..
– Şimal xalqları arasından ordu toplamaq niyyətindədir.
Son sözlərim Okabayı düşündürdü. Bir az sonra:
– Sən niyə xaqanla getmədin? – deyə sordu.
– Doğrusu... – düşünərək dedim, – bundan sonra qədər məni sənə bağlayır... Xaqanın ulduzu batmadadır.
Okabay sevincini gizləyə bilmədi. Durdu, oturdu:
– İndi nə etməliyik? – dedi. Çox fikir etmədən:
– Birinci, – dedim, – sabah erkən xaqana hücum; ikinci, ordunu bir ələ alaraq Quzatayı bitirməlidir.
Planım Okabaya xoş gəldi. Lakin bir az tərəddüd içində idi.
Birdən:
– Mən xaqana hücum edərkən arxadan Quzatay məni vurmaz ki?.
– Arxa hücumundan səni təmin edərəm.
– Hankı vasitə ilə?
– Vasitələri qədər göstərəcək. Ancaq... Quzatay ordusuna keçməliyəm.
Sözlərim Okabayı fikrə daldırdı. Məndən şübhələnən kimi oldu.
– Orada nə edəcəksən ki?.. – deyə şübhə ilə üzümə baxdı..
– Quzatayı səninlə ittifaqa dəvət edəcəyəm. – Sonra?
– Xaqanı məhv etdikdən sonra Quzatayı hiylə ilə öldürmək asandır.
– Tətbiqi qabil isə fikrin gözəldir.
– Qabildir!
39
O biri gün Quzatayın qərargahında idim. Runca xatınla görüşdüm.
Quzatayın axşam qızlarla kef edərkən fücətən öldüyünü və ordunun başsız qaldığını söylədi.
Runca xatın sözlərini qurtarmamış alt dodağı əsdi və kirpiklərinin dibləri islandı.
Bu xəbər mənim üçün də əlverişli deyildi. Çünki sərkərdəsiz iskit qoyun sürüsü kimidir. Okabay bir gündə bunları təslim alar, qüvvətini artıra bilərdi. Halbuki bir sərkərdə olsaydı, müharibə olacaq və iki tərəf də qüvvətdən düşəcək idi.
Öz-özümə bu mülahizələri yürüdərək Runca xatına:
– Sənə sadiq olan sərkərdələrdən birini ordunun başına qoymalısan, – dedim.
– Ümum arasında tam nüfuzlu bir adam yoxdur, – deyə cavab verdi.
– Onda, vəliəhdi xaqan elan etməli.
Bu fikir Runca xatının ağlına batdısa da, təsvib etməkdə tərəddüd göstərdi. Bu tərəddüd məni hiddətləndirdi:
– Durmaq zamanı deyil! – dedim. – Qarşında Okabay kimi nüfuzlu bir sərkərdə var. Sabah Quzatayın ölüm xəbərini ordu bilərsə, hamısı
Okabayın ətrafına toplanar. Iskitin təbiətən başıpozuqluğunu bilirsən.
Bunları yalnız igid bir sərkərdə intizama sala bilər. Əgər nüfuzlu bir sərkərdə yox isə bir xaqan olmalı.
Runca xatın mülahizələrimi haqlı buldu, lakin:
– Bununla da məsələ həll olunmur, – dedi.
– Niyə?!
– Çünki oğlum gəncdir, həlim təbiətlidir, həyatında bir düşmən başı belə kəsməmiş. Belə bir adamın əsgər arasında nüfuzu olarmı?
Halbuki orduda atının cilovundan yüzlərcə dəri sallananlar var.
– Yaxşı, bunlardan bir sərkərdə seçmək mümkün deyilmi?
– Xeyir, çünki sərkərdə seçilməz, hünərləri ilə şöhrət bularaq öz-özünə ordu başına çıxar. Quzatayın yerində oturacaq bir adamım yoxdur.
Runca xatına bir çox işimə gələn təkliflər etdim; qəbulunda acizlik göstərdi. Qadının cəsarətsizliyi həyəcanıma səbəb oldu. Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım.
Ağlım çıxılmaz bir nöqtəyə girdi. Uzun müddətdən sonra yeni bir fikir ona yol göstərdi.
– Okabayla, – dedim, – müttəfiq olsaq və xaqana qarşı bərabərcə hərəkət etsək, necə olar?
Runca xatının üzü güldü, dedi:
– Mümkün olsa, gözəl olar.
– Mümkündür! – dedim. – Səlahiyyət ver, görüşüm. Runca xatın razı oldu.
O günü Okabayın yanına döndüm.
40
Göndərilən araba Runca xatını bütün qürənası ilə bərabər Okabayın qərargahına gətirdi. İki ordu birləşdi. Okabay yeni sərkərdələr təyin etdi. Silah hazırlığı üçün ustalar ayrıldı və onlara bir çox şagirdlər verildi. İrəlidə olacaq müharibə üçün böyük tədarüklər görülməyə başlandı.
Bir gün Runca xatının oğluna qərargahda ox dəyib öldüyünü söylədilər.
Vəliəhd xüsusi bir təntənə ilə dəfn olundu və doqquz bakirə qız boğulub qəbrinə qoyuldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-qizlar-bulagi-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
«Din ayrı qardaşlar»Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?
Məşədi və Kərbəlayı– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!