Page 2 of 15 · 7%

Musya özünə çay töküb gətirdi. Rüstəmbəyə də təklif etdi, sərbəst bir hərəkətlə yeyib içdi. Sonra bir ev xanımı kimi masanı yığışdırdı.

– Rüstəmbəy, siz oxuyun, mən mane olmaq istəmirəm, – dedi və komoda tərəf yönəldi. Komodun qutularını bir-bir açıb səliqəyə salmağa başladı. Oraya tökülmüş çörək qırıntılarını təmizlədi, qəzet döşəyib, çörək və pendir boşqablarını qoydu. Masanın üzərindəki kitabların tozlarını silib, qayda ilə düzdü. Paltar dolabını da unutmadı – paltar və camaşırları töküb səliqəyə saldı. Nəhayət, sökük camaşırları və yırtıq corabları ayırıb, sandalyanın üzərinə çəkildi.

Rüstəmbəy sandalyaya söykənib, dərin bir düşüncə ilə Musyaya tamaşa edirdi. Musya dadlı bir təbəssümlə onu süzərək:

– Kişiləri yalnız buraxmaq olmaz, – dedi. – Arabir onları yoxlayıb, yalnız guşələrinə qadın şəfəqqəti saçmalıdır.

– Doğru, – deyə, – Rüstəmbəy tamaşa edirdi. Musya iynəni saplayıb camaşırın sökük yerləri ilə məşğuldu. Diqqət və ciddiyyəti ilə

Rüstəmbəyi heyrətə gətirirdi.

4

Musyanın tikiş və yamaq işləri bir saata qədər davam etdi. Eyni zamanda da xidmətçi qız evi yığışdırıb, döşəmələri sildi. Musya güzgüdə bir də özünü seyr edib, Rüstəmbəyin yanında oturdu. Rüstəmbəy ona həsrətlə baxaraq:

– Ah, bu inqilab bir neçə il əvvəl və ya bir neçə il sonra olsa idi də, – dedi.

Musya:

– Onda nə olardı? – deyib cavabını maraqla gözlədi.

– Onda mənim də şəxsi səadətim təmin olunardı.

– İnqilabın şəxsi səadətə manesi varmı?

– Əlbəttə, var. Baxın, üzərimizdə nə qədər vəzifə var.

– Nə üçün vəzifələrin hamısını öz üzərinizə yükləyirsiniz? Bir az da biz qadınlara tərk edin. Qadın sizlə bir yerdə vəzifə daşıya bilməzmi?

Rüstəmbəy məsələni dürüst təsəvvür edə bilməyib susdu. Musya onun yanlış fikirlərini islah etmək məqsədi ilə:

– Siz, – dedi, – həyatı maneəsiz, tikansız bir düz yol kimi təsəvvür edirsiniz. Həyatda inqilabdan da ağır amillər var. Bunlara baxmayaraq, xoşbəxt İnsanlar azmı?

– Bəlkə də var. Ancaq mənə çətin gəlir.

– Burada çətin bir şey yoxdur. Ən böyük çətinlik yalnızlıqdır. Təbiət qadın və kişiləri bir-birinə yoldaş yaratmışdır. Onlar həyat çətinliklərini birlikdə yox edirlər. Hər halda iki təkdən qüvvətlidir.

Musyanın mətanətli sözləri Rüstəmbəyi qane edə bilmir. O, şəxsi səadəti ümumi səadətə zidd bir qüvvə bilirdi. İkisinin bir aralıqda ola bilməsinə inanmırdı. Şəxsi səadət arzusu içərisindən, ümumi səadət arzusu da dışarıdan onu sıxırdı. İki təzyiq arasında müvazinətini qaib edərək, əzab içərisində çırpınırdı.

– Musya, – dedi. – Siz məni tühaf bir adam zənn edirsiniz. Halbuki mən iki yol ayrıcında qalmış bir zavallıyam – bir zamanda yolun ikisi ilə də getmək mümkün deyil.

Musya səsini yüksəldərək:

– Yol iki deyil, birdir: şəxsi səadəti təmin edib, sonra ümumi səadət yolunda çalışmaq mümkün deyilmi? Mümkündür!.. Dünyada ümum üçün çalışanların hamısı şəxsi həyatdan əl çəkmişlərmi?

– Xeyr, bunların biri o birinə mane deyildir. Biləks, şəxsi səadəti olanlar daha da rahat çalışırlar...

Rüstəmbəy:

– Nə edim ki, mən acizəm, – deyə yenidən fikrə daldı. Musya onun əlini əlinə alıb:

– Siz düşünməyin, – dedi, – xoşbəxt olmaq yolunu mən sizə öyrədərəm.

Bu, yalnız arzuya bağlıdır. İnsan öz taleyinin ağasıdır. Bir kərə ağa olduğunuzu unutmayın. Sonra qəlbinizi ağıl zənciri ilə əsir etməyin: qəlbdə yanan çıraq ağlınkından işıqlıdır.

Bu mətin sözlərin heç birisi Rüstəmbəyi daldığı tərəddüddən ayıra bilmədi. Sabahleyn susmuş şəxsiyyəti Musyanın təsirinə düşərək, üsyan etmişdi.

5

Naharı bir yerdə yedilər. Rüstəmbəy Musyanı evdə buraxıb, saat beşdə təyin olunan iclasa qoşdu. Cəmi on yeddi adam gəlmişdi. Yarım saat gözlədikdən sonra yığılanlar Rüstəmbəyi sədr seçdilər. O, məclisi açıb məqsədini bildirdi.

Qulamrza “Müsavat” proqramını oxudu. Rüstəmbəy də tənqid edərək fikrini izah etdi. Suallar verən olmadı. Münaqişə başlandı. Əbdürrəhim türk ədəmimərkəziyyət firqəsinin türk siyasəti aparmasına etiraz edərək:

– Yoldaşlar, – dedi, – “türk” sözü ilə biz türk olmayan müsəlmanları özümüzdən uzaqlaşdırırıq. Azərbaycanda kürd, dağıstanlı və islamiyyətə mənsub olan başqa qövmlər də yaşayır. Bunlar da öz milli firqələrinimi təşkil etməlidirlər? Milli siyasət müsəlmanlığa nifaq sala bilər. Ona görə mən bu komitəyə girməyi lazım bilmirəm, – dedi və yerində oturdu.

Döşündə tibb fakültəsi nişanı olan birisi şişman vücudu ilə sandalyanı şıqqıldadaraq:

– Mən həkim babayam, mən firqəni nə edirəm? Həkimlik də elə bir firqədir, – deyə söylədi və qara yanaqlarına yaraşan uzun bığını tumarlamağa başladı.

Yerdə qalanlar etirazsız olaraq milli komitəyə yazıldı. Yeddi kişidən mürəkkəb bir komitə seçildi. Rüstəmbəy sədr, Qulamrza da katib oldu. Həqqi, Həsənoğlu, Zeynal, Müslüm komitəyə üzv seçildilər.

– Komitə üzvləri olmayanlar gedə bilər, – deyə Rüstəmbəyin səsi eşidildi.

Əbdürrəhim və başqaları durub getdilər. Komitə isə yenidən iclas açıb müzakirəyə oturdu.

Rüstəmbəyin müqəddiməsindən sonra birinci sözü Qulamrza istəyib dedi:

– Yoldaşlar, “Müsavat” proqramını rədd etdik. Başqa proqram da yoxdur. Proqramsız işləmək mümkün olmadığı üçün əlimizdə yazılı bir şey olmalıdır. Rüstəmbəydən təvəqqe edək, bizə bir proqram düzəltsin.

– Sonra müzakirə edək, – deyə Həsənoğlu əlavə etdi.

– Təbii, komitəyə təqdim edər, müzakirə edərik. Komitə bu təklifi qəbul etdi. Sonra bir çox məsələlər irəli sürüldü. Başlıca olaraq:

Ukrayna xadimləri ilə sazişə girmək qeyd olundu. Zemlyaçestvo məsələsi müzakirə olundu, bunun da yeganə varisi komitə olduğu bildirilib, pulların və kitabxananın həczi qərara alındı.

Nəhayət, həftənin müəyyən bir günü iclas üçün təyin olundu.

Sonra iclas qapandı. Ayağa qalxdıqda bir də Rüstəmbəy dedi:

– Yoldaşlar, Qulamrza ilə mənə həvalə edin, komitəyə möhür ismarlayaq.

– Yaxşı, yaxşı! – deyə təsvib etdilər.

6

Komitə üzvləri təcrübəsiz, az məlumatlı, adi tələbələrdi. Kimisi təhsilini qurtarmaqda idi. Ictimai işlərlə heç biri məşğul olmamışdı, odur ki, bacarıqsız olduqları gözə çarpırdı. Bunların hərəsinin bir xüsusiyyəti vardı. Həqqi tənbəl və inad; Zeynal acıdilli; Müslüm safdil;

Həsənoğlu isə şəxsi faydasını güdən, tacir ruhlu və qapalı ürəkli bir adamdı. Tühaf burasıdır ki, bunları bir-birinə bağlayan nə xüsusi dostluq vardı, nə də şəxsi həyat. Hərəsi bir şəhərdən gəlmiş, təsadüfən Kiyevdə görüşmüş və ruhən biri digərinə yabançı qalmışdı.

Buna baxmayaraq, milli hiss bunları milli komitə ətrafına toplaya bilmişdi; lakin bunların milli hissləri də müəyyən bir xüsusiyyətə malik idi. Ailə və çocuqluq mühitləri bu hissi bunlara verməmişdi. Orada onları bəsləyən yalnız dini məfkurələr olmuşdu. Deməli, milli ruh bunlarda üzvi deyil, təqlid qanunu vasitəsilə doğmuşdu. Kiyevdə polyak studentlərinə rast gələrək, onların rus dilini boykot etmələrini, milli ənənə və tarixlərinə sarılmalarını görmüşdülər; yəhudi, gürcü, erməni və başqalarının milli təşkilatları ilə aşina olub aydın bir məfkurə yolunda çarpışmalarının şahidi olmuşdular...

Özgələri təqlid edərək: “Bizim də bir mənəmliyimiz olmalıdır”, – demişdilər. Rüstəmbəy bu ruhi vəziyyəti duyaraq, cürbəcür xassələr daşıyan adamları bir fikir ətrafına toplaya bilmişdi.

Fikrin özü belə, onu daşıyan gənclər kimi, hələ təbəllür etməmişdi, tərəddüd və şübhə daima istiqamətini pozurdu. Komitənin başında duran Rüstəmbəy belə sabit bir fikrə və sarsılmaz bir məfkurəyə malik deyildi. O daima oxuyur, axtarır və bəzən çıxılmaz yollara belə düşürdü.

7

Axşam Rüstəmbəy evə döndükdə otağında bir ailə istirahəti duydu. Samovar hazır, masaya əlvan yeməli şeylər düzülmüşdü. Ətir qoxusu damağa çökürdü. Divardakı rəsmlərə sus üçün incə bantlar taxılmışdı.

Hər yerdə nizam və səliqə görünürdü. Yataq camaşırı belə dəyişilmiş və yanındakı xırda masanın üzərinə vazda gözəl çiçəklər qoyulmuşdu.

Musya onu görcək tez qalxdı, şapkasını alıb asdı.

– Yuyunmaq istərmisən? – deyə yumşaq bir səslə sordu. Rüstəmbəy yuyunub, masanın ətrafında Musya ilə qarşı-qarşıya oturdu. Musya:

– Yəqin, yorulmusan? – deyə sordu.

– Yox. Seçki bitdi, indi çalışmaq lazımdır.

Musya çay tökdü:

– Bazara getdim, – dedi, – bulka tapa bilmədim. Bir yerdən üç dənə pasta ala bildim. Xırda pul olmadı, əlli qəpiyi də orada buraxıb gəldim.

– Elədir, indi burada yaşamaq çətindir. Heç bir şey tapılmır.

– Bizim şəhər də belədir: ərzaq komitələri təşkil etmişlər, onlar da alış-verişlə məşğuldurlar. Bir gün qadınlar çörəkçi dükanına hücum edib dağıtmışdılar.

– Getdikcə daha fəna olacaq. Baxın, bolşeviklər iş başına keçmək istəyirlər. Onların şüarlarını blirsinizmi? – “Cəbhədə sülh, arxada müharibə,” – deyə hayqırırlar. Hakimiyyət üstündə qanlar töküləcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets