İkinci kitab, dördüncü hissə
Page 5 of 15 · 27%
Rüstəmbəy qurultayı xatırlayaraq əməli işlərinə dönməyə başladı. Nitqə hazırlanmaq lazımdı. Azərbaycanın dərd və ehtiyaclarını anlatmalı idi. Düşündü. Plan yazdı. Xoşlamadı. Pozub yenisini yazdı. Sonra hərbi şura vəkili sifəti ilə çıxışda bulunacağını yad edərək, planı bir az da genişləndirmək və çar siyasətinin tarixi gedişini də təsvir etmək icab etdi.
Plan hazırdı. O, sevinc hissi duydu. Durub otağı dolaşdı. Saat birə işləyirdisə də, yuxusu yoxdu.
14
Xalqlar qurultayı Vladimir küçəsindəki Pedaqoji muzeydə olmalı idi. Rüstəmbəy sabah ertə ora girdikdə Rusiyanın hər tərəfindən gəlmiş vəkillərə rast gəldi. Qurultayda beloruslar, gürcülər, estonlar, yəhudilər, kazaklar, litvalılar, polyaklar, rumın, tatar, azərilər və ukraynalılar iştirak edirdilər. Bir xalqa mənsub olaraq, o xalqdakı dürlü siyasi cərəyanlar təmsil edilmişdi. Ona qədər vəkil göndərən xalqlar az deyildi.
Rüstəmbəy foyeni dolaşaraq, Vəlibəyə və Şirinə rast gəldi, irəliki gün axşam Bakıdan gəlmişlərmiş. Görüşüb öpüşdülər. Haman bir guşəyə çəkilib, səmimi olaraq danışmağa və dərdləşməyə başladılar.
Gənc Azərbaycan vəkilləri vizitkada idilər. Şirin “Müsavat”ı, Vəlibəy də Milli komitəni təmsil edirdi. Şirin Rüstəmbəyin gözünə bir az şişman, bir az qürurlu göründü. Hər halda, həyatından və vəzifəsindən olduqca məmnundu. Vəlibəy isə irəliki kimi, mehriban və nəzakətliliyində sabit qalmışdı. Yenə zarafat edir, için-için gülür və studentlik günlərini ləzzətlə xatırlayırdı.
Şirin xudpəsənd bir tonla Rüstəmbəyə:
– Balam, – dedi, – burada niyə oturmusan? Gəl. Adama böyük ehtiyac var. Istəsən səni Gəncədə mətbuat işinə düzəldərəm. Qəzet çıxarmaq istəyirik, adamımız yoxdur.
Rüstəmbəy gülümsündü və özünə inanan bir halda:
– Görək, – dedi. – Hələ ki, buradayam.
Bu əsnada vəkillər zala dolmağa başladı. Türk nümayəndələri də getdilər.
Xitabət kürsüsü ətrafında yürüyüş gözə çarpırdı: biri gedir, biri gəlir; masanın üzərinə kağızlar qoyurlar. Qısaboylu, ağsaqqal bir qocanın qabağında hörmətlə dayanaraq, bir şeylər sorub məsləhətlər eləyirlər.
Nəhayət, xalqlar qurultayı bu qocanın rəyasətində açılır. Qocanın rada sədri olduğunu Rüstəmbəy sonradan öyrəndi. Heyəti-rəyasət və cürbəcür komissiyalar seçkisi başlandı. Şirin bu sədarətə seçilib, xitabət kürsüsünün yanındakı səkiyə dəvət edildi.
Vəkillər kürsülərə yerləşmişdilər. Arxa tərəfdəki yerlər sameinlərə təxsis olunmuşdu. Ətraf həp şən çöhrələrlə parlayırdı. Əsrlərdən bəri əzilən və inləyən xalqların üzü, nəhayət, inqilabın verdiyi imkanlar sayəsində gülməyə başlamışdı.
15
Xalqlar nümayəndələri nitqlər söyləməyə davam edirdilər. Hər nitq mənsub olduğu xalqın istibdaddan çəkdiklərini, dərd və tələblərini müəssir bir dillə anladırdı. Ukraynalılar min altı yüz əlli dördüncü ildə Rusiya ilə bağladıqları ittifaq müahidəsinin ləğv edilməsini, gürcülər 1783 müahidəsinin pozulub Gürcüstanın əsarətə düşməsini, tatarlar istiqlaliyyətlərinin məhvini, xalqların sürgün edilməsini, zorla xristianlığa çevrilmələrini; yəhudilər heç bir haqqa malik olmayıb, istədikləri yerdə belə yaşaya bilmədiklərini söyləyərək, çar idarəsinə qarşı küfrlər yağdırırdılar. Inqilabdan doğan Kerenski hökuməti də hücumdan xilas ola bilmirdi, xalqlar muxtariyyətinə xor baxdığı üçün çar ilə bərabər söyülürdü.
Həyəcanlı dodaqlardan qopan hər bir nitq nalə və gizli göz yaşları saçırdı və hər bir vəkil də milli yaralarının sağalmasını Rusiyanın federativ şəkildə qurulmasında görürdü.
Krım vəkillərindən başı sırmalı, qalpaqlı bir qadının çıxışı sürəkli alqışlarla qarşılandı; əsarət zəncirini qıran bu qadın hamının rəğbətini qazandı... Azərilərdən hələ kimsə danışmamışdı. Xitabət kürsüsünə ilk çıxan Rüstəmbəy oldu.
Rüstəmbəy nitqinə uzun bir tarixi müqəddimə yapdı. İvan Qroznı zamanından bəri türk, tatar aləminə qarşı yürüdülən siyasəti açıq və aydın surətdə söyləyərək, çar və ortodoks kilsəsinin müsəlmanlara qarşı yapdığı rəzalət və zorbalıqları anlatdı. Dinin, dilin, ənənə və milli xüsusiyyətlərin çar hökuməti tərəfindən təqib olunduğunu bildirdi.
Nəhayət, azərilərin bir çox hüquqdan məhrum olmalarını bəyan etdi. Axırda “milli hərəkatların böyük rəhbərləri olan ukraynalılara” təşəkkür edərək nitqinə xitam verdi. Gurultulu alqış arasında enib yerinə gəldi. Yanında oturan Vəlibəy onu xoş təbəssümlə qarşılayaraq, əlini sıxdı:
– Sağ ol! – dedi, – nərsən! Analar səni tək-tək doğar!
Rüstəmbəy cavabında ona tərəf əyilərək:
– Qoltuğumun altına qarpız vermə görək! – deyə onun qulağına pıçıldadı...
Bu əsnada tənəffüs elan edildi. Hər kəs qalxıb foyeyə çıxmağa başladı.
Vəlibəy Rüstəmbəyin qoluna girib, bufetə apardı. Bir az sonra, Şirin də onlara yanaşdı. Şirinin sədarətə keçməsi onun qürurunu bir qat daha artırmışdı; eyni zamanda qüruruna bir qədər həsəd qarışan kimi idi. Rüstəmbəyin bugünkü müvəffəqiyyəti onun ruhunu bulandırmışdı.
Odur ki, Vəlibəylə Rüstəmbəyin zarafatlaşaraq, səmimi gülüşmələri onun dodaqlarında yalnız sönük bir təbəssüm vücuda gətirə bilirdi.
16
Rüstəmbəy birdən ciddi bir səslə:
– Bircə Bakıda nə olduğunu təfsilatı ilə anlatmadınız. “Açıq söz”lə “Kaspi” oxuyuram. Doğrusu, gözə çarpacaq bir fəaliyyət görmürəm, – dedi.
Şirin bir az düşünərək avtoritetli bir səslə:
– Nə üçün elə deyirsən, – dedi, – çox iş görülür. Bir kərə heç bir təşkilata malik olmayan xalq müəyyən təşkilatlar ətrafında toplanır.
Qafqaz müsəlman qurultayı, bütün Rusiya müsəlmanlarının qurultayı, Kazanda müsəlman hərbçilərinin qurultayı... Bunlarda iştirak etmək iş deyilmi?..
Rüstəmbəy ağzını burdu:
– Nə deyim! – dedi. – Ya fəaliyyətimiz mətbuatımıza sirayət etmir, ya da mətbuatımız da fəaliyyətimiz kimi sönükdür!..
Şirin yenə işə vaqif bir adam kimi:
– Daha nə istərsən? Türkcə gündəlik qəzetimiz var: “Açıq söz” bütün milli diləklərimizi bildirir; rusca da “İzvestiya komiteta bakinskix musulmanskix orqanizatsiy” yazır, “Kaspi”yə əlavə olaraq çıxır.
Rüstəmbəy qəti:
– “İzvestiya” heç! Daha bu ittihadi-islam məsələsi yenə də mi bitmədi?
Öz dərdimiz azmış da, arnautların, ərəblərin, hindlilərin gününə ağlayırıq. Önümüzdə duran muxtariyyət məsələsi səthi də olsa işıqlandımı?..
– Az-çox!.. Nə etməli, qüvvəmiz yoxdur.
– Qüvvə yoxdur, gətirin, paytaxtlardan bir-iki rus jurnalisti, gətirdin də. Gürcülər və ermənilər etmirmi? Heç olmasa bir professor tapın, federasiyaya dair leksiya oxusun.
Şirin yenə düşündü, yaxasını düzəldərək:
– Tənqid asan şeydir! – dedi. – Gəl də gör nə mühitdə işləyirik.
Vəlibəy:
– Bilirsən, Rüstəmbəy, – deyə mülayim səslə söhbətə girişdi.
– Sən bir tərəfdən haqlısan, işlərimiz lazımınca getmir. Ancaq səbəbləri unutmamalısan. Gürcülər neçə illik menşevik təşkilatına mənsubdurlar; daşnaqsütyunun da iyirmi beş yaşı gərək olsun. Bu təşkilatlar xalqın içində dərin köklər salıblar. Sənin nəyin var? Heç nə! Ancaq bu gün siyasi təşkilat qurmaqla məşğulsan. Sonra erməniləri və gürcüləri əsgər aparırdılar, bizi aparmırdılar. Bax, bu gün bundan nə qədər çətinliklər doğur: hər kəs öz əsgərini çağırıb ana torpağında ordu düzəldir, sən avara qalmısan... Dərd çoxdur! Bilirsən, təməlimiz yoxdur, hər şeyi təməldən başlamalıyıq... Şirin Rüstəmbəyə yönələrək istehza ilə:
– Uzaqdan danışmaq asandır, niyə gəlib işə qoşulmursan? Yəqin, özünü çətinə vermək istəmirsən? Bu mədəni şəhərdə oturmağı hər kəs istər; şərt neft lampalı, bitli və kirli kəndlərdə işləməkdir...
Rüstəmbəy gülə-gülə:
– Şirin, sən də, zənn edirəm, özünü kəndə salmazsan. Gəncədə sənin istirahətin məndən yüz dəfə artıqdır.
Şirin qızardı:
– Elə zənn edərsən?! – deyə müsahibəyə xitam vermək məqsədi ilə aralanıb, bufetə getdi.
17
Sentyabrın on dördündə xalqlar qurultayı bitdi və vəkillər “Xalqlar şurası” adlı daimi bir təşkilat qurub dağıldı. Rüstəmbəy bu şuranın üzvü olaraq Kiyevdə qaldı.
Yenə Rüstəmbəy üçün adi bir həyat başlandı. Milli komitənin həftədə bir iclası olur, Ukrayna hökuməti və rada ilə qısa əlaqə başlanır və “Xalqlar şurası”nın orqanı olaraq “Svobodnı soyuz” adlı iki həftəlik bir məcmuə nəşr edilir. Rüstəmbəyin rəhbərliyi ilə Azərbaycan muxtariyyətinə aid məqalələr nəşr etməklə komitə bu məcmuədə iştirak edir.
Bu işlərə Rüstəmbəyin çox vaxtı getmir: çox olsa gündə bir saat. Yerdə qalan zaman həp mütaliə ilə məşğul olurdu. Müasir dövlətlərin quruluşunu, federasiya əsaslarını, milli məsələni, mədəniyyət tarixini...incədən-incəyə öyrənməyə çalışırdı. Lakin bəzən fəaliyyətinin lüzumundan şübhə edərək, tənhalıq dalğalarında boğulmağa başlayırdı.
Dəruni böhran davam etdikcə Musyanın hüznlü çöhrəsini sisli üfüqlərdə görməyə başlayır. Musyanın cavabsız buraxılan məktublarına cavab yazmaq istəyir, yazır, xoşuna getmir, pozur; yenidən yazmağa başlayır, təkrar pozur. Axırda bütün yazdıqlarını yakıb, tərəddüddən aralana bilmirdi.
Günlərlə davam edən şübhə əzabı bir gün iman günəşinin önündə yox olub gedir, Rüstəmbəy yenidən istiqamət bularaq işə girişirdi.
Rüstəmbəyin tühaflıqlarına alışan Qulamrza bəzən ona deyirdi:
– Rüstəmbəy, sən yolu itirəndə biz səndən əvvəl itirərik. Ancaq yenə sənin milli sahədə bir iş görəcəyinə əminik.
Rüstəmbəy gülümsünərək:
– Mənim daxili hərəkətlərimə əhəmiyyət verməyin. İnsanda belə şeylər olur; çünki İnsan yaradılışı çox mürəkkəbdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-dorduncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Poems by other poets
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Qaç baba!Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
BahariyyəMaşallah fəsli-gülüstandırRuyi-zəmin lalə vü reyhandır
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız