Page 8 of 15 · 47%

– Bu axşam ziyafət verəcəyik, opera teatrının qarşısındakı restorana toplanacağıq. Sizə də dəvətnamə gön-dərilmişdir. Zənn edirik, məclisimizi şərəfyab edərsiniz.

Sözlərini bitirməmiş, Cabbar qəhqəhə ilə gülməyə başladı.

Radaya çatana qədər Rüstəmbəy bir neçə pul toplayan tatar gənclərinə də rast gəldi. Pul alıb, döşlərə dəyirmi kağızlar sancırdılar.

Rada binasında “Xalqlar şurasına” təxsis olunmuş otaqda bir neçə üzv vardı. Hamısı tələbə idi. Qulamrza da burada oturmuşdu. Rüstəmbəyi görcək, təzim edərək yer göstərdilər. Şura katibi mülayim bir səslə:

– Rüstəmbəy, – dedi, – sizi təbrik edirəm.”Svobodnı soyuz” məcmuəsinin ilk nömrəsi hazırdır.

Gənc katib Rüstəmbəyə bir nüsxə təqdim etdi. Rüstəmbəyin üzü parladı:

– Ah, nə səadət! – dedi. – Indi bir dəqiqə belə qaib etmədən milli mərkəzlərə göndərməlidir.

Katib itaətkar bir sima ilə:

– Sizə nə qədər lazımdır? – deyə sordu.

Rüstəmbəy düşünərək:

– Qulamrza, nə qədər götürək? – dedi. Qulamrza fikirli gözləri ilə Rüstəmbəyi süzüb:

– Bakıya üç yüz, – dedi. – Kazana, Orenburqa, Ufaya... Rüstəmbəy:

– Daşkəndə, Ağməscidə, Gəncəyə... – deyə Qulamrzanın sözlərini kəsdi.

Min nüsxə ayırıb göndərilməsi qərara alındı. Gürcü tələbələri öz paylarını ayırarkən Rüstəmbəy Qulamrzanı kənara çəkib dedi:

– Pul toplanır, gördünmü?

– Hə, Cabbarın kələyidir... Bizə də dəvətnamə göndəriblər. Bu axşam küçələri dolaşanlar kef edirlər.

Rüstəmbəy gülümsündü, nə isə düşünüb:

– Yaxşı, gedək, getməsək pis olar, – deyə katibə yanaşdı.

Məcmuənin ikinci nömrəsi üçün material toplanması müzakirə ediləcəkdi.

25

Axşam bütün yerli tatar ailəsinə mənsub gənclər restorana toplanmışdı.

Rüstəmbəyin tanımadığı bir neçə zabit də vardı. Süfrə hazırdı; lakin nədənsə yeməyə oturulmurdu. Azərilər otağın bir guşəsində ayaq üstə duraraq deyib gülmədə idilər.

Səftər qaşlarını qaldıraraq:

– Bilirsiniz, – deyirdi, – tatarlar çox xamdırlar, Cabbarı bir kişi hesab edirlər.

Həsənoğlu istehza ilə:

– Bax, o gəlməmiş deyə, heç kəs cəsarət edib masaya yanaşmır.

Müslüm bığlarının uclarını yuxarı qaldıraraq:

– Sən zarafat elə. Kişi ianə heyəti sədridir, – deyə güldü.

Bu əsnada tatar qızlarından biri bunlara yanaşıb:

– Bəs Cabbar əfəndi necə oldu? – deyə nigaran bir halda soruşdu.

Kimsə cavab vermədi. Rüstəmbəy Səftərə yönələrək:

– Səftər, – dedi, – sən onun evini tanıyırsan, zəhmət olmasa, ayaq qoy, gör necə oldu.

Səftər yenə qaşlarını qaldırıb:

– Mən deyirəm, kişinin hörməti var, inanmırsınız, – deyə pıçıldayıb yola düşdü.

Vaxtı boş keçirməmək üçün əsgər qiyafəli birisi qarmon çaldı, masanın ətrafında rəqs başlandı. Azərilər rəqsdə iştirak etmirdilər və hamısı Sayad bacının ətrafına toplanıb, ona gülməli şeylər anladırdılar.

Çox çəkmədi Səftər geri döndü və Cabbarın evdə olmadığını rəsmən elan etdi. Sonra paltosunu çıxarıb, azərilərə yanaşdı və yavaş səslə:

– Uşaqlar, – dedi, – siz öləsiniz, içəri girib qapını bağlayıb, işığı yanır. Qapını döydüm, açmadı. Yəqin qutulardan pul çıxarır...

Ətrafdan:

– Qutuları onun otağına yığıblar? – deyə səslər gəldi. Hər kəsin heyrətdən bəbəkləri böyüməyə başladı.

Səftər içindən gülə-gülə:

– Deyəsən, – deyə əlini uzatdı.

Onun əlinə vuraraq hərə Cabbarın şərəfinə bir söz fırlatdı.

– Malades!

– Lotudur!

– Külbaşlar qutuya yer tapmadılar?..

İmran istehzalı gülüşlə:

– Canım, – dedi, – kişinin babalını yumayın, “millət yolunda” yorulub yatıb.

– Masaya buyurun! – deyə qopan səs gizli pıqqıltılara xitam verdi.

26

Hər səhər ondan etibarən milli komitənin qəbul saatları başlayırdı.

Qulamrzanın otağının yarısına pərdə çəkilib, idarə şəklinə salınmışdı. O gün bütün komitə üzvləri oraya toplanıb, müsəlman korpusunun nümayəndəsini gözləyirdilər. Tam təyin olunan saatda içəri uzunboylu, qayət nəzakətli və xoşsima bir zabit girdi. Yüzbaşı rütbəsində olan bu gəncin döşündə darülfünun nişanı vardı.

Xoş bir əda ilə dabanlarını bir-birinə vuraraq təzim etdi və komitə üzvlərinin əllərini bir-bir sıxıb oturdu.

– Milli komitəni, – dedi, – ziyarət etmək mənim üçün böyük bir şərəfdir...

General da sizi məmnuniyyətlə ziyarət edəcək. Müsəlmanlıq yolunda göstərdiyiniz fəaliyyəti eşidərək, general çox şad oldu. Zatən onun gördüyü iş də sizin daşıdığınız yüksək əmələ xidmət etməkdir.

Rüstəmbəy cavab olaraq:

– Yüzbaşı əfəndi, – dedi, – milli komitə üzvləri də ziyarətinizdən son dərəcə məmnundur. Müsəlman korpusunun federativ və demokratik cümhuriyyətə xidmət edəcəyinə inanmaq istərik.

Görüşün rəsmi cəhəti bitdikdən sonra, zabit islamiyyətə qarşı böyük məhəbbət bəslədiyini söyləyərək:

– Xristianlıq, – dedi, – mənəviyyatımı doyurmadı, islamiyyəti tədqiq edib qəbul etdim. Bu gün Fuadbəy adını iftixarla daşıyıram.

Zabitin müsəlmanlığa keçməsi xəbəri bəzi üzvlərə böyük təsir yapdı. Müslüm bığlarını tumarlayaraq, Fuadbəyi zövqlə süzdü. Zeynalın yeknəsəq siması parladı.

Yüzbaşı sözlərini bitirib:

– Müsaidə ediniz, – dedi, – generalı gətirməyə gedim. Vaxtınızı çox almayacağıq. Inşallah, (zabit bu sözün ərəbcəsini əzbərləmişdi) çox görüşəcəyik.

“Fuad” adı daşıyan bu zabit Baltik vilayəti almanlarındandı. Müharibənin ilk sənələrində Peterburqda xidmət edərmiş, “Astoriya” otelində yaşar və məşhur Klenmixel salonunun daimi ziyarətçilərindən imiş. Fuadbəy alman casus təşkilatları ilə əlaqədar olaraq, paytaxtın bütün siyasi məhafillərinə girər-çıxar və lazımi məlumatlar əldə edərmiş. Rasputinlə xüsusi bir dostluğu varmış və onu əyan qadınları məclislərinə təşyi edərmiş.

İnqilab olar-olmaz islamiyyəti qəbul edib, Peterburqdakı müsəlman komitəsi üzvlüyünə girir. Cəbhə pozulduqdan sonra mənsub olduğu casus təşkilatının təlimatına görə, müsəlman korpusuna göndərilir və Mametoviçin qılığına girib, yavəri olur.

27

Mametoviç ortaboylu, şişman qarınlı, çivi saqqallı adi bir generaldı.

İlk görüşdə məhdud bir adam olduğu gözə çarpırdı. Fuadbəy hər kəsin rəğbətini qazandığı bir halda, general heç bir müsbət təsir bağışlamırdı.

Milli hərəkatdan xəbərsiz olduğu üçün bütün ehtiyatlılığına baxmayaraq, çarlıq məfkurəsi daşıdığı bəlli olurdu. Aydın bir proqram yoxdu; gizli bir nöqtədən təlimat aldığı duyulurdu.

– Rüstəmbəy, – dedi, – korpus get-gedə qüvvətlənir, cənub-qərb cəbhəsindəki bütün müsəlman hissələrini korpusa doldurmaq fikrindəyik; lakin əsgər dindar da olsa, bolşevik təsirinə düşür. Leninin hakimiyyəti əldə etməsi işləri xarablaşdırdı. Rusiya və bütün Şərq əməkçi müsəlmanlarına xitab olaraq göndərdiyi çağırış dərin təsirlər yapır. Müsəlmanlar avam olduqları üçün bolşevikliyə daha tez qapılırlar.

Bu rəzalətin önünü almaq üçün müsəlman milli təşkilatlarının mənəvi yardımına möhtacıq...

– Generalın nitqi uzun sürdü, get-gedə qızışdı, nəhayət, şiddətli yəhudi əleyhdarı olduğunu büruzə verdi:

– Bir ovuc cuhud Rusiyanı alt-üst etdiyi halda, qırx milyonluq müsəlmanı biz təşkil edə bilmərikmi? – deyə nitqini qurtardı.

Rüstəmbəy bu irticapərvər generalı sinirlənərək dinləyib:

– Cənab general! – dedi. – Sözlərinizi diqqətlə dinlədim, ancaq, bağışlayın, məqsədi anlamadım.

General pərt oldu: “Cənab general” sözlərinə alışmamışdı, korpusda ona köhnə üsulla “zati-dövlətləri” – deyə müraciət edirdilər.

Buna əlavə olaraq, məqsəd məsələsi də onu olduqca sarsıtdı. General saqqalını tumarladı, gözlüyünü düzəltdi və cavab olaraq bir söz tapa bilmədi. Qatlanmış dəsmalını açıb burnunu silərək:

– Rüstəmbəy, – dedi, – anarxiyanın, pozğunluğun önünü almaq məqsəd deyilmi? Şimaldan qaçıb gələnlərə rast gəlmirsinizmi? Camaat acından qırılır, güllələnənlərin sayı-hesabı yoxdur...

Rüstəmbəy gülümsündü:

– Nə olar? Birdən düzəlməz ki!..

Mametoviç artıq əsəbilənməsini gizləyə bilmirdi. Yavəri bunu duyaraq, mövzunu dəyişməyə çalışdı:

– Qafqazdan nə xəbər var? – deyə soruşdu və Rüstəmbəyin gec cavab verməsini duyub, sözlərinə davam etdi: – Bağdad cəbhəsindən gəlmiş bir nəfərə rast gəldim. Geri çəkilən rus ordusu yerli müsəlmanlara çox əziyyət verir: soldatlar keçdikləri yerləri yakıb, yıxıb, xaraba qoyurlar.

Müslüm hiddətlə:

– Şərqlilərə zülm etmək çar soldatlarının köhnə peşəsidir.

Söhbət tamamilə dəyişdi, həyəcanlar susub, məclis zahirən mehriban bir şəkil aldı.

28

İmranın gətirdiyi xəbər Rüstəmbəyə qəribə göründü – o, Cabbarın həbsini təsəvvür etməzdi.

– Yaxşı, Cabbar pulu haradan almışdı? Beş tüfəng azından üç min manat edər.

– Bu köpək oğlunun o gecə qutuları yarıb, banka bir çamadan yarım manatlıq bon gətirib, minliklərə dəyişdiyini görmüşlər. Bu pulları tüfəngə verib, çarpayının döşəyində gizləmiş imiş. Sonra gəlib tutublar.

Rüstəmbəy yenə:

– Özünü haraya aparmışlar?

– Heç yerə. Otağında həbs ediblər. Tüfəngləri Qafqaza milli məqsədlə göndərdiyini söyləmiş də, aparmamışlar. Indi səni istəyir; sən buraxdırmalısan.

İmran Rüstəmbəyi otağından çıxarıb, faytona oturtdu. Bir neçə dəqiqədən sonra Cabbarın mənzilində idilər. İlk nəzərə çarpan tüfəngli bir Ukrayna soldatı oldu; otağın baş tərəfində qarovul çəkirdi. Kanapedə iki zabit əyləşmişdi. Cabbar həyəcanlı bir halda ayaq üstə durub, ağzından məntiqsiz və lüzumsuz sözlər tökürdü. Döşündəki darülfünun nişanını göstərərək:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets