Page 4 of 8 · 38%

Bax gör biz nə haldayıq! “Kaspi” hələ ittihadi-islamın quyruğundan əl çəkmir. Bir tələbə məktub almış: Bakı küçələrində qoçular türk qadınlarının ayaqlarından dikdaban çəkmələri çıxarırmışlar... Belə dəhşət olurmu?.. Oh, Vəlibəy, iç, dərdimizi unudaq, islamiyyət bizim axırımıza çıxdı.

İki dost məyus bir halda qədəhləri başlarına çəkib, uzun müddət susdu.

Qarson bifşteks gətirdi. Vəlibəy şərab istədi. Böyük qədəhlərə şərab töküldükdən sonra Vəlibəy Rüstəmbəyə Azərbaycan işlərini anlatmağa başladı:

– Bakıda Ümumqafqaz müsəlmanları qurultayı olmuşdur. Bəzi qərarlar çıxarmışlar. Federasiya şəklini qəbul etmişlər... Təbii, qurultay hadisəsiz keçməmişdir. Qurultayda iştirak edən çarşabsız bir qadına qarşı tapançalar çıxmış; yekə rüsvayçılıq!.. Küçədəki çəkmə çıxarmaq fəqərəsi bu hadisədən sonra olmuşdur... Sonra, Gəncədə bir ədəmimərkəziyyət firqəsi varmış. Bakıdakı federalist firqəsi ilə birləşərək, meydana “müsavat” adlı bir firqə çıxmışdır. Proqramlarını görməmişəm...

Rüstəmbəy Vəlibəyin sözlərini kəsdi:

– “Müsavat”ın proqramı ilə tanış olmaq istəyirdim. Bəlkə gətirdəsən.

– Gətirdərəm, ya da gedəndə özüm göndərərəm.

– Gətirsən Qulamrzaya ver, o mənə verər, bəlkə sən getdin, sonra görüşmədik.

– Yaxşı.

Rüstəmbəy bir az düşünüb:

– Görəsən, başında kimlər durmuş? – deyə sordu.

– Nəsibbəylə Əhməd Muxtar olmalıdır. Rüstəmbəy bu adamları uzaqdan tanıyırdı:

– Yəni, bunların hazırlığı var? – deyə düşündü.

Vəlibəy gülümsünərək:

– Nə deyim? – dedi, – hər halda müsəlman daha bunlardan artığını yetişdirməyəcək ki!.. İşlərlər, öyrənərlər.

– Təhsilləri necədir?

– Nəsibbəyi bizzat tanımıram. Eşitdiyimə görə, darülfünunda olmuş, ancaq qurtarmamışdır. Əhməd Muxtara yaxşı bələdəm. Bizimlə də bir qədər işləmişdir. Heç bir təhsili yoxdur, xudayi-nabitdir.

Bütün məziyyəti türkcə savadlı olmasındadır. Yaxşı natiqdir... Bu qədər. Bişmiş bir siyasi adam demək olmaz. Dövlət təşkilatı üçün yararlı adam deyildir. İfrat inad və şöhrətpərəstdir: “Burada mən, Bağdadda kor xəlfə”... Nə başını ağrıdım, kor atın kor da nalbəndi olar... – deyə qırıq gülüşünə davam etdi.

Rüstəmbəy düşüncələrindən ayrılmayaraq, bir daha sual vermədi.

9

Gecə saat birdə evə dönərkən Mir Cəfərin iclasdakı hərəkətini xatırladılar. Vəlibəy qırıq-qırıq gülərək dedi:

– Qəribə adamdır!

– Doğrudan da, qəribədir... Çocuqluqda da belə idi, amma indi ifrata varmışdır. Çocuqluğumuzdan son dərəcə dost idik. Bir-birimizə gedər-gələr, bir dəqiqə belə ayrı durmazdıq. Ən mod və ən mütərəqqi məsələlər ətrafında bəhs edər, müəyyən fikirlərə gələrdik. Bunda səbir və hövsələ yoxdu. Bir şeyi deyərdi, həyata keçirilməsində mətanət göstərməzdi. Bir gün kiçik qardaş və bacılarımıza savad öyrətməyi qərara aldıq. Dərs başlandı. Mir Cəfərin qardaşı oxumamazlıq edirdi. Bir müddət dərs dedi, çocuq tənbəllik göstərdi. Axırda yanına çağırıb qəti olaraq soruşdu: “Qardaş, oxumaq istəyirsənmi?” Çocuq:

“Yox” dedi. Mir Cəfər: “Hürrsən” – deyə onu buraxdı. Dərs bitdi. Qardaşı indi də savadsız və sənətsiz bir adamdır. Mən Mir Cəfəri məzəmmət elədim: “Ehmallıqla oxut” – dedim. Mənə cavabı bilirsən nə oldu? “Çocuğun hürriyyətinə təcavüz etməyə haqqın yoxdur”, – dedi.

– Hürriyyəti belə anlamışdır, – deyə Vəlibəy güldü.

Rüstəmbəy sözlərinə davam edirdi:

– Hər şeyi tərsinə başa düşmək bunda bir xassədir... Bir gün teatra getmişdik. Parterdə idik. Bir də gördüm paltarını soyunur. “Canım nə qayırırsan? Burada köynəkli oturmaq olarmı? Axır bir qayda var”.

Mənə: “Əfkari-ümkumiyyədən qorxursan? – dedi. – Hər şey cəhənnəm olsun, mənə şəxsim və istirahətim lazımdır, – deyə cavab verdi.

– Deməli teatrda yarıçılpaq oturdu.

– Təbii, yüz yerdən ağızlar buruldu, istehzalar olundu...Nə isə, başının bir damarı qırıqdır...

– Qeybət olmasın, – deyə Vəlibəy sözə başladı, – mən də bundan bir fəqərə eşitmişəm. Bir ay əvvəl Moskvaya tələbələr qurultayına getmişdi. Bir gün tramvay yelli keçərkən Mir Cəfər fit verir. Bir qəzamı oldu – deyə o saat tramvay vaqonlarını dayandırırlar. Vaqonların dayandırılmasının səbəbəini bilməyən miniklər arasına çaxnaşma düşür. Bir də Mir Cəfər səslənir; “Mən mindim, indi vaqonu sürə bilərsiniz”, – deyir. Camaat buna qarşı nifrətlər yağdırır. Bu adam indi

Kiyev mitinqlərinin Allahı sanılır.

– Çünki gözəl natiqdir. Ruscaya incədən-incəyə vaqifdir. Ədəbiyyatı ətraflı tədqiq etmiş; mətbuatda belə iştirak edir... Ancaq həyatı kitablarda yazılan kimi qəbul edir. Fikir və hərəkətindən də kitab qoxusu gəlir, olduqca səthidir.

Vəlibəy ciddi bir səslə:

– Adamlığı da yoxdur. İnqilab həyatı çalxalayıb bu kimiləri üzə atırsa, bunlar aləmi məhv edər, axırda özləri də məhv olarlar.

Rüstəmbəy Vəlibəyin sözlərini təsdiq edərək:

– Bilirsən onda nə həsəd var? Yaxşı yeyənləri, geyənləri, yaşayanları görəndə içini gəmirir. Yakıb yıxmaqda ləzzət duyanlardandır.

– Bu necə ailədəndir? Kasıbdırmı?

– Atası xırda alış-verişçidir. Ancaq buna köməyi dəymir, ailəsini belə zorluqda saxlayır...

Vəlibəy qırıq gülüşü ilə Rüstəmbəyin sözlərini kəsdi.

– Duel necə oldu? – deyə sordu.

Heç! Duelə azmı adam çağırmış. Puşkinin vaxtında yaşadığımızı zənn edir... Bu da oxuduğu kitabların təsirindən doğmurmu?

10

Rüstəmbəy yataqdan yenicə qalxmışdı. Xəlil içəri girdi. Görüşdülər. Xəlil:

– Yəqin hələ çay içməmisən? – deyə sordu.

– Yox, indicə durdum. Yuxudan doya bilmirəm. Cəbhənin yorğunluğu indi duyulur. Son zaman mənən də yoruldum.

– Yəqin ora da bura kimi hərc-mərcdir.

– Təbii, eyni anarxiya.

– Kerenskinin bütün populyarlığına baxmayaraq, qəti bir xətti-istiqaməti yoxdur. Görünür, yalnız gözəl nitq söyləməklə məmləkət idarə olunmur.

– Aparat da pozuqdur, başı dəyişdilər, aşağı qaldı. Çarlıq ruhu ilə bəslənmiş məmurlar dünənki vəkil, jurnalist, tacir nazirə tabe olarmı?

Məmur psixologiyası başqadır. Hökumətin aşağıdan yuxarıya doğru pillə ilə çıxan məmur arasında nüfuzu olmadığı üçün məmur da vəzifəsinə sadiq deyildir. Bax, teleqram poçtla göndərilir, məktub yollarda itir, vergi yığılmır, banklar bərbad olmağa başlayır. Alverçilik güngündən artır, hökumət və ictimai təşkilatlar anbarları oğurlanıb bazarlarda satılır. Uzaqgörənlər qızıl və brilyant toplayır; sabit dəyərli şeylər aranır. Bu gün satın alınan hər bir şey üç gün sonra birə iki qiymətə gedir. Qiymətlər yüksəlir məmurun maaşı yüksəlmir, ehtiyac da bir tərəfdən məmuru işindən soyudur...

Xəlil onun sözünü kəsdi:

– Rüstəmbəy, – dedi, – yalnız məmur deyil, hər kəs şaşmışdır.

Nədənsə, bu hökumətə inanılmır. Bax: hər bir mitinqdə “hürriyyət istiqrazı” ndan bəhs olunur. Hamı bilir ki, hürriyyətin irəli sürdüyü hökumətə kömək lazımdır. Ancaq heç kəs yazılmır. Mən köhnə inqilabçı olaraq hələ istiqraza yazılmamışam.

Xəlil sözlərinə əlavə olaraq qəhqəhə ilə güldü, sonra otağın küçəyə tərəf açılan pəncərəsinə yanaşıb baxa-baxa:

– Yığış, çıxaq, – dedi.

Hava olduqca gözəldi. Qəhvəxanaların birinə girdilər, – Rüstəmbəy

Xəlilə südlü qəhvə təklif etdi, içmədi.

– Toxam, – dedi, – tez ol, çıxaq. Tacirlərin əlindən indi qəhvəxanalarda yer yoxdur. Mənim də, nədənsə, bunlardan zəhləm gedir.

Rüstəmbəy:

– Sənin atan, – dedi, – məmur olmuş, yəqin həmişə də tacirə borclu olmuşdur. Səndə çocuqluqdan onlara qarşı bir ikrah əmələ gəlmişdir.

– Doğrudan da belədir. Bilirsən, atam ev tikdirirdi. Bir sövdəgər Hacıdan altı yüz manat borc almışdı. Yazıq kişi beş il pulu verib qurtara bilmədi, müamilə müamilə üstündən gəlirdi. Özləri də elə yumşaq olurlar ki, üzlərinə də tüpürsən incimirlər. Amma səni lazımınca istismar edirlər. Atam öləndən sonra anamın yanına gəlib edərdilər.

Bütün qızıllarımızı, xalı və ipəklərimizi onlara satdıq. Kim bilir, nə qədər ucuz alırmışlar. Qardaşım Parisdə oxurkən ona pul göndərmək lazımdı. Anam gözəl bir tirmə girov qoyub, əvəzində əlli manat aldı.

Əlli manatı vaxtında verə bilmədiyimiz üçün müamilə artmağa başladı...

Xülasə, şal əldən getdi, nəticədə tacirə də borclu çıxdıq...

Xəlil yenə güldü və təbəssümündə ikrah duyuldu.

Rüstəmbəy qəhvəsini qurtarıb, qəhvəxanadan çıxdı:

– Yaxşı, atan məmur, çarın sadiq məmuru, anan Mehdi xanın qızı – bəs bu menşeviklik haradan çıxdı?

Xəlil əvvəl oynaq, sonra ciddi bir halda:

– Bilirsən, biz Bakıda hökumət pansionunda yaşayırkən, gizli ədəbiyyatla çox maraqlanardıq. Bir gürcü yoldaşım vardı, bu mənə xırda risalələr verərdi, oxurdum. Yavaş-yavaş menşeviklərin proqramı ilə tanış oldum, xoşuma gəldi. Yoldaşım məni bir firqəçi ilə tanış etdi.

Arabir görüşərdik. Sonra türk gənclərinin arasında işləmək mənə tapşırılmışdı.

Bir neçə məktəbliyə mühazirə oxuyurdum. Zavodlarla da az-çox əlaqəm vardı... Belə!..

Rüstəmbəy gülə-gülə:

– İndi de görüm, aşna, federasiyaya tərəfdarsan, yoxsa yox?

Xəlil düşünərək:

– Demokratik cümhuriyyət, zənn edirəm, hər kəsi qane edər.

– Yox, – deyə Rüstəmbəy qətiyyətlə cavab verdi, – onda aramızda dağlar var. Hər millət müqəddəratını özü həll etməli. Bu günün şüarı budur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dərviş məsələsi

Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.

5 min
Sidi

İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.

5 min
Osman Dövlətşin

O çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.

7 min
Qoz ağacı

Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.

4 min

Poems by other poets