Page 6 of 8 · 63%

Xəlil də gülərək:

– Bir dəfə də qadın cəbhəsinə hücum etməli, – deyə qəhqəhə ilə

güldü.

– Mən razıyam, zalım oğlu “əsgər” razı olmur. Ikisi də güldü.

Sonra Xəlil ciddi bir səslə:

– Bu axşam boşam. Dünən Tanya gəlmişdi, ehtirasımı söndürdü.

Bu axşam münasib bir yerə gedə bilərəm.

– Məsələn.

– Gələndən Qulamrzagilə getmisənmi?

– İclas günü orada idik...

Xəlil:

– O heç! – deyə Rüstəmbəyin sözlərini kəsdi, – kişi evlənmişdir, ailə sahibidir. Ziyarət etmək borcundur.

– Yaxşı, – deyə Rüstəmbəy razı oldu.

– Saat neçədir? – deyə Xəlil soruşdu. Rüstəmbəy qoluna baxaraq:

– Beşə bir az qalır, – dedi.

– Bir-iki saat gəzək, sonra gedək. Vladimirski qorkaya tərəf getdilər.

Monastırın yanındakı qapıdan qorkaya girib, Dneprə nazir xiyabanda bir skamyaya yerləşdilər. Dnepr daşıb, qarşıdakı slobodkanı basmışdı. Sağ tərəfindəki çar bağı çiçəklər içində cilvələnirdi; sərin hava yasəmənlər arasında titrəyərək rayihələr saçırdı. Sol tərəfdəki altun qalpaqlı kilsələr yaldızlı şüalar səpələyirdi.

Bu gözəl mənzərə Rüstəmbəyin ürəyində hüznlər doğururdu. Yan tərəfdən xoş bir təbəssümlə yoldaşının sönük çöhrəsini süzən Xəlil:

– Yenə nə düşünürsən? – dedi.

Rüstəmbəy dərin – düşüncədən zorluqla ayrılaraq köksünü ötürüb dedi:

– Mənə belə gəlir ki, həyatın qəlbi daima məndən kənar bir yerdə çarpır. Mən bu çarpıntının olmasını duyuram, amma onda iştirak etmirəm.

Rüstəmbəy fəal bir vəziyyət alıb, qollarını ölçərək:

– Həyat coşarkən hər bir fərdin köksündə əks-sədalar doğurmalı; çünki fərdlər həyatdadır, həyat fərdlərdə deyil... Bax, mən bu əks-sədaları duymuram. Həyat dairəsindən kənarda duraraq, yalnız iştiraksız bir şahid vəzifəsi görürəm...

– Sənin bu fəlsəfənin mənasını anlamıram, – deyə Xəlil onun sözlərini kəsdi və bir az da kəskin: – Nə üçün həyatdan kənarda qalırsan?

İndi pul qazanırsan, gəncsən, gözəlsən, təhsilin var – həyatın ən coşqun yerinə belə girməyə əlində vəsilələrin var. Nədənsə passiv duraraq rezonyorluq edirsən... Əzizim, İnsanın, ya heyvanın dərunində təbii bir çağırış var. Çağırdımı – “baş üstə!” deməli. Sən bunu unudursan.

Canlı həyat tələblərinə qulaq asmırsan da, kitablardakı səfsətələri dinləyirsən...

İki qızın bunların yanından ötüb getmələri Xəlilin nitqinə xitam verdi. Arxalarınca müştəri gözü ilə baxaraq, düşündü. Birdən:

– İştə həyat, tamaşaya lüzum varmı? Dur gedək, tanış olaq.

Rüstəmbəy getməməzlik göstərdi:

– Əşi, işin yoxdur? – dedi.

Xəlil hiddətlə onun qolundan tutub dartdı:

– Bu iş deyil? Dur, – deyə onu yerindən qaldırdı.

İri addımlarla yürüyüb, bir az sonra sürəti azaltdılar. Qızlar addım səsləri eşidərək geri çöndülər və bir-birinə bir şeylər söyləyib gülüşdülər.

Xəlil Rüstəmbəyə yönəlib sevinclə:

– İşlər yaxşıdır, – dedi və sonra qızlara eşitdirərək: – Bahar gözəldir, ancaq... onu duyanlar və anlayanlar üçün gözəldir.

Qızlar yenə geri dönüb, sonra yenə pıçıldaşaraq gülüşdülər. Xəlil sözlə qızları daşlamada davam edirdi:

– Bahar ildə üç ay gəlib İnsanları nəşələndirib gedər. Lakin... burada bir mühüm “lakin” var. Dürüst qulaq asın. Gənclik baharı yalnız bircə dəfə gələr... Təkrar olunmaz!.. İstifadə etməyən peşmanlıq oduna yakılar...

Qızın biri yavaş səslə:

– Amma nə ustalıqla başlayır, – dedi və yoldaşına qısılaraq güldü.

Xəlil cəld:

– Mən doğrudan da ustayam, səadət sarayı yapıram.

Qızın bu dəfə ikisi də çönərək işvəkar heyrətlə:

– Eləmi? – deyə Xəlildən soruşdular.

– Elə! Elə! – deyə Xəlil qızın birinə yanaşdı və o biri qıza:

– Yoldaşım utancaqdır. Lütfən onu məşğul ediniz, – dedi.

Qızlar qəhqəhə ilə gülərək, yaxındakı skamyaya əyləşdilər. Rüstəmbəy sağdan, Xəlil də sol tərəfdən oturdu.

15

Şirin söhbət davam edirdi. Xəlil məzhəkələr, lətifələr, cürbəcür dadlı vəqələr söyləyib qızları güldürürdü. Rüstəmbəy də danışır, o da maraqlı söhbət sahəsində Xəlildən geri qalmırdı.

Xəfif qaranlıq yavaş-yavaş çökərək, ətrafı doldurur; orada-burada işıqlar parlayıb sayrışmağa başlayırdı. Əlvan rəngli parlaq zolaqlar Dneprin səthində oynaşmada idi. Qoşa-qoşa dolaşan oğlan və qızların sayı get-gedə artır, gənclər tənha skamyalara yerləşirdi.

Xəlil yanındakı qızın əlini əlinə alıb oxşayır və xəfif müqavimətini qıraraq arabir dodaqlarına götürürdü. Artıq söhbət ümumilikdən fərdiliyə keçmişdi; hər kəs öz yanındakı qızı məşğul etmədə idi. Lakin xətti-hərəkətlər başqa-başqa idi.

Xəlilin axır məqsədi qızı “bişirib” bir gün otağına gətirmək, məramına çatmaqdı. Rüstəmbəy isə heç bir məqsəd təqib etmirdi və bəzən vaxtın lüzumsuz yerə keçməsinə də təəssüflənirdi. Birdən:

– Oturduğumuz bəs deyilmi? – deyə Xəlil səsləndi.

Rüstəmbəy:

– Necə istərsəniz, – deyə cavab verdi.

Qalxdılar.

Xəlil öz qızı ilə ön tərəfə keçib bir az da aralanmağa çalışdı. Rüstəmbəy sakit addımlarla onu izlədi.

Qorkadan yüz addımlıq bir məsafədə qızlar əl verib, qonşu küçələrdən birinə getdilər.

Xəlil şən bir halda qolunu Rüstəmbəyin qoluna keçirib qəlbi sükutla:

– Randevu hazır! – sabah axşam görüşəcəyik. – Sən də təyin etdinmi? – deyə sordu.

Rüstəmbəy passiv bir gülüşlə başını fırladı:

– İşin yoxdur? – dedi.

Bu sözlər Xəlili özündən çıxardı:

– Dünyada hamı işsizdir də, təkcə sən iş adamısan.. Amma iddian var ha!.. Sən yaxşı ki, Allah deyilsən, yoxsa dünyanı qadınsız yaradardın...

Amma tühafsan ha!..

Rüstəmbəy laqeyd gülüşündə davam edərək, Xəlilin hiddətli gözlərini süzür, bir söz belə demirdi. Xəlilin deyinib susacağını bilirdi; elə də oldu. Xəlil Rüstəmbəyin ətraflı yaşamamasını, pedantlığını tənqid edərək coşdu. Səsini yüksəldib, kəskin sözlər belə qullandı. Sonra sakit olub susdu. Bir müddət danışmayaraq yürüdülər, axırda adi rəftarları ehya olundu.

Xəlil və Rüstəmbəyi Qulamrza nəzakətlə qarşılayıb, otağa dəvət etdi. Burada ortaboylu, çəlimsiz bir qadın ayağa qalxıb, cəsarətsiz bir təbəssümlə qonaqlara təzim etdi.

Qulamrza:

– Rüstəmbəy, Xəlil tanışdır, sən tanış deyilsən. Sayadla tanış ol, – deyə arvadını təqdim etdi.

Rüstəmbəy və Xəlil Sayadın əlini sıxıb oturdular. Xırda dolabın üzərindəki samovar mürgü döyən pişik kimi hərdəmbir xoruldayırdı.

Sayad qonaqlara çay tökdü. Masanın üstünə ağ çörək, yağ, pendir və pasta qoydu. Sonra dolabdan zoğal mürəbbəsi çıxardı. Rüstəmbəy:

– Qulamrza, – dedi, – yəqin Qafqazdan qəzet gətirdirsən.

– “Kaspi” gəlir. Sayada da “Açıq söz” gətirdirəm; çünki Sayad yalnız türkcə oxuyur, – deyə Qulamrza gülümsədi və güzəştedici bir nəzərlə arvadına baxıb əlavə etdi: – İndi rusca da oxumağa başlamışdır.

Xəlil:

– Sayad bacı, – dedi, – indi gərək rusca danışılanda başa düşəsiniz.

Sayad aşağı baxaraq:

– Bir az başa düşürəm... ancaq hələ danışa bilmirəm.

Birdən Sayadın üzü qəmgin bir şəkil aldı:

– Müsəlmanlar belədir də, qız uşağını oxutdurmurlar, bədbəxt edirlər. Ana dilini də Qulamrzadan öyrənmişəm. Bilsəniz, necə qorxaqorxa oxuyurdum.

Xəlil təsəlli verərək:

– Sayad bacı, qəm eləməyin, hələ cavansınız.

Sayad yenə yerə baxa-baxa:

– Axır, başqa millətlərin içində biz nəyə geri qalaq?

Rüstəmbəy populyar bir surətdə Dreper nəzəriyyəsini Sayada anlatmağa başladı:

– Sayad bacı, – dedi, – bu yalnız bizdə deyil, başqalarında da görünmüşdür.

Millət bir fərd, bir adam kimi şeydir, böyüyər, gənclik və qocalıq dövrləri keçirər. Sonra ölər. Cahil və kamil vaxtları olar.

Rüstəmbəy yunan, Roma, Misir, fars və ərəb mədəniyyətinin parlaq zamanlarını təsvir edib, sonra düşdüklərini qeyd edərək:

– Bizim millət də, – dedi, – indi cahil dövrünü keçirir; lakin ayılmasının əlamətləri görünür, ayılacaq və parlaq bir gələcəyə də malik olacağı şübhəsizdir.

Məxsus Sayadın bilgisini artırmaq üçün söylənilən bu fikir başqalarını daha çox maraqlandırırdı. Xəlil Dreper nəzəriyyəsinə qarşı etiraz edərək, Marks nəzəriyyəsini irəli sürdü və qədim mədəniyyətlərin yox olmasını iqtisadiyyat qanunu ilə izah etməyə çalışdı.

Rüstəmbəy münaqişəyə girmədən əvvəl Sayadın səviyyəsini nəzərdə tutaraq, qalxıb divarda asılan xəritəyə yanaşdı. Hər kəs gözlərini xəritəyə tərəf çevirdi. Hələ coğrafiyanı qavramayan Sayad bacı həsrətlə xəritəyə baxaraq, var qüvvəsini Rüstəmbəyin sözlərinin ətrafına topladı. Rüstəmbəy vaxtilə mədəniyyət beşiyi olan ölkələri göstərərək:

– Baxın, – dedi, – Makedoniya kimi bəlli olmayan ölkədən bir İsgəndər çıxır, dünyanı istila edib, millətinin adını tarix səhifəsində yerləşdirir. Ərəbistan çöllərindən bir Məhəmməd zühur edib, meydana bəzi demokratik fikirlər atır. Nəticədə bir çox millətləri və ölkələri öz millətlərinin hakimiyyətinə tabe edir... İsgəndərlər, Məhəmmədlər,

Atilla və Teymurlar millətin gənclik enerjisindən nəşət edən qüvvələrdir. Rüstəmbəyi diqqətlə dinləyən Qulamrza:

– Rüstəmbəy, bu tarixi simalarmı millətini irəli çəkir, yoxsa millətmi bunları irəli sürür? – deyə sordu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dərviş məsələsi

Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.

5 min
Sidi

İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.

5 min
Osman Dövlətşin

O çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.

7 min
Qoz ağacı

Hər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.

4 min

Poems by other poets