İkinci kitab, ikinci hissə
Page 7 of 8 · 75%
Rüstəmbəy qətiyyətlə:
– Fərd bir kollektivin üzvüdür; meyvə ağacın məhsuludur. Fərd kollektivin, meyvə ağacın xassəsini daşıyır. Tarixi sima millətin ruhundan doğar, o ruhu yüksəldər və aləm qarşısında nümayiş etdirər.
Tarixi sima millətin təzahürüdür. Millətin qabında bir şey olmazsa, təzahürü də olmaz!
Xəlil dinləyərək arabir başını bulayırdı; Rüstəmbəyin sözü bitərbitməz açıldı:
– Deməli, sənin fikrincə, millətin biri istedadlı, digəri isə istedadsız olur?
Rüstəmbəy dərin bir etiqadla:
– Bəli! – dedi.
Xəlil kəskin bir halda:
– Bu fikir qətiyyən doğru deyil, – dedi. – İstedadca millətlər arasında fərq yoxdur. Şərait başqadır; tarixi, ictimai və iqtisadi şəraiti əlverişli olan millətin tarixi rolu da başqa olur.
Rüstəmbəy Xəlilin fikirlərinə şərik olmayıb, öz təsəvvürlərini doğrultmaq üçün tarixdən alınmış bir çox dəlillər göstərməyə başladı.
Nəhayət, Qafqazı irəli sürərək eyni şəraitdə yaşayan gürcü, erməni və türklərin mədəni səviyyələrini qeyd etdi.
Erməni və gürcü mədəni və gözüaçıq olduğu halda, türklər cəhalət içində boğulur. Halbuki üçünün də ictimai və iqtisadi vəziyyətləri az-çox bərabərdir, – dedi.
Xəlil yenə etiraz etdi.
Münaqişə uzandı, nəhayət Qulamrza ortaya başqa bir məsələ atmaqla söhbəti dəyişdi.
16
Rüstəmbəy məzuniyyətini bitirdikdən sonra bir ay da artıq Kiyevdə qaldı. Bu iki ayı, bir dəqiqə qaib etmədən, kitab və qəzetlərin mütaliəsi ilə keçirdi. Paytaxt qəzetlərindən başqa, Qafqaz mətbuatını da təqib etmədə idi. Kerenski hökuməti bütün idarəsizliyi ilə davam edir və hərc-mərclik geniş Rusiyanın bir başından tutmuş o biri başına qədər dalğalanırdı. Cəbhə get-gedə pozulur vətənpərvər nitqlər, çağırışlar artıq kimsəyə təsir etmirdi. Idarə ipi qırılıb hər vilayət, hər şəhər, bəlkə hər kənd özbaşına qalmışdı. Çörək, un, şəkər kartları ərzaq böhranının önünü ala bilmir; mağazalar və dükanlar qarşısındakı növbələr uzanmaqda idi. Ehtikar görülməyən bir şəkil almışdı. Hər şey alınıb satılır; məmləkətin şərəf və namusu belə müzaidə edilirdi.
Bir tərəf yoxsulluq əziyyətinə davam edərkən, digər tərəf kef məclislərində pullar səpirdi. Xanımlar və qızlar üçün bir kilo şəkər umulmaz bir hədiyyə olaraq, ailələrdə nəşələr doğururdu. Əmtəə və ərzaq olduqca boldu; lakin zabitə nırxına boyun əyməyərək, gizli anbarlarda saxlanılırdı.
Kerenski hökuməti mərkəziyyət idarəsi platformasında duraraq, milli və territorial hərəkata xor baxmada davam edirdi. Federasiya yolu ilə mətanətli gedən Ukrayna xalqına: “Məclisi-müəssisana qədər ümumi vətəndən ayrılmayın, ümumi ordunu pozmayın”, – deyə tövsiyədə bulunmasına baxmayaraq, Ukrayna radası və general sekretariatı milli dövləti təşkilatında davam edirdi. Krım tatarları da kiçik miqyasda eyni hərəkəti təqib edirdilər, qurultay çağırıb, tatar əsgərlərini Krıma toplayırdılar.
Qafqazda işlər hələ qeyri-müəyyəndi, buradakı millətlər hələ bir-biri ilə ümumi dil tapmamış, qəti siyasi istiqamət görünmürdü.
Gürcülər menşeviklərin, ermənilər daşnaqların başına toplanan kimi görünürdülər. Türklərin vəziyyəti olduqca tühafdı: yeni zühur etmiş “Müsavat”ın xalq arasında kökü dərin deyildi. Sol və sağ məsləkli ziyalılar rəyasət qovğası ilə məşğuldu. Ziyalı qismi az, hazırlıqsız və daha doğrusu, məsləksizdi. Nüfuzlu milyonerlər və bütün zənginlər çar tərəfdarı idi. Əməkçilər və xırda ziyalıların bir qismi “Hümmət”in ətrafına toplanaraq, get-gedə qüvvət kəsb etmədə idi. İşçi hərəkatı genişlənir,tətillər sənaye məntəqələrini qaplamada idi. Kənd də sakit deyildi: üsyanlar, bəy evlərinin dağıdılması adi şəkil almışdı. Ruhani qismi də inqilabdan pay umaraq dini firqələr təşkilinə çalışırdı: Gəncədə “Firqeyi- Məhəmmədiyyə”, Şuşada “Ittihadiyyə”, Bakıda “Zühuriyyuni-Mehdiyyun” firqələri meydana çıxmışdı.
Çar zamanı Azərbaycandan əsgər alınmaması milli məfkurə daşıyanlar üçün çıxılmaz bir vəziyyət təşkil etmişdi. Hər bir millət öz əsgərlərini topladığı bir halda, Azərbaycan bu imkandan istifadə edə bilmirdi. Imperialist müharibəsi zamanı bəylərin təşəbbüsü ilə könüllülər toplanıb alman cəbhəsinə göndərilmişdi. “Vəhşi diviziya” adı ilə məruf olan bu könüllülər indi milliçilər üçün bir məfkurə olmuşdu.
“Zərurət zamanı”nın istinadgahı deyə onlara böyük ümidlər bağlanırdı...
Rüstəmbəyin iki aylıq mütaliəsi siyasi cərəyanları, firqə proqramlarını öyrənməsi ona qəti bir yol göstərmədi. Kimlə gedəcəyini, hansı firqəyə qoşulacağını belə kəsdirə bilmədi. Siyasi üfüq onun gözlərində olduqca qaranlıqdı. Əvvəlcə xəyalını məşğul edən Turan məfkurəsi indi sarsılmış, onun düzgün və əməli olmasından şübhə etməyə başlamışdı.
Azərbaycan məsələsini aydın təsəvvür edə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əleyhdardı: kapitulyasyonlarla bağlanıb yoxsulluq içində çırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, texnikasız Türkiyəyə doğru meyl etmək ona qorxunc görünürdü.
Bütün tərəddüdlərinə baxmayaraq, Rüstəmbəy federasiya tərəfdarlığında mətindi. Lakin bu federasiyanı Rusiyada hansı firqənin iş başına keçməsi təmin edəcəyinə hələ ağlı irmirdi.
17
Bir gün Rüstəmbəy bir dükandan qəzet aldıqda Səlmanı da orada gördü. Səlman Rüstəmbəyi süzərək, kinayə ilə:
– A Rüstəmbəy, – dedi, – deyəsən, haqq yola gəlirsən.
– Necə?
– “Pravda” oxumağa başlamısan.
Rüstəmbəy gülümsüyərək:
– Mən “Pravda”nı çoxdan oxuyuram. Leninin bir məqaləsini belə buraxmıram.
Səlman heyrətlə:
– Bəs nə durmusan, niyə bizə qarışmırsan?
Rüstəmbəy bir az düşündü:
– Səlman, – dedi, – bilirsən, bir yolu ətraflı bilməsəm, o yolla gedə bilmərəm.
– Nə vaxta qədər öyrənəcəksən? – deyə Səlman onun sözlərini kəsdi.
– Toxta... bu gün meydana atılan firqələrin hamısının tədqiqi ilə məşğulam. Firqə xaricində işləməyimin mümkün olmadığını da bilirəm.
Axırda yəqin ki, sipərlərdən birində silah arkadaşlığını öhdəmə alacağam. Indi isə...
– Yox, aşna, bu olmadı. Bax bu intelligent tərəddüdünü sevmirəm. Bizcə ya “hə”, ya “yox”; ya dost, ya düşmən: ikisinin ortası yoxdur! – son sözlərini Səlman sərt və qaba şəkildə söylədi.
Rüstəmbəy susub qalmış, bir söz belə cəsarət edib deyə bilmirdi. Daha doğrusu, bir məsələdə Səlmanla daban-dabana zidd olduğunu duyaraq, lüzumsuz münaqişəyə meydan vermək istəmirdi. Səlman isə bunun kənarda laqeyd durmasının səbəbini araşdırmada davam edirdi:
– Siz intelligentlər “kim eşşək olsa, biz ona palan olarıq” – deyə xudbin bir surətdə yaxanızı kənara çəkirsiniz. Deyirsiniz – qoy mübarizə davam etsin, başqasının qanı tökülsün də, biz salamat qalaq; axırda baxarıq. Mən də deyirəm: “Yox, əfəndilərim, proletariat qanı ilə qazanılmış hürriyyətdə sizə yer yoxdur”. Bunu qəti olaraq bilməlisiniz!
Rüstəmbəy Səlmanın qeyzlə söylədiyi sözləri dinləyib gülümsəyir, bir şey demirdi.
Yolu bir müddət dinməz getdilər, sonra Səlman əlini Rüstəmbəyə uzadaraq:
– Yolumuz ayrılır, xudahafiz.
Rüstəmbəy Səlmanın əlini əlində saxlayaraq onun ayrılmasına mane oldu:
– Bir az dur, – dedi.
İkisi də bir kəstanə ağacı kölgəsində qarşı-qarşıya durub, müntəzir bir hal aldılar. Rüstəmbəy əvvəl həyəcanlı, sonra istirahəti-qəlb sızan sözlə:
– Bilirsən, – dedi, – səninlə səmimi olaraq danışmasam, sonra vicdanım məni incidər... – Burada Rüstəmbəy söz bula bilməyən utancaq adamlar kimi, bir az dayandı, əllərini sıxışdırıb sözlərinə davam etdi.
– Mühitiminmi, aldığım tərbiyəninmi sayəsində olaraq, dürüst bilirəm, məndə ölməz bir milli ruh var. Milliyyət hissi bütün vücuduma, bütün maddi və mənəvi varlığıma hakimdir...
– Təəssüf! Təəssüf! – deyə Səlman onun sözlərini kəsdi.
– İltifat buyur... Dünyada hər bir şeyə milli nöqteyi-nəzərdən baxıram.
Dünyada məni düşündürən yeganə məsələ müsəlmanların velikorus hakimiyyətindən qurtarmasıdır. Bunu bizə təmin edən firqəyə “ləbbeyk” deməyə hazıram. Vəssalam.
Səlman ağır bir yük altından qurtaran kimi, asudə nəfəs alaraq gülümsədi:
– Siyasi məramnamən elə bu? – deyə heyrət etdi. – Biz milli dava deyil, sinif davası edirik. Bunu, yəqin, bilirsən.
– Bilirəm.
– Yaxşı. Buna baxmayaraq Rusiyada yaşayan bütün millətlərə tam bir hürriyyət vəd edirik; qoşma cümhuriyyət və muxtariyyətin bir az da ötəki tərəfinə gedirik: Rusiyadan ayrılmaq istəyənlərə belə maneələr göstərmirik... Millətlərə daha bundan böyük və nə verilir?..
Səlman susdu və fikrindən hasil olan təsirləri duymaq üçün gözlərini Rüstəmbəyin üzündən çəkmirdi. Rüstəmbəy isə buna cavab olaraq gülümsəyir və mənalı təbəssümündə şübhə, tərəddüd, inamsızlıq ifadələri əks etdirirdi.
Səlman bunu duyaraq:
– İşim var, gedirəm, – deyə Rüstəmbəydən ayrıldı və ondan sonra Kiyevdə bir daha görüşmədilər.
18
Cabbar tələbələr təşkilatından uzaqda dolanan bir adamdı. Az-az görünər, necə yaşadığı da kimsəyə bəlli olmaz. Bunun Kiyev həyatı aydın olmadığı kimi, keçmişi də olduqca qaranlıqdı. Qəza şəhərlərindən birində doğulmuş, yeddi-səkkiz yaşlarında atasını qaib edib Bakıya gəlmiş. Sonra orta məktəbi nərədə və necə bitirdiyi məlum deyildi.
Hər halda keçirdiyi həyatın çox da dadlı olmadığı xislətindən görünürdü; əsəbi, acıdil, şərəfini güdə bilməyən, tamahkar bir adamdı.
Coşqun zamanı bir fənalıq yapar, sonra peşman olar, əzab çəkər, təkrar fənalıq törədər, vicdan əzabı çəkər i. a... Bütün həyatı beləcə mənəvi eniş-yoxuşdan ibarətdi. Onu kimsə sevməz, həqiqi bir dostu belə yoxdu. Kirayə etdiyi otaq sahibləri ilə dalaşar, xidmətçi qızları acı sözlərlə darıldardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا