İkinci kitab, üçüncü hissə
Page 3 of 8 · 25%
7
Təqribən üç-dörd verstlik bir məsafədən sonra şoseni tərk edib, sağ tərəfə çönməli idi. Şəhər dairəsi bitib kəndlər başlayırdı. Şosenin o tay-bu tayındakı xəndəklər at cəsədləri və sınıb düşmüş arabalarla dolu idi. Rüstəmbəy Məhəmmədi çağırıb, yolun sağ tərəfindəki axına mane olmasını əmr etdi. Süvarilər yavaş-yavaş hücuma başladılar. Yenə söyüş, təhdid və qamçı qüvvəsi ilə yolun sağ tərəfi addım-addım istila olunmağa başladı. Karvan böyük çətinliklə məqsədinə çatdı. Artıq məsələ bitmiş hesab edilə bilərdi. Cənub yolu başlar-başlamaz karvan asanlıqla sağa dönüb, axından qurtardı. Bu yol tamamilə boşdu. Hər kəs Rusiyaya doğru gedən ən yaxın şərq yolunu təqib edirdi.
Asudəliyə çıxaraq, Rüstəmbəy qazalağının sürətini azaltdı və xoş bir təbəssümlə Musyaya baxıb:
– Musya, – dedi, – çətinlik bitdi; indi heç bir qorxu yoxdur. Yollar olduqca gözəldir, səfalı yerlərdə düşərgə qayırıb istirahət edəcəyik.
Musya Rüstəmbəyin sözlərindən son dərəcə məmnun olaraq gülümsədi və sağ yanağında lətif çökək zühur etdi.
Bir də, son araba karvandan qırılıb geridə qalmış – deyə xəbər gəldi. Rüstəmbəy, Vanya, Boris və bir neçə işçi piyada olaraq, xəndəklə yuxarı diklənməyə başladılar. Arabaya toxunulub, bir təkəri xəndəyə düşmüşdü. Boris üst tərəfə keçib yolla gələnləri qamçı ilə durdurmağa çalışdı. Şoseyə çaxnaşıq düşdü. Bir soldat arabasının qəflətən dayanması qəzaya səbəb oldu, arxadakı avtobus arabaya çarpıb onu xəndəyə sürüklədi. Boris özünü xəndəyin o biri tərəfindəki bostana atıb canını qurtardı. Bununla məsələ bitmədi, avtobus inersiyaya tabe olaraq, bir təkəri xəndəkdə olan arabanı da aşırdı. Atlar yıxılıb çapalamağa başladı. Hər tərəfdən söyüş və bağırtı qopdu. Vanya ilə Boris köməyə qoşdu. Arxadan Rüstəmbəy gəldi. Cəld atları açıb, bostana keçirdilər. Işçilər qənd və un kisələrini daşımağa başladılar. Nəhayət, oxu sınmış arabanı da böyük zəhmətlə sağ yola çıxara bildilər.
Bu hadisə qadınlar üçün bir əyləncə oldu: hamı iki yolun ayrıcına toplanıb uzaqdan seyr edirdi. Işlərini müvəffəqiyyətlə bitirib geri dönən kişiləri qəhrəmanları qarşılayan kimi qarşıladılar. Rüstəmbəy Musyanın qoluna girib qazalağa mindi. Oxu sınmış arabanı və atları arxa tərəfə bağlayıb, yola düşdülər.
Günəş qalxmış, isti can sıxırdı. Karvan yavaş-yavaş yürüyürdü.
Borislə Vanya Rüstəmbəyin qazalağı ilə yan-yana gedərək, söhbət edirdilər.
Vanya deyirdi:
– Tələsik çəkildik, çox şeylərimiz anbarda qaldı. Yaxındakı kənddə axşamlayıb, yükümüzü yenidən yoxlasaq fəna olmaz.
– Almanların yaxında olması da mübaliğəli imiş, – deyə Boris əlavə etdi.
Rüstəmbəy:
– Sınan arabanın yüklərini o birilərə yığdıq, onlar da sına bilər, arabanı da təmir etməlidir.
– Arabanın birini boşaldıb, anbarda qalan qənd və undan gətirməlidir. Niyə batsın...
Mülahizələr yürüdülərkən kənd də görünməyə başladı.
Kənddən yalnız bağçalı bir ev qalmışdı; yerdə qalanı uçub dağılmışdı. Burada qoca bir polyak ailəsi yaşayırdı. Bir qoca kişi və iki yaşlı qadından ibarətdi. Müharibə başlar-başlamaz bunlar gənc övladlarını Avstriyanın içəri cəhətlərinə göndərmişdilər. Vaxtilə müəllimlik edərmişlər, indi artıq üç-dörd ildən bəri evə gözətçilikdən başqa sənətləri yoxmuş. Otaqların birində özləri qalıb, yerdə qalanı ötüb gecən hərbilərin mənzili olur. Vaxtilə gözəl olan bu ev indi olduqca dağılmış, heç bir təmir də görməmişdi. Bağça da xaraba halda idi.
Karvan evin qarşısında dayandı. Borisi ev sahibinin yanına göndərdilər.
Bir az keçməmiş Boris gülə-gülə evdən qayıtdı:
– Gəlin! – deyə yoldaşlarını çağırdı.
Borisin arxasınca ev sahibi də çıxdı. Başının seyrək tükləri səliqə ilə daranmış, ağ bığları burulub, ucları yuxarı qaldırılmışdı; üzü yenicə qırxılmışdı və qulaqlarında pudra izləri görünürdü. Əynindəki köhnə ağ şalvardan, mod boyunbağıdan vaxtilə səliqə ilə geyinməsi duyulurdu. Nəzakətlə qonaqlara təzim etdi və polyak şivəsi ilə:
– Xoş gəlmisiniz, əfəndilər! – dedi.
Otaqların biri qadınlara, ikisi də kişilərə təxsis olunub, səfər çarpayılarını və yataqları oraya daşıdılar.
8
Axşam yeməyinə ev sahiblərini də çağırdılar. Kişi qara pencəkli və qarılar da şleyfli, qara atlaz paltarda gəlmişdilər. Əllərində uzun zəncirləri boyunlarına keçmiş lornetləri də vardı. Dörd il davam edən müharibə, qan və vəhşət bu ailənin kübar adətlərini pozmamışdı. Evlərində piano varmış və hər gün sevdikləri kompozitorlardan birər parça çalarmışlar.
Polyak ailəsinin gəlməsi mədəniyyət ətrafında bəhs açılmasına səbəb oldu.
Vanya Avstriya mədəniyyətinin rus mədəniyyətindən yüksək olduğunu etiraf etməklə bərabər bu mədəniyyətin müəyyən sinfə mənsub olmasını irəli sürürdü.
– Mədəniyyət nə deməkdir? Müəyyən sinfin yaratdığı bir məhsuldur.
Avstriyada da mədəniyyət yaradan zadəgan və burjuaziyadır.
Əməkçi xalq bundan istifadə edə bilmir. Rusun kəndlisi savada belə möhtac olduğu halda, polyak panları mədəniyyətin hər sahəsini mənimsəmişdilər.
Ev sahibi nəzakətli bir tərzdə sinif məsələsini rədd edərək, mədəniyyəti milli zəkaya isnad etdi:
– Polyakların əksəriyyəti mədənidir, – dedi, – rusinlər isə mədəniyyəti mənimsəyə bilmirlər. Çox tənbəldirlər. Baxın, zadəgan və burjuaziyası belə polyaklara nisbətən çox geridirlər.
Boris yavaş səslə:
– Pan, – dedi, – bizim Rusiyada hökumət xalqı qaranlıqda saxlayırdı.
Onlara məktəb açmırdı. Mədəni imtiyazlardan yalnız bir qrup istifadə edə bilirdi.
Ev sahibi:
– Ədalətlə söyləməliyəm Avstriyada qanun qarşısında hər kəs bərabərdi.
İndiyə qədər sakit duran Olesya (Musyanın yoldaşı) birdən dilləndi:
– Pan, – dedi, – məsələ sizin dediyiniz kimi də deyil; baxın, mən iki ildir cəbhədəyəm. Burada qanunun hər kəsi bərabər tutduğunu görmürəm. Ukraynalılar daim əzilmiş, istismar olunmuş və onları müdafiə edən də olmamış. Hökumətə yaxın olan polyak zadəganı öz millətlərindən başqa kimsənin halına qalmamışdır. Hər şey polyakın, başqasının canı çıxsın! – demişlər. Daha qanun qarşısındakı bərabərlik harda qaldı?
Olesyanın ukraynalı olub milli məfkurə daşıdığı ilk dəfə olaraq meydana çıxdı. Olesya istər polyaklara, istərsə ruslara qarşı bəslədiyi düşmənçiliyi açıqdan-açığa bildirirdi. Polyak və rus gəlmələri əvəzində “lyax” və “moskal” kimi təhqiramiz sözlərdən belə çəkinmirdi. Rus və polyak dillərini bildiyi halda, hər kəslə yalnız ukraynaca danışırdı.
Məclisdə milli məsələnin kəskin bir şəkil alacağını, duyan Rüstəmbəy məclisi pozmağa çalışırdı:
– Yoldaşlar, münaqişəni buraxın da, gözəl gecədən istifadə edək; gəzmək istəyənlər qalxsınlar, – deyə özü qalxaraq, örnək olmaq istədi.
Onu mütəaqibən qadınlar yemək masasını tərk etdilər.
Rüstəmbəy Musyanın qoluna girib, yolun qırağına doğru seyrə çıxdı.
9
Axşam qənd, yağ və un üçün iki araba göndərilmişdi. Bunlar sabah erkən dolu gəldi. Rüstəmbəy ot biçdirib, üzərində yatmışdı. Səsə oyandı. Hamı qalxdı; arabaçılar hələ yatırdı. Gecə bunlar müfrizə aptekindən spirt oğurlayıb içmişlərmiş. Oyadılıb töhmətləndirildilər.
Sərxoşların sayəsində karvan ancaq günəş qalxan zaman yola düşə bildi. Ev sahibləri ilə səmimi olaraq vidalaşdılar və xoş təsir buraxmaq üçün onlara təqribən iki aylıqlarını təmin edə biləcək miqdarda məkulat verildi.
Yazlavesə qədər yol tanışdı. Ötəki tərəfini görmədikləri üçün əməkdaşlara maraqlı gəlirdi. Gözəl şoselər, abad qəsəbələr gözə çarpırdı.
Lakin hər yerdə də rusin kəndliləri avam və qeyri-mədəni kimi görünürdü.
Bir neçə günlük səyahətdən sonra karvan Kamenets-Podolskiyə çatmadan şərqə dönüb, köhnə Rusiya hüdudunu keçdi. Avstriyanın gözəl şoseləri çınqılla döşənmiş rus şosesi ilə əvəz olundu.
Axşamdan çox keçmiş bir kəndə yetişib, keşişin evində qonaq qaldılar. Keşiş vətəndaşlarına əlindən gələn hörməti etdi, bütün əməkdaşlara ağ çörəklə süd verdi. Vətənpərvər bir hisslə ordunun övzaını sordu və cəbhənin pozulmasından olduqca mütəəssir oldu. Karvan kəndin qəbiristanını düşərgə edərək, orada gecələdi.
Kənddə qəzet olmadığı üçün vəziyyətin nə halda olduğu aydınlaşa bilmədi. Alman haralara hücum etmiş, nə qədər əsir düşmüş, bu məğlubiyyətin daxildəki təsiri necə olmuş... Bu kimi suallara hər kəs cavab arayırdı da, tapa bilmirdi. Bunun üçün mədəni mərkəzə yetişmək əməkdaşlar üçün bir məfkurə təşkil edirdi. Lakin gedəcəkləri Proskurov şəhərinə qədər xəritədə belə bir mərkəz görünmürdü. Yollar həp kəndlərdəndi.
İkinci gün bir zadəgan köşkünü düşərgə etdilər. Ev sahibləri polyak imiş, vaxtilə paytaxta köçüb, evə gözətçi olaraq, bir xanım qoymuşdular. Bu xanım zemstvo karvanını düşmənçiliklə qarşıladı.
Buna baxmayaraq əməkdaşlar köşkün bir hissəsində yerləşdilər. Köşk ikimərtəbəli böyük evdi. Qiymətli mebeli və təfrişatı, muzeyi vardı.
Geniş zalı, bilyard otağı, zəngin kitabxanası, həyətində oranjereyası vədöl heyvanları vardı. Köşkün ətrafında səliqə ilə bağ salınmışdı.
Köşk olan kənd böyükdü və başdan-başa yeknəsəq komalardan ibarətdi. Hələ kəndə girərkən kaşanə ilə yan-yana duran yoxsul damlarını görən Vanya:
– Baxın, bu onlarca fəqir komalar qazandığını bu parazitlər yeyir, – demişdi. Sonra intiqam hissi ilə titrəyən səslə: – Bunların hamısını sakinləri ilə bərabər yıxıb məhv edəcəyik! – deyib əlavə etmişdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,