İkinci kitab, üçüncü hissə
Page 6 of 8 · 63%
15
Ev sahibi balkonda oturan əməkdaşlara yanaşıb salam verdi. Yer göstərdilər, oturdu. Ev sahibi gündəlik siyasi məsələlərlə çox maraqlanırdı və paytaxt qəzetlərini yenicə gözdən keçirib gəlmişdi.
Rüstəmbəy:
– Yeni nə xəbəriniz var? – deyə sorduqda ev sahibi gülümsündü.
– Hələlik yaxşı xəbər yoxdur, – dedi.
Vanya heyrətlə:
– Nə üçün? – deyə sordu.
Ev sahibi söyləyəcəklərinin haqlı olduğunu duydurar bir tərzlə:
– Cəbhədə müvəffəqiyyətsizlik, daxildə anarxiya. Daha, yaxşı nərədə qaldı? Asayiş o qədər pozulmuşdur, evdə oturmağa belə qorxuruq mujik qoyulan qanunu tapdalayıb keçir...
Vanya bir az sərt:
– Mujik acdır, mujik torpaqsızdır, mujik qazanır, ağalar yeyir – bu düzdürmü?.. Mujik onu əzən qanunu tapdalamağa haqlıdır; işçi onu boğan qanunu ləğv etməyə haqlıdır. Inqilabın tələbi budur!
Ev sahibi qarşısındakının hansı məsləkə mənsub olduğunu duyaraq, bir az cəsarətsiz:
– Oğlum, siz gəncsiniz, mən də gəncliyimdə belə əqidədə idim...
Ancaq... bu fikirlər dildə və yazıda xoşdur, işə gəldikdə yaxşı bir nəticəyə varmır...
Vanya etiraz etdi:
– Qərb dövlətləri inqilab yapmadımı? – dedi.
– Yapdı; lakin bizim kimi baltanı dibindən vurmağa qalxışmadı!
– Bağışlayın, balta hələ dibindən vurulmamışdır. İndi hələ müdaraçalıq dövrüdür: sosialistlər kadetlərlə, onlar fabrikçilərlə uzlaşıb baş tovlayırlar. Əsil inqilab proletariatın iş başına gəlməsində olacaq.
Ev sahibi məyus bir halda susdu. Bir az başını bulayıb gülümsədi:
– Hər bir fikri həyata keçirmədən əvvəl məmləkətin vəziyyəti və xalqın əhvaliruhiyyəsi də nəzərə alınmalıdır, zənn edirəm. Vəhşi xalq hürriyyətin qədrin bilərmi? Mujik tənbəldir, əxlaqsızdır, yıxıcıdır.
O, başına buraxılsa, aləmi qana döndərər. Rusun bütün dövlət adamları və mütəfəkkirləri bu fikrə şərikdirlər.. Siz Rusiyanın müqəddəratını bunlara tapşırmaq istəyirsiniz...
Vanya hiddətləndi.
– Bu sözləri çox eşitdik. Bu yalnız sizə və mənsub olduğunuz sinfə fayda verən bir fikirdir. Siz, təbii, mülkünüzü və imtiyazlarınızı yenə əlinizdə saxlamaq istəyirsiniz. Siz zəhmətsiz yemək istəyirsiniz; lakin bu artıq keçməz.
Vanya sözlərini bitirib, müzəffər bir surətdə gülməyə başladı.
Rüstəmbəy ehmal bir səslə söhbətə girişdi:
– İstibdad dövrü bitmiş hesab olunmalıdır, – dedi. – Geriyə dönmək yoxdur. Çar idarəsinin uyğunsuzluqları heç bir fikir və mülahizə ilə doğruldula bilməz. Zəhmət şüarı hər şeydən yüksəkdir. Mülkədarların müftəxorluğuna nəhayət verməlidir. Rus əməkçi xalqının əzilməsi göz önündədir. Rus əzildikdə bizim kimi qeyri xalqlar iki dəfə əzilir. Siz boğulduğunuzdan şikayətlənirsiniz, biz məhv olduğumuzdan...
Belə bir hal davam edə bilməz!..
Başqaları da söhbətə girişərək, münaqişə alovlandı. Kasparyan erməni və Olesya Ukrayna məsələlərini irəli sürərək, köhnə idarəyə qarşı küfrlər yağdırdılar. Ev sahibi Ukrayna məsələsinin süni olaraq meydana çıxmasını iddia etdi. Erməni və türk məsələlərinə vaqif deyilmiş, ancaq bu xalqların tam hüquqa malik olmalarını eşitmiş imiş.
Yəhudi məsələsi mövzui-bəhs oldu:
– Yəhudilər istismarçı bir millətdirlər, – dedi. – Bunları hər ölkədən qovmuşlar. Bunlara hüquq verilsə, bütün Rusiyanı istismar edərlər.
– Yəhudilər bir millət olaraq hüquqdan məhrum edilə bilməzlər, – deyə fikirlər yürüdüldü... Bir saatdan artıq davam edən münaqişə kimsəni məsləkindən daşındırmadı. Nəticədə ev sahibinin irticapərvər olduğunu hər kəs təsdiq etdi.
16
Proskurov şəhərinə qədər bir düşərgə qalmışdı. Onu da mədəni bir polyak ciftliyində keçirdilər. Ər, arvad və qızlarından ibarət bu ailə təhsillərini xarici ölkələrdə görmüş, bir neçə dillərə vaqif adamlardı.
Olduqca nəzakətli və qonaqpərvər idilər. Malik olduqları geniş torpaqdakı kəndlilər itaətsizlik göstərməyə başlamışdılar. İzinsiz olaraq meşəni kəsib, mülkədarın taxılını biçmişdilər. Bu vəziyyətdən təşvişə düşən mülkədar təsadüfən evinə gələn qonaqları buraxmaq istəmirdi.
Zemstvo əməkdaşlarının gəlməsi bunları olduqca sevindirdi. Qonaqlara ayrıca otaqlar təxsis olundu, təmiz yataqlar verildi və orada qaldıqları üç günün müddətində gözəl yeməklərlə ikram olundular.
Hələ bölükləri yerləşdirməmişdilər; fraklı qoca lakey onları nahara dəvət etdi. Yuyunub getdilər. Ev sahibi gül-çiçəkli geniş terrasda bunları qarşılayıb, yemək otağına götürdü. İyirmi dörd adamlıq yemək masasının ətrafında ev sahiblərindən başqa üç də zabit vardı. Ev sahibi müsafirləri dolğun qadınına, sarışın sadə geyinmiş qızına və zabitlərə təqdim etdi. Oturdular. Otağın kübar üslublu mebeli vardı. Divarlardan iyirmiyə qədər əcdada mənsub rəsmlər asılmışdı; böyük Yekaterina dövrünə aid qiyafələr də görünürdü. Masanın zəngin servizləri, bir-birini mütəaqib verilən əlvan yeməklər əməkdaşları heyrətə gətirirdi; çox xörəkləri həyatlarında ilk dəfə görür və yemək qaydasını belə bilmirdilər.
On beş-iyirmi növ içki vardı.
Əməkdaşlar içəri girdikdə Rusiya almanlarına dair bəhsə təsadüf etdilər. Gənc bir zabit deyirdi:
– Rusiyada yaşayan almanlar vətən yolunda lazımi sədaqət göstərdilər, zənnindəyəm. Mən alman olaraq, üç ildir cəbhələrdə vuruşuram, iki dəfə də yaralanmışam; çünki Rusiyanı özümə həqiqi vətən bilirəm.
Mənim bir yoldaşım vardı. Bu, orduya cəlb olunar-olunmaz özünü öldürdü; buraxdığı məktubda: Rusiyaya xəyanət, yoxsa alman millətinə qarşı düşmənçilik? – bu iki yolun heç birisi ilə gedə bilmədim – deyə yazmışdı... – İkiüzlülük alçaqlıqdır.
O biri zabit sönük səslə:
– Saray işi xarabladı. Çariça həm öz xanədanını, həm də Rusiyanı batırdı.
Üçüncü zabit qeyzlə:
– Çariçanın, – dedi, – qəbahəti yoxdur; biz alman kimi, yüksək texnikalı bir millətlə müharibə etməyə hazır deyildik. Bunu sabiq hərbiyyə naziri Kuropatkin də söyləmişdi. Buna baxmayaraq, ingilis hiyləsinə aldandıq. Çariça müttəfiqlərdən ayrılaraq, sülh yapmağı irəli sürürdü. Başqa çarə də yoxdu. Elə olsaydı, həm xanədanı, həm də ölkəni bu günkü biabırçılıqdan qurtarardıq. Satqın nazirlər, axmaq deputatlar işi xarabladı. Nəticədə böyük Rusiya şərəfsiz bir hala gəldi. Bu işlərin sonunu belə düşünməyə ağlım irmir...
Zemstvo əməkdaşları ilə hərbilərin arasında olan uçurum sayəsində söhbət zabitlərdən başqasını qaplamadı. Yeməklərin ləzzəti söhbətə qələbə çaldı.
Uzun müddət davam edən nahardan sonra qəhvə ilə likör verildi. Ev sahibi bufetdən bir qutu Havay sığarası çıxarıb, qonaqlara təklif etdi.
Nahardan sonra çiçəkliyə, oradan da meyvə bağına keçildi. Buralarda da zabitlərlə əməkdaşlar bir-birinə qarışmırdı: ev sahibi əməkdaşları, qızı da zabitləri təşyi edirdi.
Zabitlərdən biri köşkün təsərrüfat cəhəti ilə maraqlandı. Ev sahibi bunları götürüb, təsərrüfat maşınlarını, heyvanların son sistem axurlarını, pendir və pivə zavodlarını göstərdi. Oranjereyanın mükəmməliyyatı, döl heyvanlarının saxlanılması – bütün təsərrüfatdakı nizam hər kəsin heyrətinə səbəb oldu. Ev sahibinin təsərrüfata böyük marağı varmış – Qərbdən və Amerikadan iyirmiyə qədər məcmuə gətirib, kənd təsərrüfatındakı bütün yenilikləri təqib edirmiş.
17
Zadəganların dəbdəbəli saraylarını görən Rüstəmbəy mujik damlarını da dolaşmağı qərara aldı. Vanyaya təklif etdi, o, əllərini havada fırlayaraq:
– Orada yoxsulluqdan başqa nə var ki, bilirəm, kəndlərdə böyümədimmi? – deyə cavab verdi.
Sabah çaydan sonra Rüstəmbəy Musya ilə bərabər köşkü tərk etdi.
Ev sahibi xanım ağacın altında oturmuşdu. Gəlib keçən bəzi kəndli qadınlar onun əlini öpürdülər.
Kənd köşklərdən bir az aralı idi. Tozlu yolla getdilər. Hasarların arasında toz qopdu: iki-iki bir-birinin önünə qoşulmuş altı gözəl at və arxada şıq bir brek göründü; köşk sahibi qızı ilə bərabər sabah gəzməyindən dönürdü. Şapka qalxdı keçdilər. Kəndin geniş bir küçəsi vardı.
Bütün daxmalar bu küçə uzunu yapılmışdı. Daxmaların küçəyə qarşı kiçik bağçaları vardı. Cağların başına küpələr çevrilmişdi. Hər yeri günəbaxan və gülxətmi bürümüşdü. Ağarılmış bir komaya girdilər, iki otaqdan ibarətdi. Birində kərpic divar sobası vardı. İri yastıqlı bir taxt qoyulmuşdu. Otağın küncü ikonalarla dolu idi. Burası qonaq otağı, ya rəsmi otaqmış; o birisi olduqca kirli, tör-töküntü idi. Ev sahibləri arvad və uşaqlar hərə bir işlə məşğuldu. Burnunun önünə milçəklər yığılmış bir qız çocuğu çörək gəvələyirdi. Müşəmbəsi neçə yerdən cırılmış masanın üzərinə kartof və soğan tökülmüşdü. Kirli döşlüklü arvad nahar hazırlayırdı.
Qonaqları görcək arvad müti bir surətdə əllərini döşünə daraqlayıb təzim etdi.
Rüstəmbəy məqsədini gizləyərək:
– Buradan bir bölük əsgər keçəcək, onlara mənzil axtarırıq, – dedi.
Qadın tabe bir halda:
– Bircə otağımız var, bəyənsəniz, tutun.
Rüstəmbəy:
– Bir az dincəlmək olarmı? – deyə müsaidə istədi.
– Buyurun!
Rüstəmbəy və Musya oturdular. Rütubət iyi damaqlarına çökdü.
– Əriniz hanı?
– Dəyirmana buğda aparmış.
– Buğdanız çoxdurmu?
– Allaha şükür, qışımızı görər. Ancaq... yalnız çörəklə iş bitmir.
Bir inəyimiz vardı, gəbərdi; təzəsini almağa pulumuz yoxdur.
– Kartofunuz boldurmu?
– Allaha şükür, görər.
Rüstəmbəy dərin bir maraqla:
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-ucuncu-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Cavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Cuma axşamıKərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Taxıl bitkiləriÇəltik deyir:**Taxılların başıyam,