İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Page 20 of 26 · 73%
– Görərsiz, İlyas müəllim!– dedi.
İlyas Əfəndiyev də:
– Sənin kimilərini mən çox görmüşəm!– deyə onun ardınca qışqırdı və zaldan çıxıb birbaşa direktorun kabinetinə getdi.
Teatrın direktoru rəhmətlik Əliheydər Ələkbərov da, həmişəki kimi, o yüksək vəzifəli partiya funksionerini ötürmək əvəzinə, İlyas Əfəndiyevin ardınca, öz kabinetinə tərəf getdi və uzun müştüyünə taxdığı siqareti dilxor-dilxor çəkə-çəkə Tofiq Kazımov da, başqa teatr işçiləri də onların ardınca getdi.
Cavan bir aspirant olan mən də Əliheydər Ələkbərovun kabinetinə getdim.
İlyas Əfəndiyev direktorun kabinetindən telefonla o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi işləyən Cəfər Cəfərova zəng elədi və əsəbi halda:
– Cəfər, səninlə danışan «otyavlennıy nasionalist»dir! – dedi, sonra da indicə baş verənləri çox hiddətlə söylədi.
Atamın xasiyyətinə yaxşı bələd olan Cəfər Cəfərov onu yanına dəvət etdi və İlyas Əfəndiyev, Allah bilir, axırıncı dəfə nə vaxt olduğu Mərkəzi Komitənin (indiki Nazirlər Kabinetinin) yerləşdiyi binaya getdi.
Axşam o, evə qayıdanda məlum oldu ki, Cəfər müəllimin kabinetində həmin partiya funksionerinin iştirakı ilə çox gərgin söhbət keçib (o israr edirmiş ki, «Unuda bilmirəm» başdan-başa millətçilikdən ibarətdir və bu tamaşa Sovet İttifaqı ilə başqa dövlətlər – yəni İran – arasında gərginliyə səbəb ola bilər; həm də şikayətlənib ki, İlyas Əfəndiyev onu o qədər camaatın arasında təhqir edib) və son qərar bu olub ki, katib özü gedib tamaşaya baxsın.
Səhərisi gün Cəfər Cəfərov tamaşaya baxdı, əsəri də, yaradıcı heyətin işini də çox bəyəndi, mərdi-mərdanə fikrini açıq dedi və üç-dörd gündən sonra – noyabrın 1-də – «Unuda bilmirəm»in çox uğurlu premyerası oldu və ağzınacan tamaşaçılarla dolu olan zal uzun müddət ayaq üstə artistləri alqışladı, İlyas Əfəndiyevi də, Tofiq Kazımovu, Emini, Solmazı da səhnəyə dəvət etdi.
Aradan bu qədər illər keçib, amma «Unuda bilmirəm»in o ilk tamaşasında oynayan artistlər bu gün də o premyeranın uğurundan ağız dolusu danışırlar.
«Unuda bilmirəm» tamaşası – eyni bir tamaşa – yuxarıda yazdığım kimi, düz 17 il repertuarda qaldı, 500 dəfədən artıq göstərildi və bu rəqəmlər bizim teatr tariximizdə, şübhəsiz, unikal bir hadisədir.
İlyas Əfəndiyev üçün, əlbəttə, xoş idi ki, tamaşa belə böyük bir uğur qazandı, amma o biri tərəfdən də:
– Təki bu premyera Cəfərə baha başa gəlməsin! – deyə narahatlıq keçirirdi...
«Unuda bilmirəm»dən sonra Cənub mövzusu İlyas Əfəndiyev dramaturgiyasında aparıcı xətlərdən birini təşkil edirdi və onun Azərbaycanın Bütövlüyü, Azərbaycanın müstəqilliyi barədəki fikirləri 1986-cı ildə tamaşaya qoyulmuş «Şeyx Xiyabani» əsərində, özünün, o zaman üçün təəccüblü görünəcək dərəcədə cəsarətli bədii ifadəsini tapdı.
İlyas Əfəndiyevin bədii əsərlərdəki cəsarəti – daima yeniliyə meyli, yeni mövzular qaldırması, psixoloji dərinlərə varmaq ehtirası onun istedadına, həyatdakı cəsarəti isə – xarakterinin xüsusiyyətlərinə söykənirdi.
1982-ci ilin payızında Azərbaycan ictimai həyatında, ümumiyyətlə, Sovet Azərbaycanının tarixində, o vaxta qədər heç bir başqa sovet respublikalarında analoqu olmayan bir hadisə baş verdi: Hüseyn Cavidin cənazəsi Sibir çöllərində axtarıldı, tapıldı, Bakıya gətirildi və bu münasibətlə Elmlər Akademiyasının binasında matəm mərasimi keçirildi.
Həmin gecə, saat 2-dən keçmiş, o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə gənc, enerjili və açıq-aşkar bir milli təəssübkeşlik mövqeyində dayanan katibi Həsən Həsənov telefonla mənə evə zəng elədi. Onun sözlərini o gecə necə qeyd etmişəmsə, eləcə də, olduğu kimi, bu yazıya köçürürəm:
– Elçin, salam. Sənə Heydər Əliyevin tapşırığı ilə zəng eləyirəm. İndicə büronun iclası qurtarıb. Hüseyn Cavidlə bağlı sənədlərə baxırdıq. Başdan-başa danoslardır, qələm yoldaşlarının yazdığı ifşalardır. Onu müdafiə eləyən yeganə məktubu İlyas Əfəndiyev yazıb. Yazıb ki, «Cavidi azad etmək lazımdır, çünki xalq, onsuz da, onu sevir, onu unutmayıb, ürəyində gizlin saxlayıb, onu oradan çıxarmaq mümkün deyil. Cavid azad olunsa, respublikada vətənpərvərlik ruhu da yüksələr.» Heydər Əliyev tapşırdı ki, bizim təşəkkürümüzü İlyas müəllimə çatdırım.
Səhərisi gün mən bu telefon zəngini atama danışanda, yadına saldı ki, müharibə təzə başlayan vaxt Mərkəzi Komitəyə belə bir məktub yazmışdı...
Stalin zamanı absurd hadisələr çox olub: bəzən Sistemin qulları tutulub antisistemçilər kimi güllələnirdi, bəzən də belə məktublar nəzərdən qaçırdı...
Bir də ki, kim bilir, o məktub hansı əllərə düşüb, hansı hissləri yaradıb, bəlkə də, bilərəkdən görünməz bir küncə atılıb...
İlyas Əfəndiyevin həyatında ağrılı-acılı hadisələr də az olmayıb, fərəhli, sevincli hadisələr də.
Onun həyatındakı ən sevincli-fərəhli hadisələrdən biri, birincisi – Azərbaycanın müstəqqilliyi idi və mən çox şükürlər edirəm ki, tale bu müstəqilliyi görməyi ona qismət etdi.
Onun həyatındakı ən ağrılı-acılı hadisələrdən biri isə – Qarabağın istilası və dağıdılması oldu və mənim üçün gün işığı kimi aydın bir həqiqətdir ki, Qarabağ sarsıntısı olmasaydı, İlyas Əfəndiyev daha artıq yaşayardı...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
More by this author
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Poems by other poets
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.