Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Page 15 of 26 · 54%

«Mən bu əhvalatı qoca nənəmdən eşitmişdim. Nənəm Sadıqcanı (söhbət Azərbaycan ifaçılıq sənətinin klassiki, məşhur tarzən Sadıqcandan gedir– E.)

görmüşdü. Deyirdi, olduqca gözəl, yaraşıqlı bir oğlan idi. Sadıqcan tar çalanda güllüklərdə bülbüllər susub ona qulaq asarmışlar. Xanlıqdan gözəl, zərif bir qız Sadıqcana aşiq olubmuş. Lakin Sadıqcan evli olduğu üçün onun sevgisinə cavab verə bilməyib, aldatmaq da istəməyib. Qız isə, bu sevgidən dərdə düşüb, vərəm olub. Biz bir tərəfdən qızın halına acıyır, bir tərəfdən də Sadıqcanın kişi hərəkətini, arvadına, ailəsinə sədaqətini hiss edib mütəəssir olurduq. Sanki heç özümüz də hiss etmədən insanların gözəl rəftarları, hissləri bizi ucaldırdı, bizə səbəbini, mahiyyətini dərk etmədiyimiz şairanə bir ilham verirdi. Biz tanıyıb-tanımadığımız bütün yaxşı insanları sevməyə, özümüz də onlar üçün fədakarlıqlar etmyə hazır idik. İndi bu sətirləri yazarkən də mənə elə gəlir ki, bütün uşaqlar göz açıb ilk dəfə dünya ilə tanış olmağa başlayanda, o hisslərlə yaşayırlar».

Və daha səkkiz ildən sonra, İlyas Əfəndiyev 70 il içində gəzdirdiyi o «mütəəssirliyi», o hissləri kağıza köçürür... «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» povestini yazır. Bu povest İlyas Əfəndiyevin sonuncu bədii əsəridir və onu 1996-cı il mayın 28-də bitirib. 82 yaşında yazdığı bu son povest gənclik ehtirası, şövqü, hisslər aləminin zənginliyi, romantik duyğular baxımından onun ən maraqlı yazılarından biridir.

Sadıqcanın nəvəsi Aybəniz xanım, o zaman Xarici işlər naziri vəzifəsində işləyən Həsən Həsənovun həyat yoldaşıdır və mən «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı»nı oxuyandan sonra, əlyazmanı Həsən Həsənova da verdim ki, oxusunlar. Səhəri gün Həsən Həsənov mənə telefon açdı və:

– Heç vaxt inanmaq olmaz ki, bu hissləri 82 yaşlı bir yazıçı ifadə edib,– dedi.– İlyas müəllimin adı olmasaydı, mən elə bilərdim ki, bu gözəl povesti 30 yaşlı bir gənc yazıb.

«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» faktı mənim üçün ona görə əlamətdardır ki, İlyas Əfəndiyevin ən kiçik uşaqlıq çağları ilə, ömrünün, hətta 80-ni keçən sonrası arasında da bir harmoniya, hissiyyat dəyişməzliyi və zənginliyi var idi və o bir uşaq kimi həyata hansı hissiyyatla gəlmişdisə, elə həmin hissiyyatlarla da həyatdan köçdü.

6

Teatr İlyas Əfəndiyev üçün gündəlik həyatının nəfəs almaq, su içmək, yemək kimi tamam təbii, mübahisəsiz bir atributu idi və onun həyatının xüsusən son 32 ili («Sən həmişə mənimləsən»dən sonra) ən sıxı surətdə teatrla bağlı keçmişdir.

Bu yerdə «teatr» məfhumu yalnız İlyas Əfəndiyevin tamaşalarından ibarət deyil, onun ehtiva dairəsi çox genişdir: bura Akademik Milli Dram Teatrının qapıçısı ilə hal-əhval tutmaqdan, yaradıcı heyətin, bütün işçilərin dərdindən-sərindən xəbərdar olmaqdan, onların ailə-məişət problemləri ilə bağlı xahişlərinə çarə qılmaqdan tutmuş, teatrın bədii-estetik simasının müəyyənləşdirilməsinə, gənc istedadların səhnəyə gətirilməsinə, yeni-yeni aktyor nəslinin yetişdirilməsinə qədər – hər şey onunla bağlı o «teatr» məfhumunun içində idi.

Mən yuxarıda qeyd elədim ki, İlyas Əfəndiyev öz şəxsi arxivinə fikir verən adam deyildi, bəzən özü haqqında yazılan məqalələri belə, axıracan oxumağa hövsələsi çatmırdı, amma Akademik Milli Dram Teatrına bir əsər verdikdən sonra, onun mizarxası oxunuşundan tutmuş, bütün məşqlərində iştirak edirdi, hətta 80-90-cı illərdə hərdən nasaz olanda da məşqlərə gedirdi və biz buna etiraz etmirdik, çünki o məşqlərdən sonra özünü daha yaxşı hiss edirdi, ovqatı dəyişirdi, bəlkə özü də bunun fərqində deyildi, amma teatr ona açıq-aşkar müsbət emosiyalar verirdi və bu müsbət emosiyaların yalnız gözəl mənəvi deyil, cismani təsiri də açıq-aşkar idi.

İlyas Əfəndiyev teatra necə bağlıydısa, teatr da eləcə ona bağlı idi.

Aktrisa Şəfiqə Məmmədova:

«Bu gün teatra onu yalnız və yalnız İlyas müəllim kimi sevə bilən, onu İlyas müəllim kimi duya və qiymətləndirə bilən bir sənət bilicisi, sənət fədaisi gərəkdir. İlyas müəllim səviyyəsində və masştabında bir sənətkarın teatrla birgə işi, sənət ünsiyyəti böyük nəticələr verdi ki, bu, göz qabağındadır. Özünü bütünlüklə teatra həsr edən bu böyük sənətkara mənim mənsub olduğum sənətkarlar nəsli də çox borcludur».

Rejissor Mərahim Fərzəlibəyov:

«Onun nüfuzu, istedadı, qələminin qüdrəti qarşısında hamı baş əyirdi, bir sözünü iki edən yox idi. O, bəyəndiyi rejissoru hər hansı incəsənət müəssəsindən çağırıb tamaşasının səhnə təcəssümünü verdirə bilərdi... İlyas Əfəndiyev dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən hər gün İlyas Əfəndiyev dramaturgiyası ilə ünsiyyətdəyəm. Teatrda quruluşunu verdiyim tamaşalar səhnədə olan günlərdə tamaşalarla, yerdə qalan günlərdə pyesləri ilə ünsiyyətdə oluram. Bu zaman İlyas müəllimin müqəddəs ruhi varlığı ilə hər gün dialoqa girir, xəyalən onunla söhbətləşir, məsləhətləşir, əsərlərini müzakirə edirəm. İlyas Əfəndiyevin nəfəsi teatrımızın hər daşına hopmuşdur. Mən onu hər gün tamaşa salonunda hiss edirəm. Mən onu qrim, məşq otaqlarında görürəm. Teatrın hər qarışı, hər bir işığı İlyas Əfəndiyevlə bağlıdır.»

Artist Səyavuş Aslan:

«Mən bir sənətkar kimi teatr sənətində başqalaşmağımın, az-çox nəyəsə nail olmağımın səbəbini o qüdrətli sənətkarın öyüd-nəsihətlərində görürəm».

Artist Əlabbas Qədirov:

«Şəxsən mən 30 ilə yaxın yaradıcılığımda az-çox nəyə nail ola bilmişəmsə, bunun üçün İlyas Əfəndiyevə, böyük dramaturq və gözəl insana minnətdaram».

Artist Fuad Poladov:

«Əgər, teatrımızın yaşlı nəslinə mənsub olan aktyorlar söhbətlərində bir aktyor kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun dramaturgiyasının böyük rolundan fəxrlə danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş gənclər, cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə müasirimiz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəsna rolu olmuşdur».

Aktrisa Bəsti Cəfərova:

«Onun teatr sənətinə ülvi, təmiz, yüksək məhəbbəti, sənətkarlara münasibəti, tamaşa üzərində aktyorlarla işləmək bacarığı, tamaşa hazırlanıb istehsalata buraxılandan sonra da tamaşanın qayğısını çəkməyi, tamaşa ilə bağlı hər bir məsələ ilə maraqlanması, sənətdə heç bir kompromisə getməməsi bizə həmişə dərs idi».

Aktrisa Firəngiz Mütəllimova:

«Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana – unudulmaz İlyas Əfəndiyevə borcluyam».

Aktrisa Kübra Əliyeva:

«Mənə hər dəfə sual verirlər: «– Kübra xanım, bu sənətə gəlməkdə sənə kim kömək edib, müəllimin, rejissorun kim olub?

Hər yerdə, hər zaman və ömrümün sonuna qədər cavabım budur:

– İlyas Əfəndiyev! İlyas Əfəndiyev! İlyas Əfəndiyev!».

Mən bu mülahizələri oxuyuram və fikirləşirəm ki, İlyas Əfəndiyevin teatrla belə bir qarşılıqlı bağlılığının, onun, hələ gənc yaşlarından etibarən, bir yazıçı kimi daima dramaturgiyaya meyl etməsinin, «İlyas Əfəndiyev teatrı»nın Azərbaycan mədəniyyətində yeni keyfiyyətli bədii-estetik bir hadisə kimi meydana çıxmasının, görünür, lap uşaq çağlarından bir işıq kimi içinə dolmuş teatr təəssüratının rolu böyük olmuşdur.

İlyas Əfəndiyev uşaq ikən, Füzulidə, onun özünün sözləri ilə desəm, «kiçik, amma maraqlı, sevincli bir dram dərnəyi var idi» və bu dərnəyi yoxsullaşmış zadəganlardan olan Şamxal bəy Vəzirov təşkil etmişdi. Balaca İlyas o dərnəyin ifasında «Məşədi İbad»a, «Arşın mal alan»a, «Laçın yuvası»na, «Dağılan tifaq»a, «Zorən təbib»ə, «Müfəttiş»ə baxmışdı və bu tamaşalar, şübhəsiz ki, təbiətən çox təəssüratlı bir uşaq olan İlyasa çox da təsir etmişdi.

O kiçik dərnəyin fəaliyyət göstərdiyi klub, az bir zaman içində, İlyas Əfəndiyevin sonralar yazdığı kimi, «şəhər əhalisinin yeganə sevinc yeri oldu. Gənc artistlərin hərəsinin parlaq bir yaradıcılıq xüsusiyyəti meydana çıxırdı: paxlavapeşmət satan Mehdi kişinin oğlu Mürşüd Həşimli şəhərin məşhur tragiki olub, Oqtay Eloğlu, Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə günəmuzd iş görən, xeyirdə-şərdə fəal iştirak edən Xeyransa xalanın oğlu Təhməz, məsələn, «Hacı Qara»da Kərəməli, «Məşədi İbad»da Hambal rollarını oynamaqla şöhrət qazanmışdı. Aşpaz Məmmədəli əminin oğlu Səfər komik rollarda səhnəyə çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər. Truppanın rejissoru olan Cəmil Vəzirov (Şamxal bəyin kiçik qardaşı– E.) özü Məcnun, Kərəm, Aşıq Qərib kimi rolları məharətlə oynayırdı... Hamı yeni tamaşaların afişalarını böyük həvəslə oxuyurdu, izləyirdi. Rəngli qələmlərlə çəkilmiş afişaların başında həmişə yazılardı: «Həyat müvəqqəti, sənət daimidir».

İlyas Əfəndiyev bu həvəskar artistləri, onların göstərdiyi o tamaşaları ömrünün sonuna kimi tez-tez yada salırdı və bu zaman açıq-aşkar hiss olunurdu ki, o, həmin cavan artistlərin göstərdiyi tamaşaların əhvali-ruhiyyəsini yenidən yaşayır, yetmiş il əvvəl olduğu kimi, yenə də həmin təəssüratın sirri-sehri və sevinci içindədir.

O da mənim yaxşı yadımdadır ki, 48-49-cu illərdə – onda mənim 5-6 yaşım vardı – yayda, Füzulidə, İlyas Əfəndiyev hansı bir həvəslə məni o teatra aparırdı və artıq tanınmış yazıçı olsa da, Akademik Milli Dram Teatrının səhnəsində böyük aktyorların ifasında üç əsəri tamaşaya qoyulsa da, Füzuli klubunun binasında hansı bir maraqla «Əsli və Kərəm»ə tamaşa edirdi.

Random poem

More by this author

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 min
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 min

Poems by other poets