Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Page 13 of 26 · 46%

Əmir müəllim 85 illiyi münasibətilə nəşr olunmuş kitabda yazır ki, «Azərbaycanda iki görkəmli şəxslə – sənət dahisi ilə dostluq etmişəm. Biri xalq yazıçısı İlyas Əfəndiyev, o biri isə bəstəkar Sultan Hacıbəyovdur. Bunların hər ikisi vasitəsilə mən digər sənət xadimləri ilə – bəstəkarlarla, rəssamlarla, yazıçılarla tanış olmuşam və onlarla tez-tez ünsiyyətdə olmuşam... Adam gözəl, klassik musiqi əsərlərinə qulaq asarkən çox yüksək mənəvi zövq alır və bu cür musiqiyə dəfələrlə qulaq asmaq istəyir. Lakin bu əsərlərin bəzi hissələrini nə zümzümə edə, nə də fortepianoda çala bilirsən. Mən, dostum İlyas Əfəndiyevin bir çox əsərlərini oxumaqla bərabər, dram əsərlərinə qulaq asmışam və sevmişəm. Lakin bu əsərlərə lazımi qiymət verməyə mənim gücüm çatmır...»

Əmir müəllim hər dəfə məni görəndə daha özünü saxlaya bilməyib doluxsunur:

– İlyassız da dünya olar?.. Sultan hardadı indi?.. – deyir...

Və Əmir müəllim bu gün də İlyas Əfəndiyevin tamaşalarına gedir, onu oxuyur, onun haqqında yazılanları izləyir, xüsusi bir həvəs və təəssübkeşliklə onun maraqlarını güdür – dostluq davam edir...

Cəfər Cəfərov yadıma düşür...

İlyas Əfəndiyev Cəfər Cəfərovu bir insan kimi də, teatrşünas-tənqidçi kimi də yüksək qiymətləndirirdi və xüsusən 60-cı illərdə onlar çox yaxınlaşmışdılar. Həmin 60-cı illərdə Cəfər Cəfərov tez-tez bizə gələrdi, baməzə bir adam olan memar Qəzənfər Əlizadəni də hərdən özü ilə birlikdə gətirərdi və o teatr söhbətləri, o zarafatlar dövrün ideoloji mühiti ilə heç vəchlə bir araya sığmırdı və yəqin o söhbətlərin, o zarafatların gözəlliyi də elə onda idi.

Cəfər Cəfərov Bakıda anadan olub, Bakıda böyümüşdü, şəhər adamı idi və İlyas Əfəndiyev zarafatla: «Əbülhəsən demiş, əzzim, əzzim, həyatı öyrənmək lazımdır!» deyərək onu tez-tez rayonlara, xüsusən, Qarabağ tərəflərə aparırdı və mənim də onlarla birlikdə getdiyimiz o səfərlərdən biri həmişəlik olaraq xatirəmə hopub qalıb.

60-cı illərin ortaları idi, mən universiteti yenicə bitirib aspiranturaya girmişdim və biz bir gözəl payız günü Cəfər Cəfərovu da götürüb Sabirabada, İlyas Əfəndiyevin dostu həkim-yazıçı Əli Ağabəyligilə getdik. Maşını Timuçin sürürdü və bütün yol boyu Cəfər müəllimlə atam cürbəcür məzəli əhvalatları xatırlayıb gülürdülər, bir sözlə, kefləri kök idi.

Sabirabadda doktor (Əli Ağabəylini belə çağırırdıq) bərə kirayələmişdi və Kürlə Arazın qovuşağında lap astadan o bərə ilə üzə-üzə gözəl və xudmani bir məclis keçirdik. Gün batabatda idi və o Qovuşaq deyilən yerə birdən-birə elə bir payız gözəlliyi çökdü ki, istər-istəməz hamımız susub suyun xəfifcə şırıltısı içində xəzan yarpaqlarının sarısına, batan günəşin qırmızısına, səmanın getdikcə tündləşən gömgöylüyünə bürünmüş o mənzərəyə baxırdıq və birdən Cəfər müəllim bayaqkı o şadyanalıqla, zarafatlarla heç cürə uyuşmayan kədərli bir səslə:

– Hayıf!..– dedi.– Ömrümüzün çox vaxtını hədərə sərf elədik...– Sonra atama baxdı.– Səni demirəm, İlyas, özümü deyirəm... Sən elə cavanlıqdan yazıbpozursan... Amma mənim indiki ağlım olsaydı, hər şeyi atıb, indiyə qədər çox şey yazardım... Həyatdı də...

İlyas Əfəndiyev:

– Sən də az yazmamısan...– dedi və bu, əlbəttə, yalnız Cəfər müəllimin könlünü almaq üçün deyilən sözlər deyildi, həqiqət idi.

Amma o kədərin akvareli Qovuşaqdakı o payız axşamından tamam çəkilib yox olmadı...

Cəfər Cəfərov bir müddət Mərkəzi Komitədə şöbə müdirinin müavini vəzifəsində işləmişdi və güman ki, onun o payız axşamı səsindəki o kədər də, onun üçün həmin illərdə itirilmiş günlərin yaratdığı daxili ab-havanın ifadəsi idi.

Sonradan iş belə gətirdi ki, həmin payız axşamından bir-iki il sonra, 1967-ci ildə Cəfər Cəfərov yenidən Mərkəzi Komitəyə qayıdası oldu və bu dəfə ideoloji katib vəzifəsinə...

Nə etmək olar, Cəfər müəllimin o payız axşamı dediyi kimi, həyatdı də...

Cəfər Cəfərov İlyas Əfəndiyevin dramaturgiyası barədə yüksək fikirdə idi. Vaxtilə «Bahar suları» haqqında da, «Atayevlər ailəsi» barədə də yazmışdı, amma 1964-cü ildə onun «Sən həmişə mənimləsən»in tamaşası haqqında yazdığı «Təklik faciədir» məqaləsi, ədəbi prosesdə həqiqi mənada səs saldı və mən deyə bilərəm ki, o pyes dramaturgiyamızın, o tamaşa teatr sənətimizin inkişafında hansı rolu oynamışdısa, o məqalə də Azərbaycan teatr tənqidinin inkişafında o rolu oynadı.

Unudulmaz Əli Vəliyev yadıma düşür...

İlyas Əfəndiyevin Əli Vəliyevlə xüsusi məhrəmanə münasibətləri var idi və Əli müəllim rəhmətə gedəndən sonra, ən hərarətli hisslərlə tez-tez onu xatırlayırdı, bu vicdanlı, təmiz adamın baməzə əhvalatlarını yadına salırdı, bizə də danışıb ürəkdən gülürdü və deyirdi ki, yazmağı bacarasan, Əli özü gözəl bir əsərin, «Don Kixot» səviyyəli bir əsərin qəhrəmanının prototipi ola bilər.

«Dostumuzu xatırlayarkən» adlı essesində İlyas Əfəndiyev 30-cu illərin sonlarını, 40-cı illərin əvvəllərini xatırlayıb yazırdı:

«Doğrusu, o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliyə düşəndə onlara müraciət edərdik. Əli bizim nöqsanlarımıza qarşı nə qədər sərt idisə, xahişimizə qarşı da o qədər qayğıkeş idi. Səməddə də, Əlidə də bizim ata-babalarımızdan, xalqdan gələn bir mərdanəlik var idi».

Mən bu yerdə Sabirabadda yaşayan və artıq adını çəkdiyim həkim-yazıçı Əli Ağabəylini də xatırlamaq istəyirəm. Əli bəy Tibb İnstitutunda (indiki Tibb Universitetində) Mehdi Hüseynin həyat yoldaşı Fatma xanımla bir yerdə oxumuşdu və onu atamla Mehdi Hüseyn tanış etmişdi. O tanışlıqdan sonra Əli Ağabəyli ömrünün sonuna kimi İlyas Əfəndiyevin və ümumiyyətlə, bizim evin, ailənin sadiq və etibarlı bir dostuna çevrildi.

Əli Ağabəyli çox koloritli, mədəni və çox da mütaliəli bir adam, yaxşı şahmatçı və böyük kitab həvəskarı idi. Moskvada yeni və maraqlı nə kitab çıxırdısa, o saat xəbər tuturdu və o kitabı əldə edirdi. İlyas Əfəndiyev üçün isə mütaliə, dediyim kimi, klassikləri oxumaq da, müasir dünya ədəbiyyatındakı maraqlı hadisələrin içində olmaq da, gündəlik həyatının yemək kimi, içmək kimi atributlarından biri idi.

Əli Ağabəyli, İlyas Əfəndiyevlə, onun ətrafı ilə elə qaynayıb-qarışmışdı ki, o da Kislovodskdakı o pansionat-klubun daimi yay üzvlərindən birinə çevrilmişdi...

İlyas Əfəndiyev Mir Mehdi Seyidzadə ilə həm uzun müddət qonşu oldu, həm də çox duzlu zarafatları var idi və İlyas Əfəndiyev hər dəfə «Hüsü Hacıyev»

küçəsindəki məşhur Yazıçılar Binasının balkonunda Ağanı (Mir Mehdiyə belə deyirdilər) görəndə, onun öz sözləri ilə:

– Ey zalım, necəsən?– deyirdi.– Təzə qəzəl zühur eləyib, yoxsa, yox?

Və belə balkon görüşləri və zarafatları çox zaman ya Ağa əmigildə (mən də ona belə müraciət edirdim), ya da bizdə gözəl ekspromt bir məclislə qurtarırdı, illah da ki, Ağa əmi yeni bir qəzəl yazmışdısa, o məclislər lap aləm olurdu.

Ağa deyirdi:

– Ey zalım! Klassiklər yüz gözələ cəmi bir qəzəl yazırdı, mən isə, bir gözələ yüz qəzəl yazıram!

İlyas Əfəndiyev 40-cı illərdə Kinostudiyada ssenari şöbəsinin müdiri işləmişdi və elə o vaxtlardan da Lətif Səfərovla, Muxtar Dadaşovla yaxın münasibətləri var idi. Lətif Səfərov hərdən-bir axşamlar bizə gələrdi («Körpüsalanlar»a film çəkmək istəyirdi) və həmin axşamlardan birində, faciəli ölümündən – intiharından təxminən bir həftə-on gün əvvəl, içi araqla dolu qədəhi başına çəkib İlyas Əfəndiyevə dediyi sözlər heç vaxt mənim yadımdan çıxmır:

– Tofiqə gözəl mahnılar yazdırdım, Rəşidi də saxladım gələcək nəsillərə. Elə bu – mənim bəsimdi!

Lətif Səfərov «Bəxtiyar» filminin quruluşçu rejissoru idi və söhbət Tofiq Quliyevin o film üçün bəstələdiyi mahnılardan, Rəşid Behbudovun da baş rolda o mahnıları ifa etməsindən gedirdi.

İndi – rəhmətlik Lətif Səfərovun dediyi həmin «gələcək nəsillər»in yetişdiyi, bir-birini əvəz etdiyi bir vaxtda, mən hər dəfə Rəşidin ifasında o mahnıları eşidəndə, televizorda o filmdən fraqmentləri görəndə, bizim evdəki o axşamı xatırlayıram...

Mən bu mövzunu qurtarmağa çətinlik çəkirəm, çünki hər dəfə son nöqtəni qoymaq istəyəndə yeni bir işıqlı sima gözlərimin qarşısında canlanır və mən onun barəsində, onunla İlyas Əfəndiyevin münasibətləri barədə, bu münasibətlərin də, öz növbəsində, sənət aləminin, Azərbaycan ədəbi-mədəni mühitinin bir hissəsi, bir parçası olması haqqında yazmaya bilmirəm, yazmasam, elə bil ki, onların ruhu qarşısında, nəsə, bir günah işlədirəm...

Onların hamısı yazılmalıdı.

Sağlıq olsun...

Random poem

More by this author

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 min
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 min

Poems by other poets