İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Page 4 of 26 · 12%
3
İlyas Əfəndiyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun yaradıcılığında xüsusi yeri var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yazmağa, sadəcə olaraq, vaxtı yox idi. Bir də ki, xatirələr yazmağa o, bir az «yaradıcılığın sonu» kimi baxırdı və onun daimi işləyən bədii təfəkkürü, bədii fantaziyalar aləmi belə bir «yaradıcılıq sonu»nu heç vəchlə yaxına buraxmırdı.
Onun 1987-ci ildə Əli Vəliyev haqqında yazdığı xatirəsi belə başlayırdı:
«Mən keçmiş Qaryagin (indiki Füzuli) şəhərində coğrafiya müəllimi idim. Orada da yazmış olduğum «Kənddən məktublar» adlı hekayələr məcmuəmi 1938-ci ildə, məktəblilərin qış tətilində Bakıya gətirib Yazıçılar İttifaqında nəsrə baxan mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O mənim təhər-töhürümə, ayağımdakı uzunboğaz çəkmələrə baxaraq soruşdu:
– Nəçisən?
Nəçi olduğumu dedikdə, o:
– Əzzim, əzzim,– dedi,– coğrafiya müəllimi hara, yazıçılıq hara?»
Ədəbiyyat aləminə ilk adımını belə atan 25 yaşlı coğrafiya müəllimi İlyas Əfəndiyevin ilk kitabı – həmin «Kənddən məktublar» – 1939-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxdığı vaxtdan etibarən, o – İlyas Əfəndiyev həmişə ədəbi tənqidin diqqət mərkəzində olub və bu uzun dövr ərzində onun yaradıcılığı haqqında yazılanlar həcm etibarilə, bəlkə də, onun özünün yazdıqlarından da çoxdur.
İlyas Əfəndiyev haqqında elə yalnız Azərbaycan mətbuatında yazılanları xronoloji bir ardıcıllıqla gözdən keçirdikdə, haqsız, vulqar – sosioloji tənqidlərlə də rastlaşırıq, haqlı iradlara da rast gəlirik, amma bir həqiqət gün işığı kimi aşkardır: bir küll halında ədəbi tənqid və ümumiyyətlə, ədəbi ictimaiyyət İlyas Əfəndiyev yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, onun XX əsr Azərbaycan ədəbiyyatında tutduğu məxsusi yeri müəyyənləşdirməyə, yaradıcılığının poetikasını, «İlyas Əfəndiyev teatrı»nın bədii-estetik xüsusiyyətlərini açmağa çalışmışdır.
Səməd Vurğun, İlyas Əfəndiyevin sadə adamları «böyük məhəbbətlə və hərarətlə» təsvir etdiyini, «onların zəhmətini parlaq və real boyalarla» göstərdiyini deyirdi. Nazim Hikmət, İlyas Əfəndiyevin dramaturgiyasını yüksək qiymətləndirirdi və məqalələrindən birində belə maraqlı bir fikir söyləyirdi: «Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın arasında kökün dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni kök üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Mehdi Hüseynin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür».
Məmməd Arif, İlyas Əfəndiyev haqqında bir sıra məxsusi məqalələr yazmışdı və onu «hər cür milli məhdudluqdan uzaq bir yazıçı» hesab edirdi, Mehdi Hüseyn, İlyas Əfəndiyevi «insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün»
həmişə yüksək qiymətləndirirdi, hələ 1944-cü ildə, – o vaxt İlyas Əfəndiyev cəmi beş il idi ki, ədəbiyyata gəlmişdi – «Bir nasirimiz haqqında» adlı çox xeyirxah bir məqalə yazıb o zamanın ən nüfuzlu qəzetində – «Kommunist»də dərc etdirmişdi və özünə xas olan ədəbi intuisiya ilə Azərbaycan ədəbiyyatına yeni, heç kimə bənzəməyən bir istedadın gəldiyini göstərirdi. Eyni zamanda, aydın hiss olunur ki, Mehdi Hüseyn bu məqaləni «baş ideoloji tribunada» – «Kommunist» qəzetində dərc etdirməklə, həm də gənc yazıçını – İlyas Əfəndiyevi dövrün ideoloji hücumlarından qorumaq məqsədini də güdmüşdür.
Sonralar Mehdi Hüseyn, İlyas Əfəndiyevin «İşıqlı yollar», «Atayevlər ailəsi» və başqa əsərləri haqqında geniş və dövrün kontekstində prinsipial əhəmiyyətli resenziyalar yazmışdı, Azərbaycan ədəbiyyatının aktual problemlərinə həsr olunmuş bir çox məqalələrində İlyas Əfəndiyevin yaradıcılıq xüsusiyyətlərinin üzərində dayanmış, bu xüsusiyyətlərin ədəbiyyata gətirdiyi yeniliklərdən bəhs etmiş, lazım olan məqamlarda – belə məqamlar isə az olmamışdı – öz prinsipial sözünü demişdi.
Yeri düşmüşkən deyim ki, İlyas Əfəndiyev də Mehdi Hüseyn haqqında öz sözünü həmişə demişdir. Hələ 1946-cı ildə «Fəryad» haqqında mülahizələrim» adlı məqaləsini yazmışdı («Ədəbiyyat qəzeti», 3 iyul 1946), sonrakı illərdə də Mehdi Hüseynin yaradıcılığından, o cümlədən, kino yaradıcılığından ayrıca bəhs etmişdi və ümumiyyətlə, deməliyəm ki, həyatda da İlyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın dost idilər və mən gözümü açandan bu saf, necə deyərlər, «ürək dostluğunun» şahidi olmuşam və bir az sonra qısaca da olsa, bu barədə ayrıca yazacağam.
Onlar 1942-ci ildə – Mehdi Hüseyn artıq tanınmış və iti qələmi, ədəbi mübarizədə kompromissiz və impulsiv xarakteri ilə özünə nüfuz qazanmış bir yazıçı və ədəbiyyatşünas, İlyas Əfəndiyev isə üç il əvvəl ilk hekayələr kitabını nəşr etdirmiş gənc bir yazıçı – birlikdə ilk yazılarını – Natəvan haqqında dövrü üçün çox maraqlı və cəsarətli bir məqalə yazmışdılar. İlyas Əfəndiyev 1944-cü ilin 26 dekabrında Akademik Milli Dram Teatrımızda (o zaman Məşədi Əzizbəyov adına Dövlət Dram Teatrı adlanırdı) tamaşaya qoyulmuş ilk səhnə əsəri «İntizar»ı da öz hekayələri əsasında Mehdi Hüseynlə birlikdə yazmışdı, 1948-ci ildə onlar bir yerdə A.Ostrovskinin «Son qurban» komediyasını Azərbaycan dilinə çevirmişdilər.
Orası da mənim yadıma gəlir ki, həmin 40-cı illərin sonlarında – o zaman mən hələ heç məktəbə getmirdim – onlar birlikdə dublyaj üçün filmlərin mətnini tərcümə edirdilər və bəzən, həmin vaxt kino nazirinin müavini işləyən İmran Qasımov da onlarla birlikdə pulsuzluğun məcbur etdiyi belə bir müştərək «qonorar yaradıcılığına» qoşulurdu.
Ancaq Mehdi Hüseynlə İlyas Əfəndiyevin bu dostluğu «bir-birilərini tərifləmək mənbəyi» deyildi, ədəbiyyatın, sənətin marağı İlyas Əfəndiyev üçün də, Mehdi Hüseyn üçün də son dərəcə vacib bir cəhət idi və mən dəfələrlə onların hansısa bir ədəbiyyat məsələsi ətrafında, hansısa bir əsərlə, o cümlədən, öz yazıları ilə bağlı necə qızğın, hətta müəyyən dövrlərdə bir-birindən inciyəcək dərəcədə kəskin mübahisələrinin şahidi olmuşam və onların ya bizdə, ya Mehdi Hüseyngildə bəzən gecənin yarısına kimi uzanan o ədəbi mübahisələri bu gün ən işıqlı xatirələr kimi tez-tez mənim yadıma düşür.
İlyas Əfəndiyev ömrünün sonuna kimi Mehdi Hüseyni böyük hərarətlə, onun vaxtsız ölümünü böyük bir ürək ağrısı ilə yada salırdı, onun haqqında «Yeri görünən adam» adlı xatirə-esse yazmışdı («Azərbaycan» jurnalı, 1988, 2.), ancaq bu, başqa bir mövzudur və sağlıq olsun, haçansa bu barədə yəqin mən də geniş yazacağam...
İndi isə yenə demək istədiyimə qayıdıram.
Mirzə İbrahimov yazırdı:
«Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir».
Süleyman Rəhimov özünəməxsus olan bir təhkiyə ilə:
«İlyas Əfndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykək qaldırır...» – yazırdı.
Mehdi Məmmədov göstərirdi ki, İlyas Əfəndiyev «mövzu seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat yolu ilə deyil, canlı hadisələrlə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.»
İsmayıl Dağıstanlı isə, 1974-cü ildə yazırdı ki, Akademik Milli Dram Teatrımızın «son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil.»
Orasını da deyim ki, İsmayıl Dağıstanlının bu fikri söylədiyi vaxtdan sonrakı iyirmi iki il ərzində İlyas Əfəndiyevin həmin teatrın səhnəsində daha doqquz əsəri tamaşaya qoyulmuşdu...
Kamal Talıbzadə üçün «İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan» bir yazıçıdır, bəstəkar Səid Rüstəmova görə, İlyas Əfəndiyev «bütün əsərlərində» «al-əlvan rənglər, naxışlar» görünən, «zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik» «bəstəkar qəlbli sənətkar» idi.
Bu sitatları gətirdikcə gətirmək mümkündür. Cəfər Cəfərov və Məmməd Cəfər, Əli Vəliyev və Osman Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi Məmmədov və Əkbər Ağayev, Firudin Köçərli və Əzizə Cəfərzadə, Abbas Zamanov və Orucəli Həsənov və bir çox başqaları kimi, tamamilə müxtəlif, bir-birindən fərqli qələm sahibləri, sonrakı ədəbi nəsillərin Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlı, Bayram Bayramov və Bəkir Nəbiyev, Məsud Əlioğlu və Qulu Xəlilov, Cəlal Məmmədov və Əhəd Hüseynov kimi və bir çox başqa nümayəndələri, daha sonralar Xəlil Rza Ulutürk və Yaşar Qarayev, Seyfulla Əsədullayev və Təhsin Mütəllimov, Şamil Salmanov və Arif Səfiyev, Gülrux Əlibəyli və İnqilab Kərimov, Çingiz Hüseynov və Rüstəm İbrahimbəyov, İslam İbrahimov, Arif Hacıyev və Abbas Hacıyev, Ədilə Səfərova və Həsən Quliyev, daha da sonralar Aydın Məmmədov və Vilayət Quliyev, Kamil Vəliyev və İlham Rəhimli, Nizaməddin Şəmsizadə və Məryəm Əlizadə, Vaqif Yusifli və Akif Hüseynov, yenə də bir çox başqaları dəfələrlə İlyas Əfəndiyev yaradıcılığına müraciət etmiş və bu yaradıcılığı Azərbaycan xalqının XX əsrdəki tarixi və taleyi kontekstində yüksək qiymətləndirmişlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
More by this author
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Poems by other poets
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.