Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Page 6 of 26 · 19%

– Ancaq bir səbəb var: yaradıcılıqla məşğul olmaq istəyirəm,– dedi, amma çox da qəti dedi.

Bundan sonra, yalnız 1961-ci ilin ortalarında, təxminən doqquz ay işə çıxmayandan sonra İlyas Əfəndiyevi vəzifəsindən azad etdilər və o yerə, İlyas Əfəndiyevin Mehdi Hüseynə tövsiyəsi ilə, rəhmətlik İmran Qasımov seçildi və bir azdan, həqiqətən də, Azərbaycan SSR Ali Sovetinin deputatı «seçildi» (Mehdi Hüseyn isə SSRI Ali Sovetinin deputatı idi).

Orasını da deyim ki, xeyirxah bir insan, dostların, tanışların, lap uzaqdan-uzağa tanıdıqlarının belə, hər mənada «təcili yardımı» olan İmran Qasımovla da İlyas Əfəndiyev lap gənclik çağlarından istiqanlı bir münasibətdə idi və həmişə cavanlıqda tez-tez İmrangilə getməklərini, İmranın atası Həşim kişinin baməzə işlərini xüsusi bir şövq ilə danışırdı.

Tale belə gətirdi ki, mən 1975-ci ildə, 32 yaşında ikən – o zaman Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində işləyirdim – Yazıçılar İttifaqının katibi seçildim və SSRI respublikalarındakı Yazıçılar İttifaqlarının ən gənc katibi oldum, özüm də vaxtilə İlyas Əfəndiyevin oturduğu kabinetdə oturdum.

Bu, elə bil ki, bu hərdən İlyas Əfəndiyevə həyatın qəribə işlərindən biri kimi görünürdü və hərdən də mənə deyirdi:

– Vallah, sən gül kimi Akademiyadan nahaq «ora» getdin. Səhərdən axşamacan intriqalar, o, bundan deyir, bu, ondan deyir, boş-boş da iclaslar!..– Sonra gülümsəyib deyirdi: – Düzdü e, Akademiyada da boş iclaslar az olmur...

Həmin 1961-ci ildən 1996-cı ilin 3 oktyabrına – ömrünün son gününə qədər İlyas Əfəndiyev heç yerdə işləmədi və onun ən çox xoşlamadığı, ürəyini darıxdıran şey – iclas idi və demək olar ki, heç bir iclasa getmirdi, çox nadir hallarda, xüsusi bir səbəb olanda gedirdi.

Bəxtiyar Vahabzadənin müşahidəsi dəqiqdir:

«İlyas Əfəndiyev həmişə yazıb-yaratmışdır. Onun gurultulu məclislər, təntənəli yığıncaqlarla arası yox idi. Onun «sakit» fəaliyyəti həmişə oxucu və tamaşaçılar üçün partlayış və güclü sevinc gətirmişdir».

İlyas Əfəndiyev yalnız Azərbaycanın yox, Sovet İttifaqının barmaqla sayılacaq çox az yazıçılarından biri idi ki, Kommunist Partiyasının üzvü deyildi.

Düzdü, İlyas Əfəndiyev SSRI-nin demək olar ki, mülki şəxslərə verilən bütün ordenlərini – Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı – almışdı, xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı idi, amma bunların bir çoxu onun özü üçün də gözlənilməz olmuşdu. Xasiyyətində təbii bir qürur olan İlyas Əfəndiyev, bu mükafatlara qarşı, həqiqətən, biganə idi.

İndi çoxları belə deyir: guya, sovet mükafatlarına, ümumiyyətlə, bütün mükafatlara qarşı biganədirlər, onlar üçün əsas mükafat xalqın məhəbbətidir və s. və i.a.

Mən 70-80-ci illərdə, dediyim kimi, Yazıçılar İttifaqının katibi işləmişəm, sonra da başqa vəzifələrdə olmuşam və bu «biganələrin» həmin mükafatları almaq üçün hansı dəridən-qabıqdan çıxdıqları, bəzilərinin hansı şərəfsizliyə belə getdikləri mənim gözlərimin qabağındadı...

Ancaq mən mövzumdan uzaqlaşmayım.

Bir dəfə söhbət düşəndə İlyas Əfəndiyev mənə dedi:

– Bəyəm, Füzuliyə Lenin ordeni vermişdilər?

Amma elə bilirəm ki, mənim ona verdiyim cavabda da bir az həqiqət var:

– Füzulinin dövründə Lenin ordeni yox idi. Olsaydı, verərdilər...

Bəlkə də yanılırdım? Bilmirəm...

Yeri düşmüşkən, bir hadisəni də qeyd etmək istəyirəm.

1984-cü ildə İlyas Əfəndiyevin 70 yaşı tamam olurdu və həmin ərəfədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi rəhmətlik Kamran Bağırov məni yanına dəvət etdi (bu da qəribə bir ənənəyə çevrilmişdi ki, lap cavan yaşlarımdan etibarən, «yuxarılar» atamla bağlı bir məsələ olanda, onun özünü yox, məni dəvət edirdi, sözlərini mənə deyirdilər). Kamran Bağırov, açıq-aşkar hiss olunan bir təəssüf hissi ilə və tamam səmimi şəkildə mənə dedi ki, çox çalışmasına baxmayaraq, Sov.IKP Mərkəzi Komitəsi İlyas Əfəndiyevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə razı olmur.

– Mən bu məsələdən ötrü Qorbaçovun yanınacan gedib çıxdım (o zaman Baş katib xəstə Çernenko, Qorbaçov isə faktiki ikinci katib idi– E.). Dedi ki, 70 yaşına qədər heç Sov.IKP-yə üzv də olmayan bir yazıçıya biz Sosialist Əməyi Qəhrəmanı adını necə verək?– Mədəni bir adam olan Kamran Bağırov az qala üzrxahlıq edirdi...

Doğrusu, bu söhbət mənim üçün gözlənilməz oldu, çünki o vaxta qədər bu barədə bir söz eşitməmişdim, Yazıçılar İttifaqı da həmişə belə vaxtlarda olduğu kimi, Mərkəzi Komitəyə heç bir təqdimat yazmamışdı və axşam İlyas Əfəndiyevin yanına gedib bu əhvalatı ona danışanda, bərkdən şaqqanaq çəkib güldü:

– Bəlkə ərizə verib Kommunist Partiyasına girim?

İlyas Əfəndiyevin indiyəcən mənim qulağımda olan o şaqqanağı, o dəm, Çernenkoya da, o ada da, Kommunist Partiyasına da sidq-ürəkdən gələn bir lağın, iztehzanın ifadəsi idi və həmin axşam biz yaxşıca konyak içib ədəbiyyatdan, sənətdən, necə deyərlər, İrandan, Turandan xeyli söhbət etdik.

70 illiyində isə Lenin ordeni aldı.

Ancaq yalnız bir orden – Azərbaycanın «Şöhrət» ordeni onu, həqiqətən, sevindirmişdi. Bəlkə də «sevindirmişdi» sözünü bu yerdə mən bir o qədər də dəqiq işlətmirəm, «fərəhlənirdi» demək daha düz olardı, həm də, əslində, Azərbaycan üçün fərəhlənirdi, Azərbaycanın müstəqilliyinə görə, Azərbaycan dövlətinin öz ordeni olduğuna görə.

İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini alan ilk yazıçı, ümumiyyətlə, ilk mədəniyyət xadimi idi və bu yerdə mən ən səmimi surətdə Heydər Əliyevin adını çəkmək istəyirəm.

Heydər Əliyev həmişə İlyas Əfəndiyevə qarşı diqqətli olmuşdu və hələ 1980-ci ildə deyirdi:

«İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı, cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir».

Və İlyas Əfəndiyev də həmişə Heydər Əliyevə böyük hörmətlə yanaşırdı.

İlyas Əfəndiyev vəfat etdiyi gün Heydər Əliyev Sərəncam verərək Baş nazirin birinci müavini Abbas Abbasovun sədrliyi ilə Rəfael Allahverdiyev (Bakı şəhər İcra Hamiyyətinin sədri), Ağa Bala Hacıyev (Nazirlər Kabineti İşlər idarəsinin müdiri), İsmayıl Sadıqov (Nazirlər Kabineti Elm, Mədəniyyət və Təhsil şöbəsinin müdiri), Polad Bülbüloğlu (Mədəniyyət naziri), Anar Rzayev (Yazıçılar Birliyinin sədri) və Çingiz Abdullayevdən (Yazıçılar Birliyinin katibi) ibarət «İlyas Əfəndiyevin dəfnini təşkil etmək üçün Hökumət Komissiyası» yaratdı və səhərisi gün – 4 oktyabrda Şəhriyar adına Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevlə son vida mərasimi keçirildi.

O mərasimdə iştirak edən Heydər Əliyev mənə başsağlığı verərkən bu sözləri də dedi:

– Xalqımız böyük sənətkarını itirdi...

Akademik Dövlət Milli Dram Teatrının təmiri çox uzandığına görə, İlyas Əfəndiyev özü həmin teatrın səhnəsində tamaşaya qoyulan on doqquzuncu əsərini – «Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk tamaşa onun vəfatından düz qırx dörd gün sonra – 1996-cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o vaxtdan da bu günə kimi səhnədədir!) və 1997-ci il sentyabrın 20-də Heydər Əliyev gəlib o tamaşaya baxdı, əsəri çox yüksək qiymətləndirdi, tamaşadan sonra yaradıcı heyətlə görüşərək dedi:

«– Şübhəsiz ki, biz bu gün, ilk növbədə, əsərin müəllifinin – böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik...

İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töfhələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu məsələlərdən çox bəhrələnmişdir.

Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün, qərarlar da qəbul edəcəyik, şəxsən mən bunu edəcəyəm, çünki o buna layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır.

Random poem

More by this author

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 min
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 min

Poems by other poets