Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Page 21 of 26 · 77%

9

İlyas Əfəndiyev yumoru sevən və hiss edən, duzlu (amma həddini aşmayan!) zarafatı xoşlayan və qiymətləndirməyi bacaran, təbiəti etibarilə canlı, sükunətdən darıxan, rəsmiyyəti, xüsusən də «partiya rəsmiyyətini» heç cürə qəbul etməyən, quru, emosiyasız insanlarla ünsiyyətdən darıxan (və qaçan!) bir adam idi.

Yəqin elə təbiətinin bu cəhətlərinə görə də o, ədəbiyyatda, sənətdə satiranı (ölçü hissini aşmamaq, lağlağılığa varmamaq şərtilə!), yumoru duyur və qiymətləndirirdi.

Mən indi bu sətirləri yazanda fikirləşirəm ki, qəribədir, onun yumor hissinin bu dərəcədə zəngin olmasına baxmayaraq, demək olar ki, satirik əsər yazmırdı. Yalnız bir komediya – «Qəribə oğlan» – yazmışdı, bir də ki, «Yaylaq qonşumuz»

hekayəsini satirik əsər hesab etmək olardı, vəssalam. Hətta bu əsərlərdə də onun qələmi imkan tapan kimi, lirik psixologizmə qaçırdı...

Həyatda o, lirik-romantik söhbətləri heç xoşlamazdı, yəqin ona görə ki, lirika, romantika onun daxilində idi və daxilindəki həmin hissiyyat o qədər şəxsi idi ki, onu başqa bir kimsənin müdaxiləsinə yaxın buraxmaq olmazdı (və buraxmırdı!), bu – başqalarının gözü qabağında soyunmaq kimi bir şey idi. Görünür, İlyas Əfəndiyevin təbiətindəki şuxluq onun daxilindəki həmin lirikanın, romantikanın libası, geyimi idi.

O, özü satira yazmırdı, amma, dediyim kimi, ədəbiyyatda satiraya heç vəchlə biganə deyildi. Misal üçün, onun çox sevdiyi və çox da yüksək qiymətləndirdiyi Azərbaycan şairi – Sabir idi. Yaxud «Ölülər»i, ümumiyyətlə, dünya dramaturgiyasında şedevrlərdən biri hesab edirdi, xüsusən, Şeyx Nəsrullah ilə Şeyx Əhmədin dialoqları onun çox xoşuna gəlirdi. Sobakeviç isə rus nəsrində onun bəyəndiyi surətlərdən biri idi, xüsusən, Sobakeviçin osetrinanı yediyi qonaqlıq səhnəsini tez-tez xatırlayıb gülürdü.

Çexovun hekayələrini də bəyənirdi, Çexov çinovniklərini rus nəsrinin zirvələrindən biri hesab edirdi, amma orasını da deyim ki, Çexovun dramaturgiyasını, onun satirasından daha yüksək qiymətləndirirdi, gurultulu epitetləri xoşlamasa da, Çexov dramaturgiyasına «dahiyanə dramaturgiya» deyirdi.

«O olmasın, bu olsun»dakı tiplər qalereyası – Məşədi İbadın özü, Hambal, Qəzetçi Rza, Qoçu Əsgər, İntellegent Həsən, Sənəm, eləcə də M.F.Axundovun Hacı Qarası, Dərviş Məstəli şahı, Müsyö Jordanı İlyas Əfəndiyev üçün yalnız Azərbaycan yox, dünya komedioqrafiyasının klassik surətləri idi.

Söhbət əsnasında dəfələrlə ondan eşitdiyim sözlər yadıma düşür. Deyirdi:

– Üzeyir bəy heç musiqi yazmasaydı, təkcə elə «Məşədi İbad»la, «Arşın mal alan»ın mətninə görə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri kimi tarixə düşəcəkdi.

Üzeyir bəyin və Mirzə Cəlilin satirik publisistikasını olduqca yüksək qiymətləndirirdi, eləcə də Mirzə Cəlilin «Quzu», «Hamballar», «Usta Zeynal» kimi hekayələri, Haqverdiyevin «Maralları»ndakı personajlar (bu personajlara münasibətdə, əlbəttə, bir Şuşa sevgisi də şübhəsiz idi) tez-tez onun yadına düşürdü.

Cəfər Cabbarlının yumorunu, Ocaqqulu, Oddamdı, Atakişi və Babakişi, Şərif kimi qəhrəmanlarının koloritini çox qiymətləndirirdi və həmişə də təəssüf edirdi ki, Cəfər Cabbarlı komediya yazmayıb. Hərdən mənə deyirdi:

– Səni inandırıram ki, Cəfər qalsaydı, yaxşı komediyalar yazacaqdı...

Görünür, bu fikirdə belə bir düşüncənin də ifadəsi var idi ki, illər ötdükcə sovet gerçəkliyi Cabbarlını inqilabi romantikadan ayırıb satiraya sövq edəcəkdi... Amma bu sözü də ondan bir neçə dəfə eşitmişəm ki, əgər Cəfər Cabbarlı sağ olsaydı, 37-də onu da aparacaqdılar...

– Cəfərin inqilabi romantikası inqlabın əjdahasına çevrilib onun özünü də məhv edəcəkdi...– deyirdi.

Ümumiyyətlə, İlyas Əfəndiyev Cəfər Cabbarlı istedadını böyük vergi hesab edirdi və qəribədir ki, həyatda heç vaxt Cabbarlını görməsə də (Cabbarlı vəfat edəndə İlyas Əfəndiyev 20 yaşlı əyalət müəllimi idi), onun şəxsiyyətinə də çox hörmət edir, Cabbarlıya doğma, hətta məhrəm bir münasibət bəsləyirdi. Görünür, bu yerdə, İlyas Əfəndiyevin gənc yaşlarında Aydının, Oqtay Eloğlunun romantikası ilə təması da öz işini görmüşdü.

O, Molyeri də çox bəyənirdi və Molyerin komediyalarını Şekspirin komediyalarından üstün tuturdu, baxmayaraq ki, Şekspiri son dərəcə böyük bir düha hesab edirdi.

Bir dəfə, yadıma gəlir, vəfatından bir il əvvəl – 1995-ci ilin yayında Zuğulbada, onun çox xoşladığı evkalipt ağacının altında oturub növbəti «gecə söhbəti» edirdik və söz dramaturgiyadan düşəndə İlyas Əfəndiyev dedi:

– Şekspir bizim bu dünyaya sığışmır. Mənə elə gəlir ki, Şekspir başqa bir sivilizasiyadan bizim yer kürəsinə gəlib...– Sonra da gülüb: – Bəlkə də, azıb, gəlib... – dedi.

Amma buna baxmayaraq, o, sırf komiklik baxımından Molyerin komediyalarını daha artıq bəyənirdi və burası da yaxşı yadımdadır ki, 1990-cı ildə mən Molyerin «Jorj Danden» və «Skapenin kələkləri» komediyalarını Azərbaycan dilinə tərcümə etmişdim və İlyas Əfəndiyev bunu biləndə, həmin tərcümələri məndən aldı, qrankaların kənarında qeydlər edə-edə (ümumiyyətlə, mənim yazılarımı həmişə əlində karandaşla oxuyurdu, sonra da qeydlərini deyirdi) oxudu. Ən maraqlısı isə bu oldu ki, həmin tərcümələrdən sonra Molyerin rus dilindəki üçcildliyini götürüb birinci səhifədən sonuncu səhifəyədək təzədən oxudu.

– Şekspirin komediyaları ağırdı,– deyirdi.– Molyer isə ağır deyil, tərtəmiz çay, su kimi axıb gedir...

Bomarşenin komediyaları da onun xoşuna gəlirdi, Bröxtin «Üçqəpiklik opera»sını, yadıma gəlir, dəfələrlə oxumuşdu və ümumiyyətlə, Bröxtin dramaturgiyasını yüksək qiymətləndirirdi. Şounun komediyaları, xüsusən «Piqmolion» da onun bəyəndiyi əsərlərdən idi.

Ostrovskinin komediyalarını isə heç bəyənmirdi, amma «Müfəttiş»i təkcə rus yox, dünya dramaturgiyasında hadisə hesab edirdi. Ümumiyyətlə, Qoqol onun üçün böyük yazıçılardan biri idi və həmişə də təəssüf edirdi ki, bu yazıçı bu qədər az yaşayıb.

Mən uşaq vaxtı, 40-cı illərin sonu, 50-nin əvvəllərində tez-tez İlyas Əfəndiyevlə birlikdə o zaman Məşədi Əzizbəyov adına olan Akademik Teatrımızın tamaşalarına gedirdim və səhv etmirəmsə, 1952-ci ildə (onda mən 7 saylı məktəbin üçüncü sinifində oxuyurdum) orada Mehdi Məmmədovun quruluşunda «Müfəttiş» tamaşaya qoyulmuşdu. İlyas Əfəndiyev (mən də onunla birlikdə) azı on dəfə o tamaşaya baxmışdı.

Biz teatrın direktorunun (Adil İsgəndərovun) lojasında otururduq. Xlestakovun rolunu Fateh Fətullayev ifa edirdi, gənc Məlik Dadaşov da onun dublyoru idi. Osipi isə Mirzağa Əliyev oynayırdı və Osip divana yıxılıb ayaqlarını yuxarı qaldıraraq, acından qarnını tutub: «– Vay, qarnım!»– deyə qışqıranda İlyas Əfəndiyevin necə ürəkdən gülməyi indi də gözümün qabağındadı. Bəzən tamaşa gedəndə atam Adil İsgəndərovun kabinetində olurdu, amma Osipin həmin səhnəsində mütləq lojaya gəlib baxırdı və bir az zarafatla Adil İsgəndərova deyirdi:

– Ədil Rzayeviç, deyirlər ki, Mehdi quru adamdı... Quru adamın belə tamaşaları olar?

Adil İsgəndərov ciddi görkəmlə:

– Olar, qadam,– deyirdi.– Olar...

İlyas Əfəndiyev şaqqanaq çəkib gülürdü, hətta bəzən elə gülürdü ki, parterdə oturan tamaşaçılar başlarını qaldırıb lojaya baxırdı və həmin anlarda mən utanıb özümü kənara çəkirdim ki, məni görən olmasın.

Gözəl günlər idi...

Haldoninin «Mehmanxana sahibəsi» tamaşası yadıma gəlir və o tamaşaya da, səhv etmirəmsə, rəhmətlik Mehdi Məmmədov quruluş vermişdi. O tamaşada Mirandolinanı Barat Şəkinskaya, Kavaler Ripafrattanı Möhsün Sənani, Markiz Forlipopolini Mustafa Mərdanov, Qraf Albofioritanı isə Ağasadıq Gəraybəyli oynayırdı və bu korifeylərin oyununun da İlyas Əfəndiyevin ürəyinə necə yağ kimi yayıldığının mən dəfələrlə şahidi olmuşdum.

Sonrakı illərdə – gərək ki, 1955-ci il idi – yenə Mehdi Məmmədov «Hacı Qəmbər»i tamaşaya qoymuşdu və İlyas Əfəndiyevin (mən də həmişəki kimi, onun yanında!) premyeradan sonra baş rolun ifaçısı Məmmədəli Vəlixanlının qrim otağına gedib onu necə sidq-ürəkdən gələn bir hərarətlə təbrik etməsi də mənim teatrla (və atamla!) bağlı gözəl xatirələrimdən biridir.

Bizim komik aktyorlardan yuxarıda adlarını çəkdiyim Ağasadıq Gəraybəylinin, Mustafa Mərdanovun, Möhsün Sənaninin, eləcə də Məmmədəli Vəlixanlının (xüsusən, onun Ocaqqulusunu və «Lənkəran xanının vəziri»ndəki Vəzirini), Ağahüseyn Cavadovun, İsmayıl Osmanlının, Lütfəli Abdullayevin, Məcid Şamxalovun, Füzuli teatrının aktyoru (və ömrünün sonuna kimi bizə gəlib-gedən) Mürşüd Həşimlinin sənətini, Barat Şəkinskayanın, Mirvari Novruzovanın, Məlik Dadaşovun komik istedadını (məsələn, onun Şeyx Nəsrullahını), Ağadadaş Qurbanovun Mirzə Səməndərini, Ələsgər Ələkbərovun Salamovunu, Əminə Sultanovanın Mariya Timofeyevnasını atam böyük sənətkarlıq nümunəsi hesab edirdi.

Sonrakı aktyorlar nəslinə mənsub olan Səyavuş Aslanın istedadı barədə həmişə ağızdolusu danışırdı və «Hökmdar və qızı»nın məşqlərində satirik planda işlənmiş erməni Vanya rolunu ifa edən Səyavuşun oyunundan çox razı idi. Yeri düşmüşkən deyim ki, Səyavuşun tərəf-müqabili kimi Haykanuş rolunun ifaçısı Kübra Əliyeva da İlyas Əfəndiyevin qiymətləndirdiyi aktrisalardan idi.

Çox təəssüflər ki, İlyas Əfəndiyev «Hökmdar və qızı»nın premyerasını görə bilmədi. 1996-cı il oktyabrın 3-də İlyas Əfəndiyev vəfat etdi, iki aydan sonra, dekabrın 15-də isə «Hökmdar və qızı»nın ilk tamaşası göstərildi və zalda oturub Səyavuşla Kübra xanımın gözəl ifasına tamaşa edə-edə, tamaşaçıların gülüşünü, alqışlarını eşidə-eşidə mənə elə gəlirdi ki, İlyas Əfəndiyev də hardasa, başımızın üstündən səhnəyə baxır və bu artistlərin oyunundan xoşu gəlir...

Random poem

More by this author

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 min
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 min

Poems by other poets