İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Page 12 of 26 · 42%
İki böyük xanəndə də vardı ki, İlyas Əfəndiyev onların həm şəxsiyyətinə hörmət edirdi, həm də sənətlərini yüksək qiymətləndirirdi: Xan Şuşinski və Ağabala Abdullayev.
Xan Şuşinskinin İlyas Əfəndiyevin atası ilə dostluğu var idi, Şuşadan Füzuliyə (Qaryaginə) enəndə ona çox qonaq olmuşdu, günlərlə evlərində qalmışdı və mən, hayıf ki, bu dostluğun tarixini bilmirəm, amma lap uşaq çağlarımdan həmişə bunun şahidi olmuşam ki, İlyas Əfəndiyev ilə Xan Şuşinski həmişə çox mehriban görüşüblər, məhrəm adamlar kimi hal-əhval tutublar.
Orası da yaxşı yadımdadır ki, bir gözəl yaz günü, axşamçağı – universitetdə oxuduğum illər idi – «Hüsü Hacıyev» küçəsinə çıxan eyvanımızda oturub atamla söhbət edirdik və birdən gördük ki, Xan Şuşinski başında buxara papağı, əynində boz qabardin yaz paltosu qəlyanını tüstülədə-tüstülədə küçə ilə gedir. Atam elə üçüncü mərtəbənin eyvanından Xan Şuşinskini səslədi və onu evə dəvət etdi və İlyas Əfəndiyevin dəvəti o qədər sidq-ürəkdən idi ki, Xan əmi yolunu dəyişib həyətimizə gəldi, mən blokun ağzına çıxıb onu qarşıladım və evə gəldik.
Bu hadisədən 43-44 il keçib, amma hər dəfə mən Xanın səsini eşidəndə, onu televizorda görəndə həmin yaz axşamı Xan əmi ilə birlikdə elə o eyvandaca oturub çay içməyimiz, Xan Şuşinski ilə atamın söhbətləri bütün təfərrüatlarına qədər yadıma düşür, hətta onun çəkdiyi qəlyanın gözəl tənbəki qoxusunu da, elə bil, yaxınlığımda hiss edirəm.
«Hüsü Hacıyev» maşınların çox gəlib-getdiyi, səsli-küylü bir küçədir, amma qəribədir, elə o zaman da, üstündən bu qədər illər keçəndən sonra da, yaz axşamındakı o eyvan söhbəti, elə bil, başdan-başa bir Şuşa ab-havasına bürünmüşdü, elə bil, Şuşa dağlarının, Şuşa meşələrinin ətri-havası uçub gəlib bizim üçüncü mərtəbədəki o eyvanımıza qonmuşdu.
İlyas Əfəndiyev Ağabala Abdullayevin də səsini, avazını, xüsusən, onun «Zabul»unu çox bəyənirdi və bir insan kimi də onu tez-tez xatırlayırdı.
80-ci illərin sonlarında, 90-cı illərdə İlyas Əfəndiyev bir silsilə esse-xatirələr yazdı və onun 15 dekabr 1991-ci il tarixi ilə yazdığı «Orfey quyudan çıxandan sonra nə gördü...» adlı essesində belə bir epizod var:
«... «yeni iqtisadi siyasət» sayəsindəki yalançı azadlıqdan istifadə eləyən atam təsərrüfatını yoluna qoyaraq bağımızda dərin su quyusu qazdırırdı. Quyunun ağzı üçün mədəndən iri daş gətirib ortasını dəldirmişdi.
Su quyusunu iki adam qazardı: biri düsərlə qazıb torpağı torbaya doldurar, yuxarıda – quyunun başında da duran adam onu çəkib kənara boşaldardı.
Yaz vaxtı idi. Anamla atam ikinci mərtəbənin balkonunda əyləşib çay içirdilər. Onların yanında iri dibçəkdə gur çiçək açmış oliandr gülü var idi. O zaman bizim yerlərdə oliandr gülü olmazdı. Gülü atam hardansa gətirtmişdi, yəqin ona görə o gül indi də yaddaşımıda qalıb. Cavan, gözəl bir qadın olan anamın əynindəki mavi atlas paltarının rəngi ilə o oliandrın təravətli çəhrayı rəngi bir-birinə qəribə, zərif ahəng verirdi.
Aşağıda – bağçada qazılmaqda olan quyunun başında orta yaşlı bir kişi dayanıb, qazılan torpağı çəkib kənara tökürdü.
Birdən sanki qeybdən gələn səs kimi, bir muğam eşidildi. Kimsə gənc və olduqca şirin, həzin bir ahənglə oxuyurdu. Şerə, musiqiyə qarşı çox həssas bir qadın olan anam təəccüblə atama baxaraq soruşdu:
– Harda oxuyurlar bunu?
Atam xoş ifadə ilə:
– Quyunun içində! – dedi və quyunun başında dayanıb torpaq çəkən kişiyə işarə ilə əlavə etdi: – O kankanın oğludur. Quyunu o qazır.
Mən də anam kimi musiqiyə çox həssas uşaq olduğumdan o muğama heyranlıqla qulaq asırdım.
Mən o on altı-on yeddi yaşında sağlam, qaraqaş, qaragöz oğlanı, o gənc kankanı hər gün gəlib quyuya girəndə görürdüm.
Anam dedi:
– Gözəl səsi var. Nə əcəb xanəndə olmaq istəmir?
Atam:
– Bunlar Cənubi Azərbaycandan gəliblər, – dedi. – Mən də kişidən soruşdum ki, oğlunun belə səsi var, nə əcəb ustad xanəndənin birinə qoşmursan? Kişi dedi ki, əvvəl öz sənətimi öyrədirəm, sonra özü bilər.
O gecə uzun zaman gözümə yuxu getmədi. O yaz gecəsinin səssizliyi içində quyunun qaranlıq dibindən gələn o səsi sanki mən hey eşidirdim... Bəzən Arazın o tayından gələn və bu cür qəribə bir yanğı ilə oxuyan o gənc xəyalımda dönüb zülmət dünyasına düşmüş Məlikməmməd olurdu. Bəzən də anamın nağıl elədiyi «Yusif və Züleyxa» dastanının quyuya atılmış Yusifi olurdu. Qəribədir ki, mən onu oxuduğu muğam ilə birlikdə adi, yəni bu işıqlı dünyada təsəvvür eləyə bilmirdim... Elə bil ki, o məhz qaranlıq quyuda, o zülmət dünyasında hansı kədərli hekayəti isə oxumaq üçün yaranmışdı...
– Çox təsirli səsi var... – deyən anam soruşdu: – Adı nədi o oğlanın?
Atam dedi:
– Deyəsən Ağabaladı...».
İlyas Əfəndiyev Ağabalanı ilk dəfə belə görmüşdü. Son dəfə isə onu altmışıncı illərin axırında gördü. O zaman biz Füzulidəki Kürdmahmudlu kəndinə toya getmişdik və o toyu Ağabala Abdullayev aparırdı. Yadımdadı, atam musiqiçilərin ayrıca mizi arxasında oturmuş Ağabala Abdullayevə baxa-baxa qüssə ilə:
– Ağabala qocalıb...– dedi.
İlyas Əfəndiyevin yaxın dostlarından biri də fizika-riyaziyyat elmləri doktoru, professor Əmir Həbibzadə idi. Əmir müəllim başqa sahə ilə məşğul olsa da, daxili aləmi etibarilə sənət adamı idi, zəngin hissiyyatı, gözəl zövqü var idi, yaxşı geyinirdi və İlyas Əfəndiyev də səliqə və zövq ilə, həmişə yeni dəbdə geyinməyi xoşladığı üçün, kastyum atrezlərini Əmir müəllimlə birlikdə alardılar, Əmir müəllim yaxşı dərzilər tapardı və atam da Sadıqovdan xəlvət, bəzən kastyumlarını o dərzilərə tikdirərdi.
Tağı Sadıqov Bakının məşhur dərzilərindən biri idi və yadıma gəlir, bütün Sovet İttifaqında Lenin ordeni almış yeganə dərzi də o idi. İlyas Əfəndiyev uzun illər boyu kastyumlarını Sadıqova tikdirərdi, amma hərdən, Sadıqov inciməsin deyə, gizlincə, Əmir müəllimin tapıb təriflədiyi dərzilərə də sifariş verirdi.
Bizim, Sultan Hacıbəyovun və Əmir müəllimin 50-ci illərin sonlarında, 60-cı illərdə, 70-ci illərin lap əvvəllərində yayda yığışıb ailəvi surətdə maşınla Kislovodska getməyimiz, orada bütün yay aylarını İosif Samoyloviç Bass adlı çox koloritli və qılıqlı bir yəhudinin müdir olduğu pansionatda qalmağımız mənim ən unudulmaz yeniyetməlik və gənclik xatirələrimdən biridir.
1960-ci illərin sonlarında mən «Beş qəpiklik motosikl» adlı bir hekayə yazmışdım və o hekayədə Kislovodskdakı həmin pansionatı təsvir etmişdim, hətta o hekayədə belə bir iki misra da var idi:
Köhnə hamam, köhnə tas,
Köhnə pansionat, köhnə Bass!..
Bu hekayə məşhur rus tənqidçisi İqor Zolotusskinin tərcüməsində 1971-ci ilin yayında «Drujba narodov» jurnalında çap olunmuşdu (bu, mənim Moskva mətbuatında çap edilən ilk yazım idi) və o vaxt Moskvada olan Anar jurnaldan bir nüsxə alıb Kislovodskda mənə gəndərmişdi.
Yaxşı yadımdadı, bir tərəfdən, əlbəttə, İlyas Əfəndiyev üçün xoş idi ki, «Drujba narodov» kimi nüfuzlu bir jurnalda mənim hekayəm dərc edilib, amma o biri tərəfdən də bir az narahat oldu ki, İosif oxuyar, pərt olar...
O iki misranın rusca tərcüməsi belə idi:
Tot je qolos, tot je bas,
V pansionate tot je Bass...
Amma İosif Samoyloviç pərt olmadı, daha doğrusu, bilmədi ki, pərt olsun, ya olmasın. Əmir müəllimlə Sultan Hacıbəyov illərdən bəri ikisinin arasında bütün incəliklərinə qədər formalaşmış bir yumorla (və zahirən çox ciddi şəkildə!) həmin jurnalı təntənəli surətdə İosif Samoyloviçə göstərib, adı tarixə düşdüyü üçün onu təbrik etdilər...
İlyas Əfəndiyevin qardaşı, yazıçı Tofiq Əfəndiyev də, bacısı, həkim Nəzihə xanım həyat yoldaşı, həkim Üzeyir Məmmədovla və uşaqlarla birlikdə, bəstəkar Səid Rüstəmov da, Nazim Hacıyevin böyük qardaşı professor Ağa Hacıyev də, köhnə zadəgan nəsilli və çox da koloritli bir adam olan və İlyas Əfəndiyevin xətrini çox istəyən skripkaçı Davud Qədimov (atam ona «Dodik» deyirdi, mədəniyyət işçilərinin arasında isə «Davud Balayeviç» kimi məşhur idi), Qarabağ xanlarının nəslindən olan, dirijor Əli Cavanşir (ona da «Alik» deyirdilər) yayda ailələri ilə gəlib orada qalırdılar və Kislovodskdakı o pansionat ədəbi-mədəni klub kimi bir yerə çevrilmişdi. Qara Qarayev də, İmran Qasımov da, Nazim Hacıyev də hərdənbir o «kluba» baş çəkərdi, orada qalardı...
Mənim üçün olduqca xoş bir hadisədir ki, yaşı 85-i keçmiş Əmir müəllim bu gün də sağ-salamatdır, Bakı Universitetində dərs deyir, eləcə səliqə-səhmanla, eləcə zövq ilə geyinir və mən sidq-ürəkdən arzu edirəm ki, Əmir müəllim 100-ü də beləcə keçsin, ondan o tərəflərə də getsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
More by this author
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Poems by other poets
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.