Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Page 11 of 26 · 38%

– Bax, Adil, bu dəfə hesabı mən verəcəyəm!

Adil İsgəndərov:

– Hələ bir gedək, qadam...– deyirdi.

Mən də maraqlanırdım ki, görəsən, restoranda hesabı kim verəcək və gecə, ya səhəri gün atamdan soruşanda, gülümsəyə-gülümsəyə başını bulayırdı:

– Adil...

Adil İsgəndərov İlyas Əfəndiyevin 60-70-ci illərdə yazdığı yeni pyeslərini oxuyurdu, amma həmin əsərlərin tamaşalarına getmirdi, çünki uzun illər boyu, necə deyərlər, canını qoyduğu teatra daha ayaq basmırdı və onun teatrdan beləcə uzaqlaşdırılmasını, teatra getməməyini, xüsusən, ilk vaxtlarda, atam çox ürəyinə salırdı.

Bir çox illərdən sonra İlyas Əfəndiyev «Sənətkarın taleyi» adlı essesində yazırdı:

«Bir dəfə ona dedim:

– Adil, bəlkə, bir neçə yazıçı, yuxarı təşkilatlardan xahiş eləyək, səni qaytarsınlar teatra?..

Dərindən nəfəs alıb:

– Yox,– dedi.– İşləyə bilmərəm, ürəyim sınıb...

Mən də kədərlə hiss elədim ki, Adil haqlıdır... İşləyə bilməz.

Taleyin qəribə işləri olur...

Bəzən bizlərdən birimiz ürəyimizdən şikayət eləyəndə Adil zarafatyana deyərdi ki:

– Qadam, ürək adamın harasında olur?..

Özü isə heç gözlənilmədən ürəyindən öldü...».

Mən indi bu sətirləri oxuyuram, bu sözlərin deyildiyi, bu ovqatın yaşandığı günlər, illər gözlərimin qabağına gəlir və elə bil, İlyas Əfəndiyevlə bir yerdə fikirləşirəm ki, əlbəttə, ürək neyləsin?..

İlyas Əfəndiyevin Tofiq Kazımovla da hələ 50-ci illərin əvvəllərindən etibarən yaxın dostluqları var idi və bu dostluq da bir tərəfdən, təbii ki, şəxsi hisslərin ifadəsi idi, digər tərəfdən isə bədii-estetik əqidə, ədəbi məfkurə dostluğu idi.

Tofiq Kazımov «Atayevlər ailəsi»nə verdiyi quruluşdan düz on il sonra, 1964-cü ildə «Sən həmişə mənimləsən» pyesini tamaşaya qoydu və o tamaşa Azərbaycan teatrının tarixində prinsipial əhəmiyyətli mühüm hadisəyə çevrildi.

Bundan sonra Tofiq Kazımov 1968-ci ildə «Unuda bilmirəm»i, 1969-cu ildə «Məhv olmuş gündəliklər»i, 1975-ci ildə isə «Bağlardan gələn səs»i Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoydu.

Bu tamaşalar haqqında, onların Azərbaycan teatr sənətinin inkişafındakı rolu barədə müxtəlif teatrşünaslar nəslinin Cəfər Cəfərov və Yaşar Qarayevdən tutmuş Məryəm Əlizadə və İlham Rəhimliyə qədər, demək olar ki, bütün səriştəli nümayəndələri çox yazıblar və indiki kontekstdə mənim üçün vacib cəhət odur ki, təkrar edirəm, İlyas Əfəndiyev ilə Tofiq Kazımovun dostluğu şəxsi dostluq ilə sənət dostluğunun birliyi idi.

Sultan Hacıbəyovla dost idilər və bu dostluğun isə bünövrəsi uzaq keçmişlərə gedib çıxırdı: Sultan Hacıbəyovun anası Zəhra xanımla İlyas Əfəndiyevin anası Bilqeyis xanım gənclik rəfiqələri idi və mənim onların söhbətinə qulaq asmağa xüsusi azarım var idi: tez-tez xatırlayırdılar ki, yayda Şuşada Üzeyir Hacıbəyovun anası Şirin xanıma necə gedib baş çəkirdilər, Cıdır düzündə, Ərimgəldidə necə gəzməyə çıxırdılar, Şuşadan kəsə Molla Nəsrəddin yolu ilə faytonla Qaryaginə (indiki Füzuliyə) necə gedirdilər və o rəhmətliklər o söhbəti elə canlı aparırdılar, elə şövqlə danışırdılar ki, elə bil, o faytonda elə mən özüm də o kəsə Molla Nəsrəddin yolu ilə üzüaşağı Füzuliyə tərəf düşürdüm, mən özüm də onlarla bir yerdə gedib Üzeyir bəyin qoca anası Şirin xanımı yoluxurdum, Cıdır düzündə, Ərimgəldidə onlarla bir yerdə gəzirdim.

Sonralar İlyas Əfəndiyev Şuşanın o səfalı və unudulmaz yerləri barədə yazırdı:

«Yay zamanı aran Qarabağın – Yevlağın, Bərdənin, Tərtərin, Ağdamın, Ağcəbədinin, Füzulinin, Cəbrayılın, Beyləqanın camaatı Şuşaya yaylağa gedərdilər. Bu əhalinin Şuşada iki məşhur gəzmək yeri var idi. Biri cənub hündürlüyündəki məşhur Cıdır düzü, digəri Ağdama gedən yolun üstündəki Ərimgəldi idi. Axşamçağı camaatın yarısı Cıdır düzünə, yarısı da Ərimgəldiyə gəzintiyə çıxardı. Arvadlar Şuşadan Ağdama gedən yola baxıb, Arandan gələcək ərlərinin yolunu gözləyirdilər... Ərlər də cümə axşamları dal-dala düzülmüş faytonlarda, ucaboylu qaçağan Qarabağ atlarında dolayı yolla Şuşaya qalxardılar. Özləri ilə Arandan təzə dəymiş yemiş, qarpız, üzüm gətirərdilər. Cümə günü evlərdən qalxan kabab iyi şəhərə yayılardı. Axşam çağları Xanın (Xan Şuşinskinin– E.) dəstəsi Cıdır düzündə, Bahadurun, Qaçaybalanın dəstələri də Ərimgəldidə çalıb-oxuyurdular. Biz uşaqlar həmişə anamızla Cıdır düzünə gəzməyə çıxırdıq» .

Sultan Hacıbəyovun əsərləri arasında İlyas Əfəndiyevin ən çox xoşuna gələni «Karvan» simfonik mənzərəsi idi, deyirdi:

– Soltan (onu belə çağırırdı, «Sultan» yox), hər dəfə sənin «Karvan»ına qulaq asanda, mənə elə gəlir ki, ömrümdə görmədiyim səhraları görürəm, dəvə karvanlarını görürəm, o karvanla addımlayan, o dəvələrin üstündə oturan adamları görürəm... Hətta onların nə hiss elədiklərini hiss edirəm...

1967-ci ildə səhnəyə qoyulmuş «Mənim günahım» tamaşasının da musiqisini İlyas Əfəndiyevin istəyi ilə Sultan Hacıbəyov yazmışdı: «– Bu pyesə sənin musiqin lazımdı!».

Ümumiyyətlə, deməliyəm ki, İlyas Əfəndiyev musiqiyə çox həssas adam idi və «Tofiq Kazımovu xatırlayarkən...» adlı essesində yazırdı ki, «Pyeslərimin ilk işığı fikrimə həmişə hansı mahnıyla, muğamlasa daxil olmuşdur. «Sən həmişə mənimləsən»də «Qaragilə» mahnısı, «Mahnı dağlarda qaldı»da «Aman ovçu, vurma məni» mahnısı... və s. «Məhv olmuş gündəliklər» pyesi mənim fikrimə «Pəncərədən daş gəlir...» mahnısıyla daxil olmuşdu.

Və yəqin bu da o səbəblərdən biri idi ki, İlyas Əfəndiyevin bir sıra bəstəkarlarla yaxın, məhrəmanə münasibəti var idi. Mən artıq Tofiq Quliyev haqqında dedim. Eləcə də Fikrət Əmirov, Səid Rüstəmov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov onun tez-tez görüşdüyü, zəngləşdiyi, hal-əhval tutduğu adamlar sırasında idi və bu bəstəkarlarla onu, eyni zamanda, birgə yaradıcılıq işi də birləşdirirdi.

Fikrət Əmirov hələ 1947-ci ildə «İşıqlı yollar» tamaşasının musiqisini yazmışdı və çox-çox sonralar da cavanlıq dövrlərindəki həmin birgə yaradıcılıq işlərini xüsusi bir hərarətlə xatırlayırdı: « – İlyas, yadındadı də...».

40-cı illərin sonları, 50-ci illərin əvvəllərində İlyas Əfəndiyevlə Fikrət Əmirov yay aylarını bir yerdə Şuşaya, yazıçıların oradakı məşhur Yaradıcılıq Evinə gedirdilər və biz iyul, avqust aylarını orada qonşu olurduq.

Fikrət Əmirovla birlikdə İsa bulağında, Daşaltında, Səkili bulaqda, Turşsuda keçirdiyimiz ailəvi məclislər, o məclislərdə Şuşa xanəndələrinin, yeniyetmələrin oxumaqları, «Qarabağ şikəstəsi», «Şuşanın dağları», «Qaçaq Nəbi», «Tel nazik, bel nazik», «İrəvanda xal qalmadı» mahnıları, o zaman müharibədən qayıtdıqdan sonra universiteti yenicə bitirmiş cavan bir tarixçi olan rəhmətlik Firudin Şuşinskinin də o şikəstəyə, o mahnılara qulaq asa-asa həvəsə gəlib tın-tın səsiylə pəsdən gözəl zümzümə eləməyi mənim heç vaxt yadımdan çıxmayacaq uşaqlıq xatirələrimdəndir.

Yeri düşmüşkən deyim ki, Şuşadakı həmin Yaradıcılıq Evi yay aylarında həqiqi mənada bir ədəbiyyat, ümumiyyətlə, mədəniyyət ocağına çevrilirdi və oranın təkrarsız ab-havasını, orada Süleyman Rəhimovla, Fikrət Əmirovla, Bayram Bayramovla, Cəfər Xəndanla, Balaş Azəroğluyla, Qasım Qasımzadəylə, Cahanbaxışla, gənc Əliağa Kürçaylı və Məsud Əlioğluyla, o illərdə yüksək vəzifələrdə işləyən, sonralar isə Nazirlər Sovetinin, Respublika Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Məmməd İsgəndərovla gözəl qonşuluğumuzu, onlarla söz-söhbətini İlyas Əfəndiyev, xüsusən 90-cı illərdə – ömrünün son illərində tez-tez xatırlayırdı.

«İşıqlı yollar»dan düz on yeddi il sonra, 1964-cü ildə «Sən həmişə mənimləsən»in də musiqisini İlyas Əfəndiyevin təklifi ilə Fikrət Əmirov bəstələmişdi.

Əfrasiyab Bədəlbəyli 1944-cü ildə «İntizar» tamaşasının, Səid Rüstəmov

1948-ci ildə «Bahar suları»nın, Niyazi 1954-cü ildə «Atayevlər ailəsi»nin, Tofiq Quliyev «Sən həmişə mənimləsən»in Rus Dram Teatrındakı tamaşasına, Süleyman Ələsgərov 1971-ci ildə «Mahnı dağlarda qaldı»nın musiqisini bəstələmişdilər.

Sonrakı nəsil nümayəndələrindən Arif Məlikov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Cavanşir Quliyev kimi bəstəkarlar da İlyas Əfəndiyevin tamaşaya qoyulmuş pyeslərinə musiqi yazmışdılar.

Tofiq Quliyev İlyas Əfəndiyev haqqındakı həmin yazısında belə bir fikir söyləyirdi: «İlyas Əfəndiyevin əsərlərinin dili başdan-başa musiqidir və mən musiqiyə musiqi yazmağı heç cürə dərk edə bilmirdim...»

Maestro Niyazi isə hər dəfə məni görəndə:

– İlyasa de ki,– deyirdi,– heç Həcərin plovu da Bilqeyis xanımın plovuna çata bilmir!

Qara Qarayevlə də ilıq münasibətləri var idi, həmişə bayramlarda, yeni əsərləri meydana çıxanda zəngləşirdilər və bu münasibətlərin əsasında, gənclik illərindən etibarən, hər ikisinin İmran Qasımovla dostluğu dururdu.

1968-ci ildə, Qara Qarayevin 50 illik yubileyi zamanı İlyas Əfəndiyev yazırdı:

«Bütün böyük sənətkarlar kimi, Qara Qarayev insan qəlbinin, insan ruhunun indiyə qədər nüfuz edilməyən dərinliklərinə gedir, bu vaxtadək duyulmayan sirlərini tərənnüm edir. Buna görə də, bəstəkarın əsərlərində fəlsəfi axtarışlarla, kəşflərlə müasirlik birləşib qüdrətli bir gözəlliklə səslənir. O, Heminquey kimi fikrinin yalnız müəyyən hissəsini açıq ifadə edir. Qalan böyük hissəsini duyub dərk etməyi dinləyicinin öhdəsinə buraxır. Böyük və dərin fikir sahibi olan sənətkarlarda həmişə belə olmuşdur. Bethovendə, Şekspirdə də belə olmuşdur...».

Orası da heç yadımdan çıxmır ki, 1974-cü ilin küləkli-yağışlı bir noyabr gecəsinin yarısı tez-tez arası kəsilən uzun telefon zənglərindən və bizim də bu zənglə bağlı nigarançılığımızdan sonra, Qara Qarayev, səhv etmirəmsə, Vyanadan bizə telefon açıb İlyas Əfəndiyevi 60 illiyi münasibətilə təbrik etmişdi. (Atam ona, İmran Qasımovdan gələn gənclik illərinin deyim ənənəsi ilə, «Karik», o isə, atama elə həmin ənənə ilə «İlyuşa» deyirdi.)

Random poem

More by this author

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 min
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 min
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 min
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 min

Poems by other poets