13. Quzu budu
Page 2 of 2 · 50%
Səlim Bədbin nəşriyyatda redaktor işləyirdi və bu «Jiquli»ni də iki ildən bəri qaytarıb qurtara bilmədiyi borc pulla almışdı ki, nəşriyyat müdiri, əzazil və nadan İslamzadə kimilərinin, qrafoman və əqidəsiz Mürşüd Gülcahani kimilərinin, otuz il qəzetlərdə ədəbiyyat şöbələrinə müdirlik edib qarınlarının marağını və təəssübünü Azərbaycan bədii ədəbiyyatının marağına və təəssübünə çevirmiş Muxtar Xudavəndə kimilərinin, adını gənc şair, gənc nasir, gənc tənqidçi qoyub vətənin və millətin yox, öz şəxsi mənafelərini güdən, Səlim Bədbinin bədii nailiyyətlərinə paxıllıq edən bəzi başqa həmqələmlərin gözünə girsin. Səlim Bədbin ac qarnına sükan arxasında oturanda da maşını elə şəstlə sürürdü ki, Mürşüd Gülcahani kimi naftalin iyi verən soxulcanlar hiddət və qeyzlərindən bilmirdilər nə eləsinlər.
On il Allahın hər verən günü gecələr üç uşağı və arvadı yatandan sonra, birotaqlı mənzilinin mətbəxində, az qala, səhərə kimi işləyə-işləyə özünü ədəbiyyata həsr edən, qələmi ilə millətin qeyrətini çəkməyə çalışan Səlim Bədbinin nəhayət ki, ikinci hekayələr kitabı çapdan çıxmışdı və qabaqcıl cavanları gözü götürməyən, onların yazısından bir şey başa düşməyən mühafizəkar müdir İslamzadənin müqavilədə o kitabın qonorarını ən aşağı məbləğlə müəyyənləşdirdiyinə baxmayaraq, dünən nəşriyyatın mühasibatından pul almış Səlim Bədbin bu gün dostlarını və həmişə gənclərlə yaxınlıq eləyən, gənclərlə oturub-duran Əməkdar incəsənət xadimi şair Ərəstun Bozdağlını Abşerondakı gözəl kababxanalardan birinə dəvət etmişdi, dörd-beş saat o kababxanada oturub qoyun və ağ balıq kababı yeyə-yeyə yeni kitabı əməlli-başlı yumuşdular və həmin aylı-ulduzlu şənbə gecəsi dəniz sahilinə gedib Xəzərin mənzərəsinə tamaşa etmək istəyirdilər; arxadan gələn «Jiquli»də də Səlim Bədbinin dostlarından üç nəfər cavan qələm əhli əyləşmişdi.
«Jiquli»nin bütün pəncərələrini açdırsa da, külək sürətlə gedən maşının içində qıy vursa da, kababxanadakı məclisdən sonra, əməkdar incəsənət xadimi şair Ərəstun Bozdağlıya hava çatışmırdı və bu yekəpər, canlı adam hər dəfə də havanı dərindən ciyərinə çəkib deyirdi:
– Tarixi bir qonaqlıq oldu, igid. Mürşüd Gülcahani yetmişi keçib, lakin xəsis, bütün ömründə bizi bircə dəfə qonaq edib, o da ki, oğlunun toyunda. Xəsis və quru. Zalım oğlu, «Pravda» qəzetinin baş məqalələrinə oxşayır.
Söhbət Mürşüd Gülcahanidən düşəndə Səlim Bədbin özünü saxlaya bilmirdi və bu dəfə də nifrətlə üz-gözünü türşudub:
– Həmin toya görə indi İslamzadə ona yaltaqlanır, – dedi. – Bizdə ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Tanıyırsız də onu, Ərəstun məllim? Qəbiristanlığın direktorudur...
– Necə tanımıram, igid? Dabbaqda gönünə bələdəm.
– Bir dəfə üzünə dedim.
Əməkdar incəsənət xadimi, tanınmış şair Ərəstun Bozdağlı həmin tarixi məclisdə çox içsə də, hər halda, ayıqlığını tamam itirməmişdi və təəccüblə Səlim Bədbinin o aydınlıq gecədə daha da zəif və solğun görünən sifətinə baxa-baxa:
– Kimin üzünə dedin, qoçaq? – soruşdu. – Əbdül Qafarzadənin?
Bayaqdan bəri arxada oturub hıçqıra-hıçqıra sükut edən gənc dost:
– Onun üzünə desəydi, indi sümüyü çürüyürdü Tülkü Gəldi Qəbiristanlığında... – dedi.
Ərəstun Bozdağlı gözlərini Səlim Bədbinin solğun sifətindən çəkib əzəmətli başını arxaya çevirdi, yoğun səsi ilə bərkdən və acı-acı güldü.
İkinci kitabının nəşri uğrunda illərdən bəri apardığı mübarizə Səlim Bədbinin əsəblərini tamam korlamışdı və gənc nasir bütün içindən axıb gələn bir hiddətlə sükanı sıxa-sıxa:
– Eybi yoxdu... – dedi. – Bu millətin də oyanan vaxtı olacaq. Onda Əbdül Qafarzadələrin də üzünə tüpürəcəyik...
Əməkdar incəsənət xadimi Ərəstun Bozdağlı yenə də gənc qələm dostunun solğun bənizinə baxdı:
– Deməli, o zaman daha Əbdül Qafarzadələr olmayacaq, igid?
– Xeyr, ustad, xeyr... millət oyanacaq... O zaman yalnız millətini sevən insanlar yaşayacaq... O gün gələcək, ustad, gələcək... Mütləq gələcək... – və bu sözləri deyə-deyə gənc nasir Səlim Bədbin kövrəldi (millətdən söhbət düşəndə həmişə beləcə kövrəlirdi). – Yazıq millət... Bədbəxt millət...
... Maşının işığı yaxınlaşdıqca Gicbəsər nəsə daha artıq həyəcanlanmağa başladı və bu işıq itin üstünə düşəndə, Gicbəsər, nəhayət ki, elə bil, nəyisə qabaqcadan hiss edib, nədənsə ürküb sürətini artırdı, qaçmağa başladı.
Maşında oturanlar birdən-birə qabaqlarında peyda olmuş bu heyvanı tanımadılar:
– Canavar...
– Yox, çaqqaldı, çaqqal...
– Ət aparır...
– İtdi...
– Hə, hə, itdi...
Ərəstun Bozdağlı nəhəng qolunu irəli uzadıb:
– Bu it də Mürşüd Gülcahani kimi hərisdi... – dedi.
Səlim Bədbin bayaqkı hiddətdən sonra əmələ gəlmiş bir ikrah hissi ilə:
– Camaat yeməyə ət tapmır, bunun ağzındakı ətə bax... – dedi.
– Zəhmətkeş ətidir o...
– Camaat əti talonla yeyir...
– Fəhlə ətidir, kolxozçu ətidir o...
Səlim Bədbin maşının sürətini artırıb asfaltın üstü ilə iti qovmağa başladı və it yolun sağına-soluna tərəf atıla-atıla qaçıb qurtarmaq üçün, dəmir tor çəpərlərin, daş hasarların arasından bir imdad yeri, bir sığınacaq axtarırdı, amma bütün bu cəhdlərin hamısı boş idi – dəmir torlar, daş hasarlar qurtarmaq bilmirdi.
– Qov onu...
– Qov...
– Qov...
Maşın asfaltın üstündə vurnuxduqca Ərəstun Bozdağlı başı şüşəyə dəyməsin deyə, əzəmətli əllərini qabağa dirəyib:
– Sən Bədbin yox, Boransan, qoçaq, – dedi. – Səlim Boran. Arxada oturanlar isə, elə bil ki, o gözəl məclisin xumarından ayılıb, fürsət düşdüyü üçün ədəbiyyat, mənəviyyat və millət məsələlərindən canlarını qurtarıb açıq-aşkar bir ovçu ehtirası ilə gözlərini irəlidə qaçan, həyatını və ağzındakı əti xilas etmək üçün, özünü yolun sağına, soluna atan itdən çəkmirdi və qışqırırdı:
– Qov onu...
– Qov...
– Qov...
Gənc nasir Səlim Bədbin iki əli ilə də sükanı sıxıb, elə bil ki, bu qovhaqovla nəşriyyat müdiri İslamzadədən, əqidəsiz Mürşüd Gülcahani və məşhur müftəxor Muxtar Xudavəndə kimilərindən, adını gənc yazıçı qoyub paxıllıq edənlərdən, dedi-qodu ilə məşğul olanlardan intiqam alırdı, sükanı sürətlə sağa-sola fırladıb, maşının qazını artırıb iti təqib edirdi.
Gicbəsər onu qovan o maşının qorxusunu, dəhşətini bütün varlığı ilə hiss edirdi, amma yaralı ayağına, zədəli boğazına, taqətsizliyinə baxmayaraq, iti eləcə sürətlə, eləcə dəli kimi qaçmağa məcbur edən yalnız o maşının qorxusu, dəhşəti deyildi, bəlkə də daha artıq dərəcədə ağzındakı o əti yerə sala biləcəyinin qorxusu idi. Gicbəsərin əngi elə sıxılmışdı ki və it ağzının o kipliyinə o qədər güc sərf etmişdi ki, elə bil, o balaca quzu budu da indi bu itin özünün bədəninin bir hissəsi idi.
– Qov...
– Qov...
– Qov...
Gicbəsəri, elə bil, sonu görünməyən, bitib qurtarmaq bilməyən uzun bir dəmir və daş qəfəsə salmışdılar – bu qəfəs uzanırdı, uzanırdı, it daha nəfəs ala bilmirdi, ürəyi az qalırdı o quzu budu ilə birlikdə ağzından çıxıb asfaltın üstünə düşsün.
Gicbəsər qaça-qaça özünü təzədən yolun sağ tərəfinə atanda gənc nasir Səlim Bədbin (Boran) iti keçdi və bu dəfə it iki maşının arasında qaldı; arxadan gələn ikinci «Jiquli» də işığı Gicbəsərin üstünə salmışdı və o maşında oturmuş cavan qələm əhli də ehtirasla qışqırırdı:
– Qov onu...
– Qov...
– Ay əclaf, biz əti talonla yeyirik, sən müftə?
– Qov...
– Qov...
Gicbəsər iki maşının arasında qaçırdı və bu maşınlardan arxada gələni onu qovur, irəlidə gedən isə iti qabağa buraxmırdı və o şənbə gecəsi, Abşerondakı o asfalt yolda Gicbəsər yəqin ki, bütün ömründə duymadığı bir dəhşət içində idi, hətta o Qara itin onu boğazlamağı da indi bu dəhşətin yanında bir heç idi; daha hər şey, dişlərinin arasında sıxdığı o kiçik quzu budu da Gicbəsərin yadından çıxmışdı və Gicbəsər bu qovhaqovda, motorların və əyləclərin tükürpədən səsindən maşınlardan gələn dəli qışqır-bağırdan canını qurtarmaq istəyirdi.
– Qov onu...
– Qov onu...
– Qov... Qov... Qov...
Bu dəfə yolun sağ tərəfindəki dəmir torun aşağısında Gicbəsər bir yırtıq tapdı və bütün gücü ilə özünü o yırtığa təpdi, Gicbəsər heç özü də hiss etmədi ki, ağzındakı kiçik quzu budu dəmir tora ilişib necə yerə düşdü, torun yırtılmış yerinin iti uclu məftilləri itin bədənini necə kəsdi, cızdı, qanatdı; it yırtıqdan keçib əncir ağaclarının arası ilə qaçdı və üzümlüyə girdi. Bura bağ həyəti idi və Gicbəsər ləhləyə-ləhləyə, canı, az qala, ağzından çıxa-çıxa o həyətdə başqa bir it hiss etdi, o başqa itin hənirtisi gələn kimi, böyük darvazanın kənarındakı dəmir torda yenə bir yırtıq tapdı (xoşbəxtlikdən bu bağın yiyəsi həyət-bacaya yaxşı fikir vermirdi...) və zəhmli hənirtisi yaxınlaşan o başqa it onu qamarlamamış özünü həmin yırtığa dürtüb eşiyə çıxdı, dəmir məftillər yenə də üz-gözünü, bədənini kəsdi, cızdı, qanatdı, tüklərini yoldu...
Asfalt yoldakı o iki maşının dibinəcən sıxılan əyləclərinin səsi bütün o ətrafdakı əncir, xartut, gilənar, ərik,alça, nar, iydə, badam ağaclarının, meynəliyin həmin gecə dincliyini pozdu, elə bil ki, o aprel gecəsi Abşeronun göyündəki ayıulduzları da dağıtdı.
İrəlidə isə dəniz uğuldayırdı və Gicbəsər dili ağzından çıxa-çıxa, ləhləyə-ləhləyə, təkcə qılçı və boğazı yox, bütün bədəni ağrıya-ağrıya, gizildəyə-gizildəyə dənizə tərəf getdi, böyrü üstə dəniz kənarındakı nəm qumun üstünə düşüb qaldı.
Artıq uzaqdakı o maşınların motoru yenidən işə düşdü və Gicbəsər get-gedə itib yox olan o motor səsini sona qədər eşitdi. Maşınların uzaqlaşıb itən o səsində indi bir təmkin, bir aram var idi, elə bil ki, hər şey Gicbəsərin dəniz kənarında beləcə düşüb qalmasına bağlı imiş...
Gicbəsər başa düşdü ki, o qorxulu, o dəhşətli qüvvələr ondan uzaqlaşdı, amma bu – Gicbəsərin əzablarını qətiyyən azaltmadı, Gicbəsərə heç bir rahatlıq gətirmədi.
Yüngülcə meh əsirdi, dəniz dalğalı deyildi, amma yuxarı qalxmayan, aşağı düşməyən eyni bir uğultuyla uğuldayırdı və bu uğultu elə bil ki, göydəki o ayla, ulduzlarla heç uyuşmurdu.
O aprel gecəsi diş həkimi Nəcəf Ağayeviçin fin soyuducusundan çıxmış o balaca quzu budu da toza-torpağa batıb elə-eləcə o tor dəmir çəpərin yanında qalmışdı və əlbəttə, Gicbəsər indi qalxıb geri qayıtsaydı, bəlkə də həmin əti tapardı; bir azdan gec olacaqdı, başqa qurd-quş, başqa itlər (elə həmin həyətdəki it) gəlib o quzu budunu tapacaqdı; amma Gicbəsər, ayağa qalxmadı, o ətin ardınca getmədi və Gicbəsər elə bil ki, ümumiyyətlə, bütün dünyanı yadından çıxarmışdı, yalnız dənizin səsini eşidirdi və bu uğultu özündən, yəni dənizdən savayı başqa heç nədən xəbər vermirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-13-quzu-budu
Use ← → keys to move, R for a random poem
More by this author
23 fevral 1806-cı il. Sankt–Peterburq. Qış sarayı.İmperator I Aleksandr iş otağında yazı mizinin arxasında oturmuşdu.
Hakim oxucudurBu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt yazmışam?Nə vaxt?
ProloqGecə qaranlıq gecə idi, nə ay işığı vardı, nə də ulduz işıldayırdı və qaranlıq elə bil bu saat təkcə bu gecənin qaranlığı deyildi, bütün dünyanın qaranlığı idi; elə bil daha heç vaxt gün çıxmayacaqdı və heç vaxt da işıq deyilən bir şey görünməyəcəkdi.Belə bir intəhasız qaranlıq gecə xofu əmələ gətirmişdi və bu xof elə bil ki, rayonun kimsəsiz küçələrinə, birmərtəbəli, ikimərtəbəli binaların divarlarına, darvazalara, zülmət içində əcaib bir görkəm almış çılpaq ağaclara hopmuşdu; ağaclar elə bil bu dünyanın ağacları deyildi, başqa bir aləmin ağacları idi və pisi bu idi ki, hər tərəfi bürümüş bu gecə xofu yaş idi, sulu idi – sulu qar yağırdı; küçələr başdan-başa suyun içindəydi; evlərin pəncərə şüşəsindən, qapı-bacadan su süzülürdü.
I fəsilAğaclar, kollar, bütün yer qarın içində idi; göy də ağappaq idi və hər tərəfi bürümüş bu qar ağlığında bir təmizlik, şəffaflıq var idi.Ağacların budaqlarından lopa-lopa qar sallanmışdı, yerin üzü isə tamam hamar idi, heç bir ayaq izi, heç bir ləpir yox idi və belə görünürdü ki, bu yerlərdə qar lap təzəcə dayanmışdı.
Poems by other poets
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah