5. Tonqal
Page 2 of 8 · 13%
Fayton tərpənəndə Şirin o faytonun ardınca bir dolu parç su atdı (amma o su o ailə üçün sayalı olmadı) və Ovanes də:
– Allax saxlasın dığaları, uçitel!.. – dedi. – O gün olsun toylarında oynayaq!..
– Sağ ol, Ovanes!..
Fayton Hadrutdan çıxıb Şuşaya tərəf üz tutdu və o yaz çağı yolun hər iki tərəfində o oyanmış torpağın gülünə, çiçəyinə baxa-baxa Hadrutdan uzaqlaşan Xosrov müəllim sabahdan Şuşada işə başlayacaq seminar barədə fikirləşirdi, Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı mülahizələrini götür-qoy edirdi və ümumiyyətlə, maarif məsələlərilə bağlı kəsir cəhətlər barədə düşünürdü. İndi hər il onlarla (hətta yüzlərlə!) məktəb açılırdı, uşaqlar ellikcə məktəbə getməyə, savad almağa başlayırdı və bütün bunlar, əlbəttə, gözəl işlər idi, bütün bunlar Xosrov müəllimin əslində hələ lap gənclik çağlarından ürəyində gəzdirdiyi arzu, istək idi ki, indi həyata keçirdi, amma burada, Xosrov müəllimin fikrinə görə, çox ciddi bir məqam var idi və o məqama ehtiyatla yanaşılmalıydı: kəmiyyət keyfiyyətə təsir etməməli idi, keyfiyyət aşağı düşməməliydi; belə bir təhlükəni isə Xosrov müəllim artıq nəinki hiss edirdi, əyani şəkildə görürdü, nadan müəllimlər yetişməyə başlamışdı, yavaş-yavaş əsl müəllimləri üstələyirdilər və bunun axırı hara gedib çıxacaqdı?
Xosrov müəllim rus dilinin əhəmiyyətini çox böyük hesab edirdi və Azərbaycan məktəblərində rus dilinin tədrisinə xüsusi fikir verilməli idi, xüsusi dərsliklər yazılmalı idi, gələcəkdə rus dilini bilməyən adam şikəst olacaqdı, elm, mədəniyyət, sənaye ki, bu cür inkişaf edirdi, rus dili Azərbaycan üçün bütün dünyaya açılan bir pəncərə olacaqdı və buna görə də Azərbaycan məktəblərində rus dilinin tədrisini elə bir səviyyəyə qaldırmaq lazım idi ki, valideynlər gələcəkdə uşaqlarını rus dilini yaxşı öyrənməkdən ötrü rus məktəblərinə verməyəydilər; o biri tərəfdən də rus məktəblərində Azərbaycan dilinin tədrisinə eyni dərəcədə ciddi fikir vermək lazım idi və bu dil öyrənmə qarşılıqlı əlaqədə olmalı idi – ağacın ucunu yalnız bir tərəfə əysəydilər, gələcəkdə o ağac sına bilərdi, elə eləmək lazım idi ki, o ağac təbii ucalsın, təbii qol-budaq atsın... Özü də bütün bunların bünövrəsi indi necə qoyulacaqdısa, gələcəkdə elə də olacaqdı və məsələ burasında idi ki, indiki o bünövrənin hazırlanması Xosrov müəllimin xoşuna gəlmirdi və bu barədə Şuşa seminarında danışacaqdı. V.İ.Lenin «Oxumaq, oxumaq və yenə də oxumaq!» – demişdi, amma «Necə oxumaq?» – məsələsi indi naşı əllərə düşmüşdü...
Xosrov müəllim əsrin yaşıdı idi və Azərbaycanda Sovet hakimiyyəti qurulanda, yəni 1920-ci ildə artıq cavan bir müəllim idi, Qazaxda seminariyanı bitirmişdi və o vaxtdan bəri də Hadrutdakı məktəbdə rus dilindən dərs deyirdi. Cəmi 29 yaşı olmağına baxmayaraq, təcrübəli müəllim hesab olunurdu; təhsilini davam etdirmək, Azərbaycan Dövlət Universitetinə daxil olmaq istəyirdi və ümumiyyətlə, bu adam təbiəti etibarilə çox sadə və mülayim olsa da maarif məsələlərində təşəbbüskar, işgüzar idi, mərkəzi mətbuata kiçik məqalələr yazır, maariflə, xüsusən, rus dilinin tədrisi ilə bağlı cürbəcür məsələlər qaldırırdı və həmin məsələlər çox zaman rayon rəhbərlərinin xoşuna gəlmirdi...
Hadrutun yaşıl ağacları, qırmızı kirəmit damları arxada qaldı.
Ovanes başını arxaya çevirdi:
– Uçitel, – dedi. – Ayrapet yazıq da öldü də, bildin?
Xosrov müəllim diksindi və sonralar Bakıda, Sibirdə, təzədən Bakıda hər dəfə faytondakı o söhbəti xatırlayanda Xosrov müəllim həmin diksintini hiss edirdi, o yüngül diksintidəki nigarançılıq anını elə o vaxt – 1929-cu ilin o yaz çağında, o Şuşa yolunda olduğu kimi yaşayırdı.
– Dəllək Ayrapet?
– Ha!..
– Nə vaxt?
– Dünən geca...
Sonralar Ovaneslə olan o söhbəti xatırlayanda Xosrov müəllimə elə gəlirdi ki, həmin dəm, yəni dəllək Ayrapetin – yanaqlarından qan daman o sağlam adamın ölüm xəbərini eşidəndə, elə bil, yol boyu, o gözəl güllərin-çiçəklərin də üstünə birdən-birə nəsə qara bir kölgə çökdü, Şirinin gözlərindəki o qara nigarançılığın kölgəsi...
– Ara, sağlam adamıydı, ayağı sınmışdı da, damı padçinit eləyəndə yıxıldı da, balnisada yatdığı heç bir xafta olmadı... Xudyakov doxtur yaman nerviçat eləyir, uçitel!.. Mənnən qonşudu da evi! Bütün günü balnisadadı, Ayrapet uje dördüncü adamdı öldü balnisada, özü də sappasağ! Xudyakov doxtur çox nerviçat eləyir!..
M.N.Xudyakov Hadrut xəstəxanasının baş həkimiydi və Xosrov müəllim dünən məktəbdə də xəstəxanayla bağlı nəsə narahat bir söhbət eşitmişdi:bir palatada dalbadal üç cavan adam ölmüşdü... Bu da, deməli, dördüncüsü... Bayaq həyətdəki o nigarançılıq, elə bil, təzədən Xosrov müəllimin içinə doldu və bu gözəl təbiət ilə, o sərin yaz səhəri Şuşaya qalxan dağ yolunun o səfası ilə həmin nigarançılıq heç cürə uyuşmurdu.
Ovanesin faytonu Xosrov müəllimi o nigarançılıqla birlikdə eləcə Şuşaya apardı və düz üç gündən sonra, Hadrutun girəcəyində qara bir bayraq asıldı, Hadrut bağlandı, gediş-gəliş kəsildi (Ovanes də faytonu ilə birlikdə Hadrutda qaldı), Hadrutun küçələri bomboş boşaldı, evlərin pəncərələri, qapıları kip qapandı.
Uzaqdan görünən dağların isə başı qardan ağappaq idi və o dağlar Hadrutun girəcəyində asılmış o qara bayrağın müqabilində dünyanın təmiz işlərindən, gözəl yerlərindən və əbədiliyindən xəbər verirdi. Əlbəttə, Hadrutda tapılmış taun epidemiyası o əbədiliyin yanında zərrənin heç milyardda biri də deyildi, bir heç idi, amma o «heç»də yüzlərlə, minlərlə insan həyatının müqəddaratı həll olunurdu.
Professor Lev Aleksandroviç Zilberin başçılığı ilə Bakıdan Hadruta gəlmiş və taunla gecə-gündüz ölüm-dirim mübarizəsinə başlamış bakterioloji dəstə hər axşam Hadrut məktəbinin (məktəbdə dərslər kəsilmişdi) binasındakı ən böyük sinif otağında yığışırdı, gün ərzində görülən işlərə yekun vururdu, sabahkı günün tədbirlər planını hazırlayırdı, professor Zilber də, onun təcrübəli köməkçisi Yelena İvanovna Vostruxova da, patoloqanatom professor Şirokoqorov da, Moskvadan xüsusi gəlmiş bakterioloq həkim Vera Nikolayevna da, Saratovdan professor Zilberin dəstəsinə köməyə gəlmiş professor Suknev də, Rostovdan gəlmiş həkim Tinker də, bakterioloji dəstənin başqa üzvləri də müşahidələrini bir-birləri ilə bölüşürdülər. Taun qəddar, hiyləgər bir düşmən idi, yorulub əldən düşmüş, gecə-gündüz işləyən, işləyən və işləyən bu adamlar isə o adamcıl düşməni vəhşi bir heyvan kimi tutub dəmir qəfəsə salmaq, zərərsizləşdirmək istəyirdilər.
Həmin sinif otağında əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, tapança sxemləri asılmışdı, bir küncə əleyhqazlar yığılmışdı, boş güllə gilizləri əyani dərs vəsaiti kimi, pəncərənin taxta sürahısına düzülmüşdü və professor Zilber həmkarlarının mülahizələrinə qulaq asa-asa hərdən bu sxemlərə, əleyhqazlara, güllələrə baxırdı. Bu dəm bütün bu silah qorxulu yox, acınaqlı idi və insan xislətindəki anormallıqdan – bu söz professor Zilberin beynində xüsusi vurğu ilə ötüb keçirdi – xəbər verirdi: bir tərəfdən taun (vəba! xərçəng! cüzam!..) insanı, bax, beləcə məhv edirdi, bir tərəfdən də insanlar özləri bir-birini məhv etmək üçün beləcə tüfənglər, tapancalar icad edirdi, zəhərli qazlar hazırlayırdı, öldürücü bakteriyalar yetişdirirdi; bir tərəfdən bütün bunlardan necə istifadə etmək öyrədilirdi, bir tərəfdən də bunlardan necə qorunmaq öyrədilirdi. Əlbəttə, professor Lev Aleksandroviç Zilber, hər şeydən əvvəl, həkim idi, həmişə qırğının, silahın əleyhinə olmuşdu, amma insanın bir-birini öldürməsi, silah hazırlaması və silahın özü heç zaman – hətta Hadrut hadisəsindən çox-çox illər keçəndən sonra da – ona Hadrutdakı məktəb binasının o otağındakı kimi miskin görünməmişdi.
Moskvada SSRİ Xalq Səhiyyə Komissarlığının Mikrobiologiya İnstitutunda şöbə müdiri işləyən professor Zilber bir neçə ay bundan əvvəl Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının dəvəti ilə Azərbaycana gəlmişdi və indi Bakıda Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində işləyirdi, eyni zamanda, Azərbaycan Tibb İnstitutunda mikrobiologiya kafedrasına müdir seçilmişdi.
Üç gün qabaq – Ovanesin faytonu Xosrov müəllimi o gözəl dağ yolu ilə Şuşaya apardığı gün – gecə saat ikidə telefonun həmin gecənin sakitliyində daha artıq səksəkə ilə, təşvişlə cingildəyən zəngi professor Zilberi yuxudan oyatdı. Professor Zilber yuxulu-yuxulu əlini uzadıb telefonun dəstəyini götürdü və hələ zəng edənin səsini eşitmədən sövq-təbii hiss etdi ki, bu, adi telefon zəngi deyil; ona görə yox ki, belə bir səksəkə ilə gecənin sakitliyini pozdu, professor Zilber bu cür gecə zənglərini az eşitməmişdi; ona görə ki, qara olduğu üçün otağın qaranlığı içində görünməyən o telefon dəstəyində elə bir qeyri-təbii ağırlıq, əli ilə duyduğu elə bir qeyri-təbii kələ-kötürlük var idi ki, o ağırlıq da, o gözə-görünməz kələ-kötürlük də o gecə çağı dünyanın bəd əməllərindən, pis işlərindən xəbər verirdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-5-tonqal
Use ← → keys to move, R for a random poem
More by this author
Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.
Birinci hissə, VGecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.
Birinci hissə, VIİndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.
Birinci hissə, VIIYunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:
Poems by other poets
Gözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
AyrılmayaqXəyalın yanımda, sən uzaqdasan,Hicranın yolları ömür qədərdir.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.