Page 3 of 8 · 25%

Həyəcanlı bir kişi səsi heç dəstəyi qaldıranın kim olduğunu belə soruşmadan aşkar duyulan azərbaycanlı ləhcəsi ilə, amma təmiz rus dilində dedi:

– Qovorit sekretar narodnoqo komissara zdravooxraneniya. Narodnıy komissar prosit vas nemedlenno priyexat k nemu. Maşina uje vıslana.

Professor Zilber tələsik geyinib evdən çıxdı, Xalq Səhiyyə komissarının göndərdiyi maşına mindi və əslində, bu gözlənilməz Hadrut səfəri də elə o vaxtdan başladı.

Marqolin familyalı bir nəfər hərbi həkim Xalq Səhiyyə Komissarlığına təcili teleqram vurmuşdu ki, Hadrutda taun epidemiyası başlamışdır və professor Zilber həmin gecə bir neçə saatın içində təşkil etdiyi bakterioloji dəstə ilə birlikdə səhər saat 6-da qatarla Bakıdan çıxdı.

Bakterioloji dəstənin təşkil edilməsində əlindən gələni əsirgəməyən, professor Zilberin təcili xahişləri ilə gecəyarısı şəxsən özü məşğul olan Azərbaycan SSR Xalq Səhiyyə komissarı, elə bil ki, ətrafındakı adamlara yox, özü özünə təskinlik vermək üçün tez-tez deyirdi: «– No, vozmojno, eto i ne çuma. Ne mojet bıt, çtob na naşem zameçatelnom zemle zavelas takaya qadost!». Və professor Zilber qatarla Hadruta gələ-gələ yol boyu komissarın o sözlərini xatırlayırdı və çox istəyirdi ki, hərbi həkim Marqolin yanılmış olsun...

Təəssüf ki, Marqolin yanılmamışdı və Hadrutda taun epidemiyasının necə yayılması professor Zilberə də, həmkarlarına da artıq tamam aydın idi: tauna tutulmuş ilk xəstə yaxındakı erməni kəndindən cavan bir oğlan olur və Hadrut xəstəxanasının baş həkimi M.N. Xudyakov o cavan oğlanı krupoz iltihabı diaqnozu ilə ümumi palataya qoyur və bundan sonra da taun Hadrutda fironluq eləməyə başlayır, əvvəlcə o cavan oğlanla bir palatada yatan xəstələr (o cümlədən, dəllək Ayrapet) taundan yoluxub bir-birinin ardınca ölürlər, sonra feldşer, sanitar və nəhayət, Xudyakovun özü tauna tutulur, amma taun hələ heç kimin ağlına gəlmir.

Həkim Xudyakov xəstələnəndə xəstəxanadan Hadrutun yaxınlığında yerləşən hərbi hissənin həkimi Lev Marqolinə müraciət edirlər və taunu həkim Marqolin müəyyən edir, o saat da Bakıya teleqram vurur.

Professor Zilber Hadruta gələn kimi, telefonla həkim Marqolinin xidmət etdiyi hərbi hissəyə zəng çaldı və bütün bunları Marqolin özü telefonla söylədi. Bir neçə gündən sonra həkim Marqolin də xəstələndi və professor Zilberin bütün ciddi-cəhdinə baxmayaraq, taundan həlak oldu.

Bu adamın – hərbi həkim Marqolinin cəmi iyirmi dörd yaşı var idi və xəstəliyini hiss edən kimi, hərbi hissədə yaşadığı otağa heç kimi buraxmır, hərbçilərlə bilavasitə təması tamam kəsir, otağından eşiyə çıxmır və iki gündən sonra, xəstəliyin şiddətləndiyini görəndə, gecə otağın qapısını qıfılla bağlayır, hərbi hissədən çıxıb qızdırma içində təkbaşına Hadruta, professor Zilberin yanına gəlir.

Həkim Marqolinin özü ilə bağlı gördüyü tədbirlərin nəticəsində taun hərbi hissədə yayılmadı və onun ölümündən bir gün sonra hərbi hissənin komandiri professor Zilberə bir zərf göndərdi. Bu zərfin içindəki, həkim Marqolinin yazdığı son məktub idi:

«Əziz yoldaşlar!

Deyəsən, başlanır. Hərarətim 39,5 dərəcədir. Buradan gedirəm ki, başqalarını yoluxdurmayım. Gedirəm ki, sakit ölüm, çünki bilirəm, başqa cürə mümkün deyil. Sosialist cəmiyyətinin nikbin və sağlam qurucuları kimi, salamat qalın.

Əlvida. Lev Marqolin.»

Professor Zilber heç vaxt yadından çıxmayacaq bu məktubu oxuduqca, həkim Marqolinin həyatının son dəqiqələri gözlərinin qabağına gəldi: belə bir adam, bu cür məktubu yazmağa (və o yazılanları həyata keçirməyə!) qüdrəti çatan həkim Marqolin ölüm anlarında tez-tez gözlərini açıb: «– Ana!.. Ana!..» – deyə qışqırırdı.

Hadrutda professor Zilberin də, Yelena İvanovna Vostruxovanın da, professor Şirakoqorovun da, professor Suknevin də, bakterioloji dəstənin başqa üzvlərinin də qayğısı yalnız taun qayğısı deyildi. Bakterioloji dəstə ilə bərabər, Bakıdan Hadruta daha üç nəfər gəlmişdi: bunlardan biri Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının, ikincisi Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nümayəndəsi, üçüncüsü isə Azərbaycan SSR Baş Siyasi İdarəsinin müvəkkili idi və bunlardan ikisi Hadruta gəlməmiş və təxminən on kilometr aralıdakı stansiyada ayrıca vaqonda qalmışdı. Baş Siyasi İdarənin müvəkkili isə bakterioloji dəstə ilə birlikdə Hadrutda idi.

Stansiyada qalan nümayəndələr bütün bu müddət ərzində professor Zilberdən ardı-arası kəsilməyən cürbəcür arayışlar, cədvəllər, izahatlar tələb edirdilər və bütün günü taunlu xəstələrin səhhəti, həmin xəstələrin ev-eşiyinin dezinfeksiyası ilə məşğul olan xəstələrlə əlaqə saxlamış adamları qəsəbənin başqa sakinlərindən təcrid edən, nə qədər adamın bədəninə tauna qarşı zərdab yeridən, meyitlərin qəsəbədən kənarda ayrılmış sahəyə daşınmasına xüsusi nəzarət edən, eyni zamanda, müxtəlif bakterioloji tədqiqatlar aparan professor Zilber də, köməkçiləri də həmin nümayəndələr üçün izahatlar yazmağa, məlumat vərəqələrini doldurmağa, xəstəliyin gedişatına dair mənasız cədvəllər tərtib etməyə məcbur olurdular.

Stansiyadakı vaqonda yaşayan nümayəndələr bir dəfə də olsun Hadruta ayaq basmamışdılar və professor Zilberlə atlı vasitəsilə əlaqə saxlayırdılar: həmin atlı içi kağız-kuğuz dolu zərfləri gətirib vaqonun qabağında yerə qoyurdu, özü isə əlli-altmış metr aralı çəkilirdi, nümayəndələrdən biri əlinə əlcək geyib vaqondan düşürdü, zərfi götürürdü, ya qışqırıb həmin atlıya yeni tapşırıqlar verirdi, ya da vaqonda yazdıqları əmrləri yerə qoyurdu ki, atlı aparıb professor Zilberə tapşırsın. Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, dezinfeksiya üçün, səhərdən axşama kimi, Xankəndindən gətirdikləri gözəl tut arağı içirdilər və əlbəttə, yaxşı da yemək lazım idi ki, o yetmiş dərəcəli tut arağı adamı dəli eləməsin...

Baş Siyasi İdarənin müvəkkili isə – bu adamın adı Murad İldırımlı idi – əksinə, bütün günü bakterioloji dəstə ilə olurdu və Hadruta gəldiyi ilk gündən belinə mindiyi boz ürgəni çapa-çapa burdan vurub, ordan çıxanda da hamı bilirdi ki, «Çeka» taun məsələləri ilə məşğuldu.

Təxminən otuz yaşlarında olan Murad İldırımlının sarışın və yaraşıqlı sifəti, göy gözləri, uzun boyu, şumal bədəni var idi və tamam bir əlacsızlıq içində, az qala, ağlını itirəcək Hadrut camaatı bu adamı adicə olaraq «Çeka» çağırırdı:

«– Çeka çağırır!»

«– Çeka səni soruşurdu!»

«– Çeka düşmən tutub! Taunu düşmənlər yayıb Hadrutda!»

«– Çeka indicə çapıb getdi!»

Hələ yoluxmamış, salamat qalmış camaat taunun qarşısında heyvani bir qorxu hissi keçirirdi və camaatın gözündə tauna qalib gələ biləcək bir adam, bir varlıq vardısa, o da «Çeka» idi. Bu yerlərdə Baş Siyasi İdarədən (əvvəllər isə Fövqəladə Komissiyadan) qorxan kimi, heç nədən qorxmurdular – nə inqilabdan əvvəl, nə də inqilabdan sonra; tauna da ancaq bu qüvvə qalib gələ bilərdi.

Murad İldırımlı yorulmaq bilmirdi və professor Zilber yorulub əldən düşdüyü vaxtlarda yuxusuzluqdan qızarmış gözləriylə hərdən bu adama baxanda, elə bil ki, yenidən güc toplayırdı. Müvəkkil qəti surətdə əmin idi və bunu dəfələrlə professor Zilberə bildirmişdi ki, taunu Hadruta düşmənlər gətirib, bu işdə xarici agenturanın və onların yerli əlaltılarının, qolçomaqların barmağı var. Professor Zilberin etirazı, elmi dəlilləri bu adamı heç cürə fikrindən yayındıra bilmirdi və günlərin bir ağır günündə Murad İldırımlı həyəcanla professor Zilberin yanına gəlib bildirdi ki, alınmış məlumata görə, düşmənlər taundan ölmüş meyitlərin qəbrini açır, bədən üzvlərini kəsib camaatın içində xəstəliyi yayırlar.

Əlbəttə, bu, dəhşətli və ağlasığmaz bir xəbər idi, amma Baş Siyasi İdarənin müvəkkili:

– Siz gözəl professorsunuz, yoldaş Zilber, ancaq xalq düşmənlərinin nəyə qadir olduğunu bilimirsiniz! Bütün bunlar kulakların işidir! Bütün bunların arxasında ingilislər dayanıb! Hadrutdakı taun təbii fəlakət deyil, sinfi təxribatdır! – deyib fikrindən dönmürdü.

Professor Zilber Murad İldırımlını başa salmağa çalışdıqca hiss edirdi ki, müvəkkilin şübhələri daha da artır və o hətta professor Zilberin özündən də şübhələnməyə başlayır. Bəzən professor Zilber xəstələri müayinə edərkən, bakterioloji analizlər apararkən Murad İldırımlı gəlib onların yanında dayanırdı, diqqətlə baxırdı və bunun özündə də bir nəzarət var idi; o biri tərəfdən də professor Zilberin bu adama yazığı gəlirdi, çünki nə zərdab qəbul edirdi, nə əlcək geyib tənzif taxırdı, səhərdən axşamacan xəstələrin, meyitlərin arasında olsa da, özü ilə bağlı heç bir təhlükəsizlik tədbiri görmürdü, elə bil, əmin idi ki, hətta taun da «Çeka»ya heç nə edə bilməz.

Nəhayət, professor Zilber camaat xəbər tutmasın deyə, gecə yarısı Murad İldırımlının müşayiəti ilə nöyüt lampasının işığında taundan ölmüş adamların qəbrini açdırmağa və meyitləri müayinə etməyə məcbur oldu.

Müvəkkil yalnız döyüş meydanlarında və zəhmətkeş xalqın təəssübünü çəkən ədalətli edam hökmləri yerinə yetirilərkən (daha doğrusu, yerinə yetirildikdən sonra) meyit görmüşdü, amma o gecəyarısı Hadrut yaxınlığındakı o qəbirlərdən çıxarılan meyitlər dəhşətli xəstəlikdən ölmüş (və bunu ingilis casusları, kulaklar eləmişdilər!) adamlar idi və indi elə çürümüş vəziyyətdə idilər, elə iy verirdilər ki, müvəkkilin başı gicəllənirdi, ürəyi bulanırdı, amma gözünü kənara çəkmirdi, professor Zilberin meyitləri müayinə etməsinə baxırdı, heç bir şeyi nəzərdən qaçırmamağa çalışırdı, çünki zəhmətkeş xalqın düşmənlərinin heç bir əməli onu qorxuda bilməzdi! Hətta özünü saxlaya bilməyib bir az kənarda qusmağa başlayanda da gözlərini meyitdən və professor Zilberin əlcəkli əllərindən çəkmirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, IV

Böyük bəy qırx yaşlarında, saçı vaxtından əvvəl ağarmış, Avropasayağı və çox da zövqlə geyinmiş bir adamdı, indicə oxuyub qurtardığı qəzetləri bir tərəfə qoydu, oturduğu kreslodan ayağa qalxıb malikanənin həyətinə çıxdı və həyətdə Şahnaz xanımı görüb bacısına tərəf getdi və qızın əlindən tutub:– Mənim əziz bacımın kefi necədi? – soruşdu.

5 min
Birinci hissə, V

Gecənin qaranlığı idi, hər tərəfə dərin sükut çökmüşdü və yalnız harda isə İsaq-Musaq quşu aramla səslənirdi.Böyük bəyin malikanəsi də yuxu içində idi.

10 min
Birinci hissə, VI

İndi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük bəy imarətinin ikinci mərtəbəsindəki şüşəbənddə, yelləncək həsir kresloda oturub astaca-astaca yellənə-yellənə şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir kədər, bir həzinlik vardı.Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə salıb şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini unutmağa çalışırdı.

3 min
Birinci hissə, VII

Yunis bəy tövlələrin qənşərində atın belinə sıçrayıb çapdı və Böyük bəyin həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı oğlunun qabağını kəsdi. Yunis bəyin cilovu çəkməyiylə ağ atın şahə qalxmağı bir oldu və az qaldı qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin.Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı və qəzəbindən titrəyən bir səslə:

1 min

Poems by other poets