8. Qəbul
Page 4 of 8 · 38%
Yaqoda düşmən çıxdı...
Komissar elə-beləcə ayaq üstə dura-dura və gözlərini də yoldaş Stalinin şəklinə zilləyə-zilləyə bunu fikirləşib udqundu. Henrix Qriqoriyeviç Yaqodanın adı gələndə adam özünü yığışdırırdı, Komissar özü dörd-beş il bundan əvvəl hansı bir sıravi çekistisə tərifləmək istəyəndə «– Əsl yaqodaçıdır!» – deyirdi, Yaqoda nə qədər xalq düşmənini ifşa etmişdi, nə qədər maskalanmış qolçomaqları cəzasına yetirmişdi, sovet cəmiyyətinə nə qədər yabançı adamın – yüz minlərin səsini almışdı, sonra məlum olmuşdu ki, ən qəddar xalq düşmənlərindən biri elə Yaqodanın özüdür. Məhkəmədə Vışinski Yaqodanı Nikolay İvanoviç Yejovu tədricən zəhərləməkdə ittiham etdi və Yaqoda da bunu boynuna aldı, güllələdilər, çıxdı getdi işinin dalınca, indi, elə bil, Yaqoda adında adam olmamışdı. Komissar bu cür etirafların qiymətini yaxşı bilirdi, bu cür etirafların imzalanmasında özü az iştirak etməmişdi.
Vışınski məhkəmədə demişdi: «Göründüyü kimi, Yaqoda adi qatil deyil. O, ifşa olunmayacağına əmin olan bir qatildir. Lakin onun ümidləri burada da özünü doğrultmadı. Onun çürümüş qarantiyaları məhv oldu. Yaqoda və onun alçaq cinayətkar fəaliyyəti ifşa olundu, özü də xain Yaqodanın təşkil etdiyi və sovet dövlətinin mənafeyinə qarşı yönəltdiyi satqın kəşfiyyat tərəfindən yox, yoldaş Stalinin ən layiqli davamçılarından biri olan Nikolay İvanoviç Yejovun rəhbərlik etdiyi əsl bolşevik kəşfiyyatı tərəfindən ifşa olundu».
Komissar, Andrey Yanuaryeviç Vışınskini yaxşı tanıyırdı, hələ inqilabdan əvvəl Bakıdakı boşboğaz vəkillərdən biri idi.
Hansı məzhəbə qulluq etdiyi məlum deyildi və işə bax ki, bu menşevik SSRİ prokuroru olub Yaqodanı qatillikdə ittiham etdi– buna görə də Komissar hər şey gözləyirdi, özü özünün sabahkı gününə əmin deyildi. Yaqodadan sonra Komissara elə gəlirdi ki, Yejov daimidir, amma indi belə məlum olur ki, Yejovun da axırına az qalıb. Düzdü, Yejov hələ yoldaş Stalinlə birgə fəxri rəyasət heyətinə seçilirdi, Leninin vəfatının 15-ci ildönümü münasibətilə Böyük Teatrdakı matəm iclasına gələnlərin arasında yoldaş Stalinlə, başqa rəhbərlərlə bərabər, Yejov da vardı, amma Komissar cəmi il yarım bundan əvvəl Kalininin imzaladığı fərmanla «Dövlət Təhlükəsizliyi Baş Komissarı» rütbəsi almış Yejovun başının üstündəki qara buludları görürdü. Bir neçə ay bundan əvvəl Yejovu eyni zamanda su nəqliyyatı komissarı təyin edəndə Komissarın dalağı sancmışdı; keçən ilin dekabr ayının əvvəllərində isə Yejov SSRİ Xalq Daxili İşləri Komissarı vəzifəsindən azad edildi, yerinə Lavrenti Pavloviç Beriya təyin olundu. İndi Yejov yalnız su nəqliyyatı komissarı idi – dünyanın bundan gülməli bir işi ola bilməzdi. Hər şey məlum idi, zaman göstərdi ki, Yejov da daimi deyil. Henrix Yaqoda da 1936-cı ildə Xalq Daxili İşlər Komissarı vəzifəsindən gedəndən sonra, qısa bir müddət Xalq Rabitə komissarı (!) işləmişdi...
Komissar, Nikolay İvanoviç Yejovu müxtəlif iclaslarda, müşavirələrdə çox görmüşdü, bir neçə dəfə onun qəbulunda olmuşdu (hər dəfə də qəbul sona yetəndə Yejov tapşırmışdı: «– Peredayte moy bolşevitskiy privet tovarişu Baqirovu!» Yejov hələ ÜİK (b) P MK-da kadrlar şöbəsinə rəhbərlik etdiyi vaxtlardan M.C. Bağırovu şəxsən tanıyırdı və göndərilən bu salamlar, əlbəttə, M.C. Bağırova xüsusi hörmətin ifadəsi idi; M.C. Bağırovun özü də bir müddət ÜİK(b)P MK-da işləmişdi...), amma Komissarın 1937-ci ilin dekabrında gördüyü Yejov heç vaxt yadından çıxmırdı. Onda çekistlərin iyirmi illiyi münasibətilə Moskvada, Böyük Teatrdakı təntənəli iclasda Yejov yoldaş Stalinlə, Molotovla, Kaqanoviçlə, Voroşilovla, Kalininlə, Andreyevlə, Mikoyanla, Jdanovla, Xruşşovla, Bulqaninlə, Dmitrovla, Xoze Diasla birlikdə zala daxi oldu; onda hələ Kosiorla Çubar da xalq düşməni kimi ifşa edilməmişdilər və onlar da rəyasət heyətində idi. Komissar Böyük Teatrın parterində oturub səhnəyə baxırdı; əsasən, yoldaş Stalinə baxırdı, amma istər-istəməz tez-tez gözlərini Yejova zilləyirdi, balacaboylu, Yejov elə bil ki, Böyük Teatrın səhnəsinə sığışmırdı, adamın gözünə o qədər böyük görünürdü ki, az qala, yoldaş Stalin boyda olurdu və o vaxt Komissar birdən-birə fikirləşdi ki, Yejov ehtiyatlı olmalıdır; amma, görünür, Yejov özü öz daimiliyinə inanmışdı...
Həmin təntənəli iclasda məruzəçi Yejov yox, A.İ.Mikoyan idi. A.İ.Mikoyanın əynində boğazına qədər düymələnmiş «Stalin köynəyi» var idi və o köynək də Mikoyanın bığı və saçı kimi qapqara idi, o qara qiyafə dünyanın qara işlərindən xəbər verirdi... Onda məruzəni nə üçün Yejov özü eləmədi? Boyu balaca idi və Böyük Teatrın səhnəsindəki xitabət kürsüsündən görünməyəcəkdi, ona görə? Yoxsa ona görə məruzəni Mikoyana tapşırmışdılar ki, Yejovun özünü tərifləsin. Təriflər söyləməkdə Mikoyan, əlbəttə, usta idi və bu sahədə ona çatan olmazdı. Hələ dörd-beş il bundan əvvəl ÜİK(b) P-nın XVII qurultayındakı– «qaliblər qurultayı»ndakı! – qısa çıxışında Mikoyan düz 30 dəfə yoldaş Stalinin adını çəkib onu tərifləmişdi, örnək göstərmişdi. Düzdü, Nikolay İvanoviç Yejovun qılıncının dalı, qabağı nə qədər kəssəydi də, o, İosif Vissarionoviç Stalin deyildi, amma o zaman elə Yejov olmaq da az deyildi...
Yejov, əlbəttə, Mikoyanın tərcümeyi-halından və gördüyü işlərin hamısından xəbərdar idi. Hər şey qalsın bir tərəfə, təkcə elə bu kifayət idi ki, SSRİ Xalq Xarici Ticarət komissarı Mikoyanı yalana yox, həqiqətə əsaslanıb xalq düşməni kimi güllələyəsən: Anastas Mikoyan elə bir əlverişli şərait yaratmışdı və vasitəçilik etmişdi ki, köhnə tanışı, bütün İraq neft kompaniyalarını əlinə almış milyonçu Qalust Gülbenkyan heç kimin xəbəri olmayan gizli alış-veriş nəticəsində öz şəxsi kolleksiyası üçün Leninqrad Ermitajından Rubensin, Rembrandtın, Bautsun, Vattonun, Terborxun, Lankranın bir çox əsərlərini almışdı. Düzdü, Qalust Gülbenkyan Q.Pyatkovun sədrlik etdiyi SSRİ Dövlət Bankına müəyyən miqdarda valyuta keçirmişdi, amma o valyuta Rubensin, Rembrantın əsərlərinin həqiqi qiyməti müqabilində bir heç idi və ən başlıcası isə o əsərlər həmişəlik SSRİ-dən çıxarılırdı, Mikoyan, əslində, Rusiyanı mənən qarət edirdi. Bəli, bu, həqiqət idi və Komissar bunu bilirdi (Mir Cəfər Bağırov da bunu bilirdi...), amma Komissar orasını da yaxşı bilirdi ki, Yejov həqiqət üstündə adam güllələmir, Yejova həqiqi cinayət lazım deyil, bu gün insanları güllələmək üçün yalan lazım idi, Anastas Mikoyan isə həmin yalanları quraşdıranlardan və həmin yalanlardan istifadə edənlərdən biri idi...
Əlbəttə, yəqin yoldaş Stalin də Mikoyanın Gülbenkyanla əlaqəsindən xəbərdar idi, bir qucaq valyuta bəhanəsi ilə Rusiyanın mənəvi sərvətlərini milyonçu yerlisinə ötürdüyünü bilirdi, amma yoldaş Stalin üçün Mikoyanı öz yanında həmişə gözükölgəli saxlamaq və Mikoyandan istədiyi kimi istifadə etmək Rusiyanın mənən talan olunmasından artıq və vacib idi... Belə işlər barəsində fikirləşəndə bəzən bir rus adamı kimi, Komissarın içindən bir etiraz baş qaldırırdı, amma zəmanənin qorxusu o dəqiqə o daxili üsyanı, o milli təəssübkeşliyi boğub yox edirdi.
Anastas İvanoviç Mikoyan o zaman Böyük Teatrda dedi: «Xalq Daxili İşlər Komissarlığı xalq düşmənlərinə qarşı yoldaş Stalinin öyrətdiyi kimi mübarizə aparır, çünki bizim cəza orqanlarının başında stalinçi xalq komissarı yoldaş Yejov dayanmışdır. Yoldaş Yejov XDİK-da əsl sovet kəşfiyyatçılarının, gözəl çekistlərin özəyini təşkil etmişdir. O, XDİK-ı işçilərinin əsas özəyinə bolşevikcəsinə qayğı göstərmiş, onları Dzerjinski ruhunda, bizim partiyamızın ruhunda tərbiyə etmişdir ki, bütün çekist ordusunu daha da yüksəklərə qaldırsın. Yoldaş Yejov çekistlərə sosializmə, bizim xalqımıza alovlu məhəbbət və düşmənlərə nifrət təlqin etmişdir. Buna görə də bu gün bütün XDİK və ilk növbədə yoldaş Yejov sovet xalqlarının sevimliləridir».
Həmin «sevimli Yejov» indi Su Nəqliyyatı komissarı idi... Hələlik belə idi... Bir ay bundan sonraya qədər, yoxsa elə sabaha qədər? Bəlkə elə, bax, bu gecə Dövlət Təhlükəsizliyi Baş Komissarının müqəddəratı həll olunurdu?
Yakov Xristoforoviç Peters – Dzerjinskinin vaxtında Fövqəladə Komissiyanın sədri idi, keçən il xalq düşməni kimi güllələdilər. Dzerjinskinin özünün də ölümü, əslində, çox müəmmalı oldu və Komissar hərdən bu barədə də fikirləşirdi. Yaqodadan əvvəl Birləşmiş Dövlət Siyasi İdarəsinin rəisi V.R. Menjinskinin də ölümü başdan-ayağa bir sirri-xuda idi. Yaqodanı da güllələdilər, Yejov da, belə görünür ki, dibi zülmət qaranlıq olan uçurumun lap kənarındadır və barmaqla itələsələr izi-tozu qalmayacaq. İndi də Beriya gəlib...
Keçən il dekabrın əvvəllərində S.M. Kirovun xaincəsinə öldürülməsinin dörd illiyi münasibətilə Azərbaycan KP Bakı komitəsinin xüsusi plenumu çağırılmışdı və Mir Cəfər Bağırov həmin plenumdakı məruzəsində xalq düşmənlərini – R.Axundovu, S.M. Əfəndiyevi, Ə.Qarayevi, hətta 1925-ci ildə vəfat etmiş, qəbri Qızıl Meydanda, Leninin mavzoleyinin yanında olan Nəriman Nərimanovu yenidən ifşa etdi və birdən-birə ilk baxışda heç bir dəxli olmadan dedi: «Bir sıra illər Zaqafqaziya partiya təşkilatlarına rəhbərlik etmiş, sınanmış stalinçi Lavrenti Pavloviç Beriya Zaqafqaziyada dəstəbazlığın və atamançılığın ifşasında, eləcə də bütün trotskiçi-buxarinçi, burjua-millətçi qatillərin darmadağın edlməsində müstəsna rola malikdir».
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-olum-hokmu-8-qebul
Use ← → keys to move, R for a random poem
More by this author
Ağ atın dəli gözləri, elə bil, yeri, göyü görmürdü…Saday bəy sıldırım qayaların təpəsi ilə ağ atı çap ki, çapasan – çapırdı.
Birinci hissə, 12Xan sarayının qadınlara məxsus hissəsində qız–gəlin qaynaşırdı.Ağabəyim Ağa böyük güzgünün qarşısında oturmuşdu və kənizlər xan qızını bəzəyirdilər.
Birinci hissə, 13Dağlar arasından dolanan Molla Nəsrəddin yolu ilə Şuşadan arana doğru üzüaşağı bir karvan gedirdi…… Saday bəy qabağını kəsən ağac budaqlarını, kol-kosu əlləri ilə o tərəf-bu tərəfə yara-yara irəliləyirdi…
Birinci hissə, 149 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.